Məhkəmə qərarları › İş №e-2(001)-2514/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2514/2025

15.12.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2514/2025 15.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə) “işçiyə son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc) ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “işçiyə son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc) ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən son haqq-hesabın ümümi dəyəri 33318,72 manat, yəni maaş 30735 manat və istifadə edilməmiş məzuniyyət günləri 2583,72 manat, mənəzi zərərin əvəzi olaraq cavabdehdən 15000 manat məbləğində kompensasiyanın, 1325 manat vəkil orderi və ixtisaslı hüquqi yardım üçün çəkilmiş xərcinin, cəmi 49643,72 manat pul vəsaitinin əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixli əmək müqaviləsi imzalanmış və əmək müqaviləsinin 1.2-ci maddəsinə əsasən iddiaçı “Mühəndis” vəzifəsinə təyin edilmişdir. Əmək Müqaviləsinin 4cü maddəsinə uyğun olaraq cavabdeh iddiaçıya hər ay 3415 manat məbləğində ayda bir dəfə olmaqla hər ayın 10-dək əmək haqqı ödəməlidir. İşçi İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək Cavabdeh QSC-də çalışırdı. Həmin dövr ərzində İddiaçı tərəfindən əmək müqaviləsi üzrə əmək funksiyasını tam yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilmiş olsa da, işəgötürən Cavabdeh QSC tərəfindən həmin dövr ərzində, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək isə əmək haqqının ödənilməməsi ilə işçinin hüququnu pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini hələ də icra etməmişdir. Yəni, əmək müqaviləsi üzrə iddiaçıya müvafiq aylar üçün ödənilməli olan əmək haqqısı, son haqq-hesab, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, habelə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc, və digər ödəmələr əmək müqaviləsi üzrə dəyəri tam ödənilməmişdir. Belə ki, hal-hazırda əmək müqaviləsi üzrə son haqq-hesabın ümumi dəyəri 33318,72 manat, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəncin (17 fevral tarixinə müvafiq olaraq hesablanmaqla) ümumi dəyəri 58243,32 manat, cəmi ödəniləcək yekun məbləğ 91562,04 manat Cavabdeh QSC tərəfindən İddiaçı bu günə kimi hələ də ödənilməmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozulması halları aşkar edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı Ərazisinə müraciət olunmuşdur. Həmin müraciətə əsasən yuxarıda adı çəkilən qurum tərəfindən cavabdehə qarşı əmək hüquqlarının pozulması ilə əlaqədar olaraq inzibati xəta əlamətlərinin olması müəyyən edildiyindən inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Qeyd edilənləri nəzərə alaraq, açıq aşkar aydın olunur ki, cavabdeh əmək qanunvericiliyinin imperativ normalarına ziddi olaraq əmək haqqların və son haqq-hesabın ödənilməməsi birbaşa qanun pozuntusu hesab edilir. Cavabdehin nümayəndəsi iddia yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdeh QSC-yə qarşı əmək haqqı tələbinə dair iddia irəli sürmüşdür. İddia ərizəsində qeyd olunduğu kimi İddiaçı Cavabdeh QSC-də xx.xx.2024-cü il tarixdən “Mühəndis” vəzifəsində çalışmış və onun aylıq əmək haqqı 3415 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı öz iddia tələbində əmək müqaviləsi üzrə son haqq-hesabın ümumi dəyərinin 33318,72 manat, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəncin (17 fevral tarixinə kimi), ümumi dəyəri 58243,32 manat, cəmi ödəniləcək yekun məbləğ 91562,04 manat, vəkil orderi üçün 1325 manat, cəmi 92887,04 manat pul vəsaitinin Cavabdeh QSC-dən alınmasını tələb etmişdir. İddia ərizəsinə münasibət olaraq bildirirlər ki, İddiaçı xx.xx.2024-cü il tarixdən Cavabdeh QSC-də mühəndis vəzifəsində çalışmışdır. Belə ki, Azərbaycan Dəmir Yollarının internetlə təmin olunması layihəsi çərçivəsində rabitə kabelinin montaj olunması, rabitə kabelinin sahədə təhvili, montajdan öncə və sonra test kontrol işlərinin aparılması, rabitə kabelinin qaynağ işləri və sifarişçinin nümayəndəsi ilə bərabər yerində montaj edilmiş kabelin təhvil-təslimi üzrə rabitə üzrə mühəndis vəzifəsinə təyin olunmuş və bu layihə çərçivəsində rabitə üzrə cavabdeh şəxs olaraq təyin olunmuşdur. İddia ərizəsində qeyd olunduğu kimi 3514 manat müəyyən olunmuşdur. Qeyd olunan layihə üzrə illik kabeı montajının həcmi 300-350 km. təşkil edir. Lakin 2024-cü ilin təhvil verilmiş ümumi rabitə kabelinin quraşdırılması 120 km. təşkil etmişdir. Çünki 2024-cü ilin fevral ayından dekabr ayının ortasına kimi ümumiyyətlə kabel təhvil verilməmiş, dekabr ayının 12-də 20 km. rabitə kabeli tərəflərindən təhvil verilmiş, lakin bundan Fərhadın iştirakı olmamışdır. Hal-hazırda Kommersiya Məhkəməsində keyfiyyətsiz kabellər ilə bağlı məhkəmə prosesi davam edir. Bu prosesdə 2024-cü ildə kabelləşmə ilə bağlı problemlərdən irəli gələn Cavabdeh QSC-yə 916000 manat dəymiş zərərlə bağlı məhkəmə rposesi hələd davam edir. İddiaçı xx.xx.2024-cü il tarixdən iş həcminin olmaması (işin dayandırılması) ilə əlaqədar işə gəlməmiş, faktiki əmək funksiyalarını icra etməmişdir. Əmək haqqının anlayışından da aydındır ki, əmək haqqı işçiyə onun əmə funksiyasını yerinə yetirilməsinə görə ödənilir. Lakin İddiaçı faktiki olaraq 3 ay müddətində əmək funksiyasını icra etməmişdir. Bundan əlavə, Cavabdeh QSC-də xx.xx.2024-cü il tarixdən işəgötürənin təqsiri olmadan işin dayandırılması ilə əlaqıdar olaraq işçilər qrup halında ödənişsiz məzuniyyətə çıxarılmışdır.Cavabdeh QSC tərəfindən İddiaçı ödəniləcək əmək haqqı məbləği 18704,6 manatdır. İddianın təmin olunmaması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Belə ki, iddiaçı mart ayından onların şirkətinə işə qəbul olunsa da, iki ay öz hesabına məzuniyyətə çıxdığı üçün işləməmişdir. Ona görə iddiaçıya 18704,6 manat pul hesablanmalıdır. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə (nümayəndə) lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı iddiaçının yazılı vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, iddiaçı onun tanışıdır. Onlar biryerdə bir layihə üzərində işləmişlər. İşlədikləri müddət ərzində onlara əmək haqqı ödənilməmiş, ona 8 ay 16 gün müddətində əmək haqqı verilməmişdir. Bununla bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı iddiaçının yazılı vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, iddiaçı ilə biryerdə işləmişdir. Ona 2023-cü ilin dekabr ayından əmək haqqı ödənilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidin ifadəsini iddiaçı və onun nümayəndəsini (vəkilini) dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı 10 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı və cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin heç bir razılığa gəlməmişlər. İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə mühəndis vəzifəsinə işə qəbul olmuş, aylıq əmək haqqı 3415 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli K/195 saylı əmrin surətindən görünür ki, işəgötürənin təqsiri olmadan işin dayandırılması ilə əlaqədar olaraq İddiaçı və digərləri 2 aylıq müddətə ödənişsiz məzuniyyətə çıxarılmışdırlar. xx.xx.2024-cü il tarixli, K/162 saylı əmrin surətindən görünür ki, İddiaçı vəzifəsindən azad edilmişdir. Hesabdan çıxarışdan görünür ki, İddiaçı hesabına Cavabdeh QSC-də işlədiyi müddət ərzində aylıq əmək haqqı mədaxil edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubunun surətindən görünür ki, müraciətlə əlaqədar İddiaçı tərəfindən təqdim edilən sənədlərdə hüquqlarının pozulması ilə əlaqədar inzibati xəta əlamətlərinin olması müəyyən edildiyindən inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubunun surətindən görünür ki, İddiaçı təqdim etdiyi əmək haqqı bank hesabı çıxarışından ona son haqq-hesab ödənişinin ödənilmədiyi müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinin tələbinin pozulduğu müəyyən edilmişdir. Qeyd olunan pozuntu ilə əlaqədar Cavabdeh QSC-nin direktoru X5 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsinin tələblərinə uyöun olaraq xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin Məcəllənin eyni maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati təhbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh QSC-nin direktoru X5 Azərbaycan Respublikasının İXMnin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 1000 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixli mədail qəbzindən görünür ki, iddiaçı tərəfindən “BHM və Partnyorları” Vəkil Bürosunun hesabına 1325 manat məbləğində vəkil xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir; 144-cü maddəsinin 2-ci hissəsinə sasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir; 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 155-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır; 156-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir; 157-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər; 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir; 174-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir; 174-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər. 195-ci maddəsinin “d” bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır; 196-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. İşin hallarından müəyyən olunur ki, İddiaçı və Cavabdeh QSC arasında xx.xx.2024cü il tarixdə əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı Cavabdeh QSC-də mühəndis vəzifəsinə işə qəbul edilmiş, aylıq əmək haqqı 3415 manat məbləğində müəyyən edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli əmr ilə iddiaçı vəzifəsindən azad edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, ödənilməmiş əmək haqqının, istifadə edilməmiş məzuniyyət günlərinə görə haqqın və mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə iddianın ödənilməmiş əmək haqqının və məzuniyyət pulunun tutulması hissəsində hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, iş materiallarından da müəyyən olunur ki, iddiaçı 9 ay müddətində cavabdeh müəssisədə çalışmışdır. Həmçinin, xx.xx.2024-cü il tarixli K/195 saylı əmr ilə işəgötürənin təqsiri olmadan işin dayandırılması ilə əlaqədar olaraq İddiaçı və digərləri 2 aylıq müddətə ödənişsiz məzuniyyətə çıxarılmışdırlar. Belə olan halda, əmək haqqının tutulması 7 ay müddəti üçün hesablanmalı olmasına baxmayaraq, lakin ona həmin 7 aylıq əmək haqqı və istifadə edilməmiş məzuniyyət günlərinə görə haqq ödənilməmişdir. Bu hal iddiaçıya məxsus əmək haqqı bank hesabından çıxarış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubu ilə də təsdiq olunur. Belə ki, həmin məktubdan görünür ki, iddiaçı pozulmuş hüququ ilə bağlı Müfəttişliyə müraciət etmiş, onun müraciətinin araşdırılması zamanı ona son haqq-hesab ödənişinin ödənilmədiyi müəyyən edilmişdir. Nəticədə cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinin tələbinin pozulduğu müəyyən edilmişdir. Qeyd olunan pozuntu ilə əlaqədar Cavabdeh QSC-nin direktoru X5 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsinin tələblərinə uyöun olaraq xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin Məcəllənin eyni maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 196-cı maddənin 5-ci hissəsinə əsasən işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur; 290-cu maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir; 290-cı maddəsinin Qeydinə əsasən bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, Qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi hissəsində hesab edir ki, iddia bu hissədə də qismən əsaslıdır. Belə ki, məhkəmə razılaşır ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçı müəyyən mənəvi ziyana məruz qalıb. Lakin məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi mənəvi ziyanın məbləği həddən artıq yüksəkdir. Bu səbəbdən məhkəmə hesab edir ki, mənəvi ziyan qismində iddiaçıya 3000 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh QSC-dən ödənilməmiş 23905 manat əmək haqqı, 2583,72 manat məzuniyyət pulu, mənəvi zərərin əvəzi olaraq 3000 manat, cəmi 29488,72 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1 və 9.1.1 maddələrinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən təmin olunmalı, cavabdehdən 600 manat vəkilə ödənilmiş xidmət haqqı (AR MPM 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla) tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 178,47 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən ödənilməmiş 23905 manat əmək haqqı, 2583,72 manat məzuniyyət pulu, mənəvi zərərin əvəzi olaraq 3000 manat, cəmi 29488,72 (iyirmi döqquz min dörd yüz səksən səkkiz manat, yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti və 600 (altı yüz) manat vəkilə ödənilmiş xidmət haqqı alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 178,47 (yüz yetmiş səkkiz manat, qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar