Məhkəmə qərarları › İş №e-2(001)-2520/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2520/2023

03.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2520/2023 03.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 03 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilmiş sığorta məbləğinin əvəzi kimi 5816,53 manat, dövlət rüsumunun əvəzi kimi 78,17 manat və bank xidmət haqqı kimi 0,4 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 16 may 2020-ci il tarixdə idarə etdiyi, Cavabdeh1 məxsus “Mercedes Atego 1217” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçı tərəfindən “Avtonəqliyyat vasitəsinin tam sığortası” növündə sığortanamış “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşaraq, yol-nəqliyyat hadisəsi törətmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-4/2021 saylı qərarına əsasən, Cavabdeh2 yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən sığortalanmış avtomobilə 5816,53 manat məbləğində zərər dəymişdir. İddiaçı həmin məbləği təmir mərkəzinin hesabına köçürmüş, sonradan yol-nəqliyyat hadisəsinin təfərrüatlarından məlum olmuşdur ki, sözügedən yol-nəqliyyat hadisəsi baş verən anda Cavabdeh2 tərəfindən idarə edilən, Cavabdeh1 mülkiyyətində olan avtomobilin icbari sığortası olmamışdır. Buna görə də, iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirib, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə bildiriş həm poçt vasitəsilə cavabdehlərin yaşadıqları ünvana, həm də “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə sms-lə göndərilməsinə baxmayaraq, onlar məhkəmədə iştirak etməmiş, iddiaya yazılı münasibətlərini bildirməmişlər. Mülki iş materiallarında olan: - “Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsi”ndən görünür ki, "xxxx" MMC-yə məxsus “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobus "xxxx" ASC tərəfindən tam sığortalanmışdır. - nəqliyyat vasitələrinin qeydiyyatı barədə çıxarışdan görünür ki, “Mercedes Atego 1217” yük markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. - AP seriyalı, ******* nömrəli “inzibati xəta haqqında protokol”dan görünür ki, 16 may 2020-ci il tarixdə Cavabdeh2 idarə etdiyi “Mercedes” yük markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 332.4-cü maddələri ilə inzibati protokol tərtib edilmişdir. - 04 sentyabr 2020-ci il tarixli Sığorta Aktından görünür ki, 16 may 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusa 5816,53 manat zərər dəymişdir. - “İcbari Sığorta Bürosu”nun internet səhifəsindən çıxarışdan görünür ki, **-XJ- *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı 16 may 2020-ci il tarixdə icbari sığorta müqaviləsi mövcud olmamışdır. - Ödəniş qəbzindən görünür ki, 23 sentyabr 2020-ci il tarixdə "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 5816,53 manat pul köçürülmüşdür. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 3(001)-4/2021 saylı qərarından görünür ki, Cavabdeh2 16 may 2020-ci il tarixdə törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması), 327.6 (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) və 332.4-cü (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması) maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş, həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ona inzibati tənbeh təyin edilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, müəyyən edilmişdir ki, Cavabdeh2 16 may 2020-ci il tarixdə müvafiq etibarnamə olmadan Cavabdeh1 məxsus, icbari qaydada sığorta aktiv sığorta müqaviləsi olmayan “Mercedes Atego 1217” yük markalı avtomobili idarə edərək "xxxx" MMC-yə məxsus “İveco Crealis” markalı avtobusla toqquşmuş, hadisə yerindən yayınmış, nəticədə "xxxx" MMC-yə 5816,53 manat maddi zərər vurulmuşdur. "xxxx" MMC-nin mülkiyyətində olan avtobus "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növündə sığortalandığından sığorta şirkəti "xxxx" MMC-yə dəymiş zərərin əvəzini ödəmiş, cavabdehlərə qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırki halda məlum yol-nəqliyyat hadisəsini törətməkdə Cavabdeh2 təqsirli bilinsə də, onun idarə etdiyi avtomobil Cavabdeh1 mülkiyyətində olmaqla, həmin avtomobili idarə etmək üçün Cavabdeh2 etibarnamə verilməmişdir. Habelə, Cavabdeh2 Cavabdeh1 məxsus avtomobili sonuncunun iradəsi ziddinə idarə etməsinə dair heç bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya qaytarılmalı, beləliklə iddia təmin edilməlidir. Habelə, iddia təmin edildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Ödənilmiş sığorta məbləğinin əvəzi kimi 5816,53 manat məbləğində pul vəsaiti, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 78,17 manat, habelə bank xidmət haqqı kimi 0,4 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar