Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2556/2024 01.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı (iddiaçı) Cavabdeh1 və Cavabdeh2 Nadiq qızına (cavabdehlər) qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 01 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı ilə X4 faktiki nikaha daxil olmaqla evlənmiş, 15 yanvar 2014-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 09 sentyabr 2011-ci il təvəllüdlü X5 adlı uşaqları vardır. İddiaçının əri X4 28 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı cavabdehlərə, yəni ərinin valideynlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən nəvələrinin, yəni iddiaçının uşağının yetkinlik yaşa çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri vəfat etdikdən sonra cavabdehlər müxtəlif bəhanələrlə onu və uşağını evdə yaşamağa qoymur, evin açarlarını dəyişirlər. Onların başqa yaşayış yerləri olmamasına baxmayaraq, cavabdehlər iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının birgə yaşadıqları evdə yaşamaq hüququna xitam verdirərək, evdən çıxarılmalarına dair məhkəmə qətnaməsi qəbul etdirmişlər. Hazırda iddiaçının rəsmi iş yeri yoxdur, evlərə təmizliyə gedir, bu qazancla uşağın saxlanmasında çətinlik çəkir. Buna görə də, cavabdehlərə qarşı hazırki iddia ərizəsi verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq, iddianı müdafiə etdiyini bldirərək, izahatında göstərdi ki, cavabdehlər nəvələrinin saxlanması üçün nəinki ona maddi köməklik göstərmir, hətta onları əvvəllər birgə yaşadıqları evdən məcburi çıxarmaları nəticəsində o, uşağı ilə birlikdə hazırda bacısının evində məskunlaşmalı olmuşdur. Cavabdehlərin uşağın saxlanması üçün aliment ödəməyə maddi imkanları kifayət qədərdir. Mövcud qanunvericilik də buna yol verir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, iddiaçı onlarla bir evdə yaşamağına baxmayaraq, nəvələrini onlara göstərmir, işləyir, səhər evdən çıxıb, axşam qayıdır, daim otağının qapısı bağlı olur. O özü mühafizəçi işləyir, qazancı ilə evi dolandırır. Bundan başqa, özü 280 manat, arvadı Rəfiqə isə 328 manat pensiya alır. İştirak etdiyi əvvəlki məhkəmə iclasında digər Cavabdeh2 Nadiq qızı iddianı qəbul etmədiyini bildirmişdir. Mülki iş materiallarında olan: - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə X4 15 yanvar 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə X2 nikahlarından 09 sentyabr 2011-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 28 yanvar 2022ci il tarixdə vəfat etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, maddə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək, hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, 09 sentyabr 2011-ci il təvəllüdlü X3 anası hazırki iş üzrə iddiaçıdır, atası isə 28 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Buna görə də, uşaq anasının himayəsindədir. İddiaçı uşağın saxlanması üçün maddi cəhətdən çətinlik çəkməsi əsası ilə mərhum ərinin valideynlərinə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ailə Məcəlləsində nəvənin öz nənə və babasından aliment almaq hüququ təsbit edilmişdir və Mülki qanunvericiliyin tələblərinə əsasən, uşaq məhkəmədə öz hüquqlarını valideyni İddiaçı vasitəsilə həyata keçirir. Qanunvericiliyin yuxarıda sadalanan müddəalarına əsaslanmaqla, məhkəmə hesab edir ki, nəvənin saxlanması üçün nənə və babadan aliment tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı alimentin miqdarı ilə bağlı tələbini 2024-cü il üçün ölkə üzrə uşaqlara nəzərdə tutulmuş yaşayış minimumunun miqdarı ilə əsaslandıraraq, cavabdehlərdən aylıq 235 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Lakin, bu məqamda məhkəmə qeyd edir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələri saxlamaq vəzifəsi yalnız ata xətti üzrə baba və nənənin üzərinə qoyula bilməz və iddiaçı ana xətti üzrə baba və nənəyə qarşı da ayrıca birinci instansiya məhkəməsində aliment tələbinə dair iddia qaldıra bilər. Onun bu hüququndan istifadə etməməsi ata xətti üzrə nənə və babanın aliment öhdəliyinin miqdarının artırılması ilə nəticələnə bilməz. “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumatlarla müəyyən edilmişdir ki, cavabdehlərdən Cavabdeh1 "xxxx" Müəssisəsində gözətçi işləyir və aylıq əmək haqqı 350 manatdır, eyni zamanda, ayda 363,86 manat pensiya alır. Digər cavabdeh isə işləmir, aylıq 363,85 manat pensiya alır. İddiaçının isə rəsmi olaraq iş yeri barədə məlumat müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, nəvənin saxlanması üçün nənə və babadan müştərək qaydada hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki halda iddiaçı bu iddia ərizəsi ilə 27 fevral 2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən, alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, qətnamə bu hissədə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 1800 manat təşkil etdiyinə və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 38 manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlərdən tutularaq dövlət büdcəsinə keçirilməli, habelə, mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş vəsaitin əvəzi kimi 50 manat məbləğində pul müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə X2 birgə nikahlarından doğulmuş 09 sentyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh1 və Cavabdeh2 Nadiq qızından müştərək qaydada hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 27 fevral 2024-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Ödənilməli dövlət rüsumunun əvəzi kimi 38 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 Nadiq qızından tutularaq dövlət büdcəsinə köçürülsün. Mediasiya xərcinin əvəzi kimi 50 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 Nadiq qızından tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev