Məhkəmə qərarları › İş №e-2(001)-2564/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2564/2025

28.01.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2564/2025 28.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X3 Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Əfəndiyeva Lalə Elxan qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə2, Nümayəndə1 Elsəvər qızının iştirakları ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə) “işçiyə son haqqhesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı iki faizi məbləğində ödənc) ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təsviri hissə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “işçiyə son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı iki faizi məbləğində ödənc) ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən son haqqhesabın ümümi dəyəri 01 aprel 2024-cü il – 16 dekabr 2024-cü il iş dövrü ərzində ödənilməmiş əmək haqqı, xx.xx.2024- cü il tarixdən başlayaraq aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr aylarının və dekabr ayının 16-dək əmək haqqının gecikdirilməsinə görə həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün 2(iki) faiz məbləğində ödəncin, habelə ona vurulmuş maddi zərərin əvəzi kimi 1.000(min), hüquqi yardıma çəkilmiş 700 (yeddi yüz) manat xərcinin, iddiaçının Cavabdeh QSC-də işlədiyi 09 fevral 2024-cü il - 16 dekabr 2024-cü il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin və 16 dekabr 2024-cü il tarixdən başlayaraq həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün 2(iki) faiz məbləğində ödəncin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, tələbi onunla əsaslandırılmışdır ki, Əmək kitabçasına əsasən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti və İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı xx.xx.2024-cü il tarixdə mühəndis vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının cavabdeh ilə arasında olan əmək müqaviləsinə cavabdeh QSC-nin xx.xx.2024-cü il tarixli əmrinə əsasən müqaviləsinə xitam verilsə də, iddiaçının sonuncu iş günü, yəni xx.xx.2024-cü il tarixdə onun istifadə edilməmiş məzuniyyət haqqı ödənilməmiş, son haqq hesabı aparılmamışdır. Bununla da, 2024-cü ilin 9 fevral tarixindən başlayaraq fevral və mart aylarının aylıq əmək haqqı iddiaçıya ödənilmiş, qalan ayların əmək haqqı və istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi kompensasiya ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndələri izahatında bildirmişlər ki, cavabdeh iddianı qismən qəbul edir. Sədrlik edənin suallarına cavab olaraq Nümayəndə1 Elsəvər qızı iddiaçının 4 ay boyunca sahədə çalışmadığını, gecikdirilmiş vaxt üçün ona əmək haqqının 2 faizi miqdarında əlavə pul ödənilməsi və sentyabr-dekabr ayları arasında ona əmək haqqının ödənilməsi ilə bağlı iddia tələbinin həm hissəsində razı olmadıqların bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 isə sədrlik edənin suallarına cavab olaraq aprel və sentyabr ayının əmək haqqısının iddiaçıya ödənilməli olduğu hissəsində iddia tələbi ilə razı olduğunu, lakin sentyabr-dekabr aylarında əmək müqaviləsi aktiv qalsa da sahədə çalışmaların dayandırılmasını səbəb göstərərək iddiaçıya həmin ayların əmək haqqısının ödənilməsinə etiraz etdiyini bildirdi, həmçinin şirkətin maliyyə vəziyyətini də nəzərə alaraq gecikdirilmiş vaxt üçün ona əmək haqqının 2 faizi miqdarında əlavə pul ödənilməsinə maddi durumlarının olmamasını məhkəmənin diqqətinə çatdırdı. Sonraki məhkəmə iclasında isə sentyabr-dekabr aylarının əmək haqqılarının da iddiaçıya ödənilməsinə razı olduqlarını bildirdi. Sonrakı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə (nümayəndə) lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iddiaçı və onun nümayəndəsini (vəkilini) cavabdehin nümayəndələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. əsaslandırıcı hissə İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilən: Bakı 10 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı və cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin heç bir razılığa gəlməmişlər. İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə mühəndis vəzifəsinə işə qəbul olmuş, aylıq əmək haqqı 2270 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, K/161 saylı əmrin surətindən görünür ki, İddiaçı vəzifəsindən azad edilmişdir. İşçinin xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 25 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilir. Cavabdeh tərəfindən daxil edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı hesabına Cavabdeh QSC-də işlədiyi müddət ərzində fevral və mart aylarında əmək haqqı ödənilmiş, aprel-dekabr aylarında isə əmək haqqı mədaxil edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş, "xxxx" MMC-nin 19 yanvar 2026-cı il tarixli, 0362 saylı “X4 və X1 Tələbinə” dair mütəxəssis rəyindən görünür ki, gecikmə üçün ödənc hər gecikdirilmiş gün üçün 2 faiz hesablanmaqla gecikmə faizinin hesablanması cədvəli çıxarılmış, nəticədə İddiaçı əsas əməkhaqqı borcu 18675,45 və gecikmə faizi 68 685,84 olmaqla ümumilikdə 87 361,29 manat məbləğində X4 yaranmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir; 144-cü maddəsinin 2-ci hissəsinə sasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir; 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 155-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır; 156-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir; 157-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər; 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir; 174-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir; 174-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər. 195-ci maddəsinin “d” bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır; 196-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “ Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. İşin hallarından müəyyən olunur ki, İddiaçı və Cavabdeh QSC arasında xx.xx.2024cü il tarixdə əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı Cavabdeh QSC-də mühəndis vəzifəsinə işə qəbul edilmiş, aylıq əmək haqqı 2275 manat məbləğində müəyyən edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli, K/161 saylı əmr ilə öz ərizəsi ilə vəzifəsindən azad edilmişdir. İşçinin xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 25 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. Lakin iddiaçıya qeyd olunan məbləğlər ödənilməmiş, hazırda iddiaçı məhkəməyə müraciət edərək, ödənilməmiş əmək haqqının, gecikdirilmiş hər gün üçün 2(iki) faiz məbləğində ödəncin, istifadə edilməmiş məzuniyyət günlərinə görə haqqın və maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə iddianın ödənilməmiş əmək haqqının, gecikdirilmiş hər gün üçün 2(iki) faiz məbləğində ödəncin və məzuniyyət pulunun tutulması hissəsində hesab edir ki, tələbində iddiaçı qismən haqlıdır. Belə ki, iş materiallarından da müəyyən olunur ki, iddiaçı 10 ay müddətində cavabdeh müəssisədə çalışmışdır. Həmçinin, xx.xx.2024-cü il tarixli, K/161 saylı əmr ilə İşçinin xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 25 məzuniyyət gününün haqqı ödənilməmişdir. Belə olan halda, əmək haqqının tutulması 8 ay müddəti üçün hesablanmalı olmasına baxmayaraq, lakin ona həmin 8 aylıq əmək haqqı və istifadə edilməmiş məzuniyyət günlərinə görə haqq ödənilməmişdir. Bu hal Cavabdeh tərəfindən daxil edilmiş sənədlər, o cümlədən də cavabdehin nümayəndələri tərəfindən də etiraf olunur. Cavabdeh tərəf iddianı əmək haqqının gecikdirilməsi hissəsində qəbul etmir, maddi durumları imkan vermədiyindən bu cərimənin ödənilməsini mümkün hesab etmirlər. Qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh QSC-dən ödənilməmiş 18675,45 manat əmək haqqı, həmin pulun iddiaçıya ödənildiyi tarixədək əmək haqqının gecikdirilməsinə görə hər gün üçün 1 faiz məbləğində ödənc, həmçinin 1875 manat məzuniyyət pulu hesablanaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının maddi zərər kimi əlavə olaraq 1000 manat pul və vəkilə ödənilmiş hüquqi yardım üçün 700 manat pulun cavabdehdən alınmasına münasibətdə isə məhkəmə tələbin sübuta yetirilməməsi əsası ilə təmin olunmasını mümkün hesab etmir. Həmçinin tərəf hüquqi yardım üçün vəkilə 700 manat ödənilməsini ərizəsinin məzmununda bildirsə də buna dair hər hansı qəbz və ya xidmət müqaviləsini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1 və 9.1.1 maddələrinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 151 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən təqdim edilən qəbzin surətindən aydınolur ki, o mütəxəssis rəyi üçün 400 manat məbləğində pul ödəmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən ödənilməmiş 18675,45 manat əmək haqqı, həmin pulun iddiaçıya ödənildiyi tarixədək əmək haqqının gecikdirilməsinə görə hər gün üçün 1 faiz məbləğində ödənc, həmçinin 1875 manat məzuniyyət pulu və məhkəmə xərci kimi 400 manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 151 (bir yüz əlli bir) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim : Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar