Məhkəmə qərarları › İş №e-2(001)-2582/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2582/2023

11.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2582/2023 11.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklifinin göndərilməsi tarixindən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin, habelə hüquqi yardıma çəkilmiş 200 manat xərcin və Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50 manat mediasiya xərcinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və bu nikahdan Fuad adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında olan ailə münasibətlərinin kəskinləşməsi səbəbindən iddiaçı uşağı ilə birlikdə cavabdehlə birgə yaşadıqları mənzili tərk edərək başqa ünvana köçmüşdür. İddiaçı cavabdehdən birgə nikahdan olan uşağın maddi təminatına iştirak etməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirməklə bundan imtina edir. Bu səbəbdən də iddiaçı övladının saxlanılması üçün alimentin tutulmasına dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, tərəflərin rəsmi nikahları pozulmamış və hazırda məhkəmənin icraatında nikahın pozulmasına dair mülkü iş yoxdur. İddiaçını heç kim evdən qovmamış, özü uşağı götürüb getmişdir. Buna baxmayaraq, o hər ay uşağın saxlanılması üçün maddi yardım göstərir və əlavə maddi ehtiyaclarını da qarşılayır. İddiaçının nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən işə onun iştirakı olmadan baxılıb, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamədən surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. - AR ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fialialı tərəfindən verilmiş 27 fevral 2023-cü il tarixli, 3-17-112-39810/2023 nömrəli arayışdan görünür ki, 1141,49 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış X2 valideyni olduğundan və yetkinlik yaşına çatmamış X3 iddiaçının yanında qaldığından, cavabdeh yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün aliment verməyə borcludur. Odur ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağının saxlanmasında iştirak etmədiyindən, X1 üçün cavabdehdən aliment məhkəmə qaydasında tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment)valideynlərdən məhkəmə qaydasında tutulur. Məhkəmə həmçinin alimentin tutulma miqdarını araşdıraraq hesab edir ki, tərəflərin bir uşağının olması və həmin uşaq iddiaçının yanında qaldığından, Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 (bir) uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək təbirlər görülməsi, lakin cavabdehin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını sübuta yetirə bilməmiş, bu hala dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın vəkil xərcinin tutulması hissəsində araşdıraraq hesab edir ki, iddiaçı məhkəmə iclasında iddia tələbini şəxsən müdafiə etmək imkanı olduğu halda, bu imkandan istifadə etməmişdir və vəkil xidmətindən öz istəyi ilə yararlanmışdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsində vəkilin iştirakı məcburi xarakter daşımır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 112.1.3,119.2 və "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrinə əsasən 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin hesablanması xx.xx.2023-cü il tarixdən başlanılsın. Qətnamə dərhal icra edilsin. Cavabdeh Mediasiya Şurası üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar