Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2671/2023 14.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı ilə cavabdeh 05 mart 2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 21 dekabr 2021-ci il təvəllüdlü X2 adlı bir yetkinlik yaşına çatmamış uşaqları vardır. Hazırda iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 manat, 16 may 2022-ci il tarixdən hər ay üçün 193 manat sabit pul məbləğində alimentin, habelə uşaq 3 yaşa çatanadək hər ay əlavə 100 manatın onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 16 may 2022-ci il tarixdə cavabdehlə birgə yaşadıqları evi tərk etmiş, atasının evinə yerləşmişdir. Həmin vaxtdan münasibətləri faktiki olaraq bitmişdir. Uşaq iddiaçının himayəsindədir, cavabdeh bugünədək onların nə maddi vəziyyətləri ilə maraqlanmış, nə də uşağın zəruri ehtiyaclarını qarşılamışdır. İddiaçı 16 may 2022-ci il tarixdən faktiki olaraq cavabdehdən ayrı yaşadığından, uşağın tələbatlarını təkbaşına qarşıladığından, həmin tarixdən 2022-ci il üzrə aylıq 193 manat alimentin, 2023-cü ildən isə hər ay üçün 220 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Həmçinin, uşaq 3 yaşa çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay əlavə olaraq 100 manat pul tutulmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək, izahatında göstərdi ki, iddiaçı evi tərk etdiyi vaxtdan bəri o, nağd şəkildə həm iddiaçının özünə, həm də uşağın xərclərinə görə pul vermişdir. Onun valideynləri də iddiaçıya maddi köməklik göstərmişdirlər. Hazırda iddianı aylıq 220 manat hissəsində qəbul edir. Lakin, alimentin əvvəlki dövr üzrə hesablanmasın qəbul etmir. Digər tərəfdən, iddiaçıya hər ay əlavə 100 manat ödəməyə də maddi imkanı yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını və s. nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edildiyidən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün alimentin məbləği hər ay 220 manat sabit pul məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Hazırki halda iddia tələbinin alimentin tutulmasının 16 may 2022-ci il tarixdən hesablanması hissəsi Ailə Məcəlləsinin 100.3-cü maddəsinin tələblərinə cavab vermədiyindən, iddiaçı 28 mart 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə məhkəmə hesab edir ki, alimentin tutulması 28 mart 2023-cü il tarixdən başlanmalıdır. İddianın digər, uşaq 3 yaşa çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay 100 manat pulun tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsində ümumi uşağın doğulduğu gündən 3 il ərzində arvadın buna zəruri vəsaiti olan ərdən aliment almaq hüququ müəyyən edilmişdir. İddiaçı öz tələbində uşaq 3 yaşa çatanadək cavabdehdən 100 manat aliment tələb edir və məhkəmə iddia tələbinin bu hissəsinə Ailə Məcəlləsinin 84 və 85-ci maddələrinin tələbləri baxımından da yanaşaraq qeyd edir ki, həmin maddələrdə “buna zəruri vəsaiti olan” ifadəsi göstərilmişdir. İddiaçı isə hazırki halda cavabdehin vəsaiti barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh sürücü işləyir, aylıq əmək haqqı 339 manat təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdehin birgə nikahından olan uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, alimentin hesablanmasının əvvəli 28 mart 2023-cü il tarixdən aparılmalı, qətnamə bu hissədə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 2640 manat təşkil etdiyinə və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, ödənilməli 46,4 manat məbləğində dövlət rüsumunun 40 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməli, habelə, mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində pul vəsaitinin 40 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası qismən təmin edilsin. 21 dekabr 2021-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Alimentin tutulmasının əvvəli 28 mart 2023-cü il tarixdən başlansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Dövlət rüsumunun əvəzi kimi 40 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Mediasiya xərci kimi 40 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-2671/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2671/2023
14.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver