Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-279/2022 25.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 27 iyul 2010-cu il tarixli nikahın pozulması, 21 oktyabr 2011-ci il təvəllüdlü X6, 06 dekabr 2012-ci il təvəllüdlü X7 və 07 oktyabr 2016-cı il təvəllüdlü X5 onun himayəsinə verilməsi və uşaqların saxlanılmaları üçün cavabdehin qazancının (gəlirlərinin) yarısı miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh 27.07.2010-cu il tarixində Bakı şəhərində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 21.10.2011-ci il təvəllüdlü X11, 06.12.2012-ci il təvəllüdlü X12 və 07.10.2016-cı il təvəllüdlü X10 dünyaya gəlmişdir. Evləndikləri zaman münasibətləri yaxşı olsa da, son zamanlar onunla cavabdeh arasında münasibətlər korlanmağa başlamış və belə problemlər getdikcə daha da gərginləşmişdir. Onlar arasında mübahisələr get-gedə pisləşmiş, nəticədə o, son dövrlər bir ailə kimi yaşayış tərzi dözümsüz olduğundan qəti şəkildə boşanmaq qərarına gəlmişdir. Odur ki, onunla Cavabdeh arasında bağlanılmış 27.07.2010-cu il tarixli nikahın pozulması, 21.10.2011-ci il təvəllüdlü X11, 06.12.2012-ci il təvəllüdlü X12 və 07.10.2016-cı il təvəllüdlü X5 onun himayəsinə verilməsi, uşaqların saxlanması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etmiş və eyni zamanda bildirmişdir ki, uşaqların bir-birindən ayrılmaması və eləcə də ana tərbiyəsi altında böyüməsinin təmin edilməsi üçün hər üç uşaq onun himayəsinə verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaçı ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh öz izahatında nikahın pozulmasına etiraz etmədiyini bildirərək, uşaqların onun yanında saxlanılmasını xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, Kənanla Sənan bir yerdə qalmalıdırlar. Belə ki, onlarıdan biri anayla, biri isə onunla birlikdə qaldığı halda, qardaşlar arasında soyuq münasibətlər yaranacaq. Odur ki, 21.10.2011-ci il təvəllüdlü X11 və 06.12.2012-ci il təvəllüdlü X12 onun himayəsinə verilməlidir. O, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətində şöbə rəisi işləyir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 cavabdeh ilə eyni məzmunlu izahat verərək, tərəflər arasında bağlanmış nikahın pozulmasını və 21.10.2011ci il təvəllüdlü X6 və 06.12.2012-ci il təvəllüdlü X7 cavabdehin himayəsinə verilməsini xahiş etdi. 25 aprel 2022-ci il tarixli məhkəmə iclasında 21.10.2011-ci il təvəllüdlü X11 bildirmişdir ki, hazırda atası ilə birlikdə yaşayır, boşanma olacağı təqdirdə də atasının yanında qalmaq istəyir. Lakin o, bacı və qardaşı ilə birlikdə qalmaq istəyir. Anası isə adi səbəblərə görə ona və bacı-qardaşına əsəbləşir. Ona hal-hazırda nənəsi ilə bibisi baxır. 25 aprel 2022-ci il tarixli məhkəmə iclasında fikri dinlənilmiş 06.12.2012-ci il təvəllüdlü X12 isə bildirmişdir ki, hazırda bacısı ilə birlikdə anasının yanında yaşayır və boşanma olacağı təqdirdə də anasının yanında qalmaq istəyir. O, həm bacısı həm də qardaşı ilə birlikdə atasının deyil, anasının yanında yaşamaq istəyir. Lakin atasıgil qardaşını öyrətdiyi üçün, qardaşı anası ilə birgə qalmaq istəmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 586090 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında nikah 27 iyul 2010-cu il tarixdə bağlanmış, 1038 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Ağayeva” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı 773460 nömrəli, AZ-İİİ seriyalı 019677 nömrəli və AZ-İİİ seriyalı 860096 nömrəli doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 21.10.2011-ci il təvəllüdlü X11, 06.12.2012-ci il təvəllüdlü X12 və 07.10.2016-cı il təvəllüdlü X10 adlı uşaqları var. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 02 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, komissiya tərəflərin izahatlarını, həyat şəraitlərinin müayinə edilməsinin nəticələrini, Kənanın fikirlərini, Sənanın psixoloji təsir altında olması barədə əsaslı şübhələrin olmasını, qardaşların bir-birlərinə qarşı bağlılıqlarını, Kənanın qardaşına qarşı yüksək emosional bağlılığını, qardaşının ondan ayrı yaşamasının onun psixoloji durumuna mənfi təsir göstərməsini, Leylanın qız övladı olmaqla yaşının az olmasını və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52, 58, 60-cı maddələrini nəzərə alaraq, uşaqların mənafeyinin üstünlüyü baxımından 21 oktyabr 2011-ci il təvəllüdlü X6 və 06 dekabr 2012ci il təvəllüdlü X7 Cavabdeh, 07 oktyabr 2016-cı il təvəllüdlü X5 isə İddiaçı yanında qalmasını məqsədəmüvafıq hesab edir. Həmçinin rəydən görünür ki, tərəflərin birgə nikahından anadan olan 21 oktyabr 2011-ci il təvəllüdlü X11 ilə təklikdə, həmçinin ondan ayrı yaşayan anasının iştirakı ilə söhbət aparıldı və müəyyən edildi ki, məktəblidir, faktiki himayəsində yaşadığı valideyndən və onun ailə üzvlərindən narazılığı yoxdur, yaşadığı ailədə ona sevgi və qayğı ilə yanaşılır, valideynlərindən atasına qarşı emosional bağlılığı daha yüksəkdir, qardaşını və bacısını da çox istəyir, anası ilə görüşüb ünsiyyətdə olmaq niyyətindədir. Kənan qardaşı barədə danışarkən kövrəlmiş və ondan ayrı yaşamağın, buna öyrəşməyin ona çox çətin olduğunu bildirmişdir. Uşaqla aparılan söhbət zamanı o fikirlərini sərbəst şəkildə ifadə etmiş, psixoloji durumunda gərginlik, habelə təşviş, stress və digər narahatlıq gətirən hisslər keçirməmişdir. Tərəflərin birgə nikahından anadan olan digər övladları 06 dekabr 2012-ci il təvəllüdlü X12 ilə aparılan söhbət zamanı sərbəst olması üçün yaradılmış şəraitə baxmayaraq, o psixoloji gərginlik keçirmiş, sualları cavablandırmaqda çətinlik çəkmişdir. Sənan istər təklikdə və ya atası ilə birlikdə xidməti otaqda olduğu zaman sıxılmış, narahatlıq hissləri keçirmiş, sualları cavablandırarkən xidməti otağın qapısına tərəf boylanmışdır. Sənanın davranışları, keçirdiyi narahatlılıq hissləri ilə əlaqədar atası barədə xoşagəlməz xatirələrinin olub-olmaması soruşulmuş, Sənan suallara cavab olaraq atası tərəfindən heç vaxt şiddət görmədiyini, ondan incimədiyini, bir evdə yaşayanda onu çox istədiyini bildirdi. Rəyə əlavə edilmiş 29 noyabr 2021-ci il tarixli həyat şəraitinin müayinə aktından görünür ki, Cavabdeh ailə və mənzil şəraiti yaşayış üçün əlverişlidir. Rəyə əlavə edilmiş 30 noyabr 2021-ci il tarixli həyat şəraitinin müayinə aktından görünür ki, İddiaçı ailə və mənzil şəraiti yaşayış üçün əlverişlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 mart 2022-ci il tarixli məhkəmə psixoloji ekspertizasının rəyindən görünür ki,21 oktyabr 2011-ci il təvəllüdlü X6 atası Cavabdeh və anası İddiaçı bağlılığı üzə çıxmaqla, hal-hazırda atası X8 bağlılığı daha çoxdur. 06 dekabr 2012-ci il təvəllüdlü X7 anası İddiaçı bağlılığı üzə çıxmaqla, atası Cavabdeh Əzizağa oğluna bağlılığı müəyyən olunmur. İddiaçı və Cavabdeh Əzizağa oğlunun fərdi psixoloji xüsusiyyətlərində azyaşlı uşaqların emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Boşanmadan sonra uşağın hansı valideyninin himayəsində yaşamasının məqsədəuyğun olması və həmin halın gələcəkdə uşağın psixi inkişafına və psixoloji vəziyyətinə necə təsir göstərəcəyinin müəyyən olunması məhkəmə psixoloji ekspertizasının səlahiyyətinə aid deyildir. 21 oktyabr 2011-ci il təvəllüdlü X11 və 06 dekabr 2012-ci il təvəllüdlü X12 əqli və psixi inkişafına, yaş və fərdi psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikir və mülahizələrini sərbəst şəkildə ifadə etmək qabiliyyətinə malik ollmaqla, onların psixikası və davranışında hansı valideynin yanında qalmasını seçmələri ilə bağlı kənar psixoloji təzyiq əlamətləri müəyyən olunmur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları yetkinlik yaşına çatmamışdır. Tərəflər 2010-cu ilin iyul ayından rəsmi nikahda olub yaşamaqlarına baxmayaraq, hazırda ailə münasibətləri kəsilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinin tələbinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə hesab edir ki, tərəflərin nikahın pozulmasına qarşılıqlı razılıqları olduğundan, onlar arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2 və 22.2.1-ci maddələrinin tələblərinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasını müəyyən etməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə görə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə əsasən, azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Qeyd edilən bu kimi müstəsna hallarda, uşaq atasının yanında saxlanıla bilər. Məhkəmə qeyd etməyi lazım bilir ki, hazırkı iş üzrə aparılan araşdırma zamanı anada, yəni İddiaçı Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipində nəzərdə tutulan hər hansı bir müstəsna hal müəyyən olunmamışdır. Beləliklə, məhkəmə, tərəflərin münasibətlərinin mövcud vəziyyətini, uşaqların hər üçünün yaşını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 mart 2022-ci il tarixli məhkəmə psixoloji ekspertizasının rəyini və Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini qismən nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş 21 oktyabr 2011-ci il təvəllüdlü X11, 06 dekabr 2012-ci il təvəllüdlü X12 və 07 oktyabr 2016-cı il təvəllüdlü X10 analarının, yəni iddiaçının yanında qalmalıdır. İlk növbədə qeyd edilməlidir ki, yetkinlik yaşına çatmayan uşaqların analarından ayrı yaşamaları üçün heç bir əsas yoxdur. Eyni zamanda bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, ailədə başlıca vəzifə uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yönəlməlidir. Buna görə də, məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşaqların üstün mənafeləri nəzərə alınmaqla, boşanmadan sonra uşaqların yaşayış yerinin anasının yanında saxlanılması onların maraqlarına zidd deyildir və bu, həmin uşaqların mənafeyinə və üstün maraqlarının qorunmasına xidmət edəcəkdir. Belə ki, uşaqlar bacı-qardaşları ilə öz vərdiş etdikləri şəraitdəki kimi birlikdə yaşamaları onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişaflarının təmin olunması istiqamətində daha da məqsədə müvafiq olacaqdır. Lakin, işin hallarından görünür ki, hal-hazırda 06 dekabr 2012-ci il təvəllüdlü X12 və 07 oktyabr 2016-cı il təvəllüdlü X10 iddiaçının yanında olsalar da, 21 oktyabr 2011ci il təvəllüdlü X11 cavabdehin yanındadır. Ona görə də, 21 oktyabr 2011-ci il təvəllüdlü X11 Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi və 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur: 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə tərəflərin birgə nikahından doğulmuş uşaqların sayını, onları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyünü, cavabdehin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətində şöbə rəisi işləməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tərəflərin birgə nikahından olan uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarından görünür ki, İddiaçı aliment tələbi barədə iddia tələbini nikahın pozulması barədə iddia ərizəsi ilə birlikdə məhkəməyə 23 iyun 2021-ci il tarixdə təqdim etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının məhkəməyə müraciət etdiyi dövrdən hal-hazıradək saxlanılması üçün aliment tələb edilən 06 dekabr 2012-ci il təvəllüdlü X12 və 07 oktyabr 2016-cı il təvəllüdlü X10 onun yanında olsalar da, 21 oktyabr 2011-ci il təvəllüdlü X11 Cavabdeh yanında qalır. Ona görə də məhkəmə hesab edir ki, 06 dekabr 2012-ci il təvəllüdlü X12 və 07 oktyabr 2016-cı il təvəllüdlü X2 üçün aliment 23 iyun 2021-ci il tarixdən hesablanmaqla, qətnamə qanuni qüvvəyə mindiyi günədək Cavabdeh qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla isə 21 oktyabr 2011-ci il təvəllüdlü X11, 06 dekabr 2012-ci il təvəllüdlü X12 və 07 oktyabr 2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2-ci və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Qanunun 01 oktyabr 2021-ci il tarixədək qüvvədə olan 8.4.9-cu maddəsinə əsasən, nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələri üçün dövlət rüsumunun məbləği 20 manatdır. Həmin Qanunun 01 oktyabr 2021-ci il tarixədək qüvvədə olan 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda ödənilməli olan dövlət rüsumunun məbləği 30 manatdır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. “Dövlət rüsumu” haqqında qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 27 iyul 2010-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış, 1038 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərin ümumi uşaqları – 21 oktyabr 2011-ci il təvəllüdlü X11, 06 dekabr 2012-ci il təvəllüdlü X12 və 07 oktyabr 2016-cı il təvəllüdlü X10 İddiaçı yanında saxlanılsınlar. 21 oktyabr 2011-ci il təvəllüdlü X11 Cavabdeh alınaraq, İddiaçı himayəsinə verilsin. 06 dekabr 2012-ci il təvəllüdlü X7 və 07 oktyabr 2016-cı il təvəllüdlü X3 üçün alimentin tutulmasının əvvəli 23 iyun 2021-ci il tarixdən hesablanmaqla, qətnamə qanuni qüvvəyə mindiyi günədək Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə həmin alimentin tutulması hissəsində dərhal icra edilsin. 21 oktyabr 2011-ci il təvəllüdlü X11, 06 dekabr 2012-ci il təvəllüdlü X12 və 07 oktyabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment İddiaçı xeyrinə tutulsun və həmin alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-279/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-279/2022
25.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver