Məhkəmə qərarları › İş №e-2(001)-2823/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2823/2023

24.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2823/2023 24.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan X1 üçün 500 manat sabit pul məbləğində alimentin, uşaq 3 yaşına çatanadək hər ay 200 manat məbləğində pulun və hüquqi yardım üçün ödənilmiş 170 manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuş, heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Hazırda tərəflər ayrı-ayrılıqda yaşayır. Yetkinlik yaşına çatmayan övladı isə onun (anasının) himayəsindədir. Cavabdeh faktiki ayrı yaşadığı vaxtdan bugünədək uşağın maddi vəziyyəti ilə maraqlanmır, heç bir köməklik göstərmir. O, hazırda uşağın təminatını ödəməkdə çox çətinlik çəkir. Cavabdeh bankda işləyir və onun orta aylıq gəliri 2000-2500 manat təşkil edir. Bu səbəbdən də iddiaçı cavabdehdən alimentin məcburi tutulması üçün məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 1 saylı Gəncə regional "ASAN xidmət" mərkəzinin Qeydiyyat şöbəsində qeydə alınmaqla bağlanmış 23 avqust 2021-ci il tarixli nikahın pozulmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə elektron ərizə ünvanlayaraq, cavabdehin qarşılıqlı iddiasını qəbul etdiklərini, nikahın pozulmasına etiraz etmədiklərini bilmişdir. Eyni zamanda məhkəmənin hazırlıq iclası zamanı onlara cavabdehin 3500 manatdan çox əmək haqqı aldığı məlum olduğundan, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə görə iddia tələbini dəqiqləşdirərək, eyni zamanda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələblərini rəhbər tutaraq, X2 İddiaçı himayəsində saxlanılmasını, uşağın saxlanılması üçün Cavabdeh hər ay 850 manat sabit pul məbləğində alimentin tutulmasını və hüquqi yardım üçün ödənilmiş 170 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil qarşılıqlı iddia tələbini müdafiə etdiyini, ilkin iddia tələbini isə qismən qəbul etdiyini (ümumi 500 manat məbləğində alimentin tutulması barədə ərizə təqdim etməklə), bu səbəbdən də ilkin iddia tələbinin qismən, qarşılıqlı iddia tələbinin isə tam təmin edilməsini məhkəmdən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirak olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsi-vəkili Vəkil izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən, qarşılıqlı iddia tələbi isə tam təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - nikah və doğum haqında şəhadətnamələrdən görünür ki, tərəflər xx.xx.2021-ci il tarixdə 2218 nömrəli akt qeydi ilə 1 saylı Gəncə regional "ASAN xidmət" mərkəzinin Qeydiyyat şöbəsində nikah bağlamışlar və birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X3 anadan olmuşdur. - Elektron Məhkəmə Portalından çıxarışa əsasən, Cavabdeh "xxxx" ASC-də qrup rəhbəri vəzifəsində çalışır və aylıq əmək haqqısı 3590 manat təşkil edir. Nikaha xitam verilməsinin əsasları və qaydası Ailə Məcəlləsinin 4-cü fəslinin, nikahın pozulmasının qeydə alınması məsələləri isə həmin Məcəllənin 25-ci fəslinin müddəaları ilə tənzimlənir. Məhkəmə AR Ailə Məcəlləsinin 19.1, 20.2, 22, 60.1-60.4, 61.1, 62.2, “Uşaq hüquqları haqqında Konvesiyanın” 3-cü maddəsinin 1-ci bəndi, 18-ci maddəsinin 1-ci bəndi, 27-ci maddəsinin 2-ci bəndi, “Uşaq hüquqları”haqqında AR Qanunun 19-cu maddələrinə əsaslanaraq belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış nikah formal xarakter daşıyır, tərəflər könüllü olaraq nikahın pozulması ilə bağlı iradə ifadəsini açıq nümayiş etdirmişlər, eyni zamanda ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü təsdiq edildiyi üçün qarşılıqlı iddia tələbi təmin olunmalı, onların arasında olan nikah pozulmalıdır. Məhkəmə AR Ailə Məcəlləsinin 75, 76 və 78.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə İddiaçı tələbini nəzərə alaraq, alimentin sabit pul məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, uşağın mənafeyini, tərəflərin iradə ifadəsini, eləcə də yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 650 manat sabit pul məbləğində alimentin tutulması ədalətli olar (təxmini olaraq xalis əməkhaqqı olaraq 2770,05 manatın ¼ hissəsi (Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən bir uşaq üçün nəzərdə tutulmuş alimentin miqdarı)≈692,5 manat təşkil edir). İş materiallarında olan iddia ərizəsindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddia tələbinin vəkil xərcinin tutulması hissəsinə münasibətdə araşdıraraq hesab edir ki, iddiaçı məhkəmə iclasında iddia tələbini şəxsən müdafiə etmək imkanı olduğu halda, bu imkandan istifadə etməmişdir və vəkil xidmətindən öz istəyi ilə yararlanmışdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsində vəkilin iştirakı məcburi xarakter daşımır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən, qarşılıqlı iddia tələbi isə tam təmin edilməli, Cavabdeh ilə Mehdizadə (Məmmədova) Fərəh Elşad qızı arasında xx.xx.2021-ci il tarixdə 2218 nömrəli akt qeydi ilə 1 saylı Gəncə regional "ASAN xidmət" mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmalı, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 anası Mehdizadə (Məmmədova) Fərəh Elşad qızı yanında saxlanılmalı, xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 650 manat məbləğində aliment tutularaq Mehdizadə (Məmmədova) Fərəh Elşad qızının xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia tələbi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 650 (altı yüz əlli) manat məbləğində aliment tutularaq Mehdizadə (Məmmədova) Fərəh Elşad qızının xeyrinə ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh ilə Mehdizadə (Məmmədova) Fərəh Elşad qızı arasında xx.xx.2021-ci il tarixdə 2218 nömrəli akt qeydi ilə 1 saylı Gəncə regional "ASAN xidmət" mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış nikah pozulsun. Nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 anası Mehdizadə (Məmmədova) Fərəh Elşad qızının yanında saxlanılsın. 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edisin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar