Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2964/2024 11.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 11 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə faktiki nikah münasibətlərindən doğulmuş xx.xx.2023-cü il təvəllüdlü oğlu X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 800 (səkkiz yüz) manat sabit pul məbləğində alimentin, eləcə də xx.xx.2023-cü il təvəllüdlü oğlu X3 3 yaşına çatanadək onu saxlamqla bağlı işləmədiyinə görə, onun üçün cavabdehdən 200 (iki yüz) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2022-ci ildə faktiki nikah münasibətlərində olmaqla ailə qurmuşlar. Niyyətləri olmuşdur ki, rəsmi nikaha sonra daxil olarlar. Faktiki nikah münasibətlərindən xx.xx.2023-cü il təvəllüdlü X6 doğulmuşdur. Atalıq müəyyən edilmiş, xx.xx.2023-cü il tarixində AZ-İ № 454141 saylı “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə” verilmişdir. Artıq neçə aydır ki, cavabdeh evdən getmişdir, o cümlədən uşağa baxmır, saxlanması üçün vəsait vermir. Onu və azyaşlı uşağını valideynləri saxlayırlar, onlar üçün vəsait xərcləyirlər. Azyaşlı uşağı tək saxlayıb, işləyə bilmir. O, bir neçə dəfə cəhd etmiş ki, cavabdehlə uşağın saxlanması məsələsini danışsın, cavabdeh bu söhbətlərə məhəl qoymamış, bəyan etmişdir ki, ona uşaq lazım deyildir. Cavabdehin atası “AZƏRSUN Holdinq”in İsmayıllı şəhərində yerləşən filailının rəhbəridir. Cavabdeh özü də, atasının rəhbərlik etdiyi qurumda işləyir. Bundan başqa, cavabdeh, Bakı şəhərinin Nizami küçəsində yerləşən “VİTA MART” şirkətində, elektronika məhsullarının satışı ilə məşğul olan şirkətin sahiblərindən biridir. Mübahisə ilə bağlı mediasiya təşkilatına müraciət etmiş. Cavabdeh mediasiyada iştirak etməmişdir. Hesab edir ki, özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bütün bunlara görə hesab edirəm ki, cavabdeh uşaqlarını saxlamırsa, aliment vermirsə, ondan aliment məhkəmə yolu ilə alınmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı idia tələbini müdafiə edib izahatında göstərmişdir ki, cavabdeh hər həftə ona 500 manat pul göndərirdi. Ailəli olsa da, Bakıya gələndə onun yanında qalırdı. Ona mütıəmadi bazarlıqlar göndərmiş. Hazırda İsmayıllı rayonunda yaşayır. Uşaqları Kaspianda oxuduğu üçün işləyə bilmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, cavabdeh hər ay 500 manat əmək haqqı alır. Ailəli olmaqla, iki övladı var və hazırda rayonda yaşayır. Atalığı mübahisələndirəcəyik. Mülki iş materiallarında olan: Atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2023-cü il tarixdə X5 doğulmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, X8 15 may 2023-cü ildə Bakı şəhərində anadan olmuş, şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tətbiq edilən hüquq: Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmənin mövqeyi: Məhkəmə ilk olaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş atalığın müəyyən edilməsi şəhadətnamələrinə əsasən iş üzrə Cavabdeh 15 may 2023-cü ildə Bakı şəhərində anadan olmuş X3 atası olması işin mübahisəsiz halıdır. Hazırda iddiaçı cavabdehdən 800 (səkkiz yüz) manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, alimentin məhz bu məbləğdə tutulmalı olmasını zəruri sübutlarla əsaslandıra bilməmişdir. Lakin məhkəmə, qarşı tərəfin ailə vəziyyətini, habelə yetkinlik yaşına çatmayan digər uşağın mənafeyini, normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, geyimləri ilə bağlı xərci, istirahət vaxtının səmərəli təşkil edilməsinin zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, yetkinlik yaşına çatmayan 15 may 2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddiaçı 27 mart 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə məhkəmə hesab edir ki, alimentin tutulması həmin tarixdən başlanmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1 və 85.1.1-ci maddələrinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən, alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. Göründüyü kimi, keçmiş ərin (arvadın) aliment almaq hüququnun əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Ailə Məcəlləsinin 85.1-ci maddəsində sadalanan əsasları birləşdirən amil keçmiş ərin (arvadın) müəyyən səbəblərə görə işləmək imkanının olmaması və ya məhdud olması və aliment ödəməsi tələb olunan keçmiş ərin (arvadın) bunun üçün zəruri vəsaitə malik olmasıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə gəldikdə isə qeyd olunmalıdır ki, Məcəllənin 85.1.2-85.1.4-cü maddələrində göstərilən əsaslardan fərqli olaraq, bu maddədə keçmiş ərin (arvadın) aliment almaq hüququnun yaranması onun maddi yardıma ehtiyacının olub-olmamasından asılı deyildir. Bununla belə, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinin mənasına görə, bu maddə ilə müəyyən edilən alimentin ödənilməsi ümumi uşaqların 3 yaşına çatması ilə məhdudlaşır. Hazırkı halda tərəflərin rəsmi nikahı olmasa da məhkəmə, onların maraqları arasında ədalətli tarazlığın qorunmasını, iddiaçının qeyd edilən tələbinin hüquqi əsasının qanunda nəzərdə tutulduğunu, eləcə də tərəflərin maddi və sosial vəziyyətini, bundan əlavə cavabdehin hazırda aylıq 500 manat məbləğində əmək haqqı almasını və işin diqqətəlayiq digər hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və xx.xx.2023-cü il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay cavabdehdən iddiaçının xeyrinə 50 (əlli) manat məbləğində aliment tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 1000 manatdan çox (2820 manat) olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, ödənilməli 58.20 manat məbləğində dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Habelə, iş materiallarından görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirakla bağlı 50 manat dövlət rüsumu ödəmişdir. Həmin xərc məhkəmə xərclərinə aid edildiyindən, iddianın qismən təmin edilməsi nəzərə alınmaqla ödənilmiş dövlət rüsumunun 45 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 15 may 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment, habelə, uşaq 3 yaşına çatanadək cavabdehdən əlavə olaraq hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, alimentin tutulmasının əvvəli xx.xx.2024-ci il tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 15 may 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment, habelə, uşaq 3 yaşına çatanadək cavabdehdən əlavə olaraq hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq iddiaçıya ödənilsin və alimentin tutulmasının əvvəli xx.xx.2024-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilməli dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-2964/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2964/2024
11.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver