Məhkəmə qərarları › İş №e-2(001)-3189/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3189/2024

06.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3189/2024 06.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Qəhrəmanova (Məmmədova) Günel Saleh qızına qarşı “müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qəhrəmanova (Məmmədova) Günel Saleh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış müqavilə üzrə 2021-2022-ci təhsil ili üzrə 350, 2022-2023-cü təhsil ili üzrə 2628 manat təhsil haqqı, 2978 manat əsas təhsil haqqı borcu, ona uyğun hesablanmış 3.317 manat dəbbə pulu (2021- 2022 tədris ili uzrə dəbbə pulu 616 manat, 2022-2023 tədris iİi üzrə bu tarixə kimi 2.701 manat), həmçinin ödənilmiş 83 manat miqdarında dövlət rüsumu olmaqla, yekunda 6376 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı filialı və Cavabdeh arasında “Təhsil xidmətlərinin göstərilməsinə dair” 2015-ci və xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən İddiaçı Bakı filialı Cavabdeh övladı X4 müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürür. Aralarında bağlanmış sonuncu müqavilənin 5.1-ci maddəsinə əsasən 1 (bir) tədris ili üçün təhsil haqqı 6000 manat təşkil edir. Müqavilələrin müvafiq maddələrinə əsasən valideyn təhsil haqqını tam və vaxtında ödəməlidir. Müqavilə üzrə üzərlərinə düşən bütün öhdəliklər tam yerinə yetirilsə də, Cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək 2021- 2022-ci təhsil ili üzrə 350, 2022-2023-cü təhsil ili üzrə 2628 manat təhsil haqqı ödənməmiş qalmışdır. Borcun üzərindən uzun müddət keçməsinə rəğmən cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Bununla əlaqədar, valideynə dəfələrlə xəbərdarlıq ünvanlanmışdır, lakin bu xəbərdarlıqlar da nəticəsiz qalmışdır. Beləliklə, Valideynin halhazırda Liseyə 2976 manat əsas, 3.317 manat dəbbə pulu (2021-2022 tedris ili uzre dəbbə pulu 616 manat, 2022-2023 tədris ili uzrə bu tarixə kimi 2.701 manat) ümumilikdə, 6293 manat borcu formalaşmışdır. Aralarında bağlanmış müqavilənin 5.5-ci maddəsinə əsasən, müddətindən və səbəbindən asılı olmayaraq şagirdin iştirak etmədiyi təhsil aylarının haqqı hər bir halda ödənməlidir. Müqavilənin 4.1.1-ci maddəsində təhsil haqqının ödənilməsi valideynin öhdəliyi qismində müəyyənləşdirilir. 4.1.6-cı maddəyə əsasən, şagirdlə əlaqəli liseyə dəvət olunduqda 5 iş günü ərzində liseyə yaxınlaşmaq valideynin müqavilə üzrə öhdəliyidir. 6.3-cü maddəyə əsasən, valideyn müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə lisey birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. Həmçinin, müqavilənin 3.2.7-ci maddəsinə görə, valideyn tərəfindən təhsil haqqının ödənilməsi müqavilədə nəzərdə tutulan müddətdən artıq gecikdirildikdə təhsil haqqı tam ödənilənədək Lisey şagirdin dərsə buraxılmasını və digər öhdəliklərinin icrasını dayandıra bilər. 7.2-ci maddəyə əsasən, valideyn hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 2.0%-i həcmində dəbbə pulu ödəyir. Lisey pandemiya dövründə öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq təşkil edir. Müqaviləyə əsasən yaranmış vəziyyətdə tərəf (valideyn) üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə borcludur. Müqavilələrdən aydın olur ki, hər hansı səbəbdən müqaviləyə xitam verilməsi sonradan vəzifələri icra etmək vəzifəsindən azad etmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Bakı filialı və Cavabdeh arasında “Təhsil xidmətlərinin göstərilməsinə dair” 2015-ci və xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən İddiaçı Bakı filialı Cavabdeh övladı X4 müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lisey müqavilə üzrə üzərinə düşən bütün öhdəliklər tam yerinə yetirsə də, Cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək 2021-2022-ci təhsil ili üzrə 350, 2022-2023-cü təhsil ili üzrə 2628 manat təhsil haqqı ödənməmiş qalmışdır. Borcun üzərindən uzun müddət keçməsinə rəğmən cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Bununla əlaqədar, valideynə dəfələrlə xəbərdarlıq ünvanlanmışdır, lakin bu xəbərdarlıqlar da nəticəsiz qalmışdır. Beləliklə, Valideynin hal-hazırda Liseyə 2976 manat əsas, 3.317 manat dəbbə pulu (2021-2022 tedris ili uzre dəbbə pulu 616 manat, 2022-2023 tədris ili uzrə bu tarixə kimi 2.701 manat) ümumilikdə, 6293 manat borcu formalaşmışdır. Göstərdiklərini nəzərə alaraq idia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Qəhrəmanova (Məmmədova) Günel Saleh qızı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: X2 İddiaçı Bakı filialının direktoruna ünvanlandığı məktubdan görünür ki, o, qızı X3 liseyin 1-ci sinifinin rus bölməsinə qəbul edilməsini xahiş etmişdir. Təhsil xidmətlərinin göstərilməsinə dair müqavilədən görünür ki, müqaviləyə əsasən İddiaçı Bakı filialı Cavabdeh övladı X4 müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə 1 tədris ili üçün 6000 manat məbləğində təhsil haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2.7-ci maddəsinə görə, valideyn tərəfindən təhsil haqqının ödənilməsi müqavilədə nəzərdə tutulan müddətdən artıq gecikdirildikdə təhsil haqqı tam ödənilənədək Lisey şagirdin dərsə buraxılmasını və digər öhdəliklərinin icrasını dayandıra bilər. Həmin Müqavilənin 4.1.1-ci maddəsində təhsil haqqının ödənilməsi valideynin öhdəliyi qismində müəyyənləşdirilir. Həmin Müqavilənin 4.1.6-cı maddəyə əsasən, şagirdlə əlaqəli liseyə dəvət olunduqda 5 iş günü ərzində liseyə yaxınlaşmaq valideynin müqavilə üzrə öhdəliyidir. Həmin Müqavilənin 5.5-ci maddəsinə əsasən, müddətindən və səbəbindən asılı olmayaraq şagirdin iştirak etmədiyi təhsil aylarının haqqı hər bir halda ödənməlidir. Həmin Müqavilənin 6.3-cü maddəyə əsasən, valideyn müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə lisey birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. Həmin müqavilənin 7.2-ci maddəyə əsasən, valideyn hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 2.0%-i həcmində dəbbə pulu ödəyir. X2 İddiaçı Bakı filialının direktoruna ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, övladı 8-ci sinif şagirdi olan X3 2021-22 tədris ilinin təhsil haqqı borcu 350 manat və 2022-2023-cü il təhsil haqqı olan 2628 manat məbləğində borcu uşağın atası (cavabdehin əri) X6 tərəfindən ödəniləcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh X5 İddiaçı Bakı filialının direktoruna müraciət edərək qızı X3 liseyin 1-ci sinifinin rus bölməsinə qəbul edilməsini xahiş etmiş, bununla bağlı İddiaçı Bakı filialı və Cavabdeh arasında “Təhsil xidmətlərinin göstərilməsinə dair” 2015-ci və xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən İddiaçı Bakı filialı Cavabdeh övladı X4 müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə 1 (bir) tədris ili üçün 6000 manat təhsil haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müəyyən edilmişdir ki, borcun üzərindən uzun müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən hər hansı ödəniş edilməmiş, Lisey tərəfindən valideynə dəfələrlə xəbərdarlıq ünvanlanmış, lakin bu xəbərdarlıqlar da nəticəsiz qalmışdır. Bununla da, cavabdehin Liseyə 2976 manat əsas, 3.317 manat dəbbə pulu (2021-2022 tədris ili uzrə dəbbə pulu 616 manat, 2022-2023 tədris ili uzrə bu tarixə kimi 2.701 manat) ümumilikdə, 6293 manat borcu yaranmışdır. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələdə təhsil haqqının miqdarı və ödəniş qaydası aydın şəkildə göstərilmiş, iddiaçı tərəfdən təqdim olunmuş sübutlardan müəyyən olunmuşdur ki, cavabdeh təhsil haqqının ödənilməsi ilə bağlı öhdəliyini lazımınca icra etməmişdir, buna görə də, yaranmış təhsil haqqı borcunun tutulması üçün əsaslar mövcuddur. Lakin dəbbə borcuna münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə İddiaçı arasında bağlanmış “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə 2978 manat məbləğində əsas borca 3.317 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 3.317 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 297.8 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, 2021-2022-ci təhsil ili üzrə 350 manat, 2022-2023-cü təhsil ili üzrə 2628 manat təhsil haqqı, ümumilikdə 2978 manat əsas təhsil haqqı borcu və hesablanmış 297,8 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 3.275,8 manat məbləğində pul vəsaiti cavabdeh Qəhrəmanova (Məmmədova) Günel Saleh qızından tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, İddiaçı məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 83 manatın 60 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2021-2022-ci təhsil ili üzrə 350 manat, 2022-2023-cü təhsil ili üzrə 2628 manat təhsil haqqı, ümumilikdə 2978 manat əsas təhsil haqqı borcu və hesablanmış 297,8 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 3.275,8 manat məbləğində pul vəsaiti cavabdeh Qəhrəmanova (Məmmədova) Günel Saleh qızından tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 60 manat məbləğində pul vəsaiti cavabdeh Qəhrəmanova (Məmmədova) Günel Saleh qızından tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar