Məhkəmə qərarları › İş №e-2(001)-3196/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3196/2025

22.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3196/2025 22.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Məmmədov Əli İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, tutulan alimentin Cavabdeh əmək haqqınının və digər gəlirlərinin 1/3 hissəsinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-85/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddia təmin edilməklə tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350(üç yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Buna baxmayaraq, cavabdeh aliment öhdəliklərinin icrasından yayınmaqla öz validynlik vəzifələrinin icrasında boyun qaçırmışdır. Uşaqların maddi təminatı və tərbiyəsi ilə özüm məşğul oluram. Cavabdeh ana kimi uşağı ilə bu günədək bir dəfə də olsun maraqlanmamışdır. Halbuki, hazırda cavabdeh eyni zamanda iki iş yerində - "xxxx" MMC-də işləməklə hər ay 2200 AZN və X5 evi” MMC-də isə hər ay 1100 AZN əmək haqqı əldə etməklə müntəzəm gəlirə malikdir. Odur ki, alimentin cavabdehin əmək haqqına yönəldilməsi zərurəti yaranmışdır. Əlavə olunmuş 18 saylı Mediasiya Təşkilatının verdiyi xx.xx.2024-cü il tarixli Mediasiya Arayışına əsasən cavabdehin alimnetin əmək haqqına yönldilməsi məsələsinin könüllü həllindən imtina etməsi təsdiq edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, birgə nikahdan olan övladları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi əsasında onun yanımda saxlanılmışdır. İndiki zamanda uşaqların tələbatlarını ödəməkdə çətinlik çəkir. Cavabdeh əlavə xərclərdə iştirak etmir. 175 manat məbləğində alimenti belə vaxtında ödəmir. 1100 manat məbləğində özü əmək haqqı alır. Valideynlərinin pensiyalarını da uşaqlara xərcləyir. Uşaqlar hazırlıqlara gedirlər.Qızı müalicə alır. Bununla bağlı xərclər çox olur. İddiaçı bunların heç birində iştirak etmir. Mediasiyada 600 manat məbləğində alimentlə razılaşmadılar. Cavabdeh ipoteka ödədiyini iddia edir, lakin bunun heç bir əhəmiyyəti yoxdur. Cavabdeh uşaqlarla görüşə özü gəlmir.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, uşaqlarla görüşmək üçün şərait yaratmır. Bu səbəbdən uşaqların əlavə xərclərində iştirak etmir. Onun özünün də, xərcləri çoxdur. Əmək haqqı öz xərclərimin ödənilməsinə kifayət etmir. "X5 Evi" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə olan əmək müqaviləsi gələn ay başa çatır. Onun ipoteka ödənişi və digər xərcləri var. Əmək haqqı kifayət etmir. Pandemiya vaxtı idi və həmin vaxt görüşlə bağlı məhdudiyyətlər var idi. Mediasiyada onunla əlaqə saxlayanda bildirmişdir ki, ilkin olaraq uşaqlarla görüşmək istəyir. 950 manat məbləğində əmək haqqı bir iş yerindən, 1950 manat məbləğində əmək haqqı isə bir digər iş yerindən alır. 1000 manat məbləğində ipoteka ödənişi edir. 230 manat məbləğində kredit ödənişi edir. 200 manat məbləğində bir şəxsə borcu var. Ev alan zaman külli miqdarda borc götürmüşdür. 500 manat məbləğində aliment ödəməyi təklif etsə də, lakin qarşı tərəf razılaşmadı. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 85/2023 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 175 manat olmaqla, cəmi 350(üç yüz əlli) manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilir.

8. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində bölmə rəhbəri (marketinq) olaraq 2219 manat, “X5 Evi” Məhdud Məsuliyyətli Cəmiyyətində bölmə rəhbəri (marketinq) olaraq 1102 manat əmək haqqı alır.

9. İddiaçı isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-85/2023 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində aliment tutulmasını xahiş edir.

10. Cavabdeh isə mediasiya mərhələsində aliment məbləğinin 500 manat həddində ödənilməsinə razı olduğunu, lakin iddiaçının daha çox məbləğ istədiyini, ipoteka və digər xərclərinin olduğunu bildirməklə iddiaya etiraz edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

12. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

13. 76.1.2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur.

14. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

15. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

16. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

17. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına edilən dəyişikliyə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.

18. İşin müəyyən edilmiş hallarına görə 2023-cü il tarixdə alimentin tutulması barədə qətnamə qəbul edilərkən cavabdeh 1 yerdə işləmiş və iddiaçı sabit pul məbləğində alimentin tutulmasını tələb etmişdir. Lakin hazırda cavabdeh 2 yerdə işləyir və iddiaçı alimentin əmək haqqından hissəvi tutulmasını xahiş edir. Göründüyü kimi iddiaçı sabit pul məbləğində tutulan alimentin hissəvi müəyyən edilməsini tələb etməklə faktiki olaraq cavabdehin maddi vəziyyətində dəyişiklik olduğuna görə alimentin artırılması hüquqi nəticəsini arzu edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının tələbi Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşır. Odur ki, iddiaçının tələbi Ailə Məcəlləsinin 112 və 76-cı maddələrinin tələbi baxımından əsaslıdır. Tətbiq edilən prosessual normalar:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

20. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

21. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

22. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

23. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-85/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdehn hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-85/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdehn hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar