Məhkəmə qərarları › İş №e-2(001)-3227/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3227/2023

28.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3227/2023 28.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaq və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşaq və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü Axund-zadə Atilla Orxan oğlunun iddiaçının yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq gəlirinin ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.1995-ci il tarixdə ailə qurmuş və birgə nikahdan Atilla adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-368/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflərin nikahları pozulmuş, birgə nikahdan olan uşağın atanın himayəsində saxlanılması qət edilmişdir. Lakin cavabdeh yenidən ailə qurmuş, Axund-zadə Atilla Orxan oğlunun təhsili, tərbiyəsi ilə maraqlanmamış, bütün diqqət və qayğısını yeni həyat yoldaşının keçmiş həyat yoldaşından olan övladına yönəltmişdir. Belə ki, cavabdeh yeni ailəsi ilə birlikdə Bakı şəhərində yaşamasına baxmayaraq, Axund-zadə Atilla Orxan oğlunu Binə qəsəbəsində yerləşən bağ evində, başqasının yardımına ehtiyacı olan nənəsinin himayəsinə buraxmışdır. Bununla belə Atilla vaxtaşırı qidalanmadan məhrum olmuş, təhsil aldığı məktəb Bakı şəhərində yerləşdiyindən soyuq havalarda gedib-gələrkən dəfələrlə xəstələnmişdir. Bütün bunları atasından qorxduğu üçün gizlədən Axund-zadə Atilla Orxan oğlu artıq dözə bilməmiş, bağ evini tərk edərək anasının yanında qalmaq qərarına gəlmiş, bu barədə atası Cavabdeh bildirmişdir. Müxtəlif tibbi müayinələr, vaxtaşırı qidalanma nəticəsində Axund-zadə Atilla Orxan oğlunun psixoloji vəziyyəti normallaşmış, valideyn nəzarəti altında, sağlamlığına və təhsilinə diqqət daha da artırılmışdır. Axund-zadə Atilla Orxan oğlu İddiaçı yanında qalmaq istədiyini bildirir. Bu səbədən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Axund-zadə Atilla Orxan oğlunun anası İddiaçı, atası Cavabdehdur. - nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuş və akt qeydləri kitabında 278 nömrə ilə qeyd edilərək, qadına “Həsənova” soyadı verilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-368/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı, Cavabdeh ilə Axund-zadə (Həsənova) Rahibə Nazim qızı arasında bağlanmış və Naxçıvan şəhər VVADQ Şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixdə 152 nömrə ilə qeydə alınmış nikahın pozulması; nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü Axund-zadə Atilla Orxan oğlunun Cavabdeh yanında qalması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4105/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh Axund-zadə Rahibə Nazim qızının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-368/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin “xx.xx.2006-cı il təvəllüdlü Axund-zadə Atilla Orxan oğlunun Cavabdeh yanında qalması” hissəsindən verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Kommissiyasının xx.xx.2023-cü il tarixli aktına əsasən, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsi, 3203-cü məhəllə, ev 1D mənzil 45 ünvanında 3 nəfər olmaqla (özü, övladları X3 və Axund-zadə Atilla Orxan oğlu) yaşayırlar. Mənzil dəhlizdən, zaldan, iki yataq otağından, bir uşaq otağından, mətbəxdən, eyvandan, hamam və sanitar qovşağından ibarət olmaqla ümumi sahəsi 138.30 kv.m təşkil edir. İddiaçı ailə və mənzil-məişət şəraiti övladını öz himayəsində saxlaması üçün əlverişlidir. - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 5-10/2-1639/2023 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən, xx.xx.2006-cı il təvəllüdlü Axund-zadə Atilla Orxan oğlunun İddiaçı himayəsində qalması məqsədəmüvafiq hesab edilir. -Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında xx.xx.2006-cı il təvəllüdlü Axund-zadə Atilla Orxan oğlu dinlənilərək, valideynləri ilə münasibətlərinin yaxşı olduğunu, hazırda anası ilə yaşadığını və onun himayəsində qalmaq istədiyini bildirdi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. - 61.1 və 62.2-ci maddələrinə əsasən, uşaqlardan ayrı yaşayan valideyn onlar ünsiyyət hüququna, uşaqların tərbiyə və təsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Avropa Məhkəməsi “Xanamirova Rusiya Federasiyasına qarşı” 14 iyun 2011-ci il tarixli qərarında qeyd etmişdir ki, uşağın valideyinlərdən birinin himayəsinə verilməsi tələbinə dair işlərə baxılarkən uşağın Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqları və manefeyi nəzərə alınmalıdır.(“P.P. Polşaya qarşı iş üzrə” AM-nin 08 yanvar 2008-ci il tarixli qərarı; “Xokkanen Finlandiyaya qarşı” iş üzrə qərar; “İqnakkolo-Zenide Ruminiyaya qarşı” iş üzrə qərar. “Vorojba Rusiya Federasiyanıan qarşı iş üzrə Avropa Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı(şikayəti № 57960/11)) “Olsson İsveçə qarşı” işdə Avropa Məhkəməsi bildirmişdir ki, valideynlər və uşaqların bir yerdə olması ailə həyatının özəyidir. Ailə üzvləri arasında azad və mütəmadi təmaslara maneələr yaradılırsa, onda bu maneələr ailə üzvləri arasında əlaqələrin qırılmasına şərait yaradaraq, ailənin sonradan birləşməsi perspektivinə zərbə vurur. Ailə üzvləri arasında harmonik münasibətlər ailənin mövcudluğunun əsas şərtlərindən biridir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Həmçinin Məhkəmə qeyd edir ki, iddia tələbi ona görə təmin edilməlidir ki, barəsində tələb irəli sürülmüş xx.xx.2006-cı il təvəllüdlü Axund-zadə Atilla Orxan oğlu qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatdığından, məhkəmə iclasında dindirilmiş və anasının yanında saxlanılmasını xahiş etmişdir. Buna görə də onun anasının yanında saxlanmasına dair xahişi məhkəmə tərəfindən nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Tərəflərin birgə nikahlarından anadan olmuş Axund-zadə Atilla Orxan oğlu qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatdığından, mövcud iddia tələbi isə onun atasından alınaraq anasına verilməsindən –yəni, Axund-zadə Atilla Orxan oğlu barəsində məsələnin həll edilməsindən ibarət olduğundan, Axund-zadə Atilla Orxan oğlu haqqında həll edilməli məsələ barəsində dinlənilmək hüququna malik olduğundan və bu məsələ onun fikri nəzərə alınmaqla həll edilməli olduğundan, mövcud iddia tələbi Axund-zadə Atilla Orxan oğlunun fikri nəzərə alınmaqla həll edilməlidir. Bundan başqa, uşağın anasına daha çox bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, onların uşaqların mənəvi, psixi və fiziki inkişafına mənfi təsir etməsi, uşaqların yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması və digər bu kimi amilləri nəzərə almalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Axund-zadə Atilla Orxan oğlu atasının himayəsində saxlanılmasını istəmədiyindən, iddia təmin edilməli, Axund-zadə Atilla Orxan oğlu atasından alınaraq anasının himayəsinə verilməlidir. Məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, alimentin tutulma miqdarını araşdıraraq hesab edir ki, Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 (bir) uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflərin birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü Axund-zadə Atilla Orxan oğlu Cavabdeh alınaraq iddiaçının himayəsinə verilməli və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü Axund-zadə Atilla Orxan oğlu cavabdeh (atası) Cavabdeh alınaraq iddiaçı (anası) İddiaçı himayəsinə verilsin. Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü Axund-zadə Atilla Orxan oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin hesablanması xx.xx.2023-cü il tarixdən başlanılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar