Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3301/2023 01.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı (Bank VTB Azərbaycan" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "kredit borcunun 1/2 hissəsinin cavabehə aid edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən birgə nikah dövründə əldə edilmiş, Maraqlı şəxs ASC- ilə olan 21 aprel 2022-ci il tarixli 315522- CNS-34316 saylı kredit müqaviləsinə əsasən 4768,79 (dörd min yeddi yüz altmış səkkiz manat 79 qəpik) manat borc məbləğinin və 04 may 2022-ci il tarixli 315522-1-34653 saylı kredit müqaviləsinə əsasən 10 209,08 (on min iki yüz doqquz manat 08 qəpik) manat məbləğində borcun ½ hissəsinin Cavabdeh aid edilməsi həmçinin ödənilmiş 50 manat mediasiya və 50 manat dövlət rüsumunun cavabdehdən mənim xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş, əri ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Lakin münasibətləri korlandıqdan sonra xx.xx.2022-ci il tarixdə nikahları pozulmuşdur. Birgə nikah dövründə o, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətindən bağlanmış 21 aprel 2022-ci il tarixli 315522- CNS-34316 saylı kredit müqaviləsinə əsasən illik 23 faiz hesablanması şərti ilə 24 ay müddətinə 4100 manat və 04 may 2022-ci il tarixli, 315522-1- 34653 saylı kredit müqaviləsinə əsasən illik 26,5 faiz hesablanması şərti ilə 60 ay müddətinə 9240 manat məbləğində kredit götürməklə cavabdehə vermişdir. Belə ki, keçmiş həyat yoldaşına pul lazım idi və iş yeri olduğu üçün krediti götürüb ona verməyini xahiş etmiş və o da inanıb həmin məbləğləri ona vermişdir. Cavabdeh ödənişləri öz tərəfindən ediləcəyinə söz versə də sonradan öz vədinə əməl etməmiş və cavabdehin əsl niyyətinin əslində pul əldə etməsi olduğu məlum olmuşdur. Nəticədə həmin kredit borcunu özü ödəməli olmuşdur. Əlavə olunmuş, Yasamal rayon Məhkəməsinin e-2(004)-580/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, Maraqlı şəxs ASC ilə İddiaçı arasında bağlanmış 21 aprel 2022-ci il tarixli 315522- CNS-34316 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 3975,26 (üç min doqquz yüz yetmiş beş manat 26 qəpik) manat məbləğində əsas borc, 403,78 (dörd yüz üç manat 78 qəpik) manat məbləğində faiz borcu, 389,75 (üç yüz səksən doqquz manat 75 qəpik) manat məbləğində cərimə, ümumilikdə isə 4768,79 (dörd min yeddi yüz altmış səkkiz manat 79 qəpik) manat məbləğində pul vəsaiti; 04 may 2022-ci il tarixli 315522-1-34653 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 9240 (doqquz min iki yüz qırx) manat məbləğində əsas borc, 806,13 (səkkiz yüz altı manat 13 qəpik) manat məbləğində faiz borcu, 162,95 (bir yüz altmış iki manat 95 qəpik) manat məbləğində cərimə, ümumilikdə 10 209,08 (on min iki yüz doqquz manat 08 qəpik) manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutularaq Maraqlı şəxs ASC-nə ödənilməsi qət edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, tərəflər arasında əvvəllər mübahisənin olmasına baxmayaraq, sonradan onlar barışmışlar. Cavabdehin 2022-ci ildə mediasiyaya müraciət etdikdən sonra məhkəməyə müraciət etməməsi bunu təsdiq edir. Bunda əlavə cavabdeh kinoçəkilişi ilə məşğul olduğunu və onun üçün pul lazım olduğunu bildirərək iddiaçını kredit götürməyə razı salmış və nəticədə onu aldatmaqla pula yiyələnmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə iddiaçı kredit götürərkən cavabdeh onunla birlikdə Bankda olmuşdur.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz etmiş və yazılı qaydada təqdim etdiyi etirazının dəlillərini müdafiə etmişdir. Etirazını isə belə əsaslandırmışdır, tərəflər arasında nikah bağlandıqdan sonra mehriban ailə münasibətləri olmamışdır. Belə ki, iddiaçı 2021-ci ildə cavabdeh barəsində Polis Orqanlarına dəfələrlə şikayət etmiş və həmin ilin axırlarından aralarında ər-arvad münasibətlərinə son qoyulmuşdur. Bununla bağlı 2022-ci ilin əvvələrində cavabdeh nikahın pozulması ilə bağlı Mediasiyaya müraciət etsə də, sonradan iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. 21 aprel 2022-ci il tarixdə Asan xidmət mərkəzində qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş və 1 ay sonra nikahları pozulmuşdur. Qeyd edilən kredit müqavilələrindən ümumiyyətlə xəbəri olmamış, üstəlik 5-6 ay əvvəldən ərarvad münasibətlərinə son qoymuşlar.
5. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş və mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
6. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikah tərəflərin xx.xx.2022-ci il tarixli qarşılıqlı razılıqları əsasında verdikləri ərizələrinə əsasən xx.xx.2022-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanında pozulmuşdur. Tərəflərin birgə nikahlarından uşaqları yoxdur.
7. İddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-yə müraciət edərək 4100 manat , xx.xx.2022-ci il tarixdə müraciət edərək 9240 manat məbləğində kredit götürmüşdür. İlk müqavilə nəğd pul krediti barədə, digəri isə yenidən maliyyələşdirilən kredit olmuşdur.
8. İddiaçı "xxxx" ASC cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və qəbul edilən qətnamədən verilən apellyasiya şikayəti qismən təmin edilmiş və nəticədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103) 2457/2023 saylı qətnaməsi ilə cavabdehdən 21 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 3936.41 manat, faiz borcuna görə 403.78 manat, cərimə borcuna görə 389.75 manat; xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 9240 manat, faiz borcuna görə 371.9 manat, cərimə borcuna görə 162.95 manat məbləğində vəsaitin cavabdehdən tutulması və.s müəyyən edilmişdir.
9. Yəni hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə İddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 4729.94 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 9774.85 manat məbləğində vəsait tutularaq "xxxx" ASC-yə ödənilməlidir.
10. İddiaçı iddia edir ki, həmin kredit məbləğləri birgə nikahda olduqları dövrdə onun tərəfindən götürülmüş və tamamı cavabdehin sərəncamına verilmişdir. Belə ki, onun bir hissəsini özünün kartına köçürmüş və həmin kartın cavabdehin istifadəsinə təqdim edilməklə, bir hissəsi isə əlbəəl cavabdehə şəxsən təqdim edilməklə verilmişdir. Həmin vəsait ailə ehtiyaclarına sərf edilməmiş və cavabdeh kredit üzrə ödənişlərin onun tərəfindən icra ediləcəyi barədə vədinə əməl etməmişdir. Tərəflərin birgə təsərrüfat aparmadıqlarına və eyni zamanda kreditin ailə ehtiyaclarına sərf edilməməsinə baxmayaraq, kreditin birgə nikahda olduqları dövrdə götürüldüyünə görə həmin vəsaitin yarısını tələb edir.
11. İddiaçı tərəf tələbini belə sübut etməyə çalışmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü 9240 manat vəsaiti öz kapital 5103-0714-2773- 6851 nömrəli bank kartına mədaxil etmiş və cavabdehin istifadəsinə vermişdir. Bu səbəbdən də həmin kartdan pulun kimin tərəfindən çıxarılmasını müəyyən etmək üçün iddiaçının vəsatəti təmin edilmiş və Kapital Bankdan sübutlar tələb edilmişdir. Borclu ASCdən əldə edilən sübutlardan müəyyən edilmişdir ki, ümumiyyətlə həmin kart iddiaçının əmək haqqı kartı olmuş və həmin karta 9240 manat vəsait mədaxil edilməmiş və mövcud olan video görüntülərdə cavabdeh olmamışdır. Bundan sonra iddiaçının nümayəndəsi məhkəmənin baxış iclasında yenidən vəsatət vermiş və iddiaçının əslində psixi problemləri olduğu üçün 9240 manat vəsaiti digər kapital bank kartına mədaxil etmiş olduğunu unutduğundan həmin kart üzrə video görüntülərin götürülməsini xahiş etmişdir. Məhkəmə tərəfindən həmin vəsatət ona görə təmin edilməmişdir ki, birincisi iddiaçı tərəf öz kart hesabından 9240 manatın "xxxx" ASC-dən məxaric edildikdən sonra Kapital Bank hesabına mədaxil etmiş olmasına dair hər hansı sübut təqdim etməmişdir, hansı ki, bunun üçün məhkəmə sorğusunun verilməsinə zərurət yoxdur. İkincisi isə məhkəmə hesab etmişdir ki, sübutların tələb və təqdim edilməsi üçün əsaslar məhkəmə baxış iclasında yaranmamışdır. Belə ki, məhkəmə tərəfindən iddiaçı tərəfə sübutların təqdim edilməsi üçün kifayət qədər şərait yaradılmış və 5 məhkəmə hazırlıq iclası keçirilmişdir.
12. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə götürülən 4100 manat kreditin cavabdehə təqdim edilməsini isə, cavabdehin həmin vaxt iddiaçı ilə birlikdə Bankda olduğunu sübut etməklə təsdiq etməyə çalışmışdır. Bununla bağlı cavabdehin telefon nömrəsinin anten məlumatlarının əldə edilməsi barədə vəsatət vermiş və məhkəmə tərəfindən həmin vəsatət təmin edilməmişdir. Məhkəmə hazırda da həmin məlumatın iddiaçının tələbini sübut etmək üçün birbaşa əsas olmadığı qənaətindədir. Bununla bağlı qətnamənin əsaslandırıcı hissəsində mövqe bildiriləcəkdir.
13. Cavabdehin nümayəndəsi isə iddiaya etiraz etmiş və etirazını belə əsaslandırmışdır ki, tərəflər arasında nikah bağlandıqdan sonra mehriban ailə münasibətləri olmamışdır. Belə ki, iddiaçı 2021-ci ildə cavabdeh barəsində Polis Orqanlarına dəfələrlə şikayət etmiş və həmin ilin axırlarından aralarında ər-arvad münasibətlərinə son qoyulmuşdur. Bununla bağlı 2022-ci ilin əvvələrində cavabdeh nikahın pozulması ilə bağlı Mediasiyaya müraciət etsə də, sonradan iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. 21 aprel 2022-ci il tarixdə Asan xidmət mərkəzində qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş və 1 ay sonra nikahları pozulmuşdur. Qeyd edilən kredit müqavilələrindən ümumiyyətlə xəbəri olmamış, üstəlik 5-6 ay əvvəldən ərarvad münasibətlərinə son qoymuşlar.
14. Cavabdehin nümayəndəsinin etirazı ilə bağlı təqdim etdiyi sənədlərdən görünür ki, İddiaçı ərizəsi əsasında Binəqədi RPİ-nin 6-cı Polis Bölməsində aparılmış araşdırmanın nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh spirtli içki qəbul etdiyi üçün xx.xx.2021-ci il tarixdə onunla mübahisə edərək təhqir etmişdir. Onu döymədiyini sadəcə əsəbləşdiyi üçün 102 qaynar xəttə o məzmunda məlumat verdiyini bildirmişdir.
15. Bundan başqa İddiaçı xx.xx.2021-ci il tarixdə yenidən DİN-in 102 qaynar xəttinə müraciət etmiş və Cavabdeh içkili halda onu təhqir edərək mübahisə etdiyini və evi yandırmaqla hədələdiyini bildirmişdir. Həmin araşdırmanın nəticəsinə əsasən də xx.xx.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin təhqiqatçısı tərəfindən qərar qəbul edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
16. Ər-arvadın əmlakının qanuni rejimi barədə aşağıdakı normalara nəzər yetirək.
17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
18. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır;
19. 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir;
20. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir;
21. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
22. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir;
23. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir;
24. 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.
25. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
26. 37.3-cü maddəsinə əsasə ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
28. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
29. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
30. Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinin mənasından aydın olur ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İkincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Göründüyü kimi Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etmişdir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir.
31. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Öhdəliklərə münasibətdə isə qeyd edilməlidir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ərarvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir.
32. Nikah dövründə məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əmələ gəlmiş öhdəliklərin ər-arvadın ümumi öhdəliklərini təşkil etməsi ilə bağlı hüquqi yanaşma bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyası, Ukrayna Respublikası, Qazaxstan Respublikasının məhkəmə təcrübəsində də mövcuddur. Belə ki, qeyd edilən ölkələrdə də ərin və ya arvadın əldə etdiyi kreditin məhz ailə ehtiyacları üçün sərf olunduğu müəyyən edildiyi halda həmin kredit üzrə öhdəlik ər-arvadın ümumi əmlakına daxil edilir.
33. Eyni zamanda həmin Plenum qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq vurğulayır ki, ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərar). Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin (məsələn, nikahdan əvvəl alınmış kredit məbləğinin və ya üçüncü şəxslərə zərər yetirilməsi nəticəsində əldə edilmiş vəsaitin və s.) ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir.
34. Bundan başqa həmin Plenum qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.
35. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı birgə nikah dövründə götürdüyü kredit məbləğini, yəni 13340(4100+9240) manat vəsaiti cavabdehə verdiyini və cavabdehin həmin vəsaiti ailə ehtiyaclarına sərf etmədiyini və nəticədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə ondan tutulmalı olduğunu bildirir. Buna baxmayaraq, tələbin mahiyyətindən o nəticə hasil olur ki, iddiaçı cavabdehin onu aldatmaqla, birgə təsərrüfat aparmadıqları dövrdə pulu ələ keçirdiyinə əsaslansa da, həmin vəsaitin ailə ehtiyaclarına sərf edilmiş kimi, yəni ər-arvadın ümumi əmlakı(öhdəliyi) kimi yarısının cavabdehdən tutulmasını xahiş etmişdir. Halbuki iddiaçının işin faktiki halları kimi bildirdiyi hallar onun tələbinin qanuni əsası ilə uzlaşmır.
36. Bununla belə məhkəmə sübutetmə yükünün bölgüsü baxımından hesab edir ki, iddiaçı hər bir halda götürülən vəsaitin ailə ehtiyacları üçün sərf edildiyini, yəni öhdəliyin ər-arvadın ümumi öhdəliyi olduğunu və ya cavabdehin hüquqi əsası olmadan pula yiyələndiyini, yəni əsassız varlanmanı, hüquqa zidd əməlin nəticəsində zərər vurulduğunu və ya digər öhdəliyin yaranmasını sübut etməli idi.
37. Lakin iddiaçı sübut etmə üzrə vəzifələrini yerinə yetirməmiş və irəli sürdüyü dəlillərini sübut edə bilməmişdir. Hansı ki, iddiaçının dəlilləri işin müəyyən edilmiş hallarının məntiqi nəticəsinə də uyğun olmamışdır. Belə ki, tərəflərin 2021-ci ilin iyun, iyul aylarında polisin araşdırma predmeti olan mübahisələri olmuş, hətta 2022-ci ilin fevral ayında nikahın pozulması ilə bağlı mediasiyaya da müraciət edilmişdir. Bunun davamı olaraq xx.xx.2022-ci il tarixdə qarşılıqlı razılıq əsasında nikahın pozulması üçün qeydiyyat orqanına müraciət edilmiş və Ailə Məcəlləsinin tələbinə əsasən ərizənin verildiyi gündən 1 ay sonra nikahlarının pozulacağı bildirilmişdir. Odur ki, ərizə verdikləri gün və ərizənin verildiyi gündən qanunun tələbinə əsasən 1 aylıq müddət ərzində iddiaçının öz adına götürdüyü kredit məbləğini cavabdehə verməsinin də məntiqi açıqlaması yoxdur.
38. Bununla belə iddiaçı mübahisənin təqzib olunmaz faktlarla təsdiqinə yönələn hallarla bağlı sübutlar təqdim etməmiş, sadəcə cavabdehin kredit götürülən gün iddiaçı ilə eyni məkanda olduqlarını müəyyən etməklə tələbini sübut etməyə çalışmışdır. Lakin iddiaçı həmin halın müəyyən edildiyi halda belə, pulun verilməsi və alınması faktını təsdiq etmədiyi hüquqi nəticəsini nəzərə almamışdır. Bununla yanaşı tərəflərin 2022-ci ilin fevral ayında mediasiyaya müraciət etməsi və daha sonra məhkəməyə deyil, müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi qanunun tələbindən irəli gəlməklə, tərəflərin birgə təsərrüfat apardığı hüquqi nəticəsini yaratmır.
39. Bundan əlavə iddiaçı tərəf öz kart hesabları arasında köçürmələrlə bağlı sübut təqdim etmək əvəzinə, prosessual qaydalara uyğun vəsatət verməmiş və prosessual hüquqlarından səmərəli istifadə etməmişdir. Hansı ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
40. Odur ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən onun iddiası rədd edilməlidir. Tətbiq edilən prosessual normalar:
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
42. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
43. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
44. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər;
45. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın;
46. 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir;
47. 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;
48. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz;
49. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
50. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
51. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
52. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddiaçı Cavabdeh qarşı (Bank VTB Azərbaycan" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "kredit borcunun 1/2 hissəsinin cavabehə aid edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev