Məhkəmə qərarları › İş №e-2(001)-3450/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3450/2023

25.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3450/2023 25.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə tələbini dəqiqləşdirməklə məhkəmədən, Cavabdeh ilə 08 iyun 2012-ci il tarixdə Baki şəhəri, Nəsimi rayon Qeydiyyat Şöbəsində 417 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 onun yanında qalması, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanması ücün hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi məbləğində alimentin tutularaq ona verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 2-ci döngə, 3 nömrəli ev, mənzil 22-nin cavabdehlə aralarında ½ hissədə paylara bölünməsi və mənzilə həmin hissədə onun payının tanınması, birgə nikah dövründə əldə edilmiş “TOYOTA LAND-CRUİSER- PRADO” markalı **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılmasından əldə olunan pul məbləğinin müəyyən olunması, həmin pul məbləğinin ½ hissəsinin onun payı kimi tanınması və həmin hissənin cavabdehdən alınaraq ona verilməsi, Cavabdeh qalan ona məxsus qızıl-zinət əşyaların 1 qarnitur dəst (1 ədəd boyunbağı və 1 ədəd bilərzik, ümumi çəkisi 37,0 qram, əyar 750, brilliant daşı 2,20 karat olmaqla) ümumi bazar dəyəri 5000 manat olan qiymətində olan əmlaklarının, ona qaytarılması və ya dəyərinin pulla ödənilməsi, ödənilmiş 120 manat dövlət rüsumunun, 50 manat mediasiya rüsumu cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3450/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, alimentin tutulması və s” tələbi barədə mülki işin "birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi" hissəsində ayrıca icraata ayrılması, İddiaçı Cavabdeh qarşı "nikahın pozulması, uşaqların ananın yanıda saxlanılması və aliment" tələbi üzrə mülki işə yeni nömrə verilməsi və s. qərara alınmışdır.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikah dövründə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 2-ci döngə, 3 nömrəli ev, mənzil 22-ni əldə etmişlər. Məhkəmədən xahiş edir ki, birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 2ci döngə, 3 nömrəli ev, mənzil 22-nin cavabdehlə aralarında ½ paylara bölünməsi barədə qətnamə qəbul edilsin. Bildirir ki, ona məxsus qızıl-zinət əşyaların 1 qarnitur dəst (1 ədəd boyunbağı və 1 ədəd bilərzik, ümumi çəkisi 37,0 qram, əyar 750, brilliant daşı 2,20 karat olmaqla) ümumi bazar dəyəri 5000 (beş min) manat olan əmlakları Cavabdeh qalmışdır. "xxxx" MMC-nin 17 aprel 2023-cü il tarixli qızıl zinət şəyalarının qiymətləndirilməsinə dair mütəxəssis rəyinə əsasən mənə məxsus qızıl-zinət əşyaların 1 qarnitur dəst (1 ədəd boyunbağı və 1 ədəd bilərzik, ümumi çəkisi 37,0 qram, əyar 750, brilliant daşı 2,20 karat olmaqla) ümumi bazar dəyəri 5000 (beş min) manat təşkil edir.

4. İddia tələbi artırıldıqdan sonra iddiaçının nümayəndəsi tələbini həmçinin belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bununla əlaqədar bildirməliyik ki, Cavabdeh həyat yoldaşı İddiaçı Mihub qızının artıq boşanma niyyətində olduğunu və bu məqsəd ilə vəkilə müraciət etdiyini eşidərək, xx.xx.2023-cü il tarixdə “TOYOTA LAND-CRUİSER-PRADO” markalı **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini bacısı X4 qərəzli olaraq satmışdır. Elə xx.xx.2023-cü il tarixdə X6 maşını qardaşı Cavabdeh etibar etmişdir. Bu ərəfələrdə xx.xx.2023-cü il tarixdə X6 tərəfindən qarşı tərəfə mediasiya təklifi göndərilmiş. xx.xx.2023-cü il tarixdə isə mediasiyaya müraciət edilmişdir. Belə ki, yuxarıda qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh nikah dövründə əldə edilmiş əmlakın, yəni sözügedən nəqliyyat vasitəsinin iddiaçı Adullayeva Xavər ilə aralarında bölünməsinin qarşısını almaq məqsədi ilə həmin nəqliyyat vasitəsini özgəninkiləşdirmişdir. Həmin nəqliyyat vasitəsinin satışından əldə olunan məbləğdən iddiaçıya heç bir pay verilməmişdir. İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilməsi nəticəsində hüquqlarını bərpa etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmənin ilkin gedişatında ********** nömrəli, xx.xx.2023-cü il tarixli qəbz ilə 50 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzlə isə 50 manat dövlət rüsumu ödənilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının barışmaq niyyəti yoxdur. Odur ki, cavabdehdən birgə nikah dövründə alınmış əmlakın ½ hissəsinə pay hüququnun müəyyən edilməsi, “Toyota” markalı avtomobilin satışından əldə olunan pulun yarısının, yəni avtomobil 25000 manata satılıbsa, 12500 manatının cavabdehdən tutulmasını və cavabdehdə qalan qızıl-zinət əşyalarının iddiaçıya qaytarılmasını, olmadıqda isə dəyərinin ödənilməsini xahiş edir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və Vəkil1 izahatında bildirmişdir ki, cavabdehin, onun anası və bacısı tərəfindən iddiaçıya təyziqlər olduğundan mənəvi sarsıntı keçirdərək bu ilin yanvar ayından məcbur olaraq Bakı şəhərinə öz valideynlərinin yanına qaçmışdır. Bu müddət ərzində cavabdeh ailəsi ilə maraqlanmayıb. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 2-ci döngə, 3 saylı evin, 22 saylı mənzili tərəflərin birgə nikah dövründən əvvəl alınsa da, mənzilin pulunun bir qisminin ödənilməsi iddiaçının anası tərəfindən həyata keçirilmişdir. İddiaçının valideynləri hətta tərəflər nişanlı olan dövrdə mənzilin təmir işlərinə də köməklik etmişlər. Onda olan məlumata əsasən mənzil alınanda təmirsiz olub.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və Vəkil2 izahatında bildirmişdir ki, cavabdeh boşanma ərəfəsində, daha dəqiq xx.xx.2023-cü il tarixdə birgə nikah dövründə alınmış “X18-Prado” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini bacısı X4 qərəzli olaraq satmış, həmin tarixdə də X6 cavabdehə etibarnamə vermişdir. Cavabdeh nikah dövründə əldə edilmiş nəqliyyat vasitəsinin iddiaçı ilə aralarında bölünməsinin qarşısını almaq məqsədilə həmin nəqliyyat vasitəsinin özgəninkiləşdirmişdir. Həmin nəqliyyat vasitəsinin satışından əldə olunmuş məbləğdən iddiaçıya heç bir pay verilməmişdir. Odur ki, “Toyota” markalı avtomobilin satışından əldə olunan pulun yarısının, yəni avtomobil 25000 manata satılıbsa, 12500 manatının cavabdehdən tutulmasını xahiş edir. Bundan başqa cavabdehin təsiri nəticəsində iddiaçı işdən azad edilmişdir. Bu hallar da cavabdehin ailənin qorunub saxlanılmasına cəhd etməməsini bir daha təsdiq edir. İddiaçı xx.xx.2023-cü il tarixdə Gəncədən Bakıya gəlib və bir daha Gəncə şəhərinə qayıtmayıb. Qızıl-zinət əşyaları tərəflərin kirayə yaşadıqları Gəncədəki evdə qalıb, Bakıdakı ev kirayədə olub. İddiaçı nikahın pozulmasını istəmədiyi üçün evdən çıxanda qızılları götürməyib. Odur ki, cavabdehdən qalan qızıl-zinət əşyalarının da, iddiaçıya qaytarılmasını, olmadıqda isə dəyərinin ödənilməsini xahiş edir. İddiaçı evdən çıxan zaman ümumiyyətlə heç bir sənədi özü ilə götürməyib. Əgər iddiaçı sənədləri özü ilə götürsə idi, o, təkrarən qeydiyyat şöbəsindən nikah haqqında şəhadətnaməni əldə etməzdi. Alqı-satqı və ipoteka müqaviləsi isə mənzil alınandan iddiaçının anasında olub, çünki ipotekanı iddiaçının anası ödəyir. Mənzilə dair ödənişlər barədə çeklər 2013-cü ildən başlayır. Evin ödənişlərini iddiaçının anası Fəxriyyə xanım edib, lakin rəsmi sənədlərə əsasən cavabdeh ödəməsi qeyd olunub. Odur ki, birgə nikah dövründə alınmış əmlakın ½ hissəsinə pay hüququnun müəyyən edilməsini xahiş edir.

8. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, 2004-cü ildən həqiqi hərbi xidmət qulluqçusudur. Tibbi-xidmət üzrə polkovnik-leytenantdır. 19 ildən çox hərbi xidmətdədir. Gəncədə yerləşən Hərbi Tibb Müəssisəsində ikinci vəzifəli şəxsdir. 2022-ci ilin dekabr ayının 29-da Gəncədə keçirilən kooperativdən sonra ayın 30-u tarixində ailə kimi deyə-gülə Gəncədən Bakıya yola çıxmışlar. Bu illər ərzində hər dəfə Gəncədən Bakıya qayıdanda, hərə öz valideyninin yanında qalmışdır. Hər zaman da, ikisi eyni vaxtda məzuniyyət götürmüşlər. Sonuncu dəfə də, eyni tarixlərdə məzuniyyət götürərək, Bakıya gəlmişlər. Təxminin onun 15, özünün 20 gün məzuniyyəti olmuşdur. Dekabr ayının 31-də sancısı tutduğundan uşaqları gecə ilə anasının yanına qaytarmış, özü hərbi hospitala müraciət etmişdir. Hətta yanvarın 3-də yenidən ağrı ilə müraciət etmişdir. Müayinədən sonra qərara alındı ki, əməliyyat olunub, öd kisəsi götürülməlidir. Səhv etmirsə ayın 7-si tarixindən stasionara qəbul edilmişdir. Ona “Öd daşı xəstəliyi, xroniki kalkulyoz xolesistit” diaqnozu qoyulduğu üçün dəfələrlə həmin ağrılardan əziyyət çəkmişdir. xx.xx.2023-cü il tarixində cərrahi əməliyyat olmuşdur. Hətta həmin ərəfədə belə iddiaçı onunla maraqlanmamışdır. xx.xx.2023-cü il tarixindən isə ona 20 gün müddətində məzuniyyət verilmişdir. Tələb edilən qızıllarla bağlı qeyd edir ki, Gəncədə kirayə qaldıqlarından, məzuniyyətə hər çıxdıqlarında yoldaşına özü tapşırırdı ki, evdən çıxanda bütün qızıllarını özü ilə götürsün. Çünki həmin ev öz evləri yox, kirayə olmuşdur. Həmişə qızılları iddiaçının özündə olmuş, Bakıya qayıtdıqlarında özü ilə öz anasının evinə aparmışdır. Əməliyyatdan sonra anasıgildə qalmış Gəncəyə dərhal qayıda bilməmişdir. Həmin ərəfədə iddiaçı uşaqlarla birlikdə Gəncəyə qayıtmış və evdən bütün əşyalarını yığaraq çıxmışdır. Gəncədən çıxdıqları vaxt qızıllar iddiaçının özündə olmuşdur, lakin Gəncəyə birlikdə qayıtmadıqlarından və iddiaçı ondan əvvəl ora qayıtdığından, qızılların taleyindən xəbərsizdir. Çünki özü Gəncəyə qayıtdığı zaman qızıllar evdə olmamışdır. Odur ki, həmin hissədə iddia tələbini tamamilə qəbul etmir. Daşınmaz əmlakla bağlı hissədə qeyd edir ki, mənzil birgə nikah dövründən əvvəl ipoteka ilə alınmış, daha sonra iddiaçının qrup yoldaşı olan xanıma kirayə verilmişdir. Həmin xanım evləndikdən sonra da, əri ilə evdə yaşamağa davam etmişdir. Mənzilin ipotekası üçün edilən ödənişlər həmin evin kirayəsindən gələn gəlir hesabına olmuşdur. Həmin evə iddiaçının hər hansı payı müəyyən edilə bilməz. Belə ki, həmin hissədə yalnız nikaha daxil olduqdan sonra ipoteka ödənişlərinin yarısı həcmində iddiaçıya ödəniş edə bilər. Ödənişlərin qaynanası tərəfindən edilməsinə münasibətdə isə qeyd edir ki, hərbi xidmətlə əlaqədar şəhər xaricində olduğundan və həmin vaxtlarda onlayn ödəniş sistemi olmadığından, kirayəçi evin ödənişi qaynanasına vermişdir. Ödənişlərin qaynana tərəfindən edilməsinin əsasında bu fakt var. Avtomobilin satışından əldə edilən gəlirin ½ hissəsində iddiaçıya ödənilməli olması ilə bağlı qeyd edir ki, avtomobil həqiqətən birgə nikah dövründə onun tərəfindən arvadının adına alınmışdır. Lakin etibarnamə ilə özü idarə etmişdir. Lakin avtomobili idarə edən zaman polislər tərəfindən saxılanıldıqda, avtomobilinin arvadının adına olması səbəbindən dəfələrlə münaqişələr yaşamışdır. Bu səbəbdən də, avtomobili arvadının adından çıxarmış və öz adına rəsmiləşdirmişdir. Bu hərəkətindən sonra qarşı tərəfin ona qarşı rəftarı dəyişmişdir. Hətta ona qarşı “hər şeyini əlindən alarıq” kimi ifadələr işlətmişlər. Keçən ilin oktyabr-noyabr ayında borcu yarandığından avtomobili 25000 manata satmışdır. Düzdür, hazırda həmin avtomobil bacısının adınadır və özü idarə edir. Lakin bacısı avtomobilinə olan sevgisini bildiyindən və borcdan xəbər tutduğundan, avtomobil satılan gündən səhəri gün satıldığı şəxsdən alınmışdır.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, qızıl-zinət hissəsində iddia tələbini tamamilə qəbul etmirlər. Çünki qızıllar xanımın özündə olmuşdur. 10 il bundan əvvəli şəkillərlə qızılların mövcudluğunu sübut etmək və onların cavabdehdə olduğunu iddia etmək əsassızdır. Çünki cavabdeh özü etiraf edir ki, hər Bakıya gəldiklərində özü yoldaşına qızıllarını özü ilə aparmasını tapşırmışdır. Daşınmaz əmlaka payın müəyyən olunması hissəsində də, isə hesab edir ki, həmin hissədə tələb təmin edilə bilməz. Belə ki, əmlak birgə nikah dövründən əvvəl alınmışdır. Yəni tərəflər evlənəndə artıq həmin əmlakın mülkiyyətçisi mövcud idi. Əmlak birgə gəlir hesabına alınmamış, ipoteka ödənişləri isə mənzilin kirayəsi hesabına ödənilmişdir. Cavabdeh yalnız nikaha daxil olduqları dövrdən sonra edilən ipoteka ödənişlərinin yəni 240 manat pulun yarısı həddində olan ödənişlərin iddiaçıya ödənilməsinə razıdır.

10. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkil izahatında bildirmişdir ki, cavabdeh bugünə kimi nikahın pozulmasına razı deyildi. Lakin iddiaçı tərəf barışığa cəhd etmir. Belə olan halda cavabdeh nikahın pozulmasına etiraz etmir, iş rejimini nəzərə alaraq nikah pozulduqdan sonra uşaqların ananın himayəsində qalmasına və aliment ödəməyə razıdır. 2022-ci ilin dekabr ayının sonunda tərəflər bir yerdə məzuniyyətə çıxaraq Bakı şəhərinə gəlmişlər. İddiaçı evdən çıxarkən özünə məxsus bütün əşyalarını özü ilə götürmüşdür. Bakıya gəldikdən sonra cavabdehin səhhətində problemlər olur və o, xəstəxanaya düşür. Cavabdeh xəstəxanada olan müddət ərzində iddiaçı onunla bir dəfə də olsun maraqlanmayıb. Tələb edilən qızıllarla bağlı qeyd etmək istəyir ki, cavabdeh Gəncədə kirayə qaldıqlarından, məzuniyyətə hər çıxdıqlarında yoldaşına özü tapşırırdı ki, evdən çıxanda bütün qızıllarını özü ilə götürsün. Çünki həmin ev öz evləri yox, kirayə olmuşdur. Həmişə qızılları iddiaçının özündə olmuş, Bakıya qayıtdıqlarında özü ilə öz anasının evinə aparmışdır. Cavabdeh əməliyyatdan sonra anasıgildə qalmış Gəncəyə dərhal qayıda bilməmişdir. Həmin ərəfədə iddiaçı uşaqlarla birlikdə Gəncəyə qayıtmış və evdən bütün əşyalarını yığaraq evdən çıxmışdır. Tərəflər Gəncədən çıxdıqları vaxt qızıllar iddiaçının özündə olmuşdur, lakin Gəncəyə birlikdə qayıtmadıqlarından və iddiaçı cavabdehdən əvvəl Gəncəyə qayıtdığından, cavabdehin qızılların taleyindən xəbərsiz olmuşdur. Çünki cavabdeh Gəncəyə qayıtdığı zaman qızıllar evdə olmamışdır. Odur ki, həmin hissədə iddia tələbini tamamilə qəbul etmir. Daşınmaz əmlakla bağlı hissədə isə mənzil birgə nikah dövründən əvvəl cavabdeh tərəfindən ilkin ödəniş ödənilməklə ipoteka ilə alınmış, təxminən 8 ay yəni iddiaçı rəsmi nikaha daxil olanadək ödənişlər etmişdir. Mənzil alınan gündən kirayəyə verilmişdir. Mənzilin ipotekası üçün edilən ödənişlər həmin evin kirayəsindən gələn gəlir hesabına olmuşdur. Cavabdeh nəqliyyat vasitəsini isə kənar vəsait hesabına almışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə əməliyyat olunub və 1 həftə xəstəxanada yatıb. Əməliyyata qədər olan dövrədək tərəflər arasında heç bir mübahisə olmayıb. Münaqişə qudalar arasında baş verib. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

11. Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05/Q-267/69 saylı arayışdan görünür ki, Cavabdeh ilə X11 arasında nikah bağlanmış, nikah haqqında 08 iyun 2012-ci il tarixdə 417 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlanandan sonra arvada “Abdullayeva” soyadı verilmişdir.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına xx.xx.2011-ci il tarixindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir.

13. "xxxx" MMC tərəfindən verilən UNİ/A 17-186/2023 saylı 17 aprel 2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.2012-ci il tarixində keçirilin toy mərasimində çəkilmiş və gəlinin üzərində olan qızıl-zinət əşyalarının1 qarnitur dəst (bir ədəd boyunbağı və 1 ədəd bilərzik, ümumi çəkisi 37,0 qram, əyar 750, brilliant daşı 2,20 karat olmaqla) ümumi bazar dəyəri 17 aprel 2023-cü il tarixinə 5000 manat təşkil edir.

14. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsi tərəfindən məhkənin sorğusu əsasında təqdim edilən:

15. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubu ilə Binəqədi Rayon Məhkəməsinə təqdim edilən “Toyota Land-Cruiser Prado” markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətlərinə səbəb olmuş alğı-satqı müqavilələrinin surətləri:

16. X5 ilə alıcı İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin surətindən görünür ki, “Toyota Land-Cruiser Prado” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil 44000 manata satılmışdır.

17. Satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanan xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, “Toyota Land-Cruiser Prado” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil 45000 manat məbləğində satılmışdır.

18. Satıcı Cavabdeh ilə alıcı X8 arasında bağlanan 26 yanvar 2023-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, “Toyota Land-Cruiser Prado” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil 25000 manata satılmışdır.

19. X2 ilə alıcı X6 arasında bağlanan 27 yanvar 2023-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, “Toyota Land-Cruiser Prado” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil 25000 manata satılmışdır.

20. Kreditor-ipoteka saxlayan “X13” ASC ilə kredit alan Cavabdeh arasında bağlanan xx.xx.2011-ci il tarixli yaşayış sahəsinin alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 11/29822 saylı arayışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 2-ci döngə, 3 nömrəli ev, 2 otaqlı, yaşayış sahəsi 29,15 kv.m, ümumi sahəsi 43,72 kv.m olan 22 nömrəli mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Müqavilənin satış qiyməti 44000 manatdır, mənzilin dəyərinin 13000 manayı Alıcıipoteka qoyanın özü tərəfindən, 31000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən xx.xx.2011-ci il tarixli, 119İKY/11 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Müqavilənin 1.6.2-ci bəndinə əsasən kreditin qaytarılma tarixi 300 ay müddətinədək, 01 oktyabr 2036-cı il tarixinədək müəyyən olunmuşdur.

21. “X13” ASC tərəfindən Binəqədi Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2011-ci il tarixli, 119İKY/11 saylı kredit müqaviləsi “X13” ASC ilə Cavabdeh arasında bağlanmışdır. Kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 23314,46 manat borcu qalmışdır.

22. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından verilən 22 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində laparoskopik xolesistektomiya cərrahi əməliyyatı icra edilmişdir. Hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyə görə 20 gün müddəinə məzuniyyət verilməlidir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin mübahisəsiz və mübahisəli halları:

23. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3450/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, alimentin tutulması və s” tələbi barədə mülki işin "birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi" hissəsində ayrıca icraata ayrılmışdır.

24. Cavabdeh ilə X11 arasında 08 iyun 2012-ci il tarixdə nikah bağlanmış, nikah bağlanandan sonra arvada “Abdullayeva” soyadı verilmişdir.

25. “Toyota Land-Cruiser Prado” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi ilə İddiaçı tərəfindən alınmışdır. Daha sonra həmin avtomobil Cavabdeh tərəfindən ilk olaraq öz adına rəsmiləşdirilmiş, daha sonra X7 26 yanvar 2023-cü il tarixli alğı-satqı müqaviləsi əsasında 25000 manata satılmışdır.

26. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 2-ci döngə, 3 nömrəli evin 22 nömrəli mənzil kreditor-ipoteka saxlayan “X13” ASC ilə kredit alan Cavabdeh arasında bağlanan xx.xx.2011-ci il tarixli yaşayış sahəsinin alğı-satqı və ipoteka müqaviləsi əsasında 13 000 manat ilkin ödənişlə Cavabdeh tərəfindən alınmış və bank tərəfindən 31000 manat ona ipoteka krediti verilmişdir.

27. İddia ərizəsində göstərilən 1 qarnitur dəst (1 ədəd boyunbağı və 1 ədəd bilərzik, ümumi çəkisi 37,0 qram, əyar 750, brilliant daşı 2,20 karat olmaqla) ümumi bazar dəyəri 5000 manat olan qiymətində olan qızıl əmlakı cavabdehin özünün də təsdiq etdiyi kimi mövuddur və iddiaçıya toyda taxdığı hədiyyədir.

28. Hazırda iddiaçı birgə nikah dövründə avtomobil satışından əldə olunan gəlirin yarısının (12500 manat) onun xeyrinə alınmasını, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 2-ci döngə, 3 nömrəli evin 22 nömrəli mənzilinə ½ hissədə pay hüququnun müəyyən edilməsini və iddiaçının qanunsuz sahibliyində olan qızıl zinət əşyalarının olmadıqda dəyərinin cavabdehdən alınmasını xahiş edir.

29. Cavabdeh isə avtomobili həqiqətən birgə nikah dövründə 25000 manata satdığını, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 2-ci döngə, 3 nömrəli evin 22 nömrəli mənzilini nikahdan əvvəl aldığını, qızılların isə iddiaçının özündə olduğunu iddia edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

30. Ər-arvadın əmlakının qanuni rejimi barədə aşağıdakı normalara nəzər yetirək.

31. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

32. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır;

33. 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir;

34. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir;

35. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

36. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir;

37. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir;

38. 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.

39. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

40. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

41. 37.3-cü maddəsinə əsasə ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

43. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

44. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

45. Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinin mənasından aydın olur ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İkincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Göründüyü kimi Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etmişdir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir.

46. İşin müəyyən edilmiş halları baxımından məhkəmə o qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı əmlak bölgüsü tələbi qismən əsaslıdır.

47. Belə ki, irəli sürülən tələblər: 1) “Toyota Land-Cruiser Prado” markalı, **-DO- *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilən vəsaitin iddiaçıya verilməməsinə görə pulun tutulması, 2) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 2-ci döngə, 3 nömrəli ev, 2 otaqlı, yaşayış sahəsi 29,15 kv.m, ümumi sahəsi 43,72 kv.m olan 22 nömrəli mənzilə görə birgə nikah dövründə ipoteka ödənişlərinin edilməsinə görə ər-arvadın ümumi birgə mülkiyyəti sayılması və payların müəyyən edilməsi, 3) qızıl-zinət əşyalarının özünün, olmadıqda dəyərinin tutulması.

48. 1-ci tələblə bağlı işin müəyyən edilmiş halı ondan ibarətdir ki, “Toyota Land- Cruiser Prado” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin nikahda olduqları xx.xx.2019-cu il tarixdə iddiaçının adına alınmış, xx.xx.2022-ci il tarixdə cavabdehin adına keçirilmiş, sonuncu isə xx.xx.2023-cü il tarixdə 25000 manata satılmışdır. Həmin avtomobilin birgə nikah dövründə əldə edilməsi və tərəflərin birgə təsərrüfat aparmadıqları dövrdə satılması işin mübahisəsiz halıdır. Cavabdeh avtomobilin satılmasından əldə edilən vəsaiti borclarına xərclədiyini bildirsə də, məhkəmə onun etirazının dəlillərini əsassız hesab edir. Əvvəla avtomobil cavabdeh tərəfindən öz bacısına və tərəflər arasında mübahisə başlayandan dərhal sonra satılmışdır. Buna görə də məhkəmə cavabdehin etirazını qeyri-səmimi olmaqla inandırıcı hesab etmir. Bundan əlavə əldə edilən vəsaitin ailə ehtiyaclarına və ya birgə nikah dövründə yaranan öhdəliklərə sərf edildiyi barədə hər hansı sübut təqdim edilməmişdir.

49. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbi həmin hissədə əsaslıdır və qeyd olunan nəqliyyat vasitəsi ər-arvadın ümumi birgə mülkiyyəti olduğundan, onun satışından da əldə edilən vəsait də tərəflərin birgə mülkiyyətidir və bu səbəbdən cavabdehdən 12500 manat tutularaq iddiaçıya ödənilməlidir.

50. 2-ci tələblə bağlı isə məhkəmə qeyd edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 2-ci döngə, 3 nömrəli ev, 2 otaqlı, yaşayış sahəsi 29,15 kv.m, ümumi sahəsi 43,72 kv.m olan 22 nömrəli mənzil iddiaçı tərəfindən nikahdan əvvəl xx.xx.2011-ci il tarixində alınmış və “X13” ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Belə ki, mənzilinin alınması üçün cavabdeh tərəfindən 13000 manat ilkin ödəniş edilmiş, 31000 manatı isə ipoteka saxlayan tərəfindən ödənilmişdir. İddiaçı isə iddia edir ki, Bank qarşısında öhdəliyin müəyyən hissəsi nikahda olduqları dövrdə ödənildiyindən həmin mənzil ər arvadın ümumi birgə mülkiyyəti hesab edilməli və əmlak üzərində payları müəyyən edilməlidir.

51. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən mənzilin dəyəri tərəflər nikaha daxil olanadək tam ödənilmiş və cavabdehin mülkiyyət hüququ qeydə alınmışdır. belə olan halda ər-arvadın mülkiyyətinin qanuni rejimi yaranmamışdır.

52. Bununla yanaşı qeyd edilməlidir ki, qanunvericilikdə ər-arvadın ümumi mülkiyyətini əmələ gətirən xüsusi qayda da nəzərdə tutulmuşdur. Belə ki, Ailə Məcəlləsinin 35-ci maddəsində qeyd edilmişdir ki, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Mülki Məcəllənin 225.4-cü maddəsində qeyd edilmişdir ki, Ərarvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Lakin işin müəyyən eidlmiş hallarından göründüyü kimi qeyd edilən mənzil tam təmirli vəziyyətdə alınmış və hətta həmin vaxtdan kirayəyəyə verilmişdir. Yəni iddiaçının bildirdiyi faktiki hallar həmin əsası müəyyən edən normaların dispozitiv şərtləri ilə də uzlaşmır. Odur ki, iddiaçının bu hissədə tələbi əsassız hesab edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı birgə nikah dövründə ödənilmiş vəsaitlə bağlı əsassız varlanma qaydasında iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.

53. Məhkəmə iddia ərizəsinin qızıl-zinət əşyaların və ya dəyərinin qaytarılması tələbi hissəsində də iddianı əsaslı hesab etmir. Belə ki, həmin hissədə iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 34.1 və Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

54. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

55. AR Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

56. Bu normadan göründüyü kimi, qızıl-zinət və cehiz əşyalarının qaytarılması üçün göstərilən 4 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehin sahibliyində olması; 4) cavabdehin sahibliyinin qanunsuz olması.

57. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

58. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

59. Məhkəmə hazırki vəziyyətdə bu qəbildən olan iddiaların sübut edilməsinin mürəkkəbliyini nəzərə alaraq hesab edir ki, iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verərkən tərəflərin izahatlarını, izahatlarda və ifadələrdə mövcud olan ziddiyyətli məqamları, tərəflərin davranışı və sair bu kimi hallar nəzərə alınmalıdır və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır.

60. Hazırda iddiaçı ona hədiyyə kimi verilən qızıl-zinət əşyalarının cavabdehdə olduğunu və ona qaytarılmadığını iddia edir. Cavabdeh isə qızıl-zinət əşyalarının onda olmadığını, iddiaçının Gəncədəki evdən birlikdə çıxan zaman özü ilə Bakıya apardığını, Bakından Gəncəyə isə ondan qabaq qayıtdığını əsas gətirməklə qızıllardan məlumatsız olduğunu və onların iddiaçının özündə olduğunu iddia edir.

61. Belə ki, bu hissədə işin mübahisəsiz halı sözügedən qızılların mövcud olması və həmin qızılların iddiaçının mülkiyyətində olmuş olmasıdır. İşin mübahisələndirilən halı sözügedən qızılların cavabdehin qanunsuz sahibliyində olmasıdır.

62. Hazırki mübahisədə məhkəmə hesab edir ki, əşyaların cavabdehin qanunsuz sahibliyində olmasını sübut etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

63. Bu baxımdan iddianı sübut etmək vəzifəsi ona görə iddiaçının üzərinə düşür ki, tərəflər arasında 2022-ci ilin dekabr ayında Gəncədən Bakıya məzuniyyətə gəldikləri dövrdə mübahisə olmamış, tərəflər illərdir olduğu kimi Bakıda birlikdə yox, hərə öz valideyninin evində qalmışdır. Cavabdeh isə anasının evində olduğu dövrdə xəstəliyinin kəskinləşməsi səbəbindən xx.xx.2023-cü il tarixində laparoskopik xolesistektomiya cərrahi əməliyyatı keçirmiş və Gəncəyə qayıda bilməmişdir. İddiaçı isə sərbəst şəkildə Gəncədəki evlərinə qayıtmış, pal-paltarlarını yığdıqdan sonra evi sərbəst olaraq, münaqişəsiz tərk etmişdir. Bu səbəbdən iddiaçı münaqişəsiz şəkildə, hər hansı zorakı hallar olmadan və əşyalarını sərbəst şəkildə toplayıb evi tərk etdiyindən iddianı sübut etmə yükü onun üzərinə düşür.

64. Belə ki, bu xarakterli mübahisələrdə iddianın əsaslılığı üçün tərəflərin mübahisəyə qədərki və mübahisədən sonrakı münasibətləri, davranışları mübahisənin həllində əhəmiyyət daşıyır. Halbuki, iddiaçı öz əmlakından istifadə etməsində məhrumiyyətlərə, ailədə zorakılığa məruz qalmasını və evi tərk edərkən əşyalarını götürmək imkanının olmamasını sübut etməli olduğu halda, bunu sübut edə bilməmişdir. Əksinə ailədə zorakılıqla müşayət olunan hadisə olmamış, iddiaçı sərbəst şəkildə əşyalarını toplayaraq evi tərk etmişdir. Odur ki, iddiaçı istinad etdiyi halları sübut edə bilmədiyindən, məhkəmə sübut edilməyən halların mövcud olmayan kimi rədd edilməsi qənaətinə gəlir. Tətbiq edilən prosessual normalar:

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

66. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

67. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

68. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

69. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12500 (on iki min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

70. Əmlak bölgüsü tələbi ilə bağlı ödənilmiş 70 manat dövlət rüsumu iddia qismən təmin edildiyindən tərəflər arasında bölüşdürülməli, cavabdehdən 35 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

71. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh 12500 (on iki min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində Cavabdeh 35(otuz beş) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar