Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3524/2023 18.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin cavabdehin gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin cavabdehin gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş və tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Ödənilən aliment məbləği uşağın aylıq xərclərinin ödənilməsinə kifayət etmir. Həmçinin birgə nikah dövründə alınmış əmlakın bölünməsi ilə bağlı aparılan məhkəmə işi zamanı iddiaçıya təqdim edilmiş məlumata əsasən cavabdehin aylıq gəliri 2000 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, uşağın cəmi iki yaşı var, bu günədək tərəfindən alındığı geyimləri geyinir, tibbi ehtiyacları isə onun işi yerində sığortalanması çərçivəsində ödənilir. Uşaq nə bağçaya, nə də ki, məktəbə gedir, onun saxlanılması üçün hər ay 300 manat belə çoxdur. Belə olan halda alimentin onun gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulması üçün hər hansı əsas yoxdur. Belə ki, bu daha da yüksək məbləğin uşaqların ehtiyaclarına xərclənməməsinə gətirib çıxaracaq. Rəsmi əmək haqqı nəzərə alınarsa, 50 manat fərq edəcək, amma onun iş həcmindən və keyfiyyətindən asılı olaraq əmək haqqına əlavələri də olur. Ona görə də, iddia ərizəsi təmin edilsə belə xahiş edir ki, aliment yalnız əmək haqqının dörddə bir hissəsi miqdarında tutulsun. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə X1r. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4770/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 300 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Hazırkı işin materiallarından göründüyü kimi, cavabdehin rəsmi işlədiyi yer mövcuddur, qazancı (gəliri) müntəzəmdir, əmək haqqını natura və ya xarici valyutada almır. Belə olan halda cavabdehdən alimentin məhz sabit pul məbləğində tutulması üçün məhkəmə hər hansı qanuni əsas görmür. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.2-ci bəndində görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Elşolts Almaniyaya qarşı” iş üzrə qərarında göstərmişdir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə tərəflərin maraqları arasında ədalətli tarazlığı gözləyərək və uşaqların maraqlarını əsas götürərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4770/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilməli və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan Hüquqi xidmətlərin ödənilməsi haqqında xx.xx.2023-cü il tarixli, 33/23 saylı müqavilədən görünür ki, iddiaçı hazırkı iddia ərizəsinin hazırlanması üçün 50 manat məbləğində pul ödəmiş və məhkəmə məhz həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağlabatan hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4770/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutularaq İddiaçı ödənilsin. Hüquqi yardım üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul və ödənilmiş mediasiya xərcinin yarısı – 25 (iyirmi beş) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-3524/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3524/2023
18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver