Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3568/2025 18.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ödənilməmiş əmək haqqının cavabdehlərə verilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ödənilməmiş əmək haqqının cavabdehlərə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 2024-cü ilin 8 ayı üçün ona ödənilməmiş 20000 (iyirmi min) manat aylıq əmək haqqının, ayın şənbə-bazar günlərində işlədilərək ödənilməmiş əmək haqqı olan 5176 manat pulun, ümumilikdə 25176 manat əmək haqqının, ikinci İddiaçı2 2024-cü ilin 9 ayı ərzində ödənilməmiş 9000 (doqquz min) manat əmək haqqının və 9 ayın şənbə-bazar günlərində işlədilərək ödənilməmiş 1440 manat pulun, ümumilikdə 10440 (on min dörd yüz qırx) manat əmək haqqının Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinin tələbinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Maddənin məzmunundan göründüyü kimi, iddiaçı subyektlərin tərkibinə görə deyil, tələblərin bağlılığına görə bir neçə iddia tələbini bir iddia ərizəsində birləşdirmək hüququna malikdir. İddia ərizəsi və ona əlavə edilən sənədlərdən isə müəyyən edilir ki, hazırki iddia tələbi 2 iddiaçı tərəfindən qaldırılmış və hər bir iddiaçı ödənilməmiş əmək haqqlarının əvəzinin onlara ödənilməsini tələb edirlər. İddia tələblərinin əsaslandığı hallardan isə aydın olur ki, hər bir iddiaçı ilə ayrı-ayrı əmək müqavilələri bağlanmış və iddia tələbləri də iddiaçıların hər biri ilə ayrı-ayrılıqda bağlanmış əmək müqavilələrindən irəli gələn mübahisə ilə əlaqəlidir. Göründüyü kimi, iddiaçılar bir-biri ilə əlaqəsi olmayan, hər birinin yalnız özü üçün hüquq və vəzifələr yaradan, yaratdığı hüquqi nəticələrinin birinin digəri üçün heç bir əhəmiyyəti olmayan, yəni bir-biri ilə bağlılığı olmayan oxşar tələbləri bir iddia ərizəsində birləşdirmişlər. Belə olan halda, 2 müstəqil iddiaçının tələblərinə bir icraatda baxılması, tərəflərin prosessual hüquq və vəzifələrinin təmin edilməsində, mülki işə qanunla müəyyən olunmuş prosessual müddətlər çərçivəsində baxılmasına maneələr yaradacaqdır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.2-ci maddəsində əmək mübahisələri barədə işlərə baxılması üçün 2 ay prosessual müddət müəyyən edilmişdir. Məqsəd isə hüquq pozuntusunun uzun sürməsinin daha ciddi zərər vurmasının qarşısının almaqdır. Belə olan halda hesab edirəm ki, iddia ərizəsi hazırki formada icraata qəbul oluna bilməz, odur ki, hər bir iddiaçı onunla bağlanmış əmək müqaviləsindən irəli gələn mübahisə ilə əlaqədar ayrı-ayrılıqda ümumi qaydada məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1 və 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə qənaətə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinin tələbinə zidd olduğuna görə iddia ərizəsi geri qaytarılmalı, iddiaçılara izah edilməlidir ki, hər bir iddiaçı ayrı-ayrılıqda iddia ərizəsi ilə ikinci dəfə məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ödənilməmiş əmək haqqının cavabdehlərə verilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, onlar, ayrı-ayrılıqda iddia ərizəsi ilə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilərlər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-3568/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3568/2025
18.04.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver