Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3590/2022 30.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 20 mart 2011-ci il təvəllüdlü X3 adlı bir uşaqları olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh “nikahın pozulması, aliment tələbinə dair” iddiası təmin edilərək, tərəflər arasında bağlanılmış nikah pozulmuş, X3 anasının himayəsində saxlanılmış və bir uşağın saxlanılması üçün alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-cil təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarının dəyişdirilərək, hər ay qazancının 1/6 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün alimentin miqdarının dəyişdirilərək, hər ay qazancının 1/4 hissəsi miqdarında tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən işə baxılan zaman alimentin miqdarının 1/6 hissədə tutulması əsası kimi İddiaçı yenidən ailə qurduğu, himayəsində daha iki azyaşlı uşaqlarının olmasını nəzərə alınmış, bunun hüquqi əsası kimi də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə istinad edilrək, 3 və daha çox uşağa görə alimentin miqdarının yarısı miqdarında müəyyən edildiyi üçün 1/6 hissədə alimentin tutulması qanuni və əsaslı hesab edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən qətnaməsini əsaslandırarkən, alimentin miqdarının 1/6 hissədən 1/4 hissəyə qaldırılmasının səbəbləri İddiaçı yenidən ailə qurduğu, himayəsində daha iki azyaşlı uşaqlarının olması barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. Hazırda iddiaçı həmin sənədləri məhkəməyə təqdim edir və alimentin miqdarının 1/6 hissədə müəyyən edilməsini əsaslı hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2170/2021 saylı qərarında göstərilmişdir ki, “ ... birinci instansiya məhkəməsi cavabdehdən tutulacaq alimenti hər ay onun qazancının (və ya başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında müəyyən etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə, bu qənaətini cavabdehin hazırda yenidən nikaha daxil olaraq, həmin nikahdan daha iki uşağının olması ilə əsaslandırmışdır. Kollegiya, əvvəla, onu qeyd edir ki, cavabdeh, birinci instansiya məhkəməsində verdiyi izahatında və apellyasiya şikayətində yenidən nikaha girməsini, həmin nikahdan iki övladının olduğunu bildirsə də, məhkəməyə bu halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. ... Digər tərəfdən, cavabdehin yenidən nikaha girməsi və başqa uşaqlarının doğulması təsdiqləndiyi halda belə, bu, aliment miqdarının azaldılması üçün əsas ola bilməz. Çünki, həmin hallar Togrul Yusifzadənin əvvəlki nikahdan olan övladı Neman Yusifzadənin qanunla müəyyən edilmiş qaydada saxlanılması öhdəliyini aradan qaldırmır”. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində ikinci nikahdan iki uşağının olmasına istinad etsə də, iddia ərizəsinə sübut olaraq əlavə edilmiş iki doğum haqqında şəhadətnamədən birindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X2 atası qismində İddiaçı deyil, X4 qeyd olunmuşdur. Bununla yanaşı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2170/2021 saylı qərarında da göstərildiyi kimi, iddiaçının ikinci nikahdan uşaqlarının olması (sayından asılı olmayaraq) onu birinci nikahdan olan övladını qanunvericilikdə nəzərdə tutulmuş qaydada saxlamaq vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. "Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Uşaq hüquqları Bəyənnaməsinin 2 saylı prinsipinə əsasən, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Bu məqsədlərlə qanunlar qəbul edilərkən başlıca mülahizə uşağın mənafeyinin ən yaxşı şəkildə təmin edilməsi olmalıdır. Uşaq hüquqları haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində də uşaqlara münasibətdə valideynlərin hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bronda İtaliyaya qarşı” iş üzrə qərarında göstərmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Beləliklə, məhkəmə daxili və beynəlxalq qanunvericiliklə prioritet elan edilmiş uşağın mənafeyini əsas götürərək hesab edir ki, hal-hazırda alimentin azaldılması üçün diqqətəlayiq olan hər hansı hal mövcud deyil və İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsinin təmin edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-3590/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3590/2022
30.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver