Məhkəmə qərarları › İş №e-2(001)-3684/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3684/2022

01.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3684/2022 01.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 yanvar 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2021-ci ilin sentyabr ayından etibarən Cavabdeh onun xeyrinə hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, onunla cavabdeh arasında bağlanmış nikah məhkəmə qaydasında pozularkən birgə nikahdan olmuş uşağın saxlanılması üçün cavabdehdən onun xeyrinə hər hansı məbləğdə aliment tutulmamışdır. Belə ki, aralarında olan razılığa əsasən cavabdeh uşağın saxlanılması üçün hər ay 200 manat məbləğində pul ödəmişdir. Lakin sonuncu dəfə 2021ci ilin sentyabr ayında 95 manat məbləğində pul vermiş, bundan sonra hər hansı məbləğdə pul ödəməmişdir. O, da cavabdehdən pul tələb etməmişdir. Lakin uşaq özü cavabdehdən pul istəsə də, cavabdeh ona pul verməmişdir. Bu səbəbdən hesab edir ki, cavabdehdən uşağın saxlanılması üçün məhz 2021-ci ilin sentyabr ayından, ən pis halda uşağın müraciət etdiyi 2022-ci ilin mart ayından hesablanmaqla hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, bildirmişdir ki, iddiaçı ilə aralarında olan razılığa əsasən birgə nikahlarından olmuş uşağın saxlanılması üçün cavabdehə ilk olaraq hər ay 200 manat, sonra isə 150 manat, sonuncu dəfə 2021-ci ilin sentyabr ayında 95 manat məbləğində pul ödəmişdir. Lakin bundan sonra maddi imkanının pisləşməsi səbəbindən ödənişlər edə bilməmişdir. İddiaçı da ondan hər hansı məbləğdə pul tələb etməmişdir. Uşaq tələb etmiş, lakin müraciət müddətini xatırlamır. Uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 193 manat sabit pul məbləğində alimentin tutulmasına etiraz etmir, sadəcə bu məbləğin 01 iyul 2022-ci il tarixdən hesablanmasına razıdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 09 yanvar 2009-cu il tarixdə X3 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6758/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olmuş uşaq iddiaçının yanında saxlanılmışdır. Hazırda iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, alimentin ödənilməsi ilə bağlı aralarında razılıq olduğundan nikahları məhkəmə qaydasında pozulan zaman aliment tələb etmədiyini, cavabdehin ötən dövr ərzində uşağın saxlanılması üçün hər ay 200 manat pul ödədiyini, lakin sonuncu dəfə 2021-ci ilin sentyabr ayında 95 manat məbləğində ödəniş etdikdən sonra hər hansı məbləğdə pul vermədiyini, onun da cavabdehdən pul tələb etmədiyini, lakin uşağın cavabdehdən pul istədiyini, buna baxmayaraq cavabdehin ona pul vermədiyini, bu səbəbdən cavabdehdən uşağın saxlanılması üçün məhz 2021-ci ilin sentyabr ayından, ən pis halda uşağın müraciət etdiyi 2022-ci ilin mart ayından hesablanmaqla hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalı olduğunu bildirir. Cavabdeh iddianı qismən qəbul edir, iddiaçı ilə aralarında olan razılığa əsasən birgə nikahdan olmuş uşağın saxlanılması üçün cavabdehə ilk olaraq hər ay 200 manat, sonra isə 150 manat, sonuncu dəfə 2021-ci ilin sentyabr ayında 95 manat məbləğində pul ödədiyini, lakin bundan sonra maddi imkanının pisləşməsi səbəbindən ödənişlər edə bilmədiyini, iddiaçının da ondan hər hansı məbləğdə pul tələb etmədiyini, uşağın tələb etdiyini, lakin uşağın müraciətinin müddətini xatırlamadığını bildirir, buna baxmayaraq uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 193 manat sabit pul məbləğində alimentin tutulmasına etiraz etmədiyini və bu məbləğin 01 iyul 2022-ci il tarixdən hesablanmasına razı olduğunu bildirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, iddiaçının tələbini, cavabdehin bu tələbə münasibətini, habelə Azərbaycan Respublikasında yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında qanunun tələbini nəzərə alıb, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməli, 09 yanvar 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iddia tələbinin “alimentin 2021-ci ilin sentyabr ayından hesablanması” hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında əldə edilmiş razılığa əsasən onların arasında bağlanmış nikah məhkəmə qaydasında pozulduqdan sonra birgə nikahdan olmuş uşağın saxlanılması üçün cavabdeh iddiaçıya hər ay aliment qismində pul ödəmişdir. Lakin sonuncu dəfə 2021-ci ilin sentyabr ayında 95 manat pul verdikdən sonra ödənişləri dayandırmışdır. İddiaçı birgə nikahdan olmuş uşağın özünün bu məsələ ilə bağlı 2022-ci ilin mart ayından cavabdehə müraciət etdiyini bildirir. Cavabdeh uşağın müraciət etməsini təsdiq edir, lakin bu müraciətin müddətini xatırlamadığını bildirir. Bu səbəbdən məhkəmə 2021-ci ilin sentyabr ayından sonra iddiaçının alimentin alınması üçün məhz 2022-ci ilin mart ayında tədbir görməyə başladığını qəbul edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, uşağın saxlanılması üçün cavabdehdən 01 mart 2022-ci il tarixdən başlayaraq iddiaçının xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 09 yanvar 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 mart 2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment məbləğinin bir il ərzində məcmusu (iddia qiyməti) (193 x 12 = 2.316) 2.316 manat olduğundan, ödənilməli olan dövlət rüsumu 43,16 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 09 yanvar 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 mart 2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. İddiaçı ödəməkdən azad edildiyi 43,16 (qırx üç manat, on altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar