Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3687/2024 15.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Sadiqov Daməd Əli oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş mənəvi zərərə görə 4000 manat təzminatın və 60 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, burun nahiyyəsində olan problemlə əlaqədar olaraq “Artromed” klinikasına müraciət etmişdir. Həmin klinikanın həkimi Cavabdeh tərəfindən müayinə olunduqdan sonra problemin cərrahi əməliyyatla aradan qaldırılacağının mümkünlüyü bildirilmiş və buna görə də ondan 4500 manat ödəniş tələb olunmuşdur. Qeyd olunan ödənişi tərəfindən təmin edildikdən sonra xx.xx.2022-ci il tarixində Cavabdeh tərəfindən cərrahi əməliyyat aparılmışdır. Aparılmış cərrahi əməliyyatdan az müddət sonra burun nahiyyəsində kəskin formada problemlər yaranmağa başlamışdır. Yaranmış xoşagəlməz halnan bağlı həm klinikanın rəhbərliyinə, həm də şəxsən həkim Cavabdeh məlumat verilsə də hər dəfə onun müraciətlərinə laqeyid münasibət göstərilmişdir. Bundan sonra ödənilmiş vəsaitin geri qaytarılması ilə əlaqədar olaraq klinikaya və həkim Cavabdeh müraciət etsə də sonuncu və onun köməkçisi tərəfindən təhdid və şantaj xarakterli münasibətlə qarşılaşmışdır. Pozulmuş hüquqlarının müdafiəsi məqsədilə tərəfindən aidiyyatı hüquq mühafizə orqanlarına şikayətlər olunmuş və müraciətləri hal hazırda araşdırılmaqdadır. Qeyd olunan şikayət ərizələrindən hiddətə gəlmiş Cavabdeh xx.xx.2023-cü il tarixində barəsində şantaj xarakterli videonu özünə məxsus “İnstagram” sosial şəbəkəsində açıq şəkildə paylaşmışdır. Həmin videoya baxdıqda hiss olunur ki, Cavabdeh özünün xoşagəlməz əməllərini ört-basdır etmək üçün onun razılığı olmadan barəsində olan videonu ictimailəşdirmişdir. 25 000-dən artıq izləyicisi olan səhifədə belə bir videonun paylaşılması və həmin videonun bugünə qədər də həmin səhifədə saxlanılması onun həm işgüzar, həm də şəxsi nüfuzuna xələl gətirməklə ciddi surətdə mənəvi zərər yetirmişdir. Əlavə olaraq bildirmişdir ki, o, ixtisasca ədəbiyyat müəlliməsidir. Həmin video yayılana qədər o, Tovuz rayonu Əyyublu kənd orta məktəbində ixtisası üzrə müəllimə işləyirdi. Həmçinin, repetitor fəaliyyəti ilə də məşğul olaraq əlavə qazanc əldə edirdi. Cavabdeh tərəfindən sağlamlığına vurulan zərbədən və barəsində onu nüfuzdan salacaq videonu paylaşdıqdan sonra demək olar ki, əmək qabiliyyətini itirmiş və hal-hazırda işsizdir. Çünki qeyd olunan hadisədən sonra əsəb və sinir sistemində ciddi problemlər yaranmağa başlamışdır. Cavabdehin nümayəndəsi və vəkili iddia yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı iddia ərizəsində göstərdiklərinə etiraz edir. İddiaçı ilə “Artromed” klinikası arasında bağlanmış müqaviləyə əsasən Əməliyyat öncəsi və sonra iddiaçıya məxsus şəkillərin həkim tərəfindən paylaşılmasına (yayılmasına) etiraz etmədiyini bildirmiş və bunu imzası ilə təsdiq etmişdir. Həmçinin həmin videoya nəzər yetirilsə orda İddiaçı şərəf və ləyaqətinin alçaldılması ilə bağlı heç bir hal öz əksini tapmayıb. Əksinə iddiaçının əsassız iddialarına etik normalara əməl etməklə cavab verilmişdir. Məlumat üçün bildirir ki, İddiaçı Cavabdehla bağlı həqiqətə uyğun olmayan böhtan xarakterli ifadələr işlədərək, onun cəmiyyətdə olan işgüzar nüfuzuna xələl gətirməklə şərəf və ləyaqətinə toxunaraq böhtan xarakterli məlumatları kütləvi informasiya vasitələri ilə yaydığı üçün xüsusi ittiham qaydasında Suraxanı Rayon Məhkəməsinə müraciət olunmuş, hazırda İddiaçı barəsində Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş həmin məhkəmənin icraatındadır. Hesab edir ki, iddia əsassız iddiadır, məsuliyyətdən yayınmaq üçün müdafiə xarakteri daşıyır, buna görə də təmin edilməməlidir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək, rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: “Artromed” Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli cərrahi müdaxiləyə, proseduraya, anesteziyaya və tibbi müdaxiləyə razılığın surətindən görünür ki, İddiaçı həkim Cavabdeh tərəfindən əməliyyatın aparılmasına razılıq vermişdir. Ona cərrahi əməliyyat və anesteziya zamanı, baş verən ağırlaşmalar haqqında tam məlumat verilmişdir. Verdiyi suallara tam olaraq cavab almışdır. O, əməliyyat zamanı tibbi nəqtəyi nəzərdə olan əlavə tədbirlərin (qan, biopsiya) götürülməsinə razı olmuşdur. Əməliyyat öncəsi və sonrası şəkillərinin həkim tərəfindən paylaşılmasına (yayınlanmasına) etiraz etməmişdir. Bu razılığı tam olaraq qəbul etmiş və bunu imzası ilə təsdiq etmişdir. Həmçinin, həkim risk, problem və ağırlaşmalar olarsa baş verə biləcək nəticələri ona anlatmış, suallarını verib, cavab almış, həyatı təhlükəyə atan vəziyyətlərin ola biləcəyinə və bu vəziyyətlərin ola biləcəyinə və bu vəziyyətlərdən nə cür çıxılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞnin xx.xx.2024-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, 1988-ci il təvəllüdlü İddiaçı mütəxəssis müayinəsi zamanı icra edilmiş cərrahiyyə əməliyyatlarından sonra ona burun qığırdaqlarında hər hansı bir patologiya qeyd edilmir və burun tənəffüsü sərbəstdir. İddiaçı üzərində aparılmış cərrahiyyə əməliyyatlardan sonra onda estetik cəhətdən burun belində bir qədər fərqlilik, sol burun qanadında çökəklik və alt konxalarda atrofiyanın olduğu müəyyən edilmişdir. Qeyd olunan dəyişikliklərin cərrahiyyə əməliyyatının texniki icrası ilə əlaqəsi yoxdur. Belə ki, təkrar aparılmış cərrahiyyə əməliyyatlarında əldə olunan nəticə toxumaların regenerasiya prosesi və yanaşı olaraq əməliyyat olunan toxumalarda qan dövranın pozğunluğu sonda qeyd olunan dəyişikliklərə səbəb olmuşdur. İddiaçı göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur. “Triamsinalon” dərman preparatı – sintetik qlukokortikoid kimi digər dərman vasitələrdən fərqli olaraq gec təsir edən, eyni zamanda uzunmüddətli effektə malik, ödem və şişkinlik əleyhinə olan preparatdır. “Triamsinalon” dərman preparatı cərrahiyyə əməliyyatından sonra qalan şişkinlik və ödemin qarşısını almaq məqsədilə təyin olunmuşdur. Bu preparat bir çox plastik və estetik əməliyyatlardan sonra həkimmütəxəssislər tərəfindən təyin edilir. İddiaçı mütəxəssis müayinəsi zamanı onda icra edilmiş cərrahiyyə əməliyyatlarından sonra iybilmə qabiliyyəti pozulmamış və burun tənəffüsünə mane ola biləcək hər hansı bir patologiya müəyyən edilmədi. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvuranın dərəcəsinin təyini nəzərdə tutulmayıb. “Artromed” X4 Məmmədovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixdə onun üzərində “Qabırğa qığırdağından autotransplantat hazırlanaraq reviziyon septorinoplastika və inferior konxaların submukoz RF destruksiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı mütəxəssis müayinəsinə əsasən, götürülmüş material düzgün olaraq burun uc qığırdaqlarına transfer edilmişdir. Transfer edilmiş material yumşaq toxuma olduğundan bunun ölçü vahidini təyin etmək mümkün deyil, bu həkim seçimindən asılıdır. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞnin xx.xx.2023-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, “Artromed” X4 Məmmədovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022ci il tarixdə saat 09:00-da klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Burun arakəsmənin əyriliyi,xarici burun deformasiyası ilə. Rinoplastika əməliyyatından sonrakı vəziyyət. Vazomotor rinit” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2022-ci il tarixdə İddiaçı üzərində “Qabırğa qığırdağından autotransplantat hazırlanaq reviziyon septorinoplastika və inferior konxaların submukoz RF destruksiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat və əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2022-ci il tarixdə xəstə evə yazılmışdır. İddiaçı aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. İddiaçı göstərilmiş tibbi yardımlar onun vəziyyətinə uyğun olmuşdur. İddiaçı üzərində icra edilmiş “Qabırğa qığırdağından autotransplantat hazırlanaraq reviziyon septorinoplastika və inferior konxaların submukoz RF destruksiyası” cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı əməliyyatdan sonra göstərilmiş tibbi xidmət onun vəziyyətinə uyğun olmuşdur. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda burun tənəffüsünün sərbəst, septumun orta xətt üzrə olduğu və icra edilmiş təkrar revizion septorinoplastika əməliyyatı zamanı qabırğadan götürülərək yerləşdirilmiş qreftin duruşunun kafi olduğu müəyyən edilmişdir. Xəstənin üzərində təkrar revizion cərrahiyyə əməliyyatı aparıldığından, ilkin əməliyyatın texniki icrası haqqında fikir söylənməsi mümkün olmadı. İddiaçı göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(010)-102/2024 saylı hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək aylıq qazancının 5 faizi mislində pul dövlət nəfinə tutulmaqla 04 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xəstəlik Tarixinin surətindən görünür ki, İddiaçı burun arakəsməsinin əyriliyi xarici burun deformasiyası ilə. Rinoplastika əməliyyatından sonrakı vəziyyət. Vazomotor rinit diaqnozları qoyulmuşdur. “Artromed” Tibb Mərkəzinin epikrizinin surətindən görünür ki, İddiaçı xx.xx.2022 tarixində ümumi anesteziya altında Qabırğa qığırdağından autotransplantat hazırlanaraq reviziyon septorinoplastika və inferior konxaların submukoz RF destruksiyası əməliyyatları aparıldı. Əməliyyat və əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. Simptomatik və antibakterial müalicə aparılmışdır. xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 69,2 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 1096.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». 1097.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mülki iş materiallarından görünür ki, İddiaçı burnunda olan problemlərə görə “Artromed” Tibb Mərkəzinə müraciət etmiş və onun üzərində xx.xx.2022-ci il tarixində Cavabdeh tərəfindən “Qabırğa qığırdağından autotransplantat hazırlanaraq reviziyon septorinoplastika və inferior konxaların submukoz RF destruksiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Mülki iş materiallarında olan diskdən müəyyən olunur ki, daha sonra əməliyyatından nazarı qalan İddiaçı Cavabdeh ödədiyi pulu tələb etmiş, pulu almayacağı təqdirdə özünü öldürücəyi barədə təhdid etmiş və müxtəlif hüquqmühafizə orqanlarına müraciət etmişdir. Lakin İddiaçı müraciəti əsassız olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, mülki iş materiallarında olan hökmün surətindən görünür ki, İddiaçı müxtəlif sosial şəbəkə kanallarında Cavabdeh barəsində videolar yayımlamış, bu səbəbdən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmişdir. Hazırda isə o, Cavabdeh ona vurulmuş 4000 manat mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı iddiası onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə onun barəsində şantaj xarakterli videonu sosial şəbəkədə paylaşmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehə qarşı mənəvi zərərin vurulması ilə bağlı qətnamə çıxarılmasını xahiş etsə də, cavabdeh tərəfindən mənəvi zərər yetirilməsi faktının mövcudluğu öz təsdiqini tapmamış və iddiaçı tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən, iddianın qaldırılması üçün ödnilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-3687/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3687/2024
15.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver