Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3708/2023 12.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı X1 üçün aylıq 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında xx.xx.20006-cı ildə Zəngilan rayon VVAQ şöbəsində bağlanmış nikah pozulmuş və akt qeydləri kitabındakı 69 saylı nikah qeydi ləğv edilmiş, xx.xx.2006-cı il təvəllüdlü X4 atası Cavabdeh himayəsində, xx.xx.2017-ci il təvəllüdlü X2 isə onun himayəsində saxlanılması qət edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Artıq 1 ildən çoxdur ki, o, cavabdehlə ayrı yaşayır. Birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 onun yanında yaşayır. Buna baxmayaraq Cavabdeh uşağın xərclərində iştirak etmir. Buna görə də hesab edir ki, cavabdehdən məhkəmə qaydasında aliment tutulmalıdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, birgə nikahdan olan uşaqlardan biri iddiaçının yanında saxlanılsa da, digəri xx.xx.2006-cı il təvəllüdlü X4 onun yanındadır. Qeyd edilənlərə əsasən iddianın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi(vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə onun arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X4 onun, xx.xx.2017-ci il təvəllüdlü X3 isə iddiaçının yanında saxlanılmışdır. Hal-hazırda iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etsə də, onun həmin alimenti ödəməyə maddi imkanı yoxdur. Ona görə də, onun maddi imkanının olmaması və uşaqlardan birinin onun himayəsində olmasını nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(034)-14/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2006-cı ildə Zəngilan rayon VVAQ şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı 69 saylı nikah qeydinin ləğv edilməsi, xx.xx.2006-cı il təvəllüdlü X4 atası Cavabdeh himayəsində, xx.xx.2017-ci il təvəllüdlü X2 isə anası İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-1477/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(034)-14/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-553/2023 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli 2(105)-1477/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı nümayəndəsi Nümayəndə iştirak edərək ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödənilmişdir. Lakin, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh aşbaz işləyir və əmək haqqısı 345 manat təşkil edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühitdə yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflərin birgə rəsmi nikah münasibətlərindən xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2017ci il təvəllüdlü X3 anadan olmuşdur. Məhkəmə qətnaməsi ilə tərəflərin nikahları pozularkən, xx.xx.2006-cı il təvəllüdlü X4 atası Cavabdeh himayəsində, xx.xx.2017-ci il təvəllüdlü X2 isə anası İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Hazırda isə iddiaçı tərəf öz yanında yaşayan uşağın saxlanılması üçün digər tərəfdən alimentin tutulmasını xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, maddi imkanının olmaması və digər uşağın onun himayəsində olması ilə əlaqədər alimentin tutulması barədə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Göründüyü kimi, tərəflərin iki uşaqları var, onlardan biri ananın, digəri isə atanın yanında yaşayır və nə qədər ki, uşaqların biri ananın yanında, digəri isə atanın yanında saxlanılır, onların bir-birinə qarşı himayələrində olan uşaqları saxlamaq öhdəliyi var. Belə olan halda, məhkəmə uşaqların yaş həddini, onların saxlanması ilə bağlı gündəlik qayğıların hər iki tərəfin üzərinə eyni həcmdə düşməsini, tərəflərin maddi vəziyyətini, cavabdehin aylıq əmək haqqısının 345 manat təşkil etməsi hallarını və diqqətəlayiq olan digər halları əsas tutaraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-3708/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3708/2023
12.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver