Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3805/2025 30.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçı – İddiaçı cavabdeh – Cavabdeh qarşı “aliment məbləğinin yenidən hesablanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:
1. İddiaçı ilə cavabdeh xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində 1140 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Tərəflərin birgə nikahlarından iki övladları – xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 doğulmuşdur.
2. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-2530/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tərərflər arasında bağlanmış nikahın pozulması qət edilmişdir.
3. İddiaçı Cavabdeh qarşı aliment məbləğinin yenidən hesablanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 492 AZN məbləğində (hər uşağa görə 246 AZN) sabit qaydada alimentin tutulması, həmçinin xx.xx.2013-cü il təvəllüdlü X2 müalicəsi ilə əlaqədar hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin tutulması və 2024-cü ilin iyun ayından hesablanmış, lakin ödənilməmiş aliment məbləğinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1964/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh onun qazancının 1/3 hissəsi miqdarında alimentin tutulması (2 uşağa görə) və iddiaçıya ödənilməsi müəyyən edilmişdir. Cavabdeh 2024-cü ilin iyun ayından həmin iş yerində işləmir (ixtisar edilmişdir) və aliment ödəmir. İndiki çalışdığı iş yerində isə aldığı əmək haqqı təqribən 800 AZN civarındadır. Bu səbəbdən də hesab edir ki, aliment məbləği dəyişdirilməlidir.
Cavabdehin etirazları:
5. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.
Tərəflərin izahatları:
6. İddiaçı iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunda izahat verərək iddia tələbini müdafiə etdiyini və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
7. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, iddia tələbinin təmin ediləcəyi təqdirdə onun işə getməsi üçün yol pulunun qalmayacağını bildirdi və tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
ƏSASLANDİRİCİ HİSSƏ:
Faktiki hallar və sübutlar:
8. İş materiallarında olan AZ-İİİ nömrəli, 257471 saylı doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, X5 xx.xx.2013-cü il tarixində doğulmuşdur.
9. İş materiallarında olan AZ-İİİ nömrəli, 257470 saylı doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, X4 xx.xx.2013-cü il tarixində doğulmuşdur.
10. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin 2(001)- 1964/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, xx.xx.2013-cü il təvəllüdlü X6ölunun və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 05 fevral 2020-ci il tarixindən başlayaraq Cavabdeh hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment və həmçinin xx.xx.2013-cü il təvəllüdlü X2 müalicəsi ilə əlaqədar hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment alınıb iddiaçı X3 verilməsi qət edilmişdir.
11. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin 2(001)- 2530/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində bağlanmış, 1140 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş və xx.xx.2013-cü il tarixində doğulmuş X1 və X2 analarının yanında qalmaları müəyyən edilmişdir.
12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞB/14/2025-00088 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Arayışdan müəyyən edilir ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin ilkin mediasiya prosesinin davam etdirilməsi barədə razılığa gəlməmişlər.
13. İş materiallarında olan AZEMİS-dən çıxarışdan müəyyən edilir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində qeydiyyatçı işləyir və aylıq gəliri 898.29 manatdır.
14. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 3805/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin yenidən hesablanması tələbinə dair mülki iş üzrə icraata “xx.xx.2013-cü il təvəllüdlü X2 müalicəsi ilə əlaqədar hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin tutulması və 2024-cü ilin iyun ayından hesablanmış lakin ödənilməmiş aliment məbləğinin ödənilməsi” hissələrinə münasibətdə xitam verilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Konstitusiyası: - Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. - Maddə 34. İİİ. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. - Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
16. Beynəlxalq hüquqi aktlar: BMT-nin 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”: - Maddə 25. Analıq və körpəlik xüsusi himayə və yardım hüququ verir. Nikahlı və yaxud nikahsız doğulmuş bütün uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. BMT-nin 19 dekabr 1966-cı il tarixli qətnaməsi ilə təsdiq edilmiş “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ı: - Maddə 10. Cəmiyyətin başlıca özəyi olan ailəyə imkan dairəsində, ələlxüsus onun yaranma dövründə və öhdəsinə kiçik yaşlı uşaqların böyüdülməsi və tərbiyə olunması məsuliyyəti düşdüyü zaman hərtərəfli mühafizə və kömək təmin olunmalıdır. Nikah ona daxil olanların azad razılığı ilə bağlanmalıdır. BMT-nin 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında Konvensiya”sı: - Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. - Maddə 18. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. - Maddə 27. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (AR AM): - Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. - Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. - Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. - Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. - Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. - Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. - Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
18. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu: - Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. - Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
20. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu: - Maddə 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. - Maddə 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
21. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 1. 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin.
22. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamı: - Bənd 1. Minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli: - Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. - Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı: “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8- 2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli: - 8. Məhkəmələr nəzərə alsınlar ki, aliment tutulması və alimentin miqdarının artırılması tələbinə dair iddialar iddiaçının seçməsinə görə onun yaşadığı yerə görə də verilə bilər (MPM-in 36.3-cü maddəsi). Aliment ödəyən şəxs tərəfindən alimentin miqdarının azaldılması barədə iddia isə MPM-in 35.1-ci maddəsinin tələbinə müvafiq olaraq yalnız cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. - 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). - 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. - 8.11. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. - 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPMin 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. - 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
Məhkəmənin mövqeyi:
25. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatlarını, əlavə edilmiş sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam şəkildə nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır.
26. Belə ki, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşağını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini, başlıca olaraq uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. Bu səbəbdən də iddiaçı hazırkı iddia ilə cavabdehdən sabit pul məbləğində alimentin tutulmasını tələb edir.
27. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşağın maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla yüksək səviyyədə saxlanılmasına, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Həmçinin, valideynlər uşağın tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşağın maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşağın sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun.
28. Məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan, uşaqlar hazırda iddiaçı ilə birlikdə yaşadığından və alimentin ödənilməsi barədə tərəflər arasında razılıq olmadığından iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.
29. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (1/3 hissəsi-cavabdehin hazırki maaşının 1/3 hissəsi – 800/3=266.66 manat) isə hazırda hər iki uşağın saxlanılması üçün yetərli olmadığından, uşaqların yaşına uyğun olaraq tələbatları da artdığından iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılmasını tələb etməkdə haqlı olmuşdur.
30. Məhkəmə uşaqların mənafeyini, alimentin təyin edildiyi vaxta – 2020-ci ilə münasibətdə ümumi sosial həyatda olan dəyişikliyi nəzərə alaraq qeyd edir ki, birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 246 manat sabit pul məbləğində tutulmalı və alimentin məbləği “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamının 1-ci bəndinə uyğun olaraq, 2025-ci il üzrə ölkə üzrə mövcud olan 400 manat minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir.
31. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
32. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verib hesab edir ki, iddia tələbi alimentin dəyişdirilərək sabit pul məbləğində tutulması hissəsində təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1964/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün tutulan aliment dəyişdirilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli (246 manat (məhkəmə tərəfindən tutulan aliment) / 400 (2025-cü il üzrə minimum əmək haqqı) həddində sabit pul məbləğində aliment tutulmalıdır.
33. Məhkəmə həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarındakı mövqeyini də nəzərə alaraq, alimentin tutulması iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən – xx.xx.2025-ci il tarixdən hesablanmalıdır.
34. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3805/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin yenidən hesablanması tələbinə dair mülki iş üzrə icraata “xx.xx.2013-cü il təvəllüdlü X2 müalicəsi ilə əlaqədar hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin tutulması və 2024-cü ilin iyun ayından hesablanmış lakin ödənilməmiş aliment məbləğinin ödənilməsi” hissələrinə münasibətdə xitam verilmişdir.
35. Məhkəmə həmçinin hesab edir ki, AR MPM-nin 119.2-ci maddəsinə əsasən məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hazırki mülki iş üzrə cavabdehdən tutulan alimentin artırılmış hissəsinin 1 illik məcmusunun 2712 manat olduğu nəzərə alınarsa, cavabdehdən tutulan dövlət rüsmunun 47,12 manat olduğu müəyyən edilir.
NƏTİCƏ HİSSƏSİ:
36. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 88, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1964/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün tutulan aliment dəyişdirilsin.
3. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulsun.
4. Cavabdeh 47,12 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
6. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Anar Rzayev