Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3833/2023 13.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum həyat yoldaşı X6 ilə xx.xx.2008-ci ildə ailə həyatı qurmuşdur. Həyat yoldaşı xx.xx.2021-ci ildə nəqliyyat hadisəsi zamanı dünyasını dəyişmişdir. Tərəflərin birgə nikah dövründə 3 övladı xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir. Cavabdeh isə uşaqların nənəsidir. Yoldaşı dünyasını dəyişəndən sonra iddiaçının qayınanası, qayını və digər ailə üzvləri ilə münasibətləri korlanmağa başlamışdı. Onlar öz nəvələrinə, qardaşı uşaqlarına sahib çıxmadılar. xx.xx.2009-cu il təvəllüdlü X2 anadangəlmə ürək qüsurlu - mədəcikarası çəpərin qüsuru xəstəliyindən əziyyət çəkir. Nənəsi, əmisi və digər qohumlar heç biri nəinki uşaqların saxlanmasına, heç Elşadın müalicəsinə belə köməklik etmirlər. 2021-ci ilin iyun ayından etibarən uşaqlara iddiaçının özü güc-bəlaynan baxır. Lakin övladlarına keyfiyyət təhsili verməyə, digər uşaqlar kimi onlarında əyləncəsini, istirahətini təşkil etməyə, Elşadın müalicəsini lazımı qaydada aparmağa maddi imkanı çatmır. İddiaçının həyat yoldaşı - yəni uşaqların atası dünyasını dəyişdiyinə görə, aydın məsələdir ki, valideyndən aliment almaq mümkün deyil. Ona görə də, uşaqların nənəsi və babası öz nəvələrini saxlamaq vəzifəsi daşıyırlar. Hazırda uşaqların nənəsi həyatdadır, babaları idə dünyasını dəyişmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, cavabdeh pensiya alır – deməli, nəvələrini saxlamağa maddi imkanı kifayət qədərdir. İddiaçı özü işləmir və hər hansı gəliri yoxdur. Belə ki, böyük oğlu Elşadın ürəyi xəstədir və o, uşağa baxmaq məcburiyyətindədir. Uşaqlar məktəbə getsə də, yarım gün belə işləyə bilməz. Ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumu 199 manat təşkil edir, cavabdeh isə bu məbləğdən artıq pensiya alır nəvələri ilə bölüşə bilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, X1 (Hüseynova) Sevda Nurməmməd qızı ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan onların xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X8 doğulmuş, xx.xx.2021-ci il tarixdə X6 vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Respublika Diaqnostika Mərkəzinin xx.xx.2019-cu il tarixli Epikrizindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X4 mədəcikarası çəpərin qüsuru diaqnozu qoyulmuşdur. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.1951-ci il təvəllüdlü Cavabdeh yaşa görə 328,90 manat pensiya alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Maddənin məzmunundan göründüyü kimi, alimentin tutulması üçün iki şərtin mövcud olması tələb olunur: 1) nəvə öz valideynlərindən maddi yardım ala bilməsin; 2) baba və nənə nəvəyə maddi yardım göstərmək üçün zəruri vəsaitə malik olsun. Birinci şərtdə “valideynlərindən” ifadəsindən istifadə olunub. Ona görə də uşağın bir deyil, hər iki valdeynindən maddi yardım ala bilmədiyi müəyyən olunmalıdır. Anaya münasibətdə birinci şərt müəyyən olunmur. Belə ki, ana (*nümayəndəsi və vəkili) bildirir ki, böyük oğlunun ürəyi xəstə olduğuna görə işləyə, qazanc əldə bilmir. Halbuki, İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında təsdiq etdi ki, uşaqlar məktəbə gedir, təhsil alır – yəni, 13 və 14 yaşında olan uşaqlara ananın məktəbdə olduqları müddətdə belə nəzarət etmək məcburiyyətində olması inandırıcı deyil. Eyni zamanda qeyd olunmalıdır ki, uşağın xəstəliyi ilə bağlı məhkəməyə təqdim edilmiş sonuncu sənəd 2019cu ilə aiddir və hal-hazırda onun əlavə qulluq və ya müalicəyə ehtiyacı olmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Ataya münasibətdə birinci şərt müəyyən olunur. Belə ki, o, xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İkinci şərtdə ana və ata tərəfdən baba və nənə nəzərdə tutulur. Ata tərəfdən nənə işdə cavabdehdir, ata tərəfdən baba isə vəfat edib. Ana tərəfdən nənə və babaya qarşı iddia verilməyib. Ata tərəfdən nənəyə münasibətdə ikinci şərt müəyyən olunmur, yəni onun nəvələri üçün aliment ödəməyə imkan verən zəruri vəsaitə malik olması bardə sübutlar yoxdur. Nənə xx.xx.1951-ci il təvəllüdlüdür, yaşa görə 328,90 manat pensiya alır və onun hər hansı başqa gəlirlərinin olmasına dair iş materiallarında sübut mövcud deyil. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-3833/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3833/2023
13.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver