Məhkəmə qərarları › İş №e-2(001)-3937/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3937/2023

09.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3937/2023 09.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “uşağın təhsil haqqı ilə bağlı xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh qarşı “uşağın təhsil haqqı ilə bağlı xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən, habelə “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçının və cavabdehin yaşayış yerləri Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 73, mənzil 56-dır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilməlidir ki, Ailə Məcəlləsində “Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı”nı nəzərdə tutan 81-ci maddə - Ailə üzvlərinin aliment öhdəlikləri adlanan Beşinci bölmə, Valideynlərin və uşaqların aliment öhdəlikləri adlanan 13-cü fəsildə nəzərdə tutulmuşdur. Bu baxımdan qeyd olunmalıdır ki, MPM-in 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun 3.1-ci maddəsinə əsasən yaşayış yeri - Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göründüyü kimi Mülki Prosessual Məcəllənin 36.3-cü maddəsində iddiaçıya, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddiaların özünün yaşadığı yerə görə məhkəməyə müraciət etmək üçün seçim hüququ verilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında qanunda isə aydın şəkildə göstərilmişdir ki, şəxsin yaşayış yeri - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində qeyd edilən ünvandır. Adıçəkilən Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmin Məcəllənin 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddiaçının özünün və cavabdehin yaşayış yeri Binəqədi rayonunun ərazisində olmadığına görə iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə bağlı özünün və cavabdehin rəsmi qeydiyyatda olduğu ərazi üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İddiaçı Cavabdeh qarşı “uşağın təhsil haqqı ilə bağlı xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, hazırki iddia tələbi ilə bağlı özünün və cavabdehin rəsmi qeydiyyatda olduğu ərazi üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar