Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3954/2025 08.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, yəni İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin yeganə mülkiyyətçisidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən mülkiyyətçi mənzilində qeydiyyatda olan şəxslərin orada yaşamaq hüququnun olub-olmamasını müəyyən etmək və qanunvericiliyə uyğun olaraq onları qeydiyyatdan çıxarmaq hüququna malikdir. Belə ki, o, qeyd olunan mənzili xx.xx.2021-ci il tarixdə Cavabdeh1 alqı-satqı vasitəsilə almışdır. Cavabdeh1 və onunla birlikdə qeydiyyatda olan digər şəxslər tezliklə evdən qeydiyyatdan çıxacaqlarına söz versələr də, bu günədək dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, yaşayış yerindən çıxarılması üçün razılıq vermirlər və könüllü qeydiyyatdan çıxmaq istəmirlər. Onunla həmin şəxslər arasında heç bir hüquqi münasibət (icarə, qohumluq və s.) yoxdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, mənzilində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh1, X1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, məhkəməyə bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, sonuncu dəqiqləşmə ərizəsində mülkiyyətində olan Bakı şəhəri, Mir Cəlal küçəsi 55 ünvanında yerləşən 56 saylı mənzildə qeydiyyatda olan şəxslərin, yəni Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onları övladları Ceyla Makarovanın istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 12 saylı notariat ofisində bağlanmış 12 yanvar 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1, ipoteka saxlayan “Bank VTB (Azərbaycan)” ASC və alıcı İddiaçı arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Satıcı ünvan 2 ünvanında yerləşən və mülkiyyət hüquqları DƏDRX tərəfindən xx.xx.2020ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********67-05101- 093050 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı-ipoteka qoyanın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin daşınmaz əmlakın satış qiyməti 72000 manat müəyyən edilmiş, mənzilin dəyərinin 21600 manat məbləğində olan hissəsi Alıcı-ipoteka qoyanın özü tərəfindən, 50400 manat məbləğində olan hissəsinin isə Kreditor-ipoteka saxlayan tərəfindən 12 yanvar 2021-ci il tarixli 312772-NEDVİJ-551 nömrəli kredit müqaviləsinə əsasən Alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9a mkr, ev 55, 56 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, ünvan 2 ünvanında xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh1, xx.xx.2020-ci il təvəllüdlü X2, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh3 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları formal xarakter daşıdığından, cavabdehlər artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşadıqlarından və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı cavabdehlərə görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən, iddia tələbi təmin olunmalı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, eyni zamanda onların yetkinlik yaşına çatmamış övladları X1 İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9a mkr, 55 saylı evin 56 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, eyni zamanda onların yetkinlik yaşına çatmamış övladları X1 Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9a mkr, 55 saylı evin 56 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-3954/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3954/2025
08.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver