Məhkəmə qərarları › İş №e-2(001)-4156/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4156/2025

10.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4156/2025 10.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh ilə faktiki nikah münasibətlərimizdən doğulan xx.xx.2020-cü il təvəllüdlü X1 üçün hər ay 300 manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödənilmiş 60 manat rüsumun Cavabdeh mənim xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında rəsmi nikah olmadan (faktiki nikah münasibətlərində olmaqla) bir ailə kimi yaşamışlar. Bu münasibətdən xx.xx.2020-cü il təvəllüdlü X3 anadan olmuşdur. Belə ki, cavabdehlə ailə qurduqdan sonra məlum oldu ki xasiyyətləri düz gəlmir. Ailədə xoşagəlməz hallar və yersiz söz-söhbətlər nəticəsində münasibətlər pozulmağa başladı və getdikcə birgə yaşayışları çətinləşdi. Ailənin dağılmaması üçün bir müddət səbr etsə də, lakin ailə münasibətləri düzəlmədi, getdikcə münasibətləri daha da pisləşdi və ayrıldılar. Hazırda uşaq onun himayəsində olsa da, lakin cavabdeh könüllü olaraq uşağın maddi təminatları ilə maraqlanmır.Bu səbəbdən uşaq böyüdükcə onun artan maddi təminatların ödəməkdə çətinlik çəkir. Aralarındakı aliment mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi məqsədi ilə tərəflər ilkin mediasiya prosesinə cəlb edilsə də, aralarında barışıq və ya hər hansı razılıq əldə edilməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və növbəti məhkəmə iclasının iştirakı olmadan keçirilməklə, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Bundan başqa cavabdeh uşağın saxlanılmasında iştirak etmir. Cavabdehlə telefon danışığında əldə etdikləri razılığa görə cavabdeh onun açacağı kart hesabına aylıq 300 manat ödəniş etməli idi. Lakin aralarında olan mediasiya sessiyasında cavabdeh alimenti ödəməyəcəyini bildirmişdir. Bundan başqa cavabdeh uşağa oktyabr atalıq verib.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edir. Bundan başqa mediasiya mərhələsində aliment ödənişi ilə bağllı iddiaçı ilə razılaşmışdır. Uşağın saxlanılmasında onunla görüşə bilmədiyi üçün iştirak etmir. "xxxx" MMC-də Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir və 1200 manat məbləğində əmək haqqı alır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. 3 saylı Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilən AZ-V seriyalı, 085037 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

6. MŞB/3/2025-00109 saylı, xx.xx.2025-ci il tarixli mediasiya arayışına görə xx.xx.2025-ci il tarixində keçirilən mediasiya sessiyasının 60 manat mediasiya xərci İddiaçı ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

7. İddiaçı ilə Cavabdeh arasında faktiki nikah münasibətləri olmuş və həmin nikahdan xx.xx.2020-ci il təvəllüdlü X3 doğulmuşdur. Uşaq faktiki olaraq ananın himayəsindədir.

8. İddiaçı uşaqların saxlanılması üçün cavabdehdən hər ay 300 manat aliment tələb edir.

9. Cavabdeh tələb edilən həcmdə aliment ödəməyə razı olduğunu bildirmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

10. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:

11. 48-ci maddəsinə əsasən Bu Məcəllənin 44—45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar.

12. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

13. 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

14. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

15. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

16. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynlərin borcu olduğundan, uşaq yanında olan valideynin uşağın saxlanılmasında iştirak etməyən digər valideyindən aliment tələb etməsi əsaslıdır. Cavabdeh tələb edilən məbləğdə aliment ödəməyə razıdır və bu barədə tərəflər arasında mübahisə yoxdur. Odur ki, məhkəmə irəli sürülən iddianı əsaslı hesab edir.

17. Bundan əlavə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

18. Eyni zamanda həmin Plenum qərarında qeyd edilmişdir ki, Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir.

19. Yuxarıda göstərilən hüquqi mövqeyə görə məhkəmə hesab edir ki, sabit pul məbləğində təyin edilən aliment məbləği ölkə üzrə həmin il üçün müəyyən edilən minimum əmək haqqı (2025-ci il üçün 400 manat təşkil edir) məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir. Belə olduğu halda, tutulmalı olan 300 manat aliment məbləği 2025-ci il üçün müəyyən edilən minimum əmək haqqının 0,75 mislini təşkil edir.

20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.

21. Odur ki, uşaqların saxlanılması üçün alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixdən başlanmalıdır. Tətbiq edilən prosessual normalar:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

23. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

24. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

25. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;

26. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;

27. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

28. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir.

29. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Nəticə:

30. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq, xx.xx.2020-ci il təvəllüdü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimumum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

31. Həmçinin, mediasiya mərhələsində ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq, xx.xx.2020-ci il təvəllüdü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimumum əmək haqqının 0,75 (sıfır tam yüzdə yetmiş beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. Mediasiya xərcinə görə ödənilmiş 60 (altmış) manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar