Məhkəmə qərarları › İş №e-2(001)-4226/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4226/2024

30.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4226/2024 30.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin əşyaları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci X13, 2-ci döngə, 30B ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun oğlu və gəlinidir. Özünə xüsusi mülkiyyət hüququ ilə məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən 2 saylı evin 66-cı mənzilini 03 noyabr 2011-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən satmışdır. Həmin evin alqı-satqısından əldə etdiyi vəsait hesabına mübahisəli fərdi yaşayış evini təmirli vəziyyətdə almışdır. Cavabdehlər də ona məxsus olan fərdi yaşayış evinə köçmüş və 2011-ci ilin dekabr ayının 05-dən evdə yaşayırlar. Cavabdehlərin arasında ailədaxili münaqişələri yaranmışdır və bununla əlaqədar onların öz aralarında və onunla münasibətləri pozulmuşdur. Evində xeyli müddətdir ki, gərginlik yaşanır. Artıq vəziyyət son həddə çatmışdır. Cavabdehlərlə bir evdə yaşamaqları qeyri-mümkündür. Ona qarşı çox mənfi münasibət bəsləyirlər və evində yaşaya bilmir. Cavabdehlərin onun evində qalıb yaşamaları mülkiyyət hüquqlarını və rahatlığını pozur. Cavabdehlərlə qarşılıqlı razılaşma yolu ilə evdən çıxmaları barədə razılığa heç cür nail ola bilmir. Ona görə də onların məhkəmə yolu ilə evdən çıxarılması qərarına gəlmişdir. Cavabdehlər qeyd etdiyi kimi, ona məxsus olan mənzilə 2011-ci ilin sonunda köçmüşlər. Bu da o deməkdir ki, mübahisəli hüquq münasibəti 2009-cu ilin oktyabrın 1-dən sonra yaranmışdır. Belə olan halda, mübahisəyə Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Cavabdeh2 məhkəməyə iddiaya yazılı etirazla müraciət edərək bildirmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, həmin mənzil özbaşına tikilidir. 2011-ci ildə həmin mənzilin alınması o və keçmiş əri Cavabdeh1 demək olar ki, eyni vəsait qoymaqla baş tutmuşdur. Dəqiq desə, 30000 manatı Babək, 35000 manatı isə atası X4 qoymuşdur. Həmçinin, ona toy zamanı hədiyyə olunmuş qızıl zinət əşyaları, anasının da bağışladığı qızıllar daxil olmaqla həmin dövrdə əri Babək tərəfindən satılmışdır. Heç ondan icazə belə istənilmirdi. İşin faktiki halı ondan ibarətdir ki, 2011-ci ildə o və əri öz aldıqları evdə bugünədək yaşayırdı. Baxmayaraq ki, 2024-cü ildə o, aliment tələb etdiyinə görə onu boşadı. Anası yəni iddaçı zorla evinə gəlir, təhdidlər edir, onu qıcıqlandıran hal ondan ibarətdir ki, oğlundan aliment tələb etmişdir. Fiziki olaraq ona hücum edir, psixoloji olaraq basqı altında saxlamağa çalışır ki, o, öz evini tərk etsin. Lakin, o, öz atasının ona zəhmətlə aldığı evi tərk eləmək niyyəti yoxdur. 2 qızı və o, iddiaçıdan fərqli olaraq ilk gündən öz evində qeydiyyatdadırlar. İddia əsassızdır. Heç bir hüquqi əsasa söykənmir. Məhz ona görə də iddianın rədd edilməsinə dair ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək, yuxarıda qeyd olunan məzmunda izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etirazda göstərilən məzmunda izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh1 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2011-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 2, 66 saylı mənzili 58.016 manat məbləğinə X1. xx.xx.2011-ci il tarixli evin satılması haqqında müqavilə aktının surətindən görünür ki, ev satan X9 2 mərtəbəli evini (Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X13, 2-ci döngə, 30B nömrəli ev) İddiaçı 52.000 dollara satmış və pulunu tam şəkildə almışdır. "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli qiymətləndirmə rəyinin surətindən görünür ki, 2008-ci ildə tikilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X13, 2-ci döngə, 30B nömrəli evin inventar dəyəri 49.600 manat məbləğində müəyyən edilmişdir. 337260 nömrəli əhalidən vergilərin qəbulu üçün verilmiş qəbzin surətindən görünür ki, İddiaçı Biləcəri qəsəbəsi, X13, 2-ci döngə, 30B nömrəli evə görə torpaq və əmlak vergisi üçün Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə 47 manat məbləğində ödəniş etmişdir. xx.xx.2023-cü il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, X3 və X7 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X13, 2-ci döngə, 30B nömrəli evdə qeydiyyatdadırlar. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-959/2024 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia ərizəsinin və qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında Səadət Sarayında bağlanmış xx.xx.1997-ci il tarixli 1750 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X2 anası Cavabdeh2 yanında saxlanılması, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 Cavabdeh2 xeyrinə hər ay 220 manat alimentin tutulması qət edilmişdir. Bakı 16 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı cavabdehlərə qarşı hazırki mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş və bunun üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir; xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın verilməsi üçün məhkəmənin hesabına 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Biləcəri qəsəbə inzibati üzrə dairəsi üzrə nümayəndəliyi tərəfindən vəkil Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh2, İddiaçı, Cavabdeh1 və X3 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X13, 2-ci döngə, 30B nömrəli evdə (özbaşına tikili) yaşayırlar. Binəqədi rayonu Q.Abbasov adına 284 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X3 həmin məktəbdə Vİİİ m sinfində təhsil alır. E.Əliyev adına 297 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Məmmədova (Hüseynova) Nərmin Babək qızı 2013/2014-cü il tədris ilindən 2015/2016-cı tədris ilinə kimi həmin məktəbdə təhsil almış və Xİ sinfi bitirmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh1 iddiaçının oğlu, digər Cavabdeh2 isə iddiaçının keçmiş gəlnidir. Cavabdehlər bir ailə kimi 2011-ci ildən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci X13, 2-ci döngə, ev 30B ünvanında yaşamışlar. Hazırda da cavabdehlər həmin ünvanda yaşamağa davam edirlər. Mübahisəsi gedən ev Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Çünki həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və onun tikintisi üçün lazımi icazələr alınmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə etməsini qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 27.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmetinə dair hər-hansı hüququ və həmin hüququ təsdiq edən hüquqmüəyyənedici sənədi olmadığından, o müvafiq subyektiv hüquqa, malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı vergi ödəyicisi kimi Bələdiyyə qeydiyyatından keçməsi və fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabatın iddiaçının adına tərtib edilməsi belə, onun mübahisəli fərdi yaşayış evinə qanuni əsaslarla sahib olmasına dəlalət edə bilməz. Eyni zamanda məhkəməyə təqdim edilmiş mübahisəli fərdi yaşayış evi ilə əlaqədar alqı-satqı müqaviləsi isə mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmadığından, öz-özlüyündə etibarsız olan əqd məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci X13, 2-ci döngə, 30B ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, faktiki olaraq mövcuddur və həm iddiaçının və həm də cavabdehlərin (azyaşlı uşağı ilə birlikdə) bərabərlik prinsipinə uyğun olaraq orada eyni şərtlər daxilində yaşamaq hüquqları vardır. Bunun əksinin qəbul edilməsi, yəni, iddiaçının qanunsuz tikili hesab edilən həmin evdə yaşamasının qəbul edildiyi halda, cavabdehlərin oradan çıxarılmaları hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, iddiaçıya münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Eyni zamanda bu cür yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə də uyğun hesab edilə bilməz. Həmin normaya görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Beləliklə məhkəmə, cavabdehlərin 13 ildən çox mübahisəli evdə yaşadıqlarını, həmin evdə təsərrüfat apardıqlarını, uşaqlarının Binəqədi rayonu ərazisində təhsil aldıqlarını, həmin evdə yaşadıqları müddətdə yaxşılaşdırmalar aparmaları barədə sübut təqdim edilməsə belə, bu halın ağlabatan olduğunu, cavabdehlərin başqa yaşayış yerlərinin mövcud olması barədə işdə hər hansı sübut olmadığını, mübahisəli evin özbaşına tikili olduğunu, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmadığını nəzərə alaraq hesab edir ki, iddiaçı kimi cavabdehlərin də mübahisəli fərdi yaşayış evində yaşamaq hüquqları vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Ona görə də iddia rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar