Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4232/2020 08.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı1, İddiaçı4 və İddiaçı3, Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, “xxxxxxxx” ASC və “Azəriqaz” İstehsalat Birliyinə qarşı özbaşına tikilinin sökülməsi, dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 üçüncü şəxs qismində Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası DİN Binəqədi RPİ 4-cü Polis Şöbəsini, “xxxxxxxx” ASC-ni və “Azəriqaz” İB-ni qeyd etməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. İşə baxıldığı müddətdə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddia tələblərini dəyişmiş və cavabdehlər qismində Cavabdeh1, Cavabdeh2, “xxxxxxxx” ASC və “Azəriqaz” İstehsalat Birliyini qeyd etməklə özbaşına tikilinin sökülməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Lənkəran rayonunda qeydiyyatdadır, lakin 2015-ci ildən ailəlikcə Binəqədi qəsəbəsi, X5, 1 -ci Mədən, 8-ci korpus ünvanında «FAB Boya» ərazisi yaxınlığında yerləşən fərdi evdə yaşayırlar. Həmin fərdi yaşayış evi Binəqədi qəsəbə Bələdiyyəsi ərazisində yerləşən torpaq sahəsinin 187 kv.m. ərazisində tikilmişdir. 2018-ci ilin may ayından etibarən iddiaçıların evinin hasarının səkisində yüksək gərginlikli elektrik xəttlərinin və elektrik dirəyinin mühafizə zolağında iki bir neçə dəfə məhkumluğu olmuş şəxslər - Cavabdeh1 və Cavabdeh2 tərəfindən şəhərsalma və tikinti normaları ciddi surətdə pozulmaqla özbaşına tikinti - gecəqondu tikib orada yaşamağa başladıqları ilk gündən bəri bu iki ailə tərəfindən dinc, azad, firavan yaşamaq hüquqları kobud şəkildə pozulub. Həmin şəxslər qeyd olunan ərazidə ilk yaşamağa başladıqları gündən etibarən iddiaçıların evinə daxil olan elektrik xəttini kəsərək öz gecəqondularına elektrik xətti çəkmiş, lakin iddiaçıların kəskin etirazlarından sonra həmin xətti ayıraraq elektrik kabelini yararsız hala salmış, iddiaçıların mala vurduğu hasarı vurduqları mismarlarla pis hala salmışlar. Cavabdeh2 iddiaçıların həyətinə gecə vaxtı hasardan daxil olaraq iddiaçılara məxsus dəmir darvazaya zərbə yetirmiş və eyni zamanda Cavabdeh1 ilə birlikdə 9 m-lik kanalizasiya borusunu və məişət-çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş şambonu sındırmışdırlar. İddiaçılar bütün bu etdiyi hərəkətlərə görə həmin şəxslərə öz iradlarını bir neçə dəfə bildirsələr də, həmin şəxslər etdiyi hərəkətləri etiraf etsələr də, dəymiş maddi ziyanı ödəməmiş həmçinin bu qanunazidd hərəkətləri etməyə davam etmişlər. Həmin şəxslərə məxsus özbaşına tikilinin sökülməsinə köməklik göstərilməsi barədə İddiaçı1 tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət olunmuş və İcra Hakimiyyətinin məsul işçiləri tərəfindən Cavabdeh1 ictimai-birgə yaşayış qaydalarını yenidən pozacağı, iddiaçıların kanalizasiya anbarına yenidən özbaşına müdaxilə edəcəyi təqdirdə onların həmin ərazidən köçürüləcəyi ilə bağlı ciddi xəbərdarlıq etmişdir. Cavabdehlər həmin ərazidə ev tikintisi üçün onlara icazənin Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verildiyini bildirsələr də, heç bir icazə sənədləri yoxdur. Təsadüfi deyil ki həmin şəxslər bir neçə dəfə həmin ərazidə ev tikməyə cəhd göstərsələr də, onların tikdiyi ev elə Binəqədi Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən sökdürülmüş, həmçinin cavabdehlərin evi bir gecə içində tikmələri də bir daha onu göstərir ki, onların bu tikintini aparmağa heç bir icazələri olmamışdır. Bundan əlavə cavabdehdlər işığdan və qazdan qeyri-qanuni istifadə edir və bu barədə iddiaçılar tərəfindən aidiyyəti qurumlara məlumat verilsə də, hər hansı tədbir görülməmişdir. Bütün bunlar bir daha onu göstərir ki, həmin şəxslər ilk növbədə iddiaçılar üçün daha sonra isə ətrafda olan bütün qonşular üçün real təhlükə mənbəyidirlər. Cavabdehlərin inşa etdikləri özbaşına tikili iddiaçıların hasarına məsafə qoyulmadan tikildiyinə, tikilinin yağıntıların axması üçün normal tikilmiş evlərdə nəzərdə tutulan hər hansı novları olmadığına və hasarın alt hissəsi metal, dəmir əşyalarla tutulduğuna görə iddiaçıların evinin hasarı aşağı hissədən hava almadığından hündürlüyü 2.5 metr olan hasarın 25 metr uzunluqda olan hissəsi aşağıdan uçulmaqdadır və hətta onun gələcəkdə aşmaq təhlükəsi vardır. Hasarın qeyd olunan 62.5 kv.m. sahəsinin hər iki üzdən təmiri üçün indiki bazar qiyməti ilə götürüldükdə 460 manat tələb olunur. Cavabdeh2 iddiaçılara məxsus sayğaca daxil olan elektrik kabelini ortadan kəsdiyindən kabelin yenisi ilə əvəz olunması lazımdır ki, bunun üçün də “xxxxxxxx” ASC tərəfindən hələ təkcə təmir xərci olaraq 35,65 manat tələb olunur. Çünki qiymətlərin razılaşdırma protokolundan da aydın olduğu kimi, 35,65 manata yeni kabelin qiyməti daxil deyildir. 15 metrlik yeni kabel dəyişdirilməli olduğundan bunun üçün də indiki bazar qiyməti ilə ümumilikdə 50,65 manat tələb olunur. Cavabdehlərin müxtəlif vaxtlarda etdikləri qanunazidd hərəkətlərinə görə bu günə qədər iddiaçıların müxtəlif dövlət orqanlarına müraciət etdiklərinə görə vaxtları sərf olunub və hər hansı gəlir gətirən fəaliyyətlə məşğul ola bilmədiklərindən əldən çıxmış faydanı 500 manat qiymətləndirirlər. Eyni zamanda cavabdehlərin qanunazidd hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçılara həm də böyük həcmdə mənəvi ziyan dəymişdir. Çünki artıq iki ilə yaxındır ki, həmin şəxslər onların dinc, firavan yaşamaq hüquqlarını pozur, onlara məxsus insan həyatı üçün təhlükəli vəziyyətdə olan özbaşına tikililər ilə daim iddiaçıları təhdid altında saxlayırlar. Cavabdeh2 iddiaçıların evinə aid olan kanalizasiya anbarından özbaşına şəkildə istifadə etməkdədir. Buna görə də iddiaçılar İddiaçı2 məxsus və hal-hazırki bazar dəyəri 43.500 manat olan fərdi yaşayış evini tərk edib, köçməyə məcbur olmuşlar. Qeyd olunanlara əsasən iddiaçılarBinəqədi qəsəbəsi, X5, 1-ci Mədən, 8ci korpus ünvanında «FAB Boya» ərazisi yaxınlığında İddiaçı2 məxsus fərdi yaşayış evinin hasarına bitişik səkidə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus bütün özbaşına tikililərin sökülməsi, İddiaçı2 məxsus fərdi yaşayış evinə aid hasardan istifadəyə son qoyulması, cavabdehlər “xxxxxxxx” ASC və “Azəriqaz” İB tərəfindən müvafiq olaraq elektrik enerjisi və qazın qanunsuz verilməsinin dayandırılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mütənasib şəkildə 1010,65 manat maddi ziyana görə pul vəsaitinin alınıb İddiaçı2 verilməsi, iddiaçıların hər birinə 10.000 manat mənəvi ziyana görə pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı eyni zamanda izahatında bildirdi ki, məhkəməyə təqdim olunmuş video yazıdan da aydın göründüyü kimi, Cavabdeh1 onları nəlayiq söyüşlərlə təhqir etmişdir. Onların evi yol kəsişməsində olduğuna görə, ətrafda olan bütün qonşular həmin vaxt səsə çıxmış və Cavabdeh1 tərəfindən işlədilən ifadələri eşitmişlər. Bu fakt, eyni zamanda cavabdehlərin digər, uzun müddət ərzində davam edən və video yazıya düşməyən əhlaqsız hərəkətləri, onlara – bir ailə olaraq çox ciddi mənəvi sarsıntılar yaşatmışdır. Bunun nətəcisən o özü xəstəlik tapmış və hal-hazırda müalicə qəbul edir. Məhkəmə iclasında iştirak edən İddiaçı4 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, iddia tələbini “xxxxxxxx” ASC-yə aid olan hissədə qəbul etmir. Belə ki, iddiaçıları belə tələblə məhkəməyə müraciət etməyə subyektiv hüquqları yoxdur. Qalan hissədə iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh1 məhkəməyə bildirdi ki, iddia tələbini qəbul etmir. Elektrik enerjisindən ona pulsuz istifadə etməyə icazə verilib, sayğac qoyub pul ödəməyə onun imkanı yoxdur. Bunun iddiaçılara heç bir aidiyyəti yoxdur. Eyni zamanda onun məhkumluq həyatı yaşayıb-yaşamamasının da hazırkı iddia çərçivəsində müzakirə edilməsinə etiraz edir. Digər iddiaçı, cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarında aşağıdakılar göstərilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həminazadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Konstitusiya Məhkəməsinin qeyd edilən mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” x xxxx 2015-ci il tarixli Plenum Qərarında təkrarlanmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Hazırkı işin materiallarından görünür ki, iddiaçıların tələbinin bir hissəsi “Binəqədi qəsəbəsi, X5, 1-ci Mədən, 8-ci korpus ünvanında «FAB Boya» ərazisi yaxınlığında İddiaçı2 məxsus fərdi yaşayış evinin hasarına bitişik səkidə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus bütün özbaşına tikililərin sökülməsi”, İddiaçı2 məxsus fərdi yaşayış evinə aid hasardan istifadəyə son qoyulması, cavabdehlər “xxxxxxxx” ASC və “Azəriqaz” İB tərəfindən müvafiq olaraq elektrik enerjisi və qazın qanunsuz verilməsinin dayandırılması” ilə bağlıdır. İddiaçıların Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ mədən, korpus 8 ünvanında yaşamaları işin mübahisəsiz halı olsa da, onların yaşadığı ev də, cavabdehlərin evləri kimi, özbaşına tikilidir və nə evə, nə evin yerləşdiyi torpaq sahəsinə mülki qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədləri mövcud deyil. Belə olan halda qanunsuz inşa edilmiş tikililərin sökülməsi və eyni zamanda həmin tikililərdə elektrik enerjisindən və qazdan qeyri-qanuni istifadəyə son qoyulmasına dair tələb irəli sürmək subyektiv hüququ iddiaçılara deyil, aidiyyəti qurumlara aiddir. İddia ərizəsinin “hasardan istifadəyə son qoyulması” və 1010,65 manat maddi ziyana görə pul ödənilməsi hissəsinə gəldikdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddia tələbinin qeyd olunan hissələri iddiaçı tərəfindən sübuta yetirilməli olduğu halda, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə hasarın hansı formada və kim tərəfindən istifadə olunması, maddi ziyanın iddiaçılara məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən vurulması və maddi ziyanın məbləği öz təsdiqini tapmır. İddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsini məhkəmə qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir» «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyn məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, « ... Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəları və X4 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər». Həmin Qərarın 8-ci bəndində təsbit edilmişdir ki, « ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun». Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: a) ziyanın vurulması; b) ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; v) əvvəlki iki elementlər arasında səbəbli əlaqə; d) ziyanvuranın təqsiri. İş materiallarından iddiaçıların mənəvi sarsıntılarının Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində baş verməsi müəyyən edilir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş video yazıdan görünür ki, Cavabdeh1 iddiaçıları nəlayiq ifadələrlə təhqir etmişdir. Həmin ifadələrin ona və ya onun ailə üzvlərinə ünvanlandığını eşidən şəxsin sarsıntı keçirməli olması inkar olunmazdır. Bununla yanaşı məhkəmə vurulmuş mənəvi zərərə görə cəmi 40000 manat tələbini ağlabatan hesab etmir. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyn məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №-li Qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və səhhəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul Cavabdeh1 tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul Cavabdeh1 tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 0,73 (yetmiş üç) qəpik hissəsi Cavabdeh1 tutularaq iddiaçılara ödənilsin. Ödənilmiş dövlət rüsumunun 29,27 manat hissəsi iddiaçıların özlərinə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-4232/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4232/2020
08.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver