Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4360/2022 19.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)- 6016/2019 qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün təyin olunan hər ay qazancının 1/3 hissəsi miqdarında tutulan alimentin miqdarının azaldılaraq mediasiya təklifi tarixindən hesablanmaqla hər ay hər uşaq üçün 400 manat olmaqla cəmi 800 manat sabit pul məbləğində alimentin tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-6016/2019 qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün təyin olunan hər ay qazancının 1/3 hissəsi miqdarında tutulan alimentin miqdarının azaldılaraq mediasiya təklifi tarixindən hesablanmaqla hər ay hər uşaq üçün 400 manat olmaqla cəmi 800 manat sabit pul məbləğində alimentin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Əlyar və xx.xx.2013-cü il təvəllüdlü Ömər adlı iki övladları dünyaya gəlmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-6016/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə tərəflərin arasındakı nikah pozulmuş, uşaqların analarının yanında qalması və atanın gəlirinin 1/3 hissəsi həcmində uşaqlara aliment ödənilməsi qət edilmişdir. Məhkəmə baxışı zamanı 10 yaşı tamam olmuş Əlyar məhkəmə tərəfindən dinlənmiş və o, anası ilə qalmasını istəmişdir. İddiaçının aylıq gəliri 3500 manat təşkil edir və o hər ay 1166 manat aliment ödəyir. Alimentin miqdarı iki uşağa birlikdə əvvəllər 1500 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı ikinci dəfə nikaha daxil olmuş, ikinci nikahından bir övladı dünyaya gəlmişdir. İddiaçının ikinci nikahından olan arvadı işləmir və ailənin maddi durumu tək atadan asılıdır. İddiaçı qazancı yaxın gələcəkdə azalmaya doğru dəyişəcəkdir. İddiaçı üç övladına eyni qayğını göstərməlidir. Lakin iddiaçı birinci nikahından olan uşaqları Ömər və Əliyara hər birinə 583 manat aliment ödəyir. Bu məbləğ onların həqiqi ehtiyaclarından və onlara real xərclənən vəsaitdən çox yüksəkdir. Həmin məbləği cavabdeh heç də uşaqlarına xərcləmir. Bu hal uşaqlar məhkəməyə dəvət edilməklə müəyyən oluna bilər. İddiaçı üçüncü övladına da lazım olan qayğını göstərməlidir. Bundan başqa uşaqların qayğısına qalmaq, onların xərclərini qarşılamaq tək atanın deyil, həm də ananın da vəzifəsidir. Tərəflərin nikahı pozularkən iddiaçı cavabdehi və uşaqlarını öz mülkiyyətində olan mənzildə saxlamışdır. İddiaçı 2021-ci ildə BP şirkətindən işdən çıxarkən işdən çıxma müavinətindən cavabdehə 15000 manatdan çox vəsait ödənilmişdir. Cavabdeh həmin vəsaiti nəyə sərf etməsini izah edə bilərmi. İddiaçı daha yüksək məvacibli işini itirərək aşağı maaşlı işə keçmişdir. İddiaçı 3 uşağa görə əmək haqqının 1\3 ödəməlidir. Belə olan halda hər bir uşağa 389 manat aliment düşə bilər. Respublikada uşaqlar görə yaşayış minimumu 193 manat təşkil edir. İddiaçı cavabdehə aliment ödəməklə kifayətlənmir. Hər mövsüm uşaqlarının uzun müddət istifadə edilən geyimlərini alır, onları gəzintilərə aparır. Hal-hazırda sübut təqdim edə bilməsə də, iddiaçı uşaqlarının təhsil xərclərində də iştirak edir. İddiaçının ikinci nikahından olan arvadının işləməsi halı isə iddiaçının birinci nikahından olan uşaqlarının saxlanması üçün heç bir aidiyyatı yoxdur. Ona görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)- 6016/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş iddiaçının gəlirinin 1/3 hissəsi həcmində alimentin miqdarının azaldılaraq, sabit pul məbləğində müəyyən edilməklə mediasiya təklifi tarixindən hər uşaq üçün hər ay 400 manat olmaqla cəmi 800 manat alimentin İddiaçı Cavabdeh xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinin qəbul etməyərək izahatında göstərmişdir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 6016/2019 saylı qətnaməsinə əsasən iddiaçı ilə aralarındakı nikah pozulmuş, birgə nikahlarından olan uşaqlar onun yanında saxlanılmış, İddiaçı gəlirlərinin 1/3 hissəsi həcmində alimentin onun xeyrinə tutulması qət edilmişdir. İddiaçının işlədiyi Bestcomp Group QSC məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli 20-07/01 nömrəli arayışında əmək haqqının 3500 manat, ödənilən alimentin 1166,67 manat olması qeyd etmişdir. Onun vəkilinin Bestcomp Group şirkətinə verdiyi xx.xx.2022-ci tarixli sorğusuna şirkət cavab olaraq bildirmişdir ki, İddiaçı kooperariv satış meneceri vəzifəsində çalışır və aylıq 3984 manat əmək haqqı alır. Onda olan məlumata görə İ.Ə. Abdullayevin ikinci həyat yoldaşı da əmək fəaliyyəti ilə məşğuldur. Lakin, hal-hazırda analıq məzuniyyətindədir. Həyat yoldaşının 3000 manata yaxın əmək haqqı almasını ona İddiaçı özü demişdir. İddiaçının aldığı böyük məbləğdə əmək haqqı hər üç uşağın və ailənin saxlamasına yetəcək qədərdir və gələcəkdə alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə zəmin yaradır. İddiaçı uşaqlarının saxlanması üçün alimentdən başqa əlavə xərc çəkməsini bildirsə də, bu həqiqət deyildir. İddiaçı uşaqlarına aldığı geyimləri öz yaşadığı mənzildə saxlayaraq yalnız uşaqlar iddiaçı ilə görüşə gedərkən geyinməyə icazə verir. İddiaçı uşaqlarının təhsilinə, müalicəsinə xərc çəkmir. Belə ki, o, 8-ci sinifdə təhsil alan və növbəti il üçün imtahanlara hazırlaşan Əlyarın ingilis dili kurslarına görə hər ay 120 manat, riyaziyat kursuna görə hər ay 100 manat, 4-cü sinifdə təhsil alan Ömərin bütün fənlərdən hazırlaşması üçün hər ay 150 manat ödəməli olur. Bundan başqa Əlyar atasının peşəsini seçdiyindən onun Step akademiyaya getməsi üçün hər ay 600 manat tələb olunur. Övladları böyüdükcə xərcləri də artır. Bundan başqa o, uşaqlarının müalicəsinə də əlavə xərclər çəkir. Loqoped kimi işləsə də, onun qazancı dəyişkəndir, özünün, uşaqlarının təminatına yetmir. İddiaçının mülkiyyətində olan mənzildə yaşasalarda, iddiaçı hər dəfə onu mülkiyyətində olan mənzildən çıxaracağı ilə hədələyir. Hesab edir ki, iddiaçının özü və həyat yoldaşı işləyərək kifayət qədər gəlir əldə etdiklərindən iddia ərizəsi təmin edilə bilməz. Ona görə də iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi X10 Cavabdeh izahatını təsdiq edərək idda ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir.Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. (Uşaq hüquqları haqqında Qanunun 5-6 mad.) Səadət Sarayı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ № 396575 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə X5 xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikah haqqında akt qeydləri kitabında 328 nömrəli nikah haqqında akt qeydi tərtib olunmuş, nikahdan sonra arvada Abdullayeva soyadı verilmişdir. 2 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İV № 714947 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 727 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası İddiaçı, anası X2r. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-6016/2019 saylı qətnaməsinə əsasən, iddia ərizəsi təmin edilərək İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1262 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 anaları Cavabdeh yanında saxlanılması, İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, Cavabdeh peşə hazırlıq kursları fəaliyyətini göstərir. Bestcomp Group QSC-nin xx.xx.2022-ci il tarixli 20-07/01 saylı arayışdan müəyyən olunur ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı Bestcomp Grup QSC-də xx.xx.2021-ci ildən çalışır, hal-hazırda onun vəzifəsi korporativ satış meneceridir, aylıq əmək 3984 manat təşkil edir, hər ay işçi 1166,67 manat aliment ödəyir. Bestcomp Group QSC-nin xx.xx.2022-ci il tarixli 01 saylı məktubundan müəyyən olunur ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı Bestcomp Grup QSC-də korporativ satış meneceri vəzifəsində çalışmaqla aylıq əmək 3984 manat təşkil edir. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı iş yerini dəyişdikdən sonra yeni iş yerində aldığı əmək haqqının 1\3 hissəsi miqdarında cavabdehə aliment ödəyir. Məhkəmə araşdırması zaman iddiaçının nümayəndəsinin izahatı ilə iddiaçının alimentdən əlavə uşaqlarını geyim əşyaları ilə təmin etməsi, istirahətlərinin təmin edilməsi üçün əlavə xərclər çəkməsi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, tələbin qanuni əsası olan normanın tələbinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Birinci nikahından olan övladlarının saxlanması üçün təyin olunmuş alimentin məbləğinin azaldılmasını xahiş edən iddiaçı nikaha daxil olduğu şəxsin işləməməsini, ikinci nikahdan övladının doğulmasından sonra ailəsinin maddi çətinliklərlə qarşılaşmasını təsdiq edəcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən, əksinə iddiaçının nümayəndəsinin izahatı ilə iddiaçının alimentdən əlavə uşaqlarının saxlanması üçün xərc çəkməsi müəyyən olunduğundan məhkəmə iddia ərizəsini əsassız hesab edib təmin etmir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-6016/2019 qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün təyin olunan hər ay qazancının 1/3 hissəsi miqdarında tutulan alimentin miqdarının azaldılaraq mediasiya təklifi tarixindən hesablanmaqla hər ay hər uşaq üçün 400 manat olmaqla cəmi 800 manat sabit pul məbləğində alimentin tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-4360/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4360/2022
19.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver