Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-460/2024 24.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşağın atanın yanında saxlanılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşağın atanın yanında saxlanılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 04 sentyabr 2004-cü il tarixdə Binəqədi Rayon Leyla nikah evində 691 № ilə qeydə alınmış nikahın pozulması və 19 iyul 2015-ci il təvəllüdlü X2 İddiaçı yanında saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə Binəqədi rayon Leyla nikah evində nikaha daxil olaraq ailə qurmuşdur. Bu barədə nikahın bağlanılması haqqında akt qeydləri kitabında 04 sentyabr 2004-cü il tarixdə 691 № ilə qeydə alınmışdır. Onların birgə nikahlarından 25 may 2005-ci il təvəllüdlü X6, 01 dekabr 2006-cı il təvəllüdlü X7 və 19 iyul 2015-ci il təvəllüdlü X8 adlı üç övladları vardır. Cavabdehlə əvvəllər ailə münasibətləri yaxşı olsa da sonradan aralarında yaranan söz-söhbət onların bir ailə kimi birlikdə yaşamasını mümkünsüz etmişdir. Hazırda cavabdehlə münasibətləri pozulmuş, faktiki olaraq onlar ayrı yaşayırlar. Aralarında ailə münasibətinin saxlanması və barışıq əldə edilməsi qeyri-mümkündür, bu səbəbdən o, nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmək məcuriyyətində qalmışdır. Nikah pozulduqdan sonra uşaqlar onun yanında qalmaq istəyirlər. Onların məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu üçün onlar 22 avqust 2023-cü il tarixdə mediasiya prosesində iştirak etsələr də aralarında barışıq əldə olunması mümkün olmamışdır. İlkin mediasiya sesiyasının keçirilməsi üçün 50 manat məbləğində dövlət rüsumu onun tərəfindən ödənilmişdir. Bununla bağlı Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, № MŞB/3/2023- 00791 nömrəli mediasiya arayışı məhkəməyə təqdim olunmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, nikahın pozulmasına razı olduğunu bildirib, birgə nikahdan olan 19 iyul 2015-ci il təvəllüdlü X2 onun yanında saxlanılmasını və uşaq onun yanında saxlanılacağı halda qanunda nəzərdə tutulmuş alimentin onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, hazırda Nərgiz onun yanında qalır. Nərgizi məktəbə onun anası aparıb-gətirir, yeməyi və digər qayğıları ilə onlar məşğul olur. Nərgiz dərs tapşırıqlarını bacı-qardaşı ilə yerinə yetirir. Nərgiz bu gün də iclasa onunla birlikdə gəlmişdir. Cavabdehin Nərgizi yanında saxlamaq istəməsi yalnız ondan aliment ala bilməsi üçündür. Göründüyü kimi, cavabdehin özü məhkəmə iclasına belə gəlməmişdir. Həmçinin qeyd etdi ki, uşaqların onun yanında saxlanılacağı təqdirdə onun cavabdehdən aliment tələbi yoxdur. O, bu barədə məhkəməyə yazılı ərizə də verdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 192.3-cü maddəsinin tələblərinə uyğun olaraq yalnız Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 143 nömrəli tam orta məktəbinin nümayəndəsi - psixoloq X1 iştirakı ilə məhkəmə iclasında fikri dinlənilən xx.xx.2015-ci il təvəllüdlü X8 bildirdi ki, o, hazırda atası, nənəsi və qardaş-bacısı ilə qalır, valideynləri arasında nikah pozulduqdan sonra da atası, nənəsi və qardaş-bacısı ilə qalmaq istəyir. O, hər iki valideynini çox sevir, istəməzdiki valideynləri arasında münasibətlər pozulsun. Onu məktəbə ata nənəsi aparıb gətirir, yeməyini nənəsi verir, dərslərinə isə qardaş-bacısı köməklik edir. O, qardaşını və bacısını çox sevir, onlarda onu çox sevir. Onlarla vaxt keçirmək ona xoş olur. O, əlbbətə ki, qardaşından və bacısından ayrı yaşamaq istəmir. O, istədikdə anası ilə də gedib yaşayır. Buna heç kəs maneə törətmir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və Nərgizin fikrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İ seriyalı 109530 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X11 arasında nikah 04 sentyabr 2004-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu Leyla nikah evində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 691 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Zeynalova” soyadı verilmişdir. AZ-İ seriyalı 615670 №li, AZ-İİİ seriyalı, 594955 №li və AZ-İ seriyalı, 876566 №li doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, 25 may 2005-ci il təvəllüdlü X3, 01 dekabr 2006-cı il təvəllüdlü X4 və 19 iyul 2015-ci il təvəllüdlü X2 analar Cavabdeh, ataları isə İddiaçıdur. 22 avqust 2023-cü il tarixli mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh iştirak etmiş və tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini İddiaçı ödəmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının 21 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52, 58,60-cı maddələrini nəzərə alaraq, xx.xx.2006-cı il təvəllüdlü X4 atası - İddiaçı, xx.xx.2015-ci il təvəllüdlü X5 isə anası Cavabdeh himayəsində qalmaları məqsədəmüvafiq hesab edilmişdir. Həmçinin həmin Rəydə qeyd edilmişdir ki, “Nərgiz suallara cavab olaraq bildirdi ki, 9 yaşı var, 143 saylı orta məktəbin 3-cü sinifində təhsil alır, yaxşı oxuyur. Gələcəkdə müəllim olmaq istəyir. Anası, atası, bacısı, qardaşı, nənəsi və babası ilə birlikdə yaşayır. Hər iki valideynini çox istəyir. Seçim etməkdə çətinlik çəkir, yəqin ki, valideynləri ayrı yaşasa atasının himayəsində yaşamaq istəyər. Anası və atasının xoşuna gəlməyən cəhətləri yoxdur. Ona yaxşı baxırlar. Nənəsi onu məktəbə aparıb-gətirir. Anası səhərlər onu yedizdirir,bəzən anası bunu etməyəndə nənəsi edir. Onun təmizliyinə, geyimlərinin səliqəsinə anası baxır. Dostları vardır, anası tanıyır. Uşaqlarla aparılan söhbət zamanı onların hansı valideynin yanında qalmaları barədə fikirlərinin kənar psixoloji təsir nəticəsində formalaşmasının əlamətləri müəyyən edilmədi. Həmçinin müəyyən edildi ki, tərəflərin birgə nikahından anadan olan Salman və Nərgizin bir-birlərinə qarşı emosional bağlılıqları zəifdir, Nərgizin hər iki valideyninə qarşı emosional bağlılığı vardır. O, atasının himayəsində yaşamaq istəməsini bildirsə də, bu fikrində israrlı olmamışdır. Həmçinin aparılan müşahidələrlə onun atasına qarşı hədsiz bağlılığı da müəyyən edilməmişdir”. Həmin Rəyə əlavə edilmiş 13 dekabr 2023-cü il tarixli həyat şəraitinin müayinə aktından görünür ki, İddiaçı və Cavabdeh ailə və mənzil-məişət şəraiti yaşayış üçün əlverişlidir. Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2024-cü il tarixli, 11/79 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 hal-hazırda anası Cavabdeh və atası İddiaçı eyni dərəcədə bağlılığı müəyyən olunur. xx.xx.2015-ci il təvəllüdlü X2 bacısı və qardaşına bağlılığı müəyyən olunmaqla, normal psixi inkişafı baxımından onlarla ünsiyyətdə olması məqsədəmüvafiqdir. xx.xx.2015-ci il təvəllüdlü X2 hal-hazırda psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamasını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri üzə çıxmır. Cavabdeh və İddiaçı hal-hazıda fərdi psixoloji xüsusiyyətlərində azyaşlı övladlarının emosional irai sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Boşanmadan sonra uşağın hansı valideynin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psiixi inkişafına və psixoloji vəziyyətinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir. Aparılmış ekspertizanın dəyəri 80 manat təşkil edir. 28 avqust 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir. Elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı “TİMBER CONCEPTS”MMc-də mebel ustası vəzifəsində işləyir, əmək haqqı 360 manat təşkil edir. Cavabdeh isə adına aktiv əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 2004-cü ilin sentyabr ayından rəsmi nikahda olub yaşamaqlarına baxmayaraq, hazırda ailə münasibətləri kəsilmişdir. Tərəflərin birgə nikahlarından Fidan, Salman və Nərgiz adında 3 uşaqları var. Fidan yetkinlik yaşına çatmış, Salman və Nərgiz isə yetkinlik yaşına çatmamışdır. Həmçinin o da müəyyən edildi ki, hazırda uşaqların 3-ü də atalarının himayəsində yaşayırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 17.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır: ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə; ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; Eyni Məcəllənin 19.1-ci maddəsinə görə Ailə Məcəlləsinin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Eyni Məcəllənin 21.3-cü maddəsinə görə nikahın məhkəmə qaydasında pozulması ər- arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının ailə qanunvericiliyi nikahı kişi ilə qadının ailə qurmaq məqsədi ilə və hər ikisinin ailə qurmaq niyyəti olduğu halda müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqı kimi tanıyır. Nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək olur ki, belə nikahın bağlanmasından sonra ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri- mümkünlüyü müəyyən edildikdə heç kəs iradəsinin əleyhinə nikahda saxlanıla bilməz. Bu mənada məhkəmə tərəflərin bundan sonra ailə münasibətlərinin bərpasının mümkünsüzlüyü ilə bağlı iradə ifadəsini nəzərə alır və hesab edir ki, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildiyindən tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Həmçinin qeyd edilməlidir ki, Ailə Məcəlləsinin 22.1-ci maddəsinə görə nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 7.1-ci bəndində qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Məhkəmə 01 dekabr 2006- cı il təvəllüdlü X4 və 19 iyul 2015-ci il təvəllüdlü X2 yaşlarını və üstün mənafelərini rəhbər tutmaqla, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının 21 dekabr 2023-cü il tarixli rəyini qismən və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 11/79 nömrəli ekspert rəyini tam nəzərə alaraq hesab edir ki, tərəflər arasındakı nikah pozulduqdan sonra X2 və X4 iddiaçının yanında qalmaları onların mənafeyinə daha uyğundur. Məhkəmə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının 21 dekabr 2023-cü il tarixli rəyini ona görə qismən nəzərə alır ki, komissiya rəyində Nərgiz atasının himayəsində yaşamaq istədiyini lakin bu fikrində israrlı olmadığını qeyd etmişdir. Məhkəmə iclasında fikri dinlənilən Nərgiz isə hər iki valideynini çox sevdiyini və atasının himayəsində qalmaq istədiyini, qardaş-bacısından ayrı yaşamaq istəmədiyini bildirmişdir. Məhkəmə də bunu nəzərə alaraq, mübahisəni məhz uşağın maraqlarına uyğun şəkildə həll etməyi və Nərgizi istəyinə uyğun olaraq atasının himayəsində qalmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, iddiaçı uşaqların saxlanılmaları üçün cavabdehdən aliment tələb etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmalı, nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan doğulmuş uşaqları iddiaçının yanında saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 80 manat məbləğində ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Binəqədi rayonu Leyla nikah evində 04 sentyabr 2004-cü il tarixdə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 691 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərin ümumi uşaqları - 01 dekabr 2006-cı il təvəllüdlü X7 və 19 iyul 2015-ci il təvəllüdlü X9 İddiaçı yanında saxlanılsınlar. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 80 (səksən) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-460/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-460/2024
24.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver