Məhkəmə qərarları › İş №e-2(001)-4674/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4674/2024

08.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4674/2024 08.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması və aliment) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Verdiyev Elcan Elşad oğlunun katibliyi, İddiaçı İddiaçı Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə rəsmi qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2010-cü il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək onun yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət etdiyi vaxtdan 250 manat sabit pul məbləğində alimentin, 110 manat məbləğində məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar və birgə nikahdan Vahid və Davud adlı övladları doğulmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da sonradan müəyyən problemlər üzə çıxmış və münasibətləri kəskin şəkildə pisləşmişdir. Cavabdehlə aralarında baş verən münaqişələr nəticəsində münasibətləri pozulduğundan, birgə yaşamaqları qeyri-mümkün olmuşdur. Artıq uzun müddətdir ki, cavabdehlə faktiki olaraq ayrı yaşayır və birgə nikahdan olan övladları hal-hazırda onun himayəsindədir. Ailə münasibətlərinin bərpa olunması mümkün deyildir, nikahları formal xarakter daşıyır. Bu səbəbdən mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi.

Mülki işin materialları:

5. Nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflər xx.xx.2009-cu il tarixdə 435 nömrəli akt qeydi ilə Bakı şəhər Binəqədi Rayon Qeydiyyat Şöbəsində nikah bağlamışlar və bu nikahdan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013cü il təvəllüdlü X4 doğulmuşlar.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

6. 19.1. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

7. 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

8. 20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

9. 22-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və alimentin tutulmasını məhkəmə müəyyən etməlidir.

10. 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

11. 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

12. 60.3. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər.

13. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

14. 61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.

15. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

16. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddiaçı bir uşağının saxlanılması üçün cavabdehdən tutulacaq alimenti 175 manat məbləğində tələb edir. Həmin məbləğ «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanuna uyğun olduğuna görə cavabdehdən bir uşağın saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir.

17. 100-cü maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

Azərbaycan Respublikası Konstitusiyasının:

18. 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

19. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.

20. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

21. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar.

22. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər.

23. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin

24. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

28. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur:

Məhkəmənin mövqeyi:

30. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara görə təmin edilməlidir.

31. Belə ki, müəyyən edilmişdir ki, tərəflər xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş, bu barədə akt qeydləri kitabında 435 nömrəli akt qeydi ilə Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsində rəsmi nikah bağlamışlar və bu nikahdan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşlar.

32. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1 və 20.1-ci maddələrinə əsaslanaraq belə qənaətə gəlir ki, tərəflər artıq uzun müddətdir bir yerdə yaşamır, onların nikahları formal xarakter daşıyır, tərəflər könüllü olaraq nikahın pozulması ilə bağlı iradə ifadəsini açıq nümayiş etdirmişlər, eyni zamanda ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü təsdiq edildiyi üçün iddia təmin olunmalı, onların arasında olan nikah pozulmalıdır.

33. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi uşaq tələbinə dair hissədə də təmin edilməli, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşaqlar ananın, yəni iddiaçının himayəsində saxlanılmalıdır.

34. Belə ki, hazırda uşaqlar ana ilə birlikdə yaşayırlar, bundan başqa uşaqların ana nəvazişinə və qayğısına daha çox ehtiyacları vardır.

35. Qeyd olunan normalar konteksində məhkəmə hesab edir ki, uşağın əqli və fiziki cəhətdən sağlam inkişafı, təlim-tərbiyəsi heç şübhəsiz ki, ailədən başlayır və ailə üzvləri arasında harmonik davamlı münasibətlərdən birbaşa asılıdır. Uşağın anaya psixoloji cəhətdən daha çox bağlılığı məlumdur. Uşağın hətta müəyyən zaman kəsiyində ana qayğısı və nəvazişindən, ana ilə daimi ünsiyyətdən məhrum edilməsi onun psixikasına ziyan vurmaqla əqli və fiziki inkişafına, tərbiyəsinə olduqca mənfi təsir göstərir. Azyaşlı uşaqla ana arasında olan ünsiyyətin məhdudlaşdırılmasının onun psixikasına, fiziki inkişafına xüsusilə mənfi təsir göstərəcəyi şübhəsizdir.

36. Məhkəmə qeyd edir ki, iddia tələbi aliment tələbinə dair hissədə də əsaslı olduğu üçün təmin edilməlidir.

37. Məhkəmə AR Ailə Məcəlləsinin 75, 76 və 78.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki,valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə iddiaçının tələbini nəzərə alaraq alimentin sabit pul məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir.

38. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

39. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, uşaqların mənafeyini, eləcə də yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab edir ki, uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment müəyyən edilməklə tutulması ədalətli olar.

40. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

41. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ilə Həsənova (Hüseynova) Gülnar Eldar qızı arasında xx.xx.2009-cu il tarixdə 435 nömrəli akt qeydi ilə Bakı şəhər Binəqədi Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmalı, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 iddiaçı Həsənova (Hüseynova) Gülnar Eldar qızının yanında saxlanılmalı, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı Həsənova (Hüseynova) Gülnar Eldar qızının xeyrinə ödənilməli, qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilməlidir.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” iddia tələbi təmin edilsin. Cavabdeh ilə Həsənova (Hüseynova) Gülnar Eldar qızı arasında xx.xx.2009-cu il tarixdə 435 nömrəli akt qeydi ilə Bakı şəhər Binəqədi Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulsun. Nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 iddiaçı Həsənova (Hüseynova) Gülnar Eldar qızının yanında saxlanılsınlar. xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2010-cü il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı Həsənova (Hüseynova) Gülnar Eldar qızının xeyrinə ödənilsin. Mediasiya Şurası üçün ödənilmiş 60 manat və dövlət rüsumu üçün ödənilmiş 50 manat Cavabdeh tutularaq iddiaçı Həsənova (Hüseynova) Gülnar Eldar qızının xeyrinə ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar