Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4693/2024 12.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 250 (iki yüz əlli) manat olmaqla, iki uşağa görə 500 manat sabit pul məbləğində alimentin, 50 manat məbləğində mediasiya xərci və hüquqi yardımla bağlı ödədiyi 322 manat vəsaitin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-cı il tarixində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 doğulmuşdur. Cavabdehlə xeyli müddətdir ki, ayrı yaşayırlar. O, uşaqların maddi təminatı ilə maraqlanmamış və onların saxlanılmasında iştirak etməmişdir. Buna görə də cavabdehdən uşaqların saxlanılması üçün sabit pul məbləğində alimentin tutulmasını istəyir. Aliment məbləğini hər uşaq üçün hər ay 250 manat məbləğində olmaqla, iki uşağa görə 500 manat məbləğində təyin olunması xahiş etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron ərizə ünvanlayaq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bundan əlavə əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, uşaqlar çox kiçik yaşdadırlar. Cavabdeh özü də etiraf etmişdir ki, 4 aydır iddiaçıya uşaqların saxlanılması ilə bağlı pul verməmişdir və iddianın alimentlə bağlı hissəsində cavabdehdən sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət edəndən sonra nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. O, qapalı insan olduğunu və iddiaçı ilə nişanlı olan ərəfədə öz xasiyyəti barədə məlumat vermişdir. O, iddiaçıya açıq-saçıq geyinməməsini bildirmişdir. Bir müddət sonra evlilik dönəmində qayınanası yoldaşının psixoloji durumunu müalicə etmək üçün qızını öz yanına aparmaq istəyib. O, da etiraz etməmişdir. İddiaçının həqiqətən də psixoloji durumu yerində deyildir, belə ki, iddiaçı lezva ilə özünə xəsarət yetirmişdir. O, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğunu və aylıq əmək haqqısı 730 manat təşkil etdiyini bildirmişdir. Valideynləri xəstədir və onun himayəsindədirlər. Bundan başqa banka kredit borcu var. Ona görə də, əmək haqqısından 1/3 hissəsində alimentin tutulmasına razıdır. İddiaçı alimentə görə uşaqları öz himayəsində saxlayır .O, özü də uşaqları saxlaya bilər. İddiaçı ilə 4 aydan çoxdur ki, ayrı yaşayırlar. O, hər həftə uşaqları ilə görüşür, uşaqların ərzaq və geyim tələbatını təmin etdiyindən iddiaçıya hər hansı vəsait verməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. AA seriyalı, ******* saylı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X5 xx.xx.2019-cu il tarixində doğulmuşdur.
6. 1 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X4 Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
7. 1 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X5 Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
8. AA seriyalı, ******* saylı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X8 xx.xx.2018-ci il tarixində doğulmuşdur.
9. Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 164372 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında xx.xx.2016-cı il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3061№ ilə qeyd edilmişdir. Nikah bağlanandan sonra arvada “Seyidova” soyadı verilmişdir.
10. AA seriyalı, ******* saylı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı xx.xx.1993-ci il tarixində doğulmuşdur.
11. AA seriyalı, ******* saylı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1989-cu il tarixində doğulmuşdur.
12. Sumqayıt 1 saylı mediasiya təşkilatı tərəfindən verilən ilkin mediasiya sessiyasında sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etmiş və İddiaçı mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir və 50 manat mediasiya xərcini X6 ödəmişdir.
13. 28.06.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Sumqayıt şəhər 1 saylı vəkil bürosuna 322 manat ödənilmişdir. 14. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
15. Cavabdeh ilə X3 arasında xx.xx.2016-ci il tarixində nikah bağlanmış və tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşaqları vardır. İddiaçı cavabdehlə faktiki olaraq ayrı yaşadığını, cavabdehin uşağın saxlanılmasında iştirak etmədiyini bildirir və bu səbəbdən aliment tələb edir. Cavabdeh isə FHN-də işlədiyini, aylıq 730 manat əmək haqqı aldığını, himayəsində xəstə valideynləri olduğunu və kredit borcunun olduğunu bildirməklə, alimentin 1/3 hissədə tutulmasını xahiş edir. Eyni zamanda cavabdeh nikahın pozulması barədə iddia ilə artıq məhkəməyə müraciət etdiyini bildirmişdir. Tətbiq edilən maddi hüquq normaları:
16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
17. 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. 75.2-ci madəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.
18. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
19. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
20. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
21. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
22. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Tətbiq edilən prosessual normalar:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
28. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmənin mövqeyi:
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynlərin borcu olduğundan, uşaq yanında olan valideynin uşağın saxlanılmasında iştirak etməyən digər valideyindən aliment tələb etməsi əsaslıdır.
31. Belə ki, Ailə Məcəlləsi alimentin miqdarının müəyyən edilməsini aliment ödəməli olan şəxsin qazancı və digər gəlirləri ilə əlaqələndirsə də(Ailə Məcəlləsi 76), müntəzəm və kifayət qədər qazancı və ya ümumiyyətlə qazancı və sair gəliri olmayan valideynlərə münasibətdə uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu müəyyən mənada alimentin minimal meyarı kimi qəbul edilir. Belə ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir prinsipi məhkəmə təcrübəsində formalaşmışdır. Qanunda isə 2024-cü ilə görə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir.
32. Məhkəmə valideynlərin uşaqlarını saxlamağa borclu olduğunu, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu haqqında tələbləri, uşağın mənafeyinin üstünlüyünü, uşağın əvvəlki təminatının səviyyəsinin maksimal saxlanılmalı olmasını, cavabdehin etirazının dəlillərinin yaşayış minimumu miqdarında alimentin müəyyən edilməsini istisna etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olmaqla yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay, hər uşaq üçün 235 manat məbləğində müəyyən edilməlidir. Cavabdehin yaşayış minimumundan artıq aliment ödəmək iqtidarında olması ilə bağlı iddiaçı tərəfdən hər hansı sübut təqdim edilmədiyindən məhkəmə iddianı digər hissədə əsassız hesab edir.
33. Bundan əlavə uşaqların saxlanılması üçün alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən başlanmalıdır.
34. Məhkəmə xərcləri ilə bağlı məsələyə münasibətdə qeyd edilməlidir ki, mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilən 50 manat vəsaitin MPM-nin 119-cu maddəsinin tələbinə əsasən cavabdehdən tələb edilməsi əsaslıdır. Hüquqi yardım üçün vəkilə ödənilən xərcin cavabdehdən tutulması hissəsində məhkəmə hesab edir ki, işin mahiyyəti sadə olduğundan peşəkar hüquqi yardıma zərurətin olmaması, vəkilin 10 dəqiqə davam edən yalnız bir prosesdə iştirak etməsi nəzərə alınarsa 100 manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması ağlabatandır. Nəticə:
35. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixindən hesablanmalıdır.
36. 50 manat məbləğində mediasiya xərci və hüquqi yardımla bağlı 100 manat vəsait Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixindən hesablansın. 50(əlli) manat məbləğində mediasiya xərci və hüquqi yardımla bağlı 100(yüz) manat vəsait Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev