Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4708/2023 18.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərindən xx.xx.2007-ci il təvəllüdlü X2 anadan olmuşdur. Tərəflər artıq uzun müddətdir bir yerdə yaşamır, yetkinlik yaşına çatmayan anasının himayəsində yaşayır. Valideynlər uşaqlarını saxlamalı olduqlarından cavabdehdən iddiaçının xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. (Uşaq hüquqları haqqında Qanunun 5-6 mad.) Uşaq hüquqları bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İİ № 962396 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3114 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X3, anası İddiaçıdır. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin vəya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 234.2.-ci maddəsinə əsasən aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, uşaqlara münasibətdə atalığın müəyyən edilməsi üçün müraciət etmək hüququnun ilk növbədə valideynlərə aid olmasını, valideynlərin öz hüquqlarından istifadə etməmələrinin onların həmin uşaqlara münasibətdə vəzifələrinin icrasından azad edilməsi üçün əsas olmamasını, tərəflərin hər birinin maddi vəziyyətini, hər birinin himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını nəzərə alıb, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq belə nəticəyə gəlir ki, xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 200 manat aliment iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri bərabər hissələrdə tərəflərə aid edilməklə iddiaçının mediasiya ilə bağlı ödədiyi 50 manat onun özünə aid edilməli, ödənilməli olan 50 manat dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamə dərhal icra edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-4708/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4708/2023
18.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver