Məhkəmə qərarları › İş №e-2(001)-4749/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4749/2022

15.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4749/2022 15.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 680 manat məbləğində verilmiş sığorta ödənişinin və ödənilmiş 30,4 manat məbləğində dövlət rüsumunun, cəmi 710,40 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 31 mart 2022-ci il tarixində Tbilisi prospektində "xxxx" ASC-də “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası” üzrə sığortalanmış Cavabdeh2 məxsus olan “Qaz 24” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Ford Mondeo” markalı, “**-HO-***” dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X13 İdarəsinin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halı təfərrüatları barədə” arayışına İXP ******* saylı inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh1 yol-nəqliyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.1, 327.6-cı maddələrinə əsasən 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş www.isb.az saytından çıxarışdan göründüyü kimi, X9 tərəfindən idarə olunan “Qaz 24” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisə baş verən anda mövcuddur. Sığorta hadisəsi nəticəsində “Ford Mondeo” markalı, “**-HO-***” dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 680 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 680 manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Qaz 24” markalı, **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin PBA ********** saylı sığorta şəhadətnaməsindən göründüyü kimi, həmin avtomobil “nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Müqavilənin qüvvədə olma müddəti 14 iyun 2021-ci il tarixindən 14 iyul 2022-ci il tarixinədəkdir. İddia ərizəsinə əlavə edilmiş 14 aprel 2022-ci il tarixli zərərin hesablanması aktına əsasən hadisə nəricəsində “Ford Mondeo” markalı, “**-HO-***” dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 680 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş reyestrdən çıxarış sənədindən müəyyən olunur ki, AB №242102 saylı şəhadətnaməyə əsasən “Qaz 24” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsusdur. İddia ərizəsinə əlavə edilmiş 30 iyun 2022-ci il tarixli BS-C-22/2895 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün 680 manat məbləğində ödənişin 5 gün müddətində cavabehlərdən müştərək qaydada geri ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh1 rəsmi qaydada bildiriş göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişdir. Cavabdeh X1 rəsmi qeydə alındığı ünvanına bildiriş göndərilsə də, zərf “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə qaytarılmış, bununla da bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 14 iyun 2021-ci il tarixli, PBA********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Qaz 24” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka vurulan zərərə görə 5.000 manat həcmində, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5.000 manat, bir hadisə üzrə isə 50.000 manat həcmində “Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyətində icbari sığorta növündə sığorta edilmişdir. Müqavilənin qüvvədən düşmə tarixi 14 iyun 2022-ci il qeyd edilmişdir; 06 may 2022-ci il tarixli, 810/22 saylı sığorta aktından görünür ki, “Qaz 24” markalı, **-BD-***” dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortasının başlanma tarixi 14 iyun 2021-ci il, qurtarma tarixi 14 iyun 2022-ci ildir, 31 mart 2022-ci il tarixdə Bakı şəhəri Tbilisi prospektində baş vermiş sığorta hadisəsi nəticəsində “Qaz 24” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil “Ford Mondeo” markalı, “**-HO-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində sonuncuya dəymiş zərər 680 manatdır. Sığorta hadisəsi nəticəsində “Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X6 əmlaka dəymiş zərərə görə 680 manat məbləğində sığorta ödənişinin ödənilməsi göstərilmişdir; Əmlaka dəymiş zərərin qiymətləndirilməsinə dair aktdan görünür ki, “Ford Mondeo” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 680 manatdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, Bakı Şəhəri X13 İdarəsi bildirir ki, 31 mart 2022-ci il tarixdə saat 06:40 radələrində toqquşma nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Təqsiri olan şəxs barədə məlumat qrafasında avtonəqliyyat vasitəsinin markası “Qaz 24” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin, mülkiyyətçisi X3, hadisə baş verdiyi anda sürücü Cavabdeh1 göstərilmişdir. Zərər vurulmuş avtonəqliyyat vasitəsinin mülkiyyətçisi X8, hadisə zamanı avtonəqliyyat vasitəsini idarə edən şəxs X4 olduğu göstərilmişdir. 02 aprel 2022-ci il tarixli, İXP4546504 nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 “Qaz 24” markalı, **-BD-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Bakı rayon DYPŞ tərəfindən qəbul edilmiş 02 aprel 2022-ci il tarixli elektron qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi), 327.6 (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 100 manat məbləğində cərimə tətbiq edilmişdir; 12 may 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X5 hesabına 06 may 2022-ci il tarixli sığorta ödənişi aktına əsasən 680 manat məbləğində sığorta ödənişi köçürülmüşdür; "xxxx" ASC tərəfindən X2 və X2 ünvanlanmış 30 iyun 2022-ci il tarixli məktubdan görünür ki, onlardan 31 mart 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə ödənilmiş 680 manat məbləğində sığorta ödənişi tələb edilmişdir; 07 iyul 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1 və 25.1.3-cü maddələrinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, işdə olan sənədlərdən müəyyən edilir ki, 31 mart 2022-ci il tarixdə Cavabdeh1 digər Cavabdeh2 məxsus “Qaz 24” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etməklə ilə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Ford Mondeo” markalı, “**-HO-***” dövlət qeydiyyat nişanlı avtomobilə 680 manat məbləğində zərər dəymiş, həmin məbləğdə sığorta ödənişi iddiaçı tərəfindən zərərçəkən şəxsin hesabına köçürülmüşdür. Həmçinin, Cavabdeh1 yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, baş vermiş yol-nəqliyyat hadisəsində iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının cavabdehlərə qarşı iddia tələbi əsaslıdır və ona görə də, cavabdehlərdən 680 manat məbləğində sığorta ödənişinin əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin hesab edirəm ki, iddia tələbi təmin edildiyindən iddiaçının iddianın qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqının əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 680 (altı yüz səksən manat) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat məbləğində xidmət haqqının əvəzi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar