Məhkəmə qərarları › İş №e-2(001)-488/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-488/2024

01.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-488/2024 01.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sucayev Orxan Adıgözəl oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı və "xxxx" Kiçik Müəssisəsinin Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçılar məhkəmədən, 1) Cavabdeh hərəkətləri nəticəsində "xxxx" Kiçik Müəssisəsinin xüsusi mülkiyyətində olan Zabrat qəsəbəsi, Babək küçəsi 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi, istifadədə olan torpaq sahəsindən qanunsuz isitfadə etməklə, hərəkətləri nəticəsində əmlakına(binanın fasadına və bir otaqdan istifadə etməklə otaq və qapını yararsız hala saldığı üçün) vurduğu 8228.43 manat həcmində maddi ziyan tutularaq "xxxx" Kiçik Müəssisəsinə ödənilməsi, 2) Vərəsəsi olduğu, uzun müddət birgə yaşadığı həyat yoldaşına və ona qarşı törətdiyi hərəkətlər nəticəsində stres və sarsıntı, iztirab keçirdiyi üçün, sonda həyat yoldaşının bu hərəkətlərin təsiri nəticəsində rəhmətə getməyi səbəbindən, ona və həyat yoldaşına qarşı cavabdehin yol verdiyi hərəkətlərə görə ruhi sarsıntı və iztirab, həyəcan, acizlik, məyusluq nəticəsində cavabdehin hərəkətləri nəticəsində vurulmuş 100000 manat mənəvi ziyanın cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bildirirəm ki, Nuriyev X3 Rayon Məhkəməsinə təqdim etdiyi ərizəsində mərhum həyat yoldaşımdan 63.000 manat maddi ziyan və 10.000 manat mənəvi ziyan tələb etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 18 iyun 2007-ci il tarixdə X5 A.Hənifəyev ilə onun arasında 389 saylı “icarə müqaviləsi” bağlanmışdır. İcarə müqaviləsinin 1.2-ci bəndinə əsasən NK-nin 17 aprel 2000-ci il tarixli, 67 nömrəli və 20 iyun 2000-ci il tarixli, 106 nömrəli qərarlarına əsasən Zabrat qəsəbəsinin 1 may klubunun şimal-şərq hissəsində yerləşən 481 kv.metr torpaq sahəsi müvəqqəti istifadə üçün Bələdiyyə tərəfindən ona icarəyə verilmişdir. İcarə müqaviləsinin 1.4-cü bəndinə əsasən 1 kv.metr səhə üçün 0,02 qəpik icarə haqqı müəyyən edilmişdir. İcarə müqaviləsinin 2.4-cü bəndində qeyd olunur ki, icarəyə verənin razılığı olmadan icarəyə götürülmüş torpaq sahəsində heç bir əlavə tikinti və quraşdırma işləri aparmamağı, habelə müqavilə ləğv edildikdə icarəyə götürənin torpaq sahəsində quraşdırdığı müvəqqəti tikililəri öz hesabına sökmək vəzifəsi müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən məlum olub ki, qeyd olunan “icarə müqaviləsi” iddiaçının öz ərizəsi əsasında Zabrat Bələdiyyəsi tərəfindən xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir. Qeyd olunan hüquqverici sənədlərə (Bələdiyyə ilə bağladığı müqaviləyə) əsasən Cavabdeh müqavilə şərtlərinə görə torpaq sahəsində heç bir tikinti-quraşdırma işləri aparmamağı öhdəlik götürmüş, habelə quraşdırdığı tikililəri öz vəsaiti hesabına sökməyi öhdəlik götürmüşdür. xx.xx.2005-ci il tarixli “Mülkiyyət hüququ haqqında” şəhadətnamədən görünür ki, Zabrat qəsəbəsi Babək küçəsi 3 ünvanda yerləşən 3022.0 kv.m qeyri-yaşayış sahəsi "xxxx", kiçik müəssisənin mülkiyyətidir. Eyni zamanda xx.xx.1995-ci il tarixli akt və sair sənədlərdən məlum olur ki, 1 may mədəniyyət klubunun Babək küçəsi 3 ünvandakı 3022.0 kv.mqeyri-yaşayış sahəsinin yerləşdiyi ümumi torpaq sahəsi 1,5 hektar (torpaq sahəsində) ərazidə yerləşmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh qanunun tələblərinə zidd olaraq yaxın qohumu olmuş Bələdiyyə sədri ilə mənə məxsus torpaq sahəsinə dair Bələdiyyə ilə xx.xx.2007-ci il tarixdə icarə müqaviləsi rəsmiləşdirmişdir. Həmin müqavilənin ləğvi barədə cavabdeh dekabr 2018-ci il tarixdə Bələdiyyəyə ərizə təqdim edərək müqavilənin ləğv etdirmişdir. Hansı ki, cavabdehin “Kafe-klub” kimi işlətdiyi obyektin ünvanı Vergi Xidmətinin xx.xx.2011-ci il tarixli **********2 nömrəli Arayışdan məlum olur ki, fəaliyyət ünvanları ünvan 1erləşdiyi ünvan ünvan 2ə) bir ailə kimi yaşadığım həyat yoldaşım mərhum Rafiq Əlyev ilə hazırkı cavabdeh arasında Məhkəmə mübahisəsi 2019-cu ildə baxılarkən, mərhum R.Əliyev hazırkı cavabdehə qarşımaddi və mənəvi ziyan tələbi ilə qarşılıqlı iddia ərizəsini Məhkəməyə təqdim etmişdir. Lakin mərhum qarşılıqlı iddianı MPM-nin tələblərinə uyğun olaraq nəzərdə tutulmuş müddətdən sonra verdiyi üçün, ərizə icraata qəbul edilməmişdir. Yəni onun qarşılıqlı iddiası bu səbəbdən geri qaytarılmışdır. “Dövlət Əmlakının Özəlləşdirilməsi haqqında qanun” və “Dövlət proqramları” ilə müəyyən edilmiş qaydada dövlətdən mərhum həyat yoldaşım R.Əliyev ilə birlikdə aldığım əmlakın yerləşdiyi torpaq sahəsi-Dövlət torpağı hesab olunur. Bələdiyyələrin bu torpaqlara münasibətdə hər hansı hüquqları olmadığı üçün, dövlətin mənim xüsusi mülkiyyətimə verdiyi əmlakın yerləşdiyi torpaq sahəsinə münasibətdə Bələdiyyənin icarə müqaviləsi bağlanması, faktiki olaraq həmin icarə müqaviləsi əhəmiyyətsiz bir müqavilə olmuşdur. Bu müqavilənin əhəmiyyətsizliyini Cavabdeh və Bələdiyyə sonradan da olsa başa düşdükləri üçün, özləri bizimmüdaxiləmiz olmadan icarə müqaviləsini öz aralarında ləğv etmişlər. Əslində iddiaçının hərəkətləri qanunsuz olmaqla yanaşı, onun mərhum həyat yoldaşıma qarşı törətdiyi hərəkətlər nəticəsində xüsusi mülkiyyətimizdə olan əmlaklarımıza münasibətdə mənə maddi və mənəvi ziyan vurulmuşdur. Cavabdeh qanunu pozmaqla, mənim əmlakımın yerləşdiyi torpaq sahəsində özbaşına işlər görmüş, ərazidə kafe işlətmiş (hansı ki, onun fəaliyyət göstərməli olan kafesinin ünvanı həmin vaxt Babək 1 olmuş, mənim əmlakımın ünvanı Babək 3 olub), nəticədə mənim binama, yəni əmlakıma ziyan vurmuşdur. Ərazidə yerləşən qeyri-yaşayış sahəsinə cavabdehin hərəkətləri nəticəsində binanın fasad hissəsində və otaqlarına dəymiş ziyanı aradan qaldırmaqla, görüləcək təmir-tikinti işlərinin həcmi və dəyəri (işçilərə ödəniləcək əmək haqları, alınacaq tikinti materialları və s.) hazırkı bazar qiymətləri baxımından təmir bərpa işlərinə görə 10.000 (on min) manata yaxın pul vəsaiti xərcləmək zərurəti yaranmışdır. Cavabdehin h/yoldaşıma qarşı pul tələbinə dair mübahisə ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixdə və Ali Məhkəmə xx.xx.2022-ci il tarixdə yekun qərar qəbul edib. Cavabdeh mənim xüsusi mülkiyyətimdə olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsindən və əmlakdan saxlanc yeri kimi istifadə edərək gəlir əldə etmiş və mülkiyyətçi olaraq mənə bu əmlakdan istifadəyə görə heç bir haqq ödəməmişdir. Bu hərəkətini Bələdiyyə ilə onun arasında bağlanmış müqavilə ilə əlaqələndirmişdir. Əslində qeyd olunan torpaq sahəsindən və əmlakımdan qanunsuz istifadə etmiş, orada olan yaşıllığa ziyan vurmuşdur. Torpaq sahəsinin üstündə yerləşən mənə məxsus qeyri-yaşayış sahəsinə əmlaka ziyan vurulmuşdur. Əmlakın əvvəlki vəziyyətini bərpa etməyə xeyli miqdarda vəsait lazımdır. Özbaşına xüsusi mülkiyyətimdə olan binanın fasad hissəsinə kustar üsullarla özünə məxsus yüngül konstruksiyadan ibarət, daşınan taxta konstruksiyalı otaqları mismar və armatur vasitəsilə binanın fasad divarlarına bərkitməklə binaya onun fasad hissəsinə ziyan vurmuşdur. Eyni zamanda özbaşına istifadə etdiyi torpaq sahəsi istiqamətindən qeyri yaşayış sahəmin otağına giriş hissəsində olan qapını yararsız hala salmaqla, həmin otaqdan anbar kimi istifadə etməklə əmlaka və xüsusi mülkiyyətimdə olan binanın fasad hissəsinə ziyan vurulmuşdur. Cavabdehin hərəkətləri nəticəsində xüsusi mülkiyyətimə real zərər vurulmuşdur. Mülkiyyət hüququ haqqında xx.xx.2005-ci il tarixli şəhadətnamə əsasında Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 3 ünvanda yerləşən 3022,0 kv.mqeyri-yaşayış sahəsi və bu əmlakın yerləşdiyi torpaq sahəsi mərhum həyat yoldaşımın və hazırda mənə məxsus olan "xxxx" kiçik müəssisəsinə məxsus olan mülkiyyətdir. Bu əmlak mənimlə həyat yoldaşımındır. 2018-ci ildə həyat yoldaşımın və mənim razılığım olmadan xüsusi mülkiyyətimdə olan binaya müxtəlif üsullarla, mismarlanmaqla və divarlara armaturlar keçirməklə daşınan taxta konstruksiyadan ibarət kabinaları gətirib bu torpaq sahəsində yerləşən əmlakıma bərkitməklə (yapışdırmaqla), quraşdırmaqla binanın fasad örtüklərini zədələnmişdir. Cavabdeh binanın fasadını zədələməklə özbaşınalıq etməklə yanaşı, binanın həmin sahə istiqamətində olan mövcud giriş qapını bərbad hala salaraq, həmin qapıdan binaya daxil olub, bir otaqdan istifadə etməklə özbaşınalıq etmişdir. Bu hərəkətləri görəndən dərhal sonra cavabdehə vərəsə olduğum mərhumhəyat yoldaşımtərəfindən 20 gün vaxt verməklə ərazini tərk etməyi tələb etmişdir. Caavabdeh mərhum həyat yoldaşım R.Əliyevin xəbədarlığından bir müddət sonra cavabdehin yaxın qohumu olmuş Bələdiyyə sədri ilə aralarında qanunsuz olaraq mənə məxsus torpaq sahəsinə dair köhnə tarixə bağladığı icarə müqaviləsini ləğv etmişdir. Əmlaklarını ərazidən götürdülər. Cavabdeh mənim xüsusi mülkiyyətimdə və istifadəmdə olan torpaq sahəsindən özbaşına və qanunsuz istifadə etmə hərəkətlərinə son qoyulmasına dair tələbimizdən sonra, həyat yoldaşım barədə cavabdeh Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanlarına və Dövlət başçısının adına böhtan və yalan xarakterli ərizələr yazmaqla hüquqa zidd əməllərini qərəzli formada davam etdirmiş, nəticədə işgüzar nüfuzumuzu və şərəf və ləyaqətimizi alçaldan hərəkətləri özündə ehtiva edən ərizələri müxtəlif hakimiyyət orqanlarına ünvanlamışdır. Əsası olmayan yalan məlumatları yazdığı ərizələr əsasında yaymışdır. "xxxx"nın rəhbəri olan həyat yoldaşım R.Əliyev barədə yalan məlumat yayaraq onu “Müsavat Partiyası”nın üzvü olmaq kimi yalanlarla təhdid etdi. Mərhum həyat yoldaşım və mən cavabdehin bizim barəmizdə yazdığı böhtan məlumatlara görə sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və uzun müddət narahatçılıq, ruhi sarsıntı, həyəcan məyusluq kimi hislər keçirərək, bunlara görə stress keçirdik. Bununla kifayətlənməyən Cavabdeh yenidən dövlət hakimiyyət orqanlarına ərizə ünvanlayaraq həqiqətə uyğun olmayan yalan məlumatları yaymışdır. Cavabdeh müraciətində heç bir əsas olmadan biləbilə yalan xəbərçilik edərək mərhum həyat yoldaşımbarədə hakimiyyət orqanına yalan məlumat və xəbərçilik formasında yazır ki, guya h/yoldaşım bu əmlakı 3.500.000 manata satmış-bu məqsədlə 500.000 manat beh almışdır. Guya biz əsassız varlanmışıq və s. Cavabdeh tərəfindən Sabunçu Rayonun Polis İdarəsinin 15-ci PB-nə ünvanladığı ərizədə 20 nəfər adamın imzası əks olunub. Bilə-bilə yalan xəbərçilik edən Cavabdeh tərtib etdiyi müraciətdə özəlləşdirilmiş əmlakın ucuz qiymətə özəlləşdirildiyini yazaraq, ətrafı çirkləndirməklə ərazidə yaşayan adamları narahat etmək və sair bu kimi yalanları yazarkən, həyat yoldaşımın heç vaxt üzvü olmadığı “Müsavat Partiyası”nın üzvü kimi onu təqdimetməklə bu barədə tərtib etdiyi ərizələrdə qeyd etməklə, əslində əsası olmayan formada məsələyə məqsədli formada siyasi boya vermişdir. Məqsədli yalançılıq!! Məsələni siyasiləşdirmək kimi həqiqətə uyğun olmayan məlumatı həyat yoldaşım barəsində cavabdeh yaymaqla, ünvanımıza böhtan və yalan xarakterli məlumatları yaymaqla xəbərçilik edən şəxsin məsuliyyətdən kənar qalması, yəni barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edildiyi üçün, onun böhtanları barədə PB-də məlumat öyrəndikdən sonra yaşlı insan olaraq həyat yoldaşım mərhum Rafiq Əliyev ciddi stress və əsəb keçirdi. Nəticədə ağır vəziyyətdə xəstəxanaya düşdü. Onun hərəkətləri və böhtanları nəticəsində sarsıntı keçirməklə ağır vəziyyətə düşərək Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına təcili yardım qaydasında yerləşdirildi. 08.10.19-cu il tarixdə 3 nömrəli Şəhər kliniki xəstəxanada reanimasiyaya yerləşdirməklə həyat yoldaşım həkimlərin səyi nəticəsində salamat qaldı. Cavabdeh ailəmiz barədə rəsmi ərizələrdə əks edilən böhtan və yalanları, habelə başqa-başqa şəxslərin imzası ilə tərtib etdiyi müraciətdə yazdıqları böhtanları 15-ci PB-də mərhum R.Əliyev eşitdikdə həyat yoldaşım ürək krizisi keçirdi və şəkəri qalxmışdı. Cavabdehin hərəkətləri nəticəsində bizə həmmaddi ziyan, həmdə mənəvi ziyan dəymişdir. Cavabdeh yalan və böhtanlarına görə mən həyat yoldaşımı itirdim. Həyat yoldaşmyaşlı insan olaraq keçirdiyi streslər nəticəsində ürək xəstəsi oldu. Nəticədə bu streslərə dözməyib rəhmətə getdi. Uzun illər ər-arvad olaraq mehriban və səmimi yaşayışım cavabdehin hərəkətləri nəticəsində sonlandı. Həyat yoldaşımın ürəyi bu həssaslığa dözmədiyi üçün dünyasını dəyişdi. Həyat yoldaşım 60 ildən çox jurnalistika peşəsində və baş redaktor (“Say qəzeti redaksiyasının” baş redaktoru) kimi çalışan, yaradıcılıqla məşğul olan ağsaqqal, tanınmış, habelə zəhmətkeş insan idi. Cavabdehin hərəkətləri həmin vaxt evimizdə müzakirə predmetinə çevrilmişdi. Mənim həyat yoldaşıma təskinlik verməyimə baxmayaraq, faktiki olaraq mən də stress, iztirab keçirdim. Həmişə fikirli vəziyyətdə olurduq. Keçirdiyim həyəcan və streslər səbəbindən oktyabr 2021-ci ildə evimdə yıxılıb, xəsarət aldım. Cavabdehin hüquqa zidd hərəkətləri barədə həyat yoldaşım həmin vaxtlarda rəsmi ərizələrlə hüquq mühafizə orqanlarına ərizələr təqdim etmişdir. Polisin qərarlarından görünür ki, cavabdehin hərəkətlərində cinayət tərkibi əlamətləri olmuşdur. Lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün məsuliyyətə cəlb edilməmişdir (Polisin və Prokurorluğun qərarları əlavə edilir-cəmi 7 ədəd). Tərəflərin izahatları:

3. İddiaçılar məhkəmədə nümayəndə, vəkil ilə təmsil edilmiş və məhkəmə iclaslarında iddiaçıların nümayəndəsi iddianı müdafiə edərək, iddia tələbinin dəlillərinə və yazılı şəkildə təqdim edilmiş mülahizələrinin məzmununa uyğun izahat vermişdir.

4. Həmin mülahizələr belə əsaslandırılmışdır, iddiaçı Cavabdeh iddia tələbi əsasında Nərimanov Rayon Məhkəməsində cavabdeh mərhum Rafiq Əliyevə qarşı iddia ərizəsi əsasında 2(005)-2499/2019 saylı mülki iş icraatda olmuşdur. Cavabdeh R.Əliyev tərəfindən ilkin iddiaçıya qarşı “Qarşılıqlı iddia ərizəsi” xx.xx.2019-cu ildə məhkəməyə təqdim edilmişdir. Məhkəmənin protokol qaydasında qəbul etdiyi qərar əsasında, MPM-nin 155.1-ci maddəsinə uyğun olaraq geri qaytarılmışdır. Hansı ki, qarşılıqlı iddia ərizəsi əsasında Cavabdeh 68000 manat həcmində maddi ziyan və 20000 manat həcmində mənəvi ziyan tələb edilmişdir. Cavabdehin iddia müddətinin tətbiqi ilə əlaqədar yazdıqları əsassızdır. Belə ki, eyni tərəflər arasında Nərimanov Rayon Məhkəməsində 2019-cu ildə başlanmış mülki mübahisə ilə əlaqədar Ali Məhkəmənin xx.xx.2022-ci ildə qəbul edilmiş qərarı ilə yekunlaşdığından, xx.xx.2022-ci il tarixdə İddiaçı qanun üzrə vərəsə kimi tanındığı halda, hazırki iddia ərizəsi ilə əlaqədar iddia müddətinin tətbiqi barədə yazılanlar əsassızdır. Nəzərə alınmalıdır ki, Cavabdeh vergi ödəyicisi olaraq xx.xx.2011-ci il tarixli “Kafe-Klub” kimi fəaliyyət göstərdiyi ünvan ünvan 6nındakı ərazidə özbaşına hərəkətlər etmişdir. Cavabdeh eyni tərəflər arasında baxılmış mülki mübahisə ilə əlaqədar öz hərəkətlərini müxtəlif formalarda əsaslandırmağa çalışmışdır. Cavabdehin əsaslandırılmalarından biri məhz ondan ibarət olmuşdur ki, onunla X5 A.F.Hənifəyev arasında xx.xx.2007-ci il tarixdə(mərhum R.Əliyev həmin vaxtlarda Sabunçu Prokurorluğuna şikayətlər təqdim edərək, bu müqavilənin sonradan köhnə tarixə rəsmiləşdirildiyini bildirmişdir) müqavilə olduğu bildirilmişdir. Cavabdehin fəaliyyət göstərmək üçün VÖEN-nin götürülmə tarixi 2011-ci il, ancaq Bələdiyyə ilə aralarında icarə müqaviləsi 2007-ci il tarixədir. Cavabdeh gah da bildirir ki, guya 2003-cü ildən etibarən Babək 3 ünvanında fəaliyyət göstərib. Bütün hallarda cavabdeh nəzərə almalıdır ki, qeyd olunan ərazidəki əmlak və onun yerləşdiyi torpaq sahəsi 1995-ci ildən mərhum R.Əliyevin sərəncamında olmuşdur. R.Əliyevin təsisçisi olduğu redaksiya 2008-ci ildən etibarən vergi ödəyicisi kimi fəaliyyətini dayandırmağı səbəbindən, mərhum R.Əliyev təsisçi və fiziki şəxs olaraq hazırki cavabdeh ilə Məhkəmə qaydasında çəkişmişdir.

5. Bundan əlavə iddiaçıların nümayəndəsi yazılı izahatında göstərmişdir ki, cavabdeh tərəf ilə məhkəmə çəkişməsi 2018-ci ildə başlanmış və 2022-ci ilin sonlarında yekun məhkəmə aktı çıxarılmışdır. Məhkəməyə təqdim edilən qərarlardan göründüyü kimi, cavabdeh ilə mərhum R.Əliyev arasında Sabunçu Polis İdarəsində və Prokurorluqda əmlak ilə əlaqədar çoxsaylı mübahisələr olmuşdur. Cavabdeh zəbt etdiyi əmlakın yerləşdiyi torpaq sahəsindən və əmlakın müəyyən hissəsindən qanunsuz istifadə etməklə iddiaçı tərəfə ziyan vurmuşdur.Vurulmuş ziyanın məbləğini müəyyən etmək məqsədilə, iddiaçı tərəf ilə bağlanmış hüquqi yardım barədə müqaviləyə uyğun olaraq, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə rəsmi qaydada müraciət edilmişdir. Əmlak eksperti qeyri-yaşayış sahəsinə bilavasitə vizual-texniki baxış keçirilməklə, tikinti-təmir və bərpa xərclərinin dəyərini rəsmi rəy qaydasında müəyyən etmişdir.

6. Bundan əlavə iddiaçıların nümayəndəsi yazılı mülahizəsində bildirmişdir ki, cavabdehin nümayəndəsi bildirir ki, cavabdeh iddiaçılara məxsus torpaq sahəsini özbaşına zəbt etməmiş və bu ərazidən 15 ildən çox bir müddət ərzində istifadə edilmişdir. Hesab edir ki, bu məsələ mübahisə predmeti deyildir, çünki qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur. Həmin qətnamələr və reyestrdən çıxarış əsasında əmlakın kimə məxsus olması hər kəsə bəllidir. Cavabdeh tərəf məhkəmə çəkişmələri zamanı gah kafeni 2003-cü ildə inşa etdirdiyini, gah da 15 ildən çoxdur ərazidən istifadə etdiyini bildirsə də, hesab edir ki, təqdim edilən sübutlar işin faktiki hallarını tam aydın şəkildə əks etdirir. Məhkəmənin nəzərinə çatdırır ki, "xxxx" Kiçik Müəssisəsi 2008-ci ildən hüquqi şəxs olaraq fəaliyyətini dayandırmış və hazırki vaxtadək fəaliyyəti dayandırılmış vəziyyətdədir.

7. Sonuncu məhkəmə iclasında iştirak etməyərək, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş edən cavabdehin nümayəndəsi, Vəkil əvvəlki məhkəmə iclaslarında iddianı qəbul etməmiş və hüquqlarını müdafiə etdiyi şəxsin adından yazılmış iddiaya etirazını aşağıdakı qaydada əsaslandırmışdır.

8. Onun hüquqlarını müdafiə etdiyi şəxs uzun müddət kafe işlətmiş və günlərin birində hazırda iddiaçı olan İddiaçı həyat yoldaşı mərhum X6 və oğlu X8 orda olmamağından istifadə edərək traktor gətizdirib kafeni sökdürmüşlər. Mən bu barədə Nərimanov rayon məhkəməsinə müraciət etdim: Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun cavabdehlər X6 və X7 qarşı “maddi və mənəvi zərərin” tutulmasına dair iddiası rədd edilmişdir. Guya ki, cavabdehlərin təqsiri üzündən ona hər hansı maddi zərər dəyməsi sübuta yetirilmədi. Qətnamədən narazı qaldığı üçün o, Apellyasiya məhkəməsinə müraciət edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddiasının təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Nəticədə kassasiya instansiyası məhkəməsində qətnamə iki dəfə ləğv edildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş və cavabdeh X2 4813 manat pul vəsaitinin onun xeyrinə tutulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin qəbul edildiyi gündən 1 ay keçməmiş cavabdeh Əliyev Rafiq xx.xx.2022-ci il tarixdə rəhmətə getmiş, təbii olaraq onun bundan xəbəri olmamışdır. O Ali Məhkəməyə kassasiya şikayəti vermiş, Ali Məhkəmənin də ölüm barədə məlumatı olmadığından apellyasiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlamışdır.

9. Bundan əlavə etirazda qeyd edilmişdir ki, Buriyev Mübariz kafeni 2003-cü ildə inşa edib və 15 ildən artıq oranı işlədib. Bu müddət ərzində İddiaçı mərhum həyat yoldaşı Əliyev Rafiq və oğlu Əliyev Vüqarla heç bir mübahisəsi olmamışdır. İddiaçı ziyanın ona nə vaxt dəyməsini qeyd etməyib. Cavabdeh kafesi iddiaçının həyat yoldaşına məxsus kluba bitişik tikilməmişdir, əgər belə olsaydı elə iddiaçı 2003-cü ildə öz etirazını bildirərək məhkəməyə iddia ilə müraciət edərdi. Birdə həmin ərazidə Cavabdeh tərəfindən nəinki kafe, hətta bir neçə kabinet də inşa edilmişdir. Dağıntının həcmi çox olduğundan Cavabdeh 63000 manat məbləğində iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və sonda isə ona 4813 manat ziyan dəyilməsi müəyyən edilmişdir. Bir də ki, əgər söküntü zamanı hər hansı bir ziyan dəyilməsi müəyyən edilmişdir. Bir də ki, əgər söküntü zamanı hər hansı bir ziyan dəyibdirsə-ona Mübariz neyləsin? Həmin söküntünü məhkəmə iddiaçının mərhum həyat yoldaşı tərəfindən törədilməsi qənaətinə gəlmişdir. Və bu barədə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi var. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır(əgər kafe kluba bitişik inşa edilmişdirsə iddiaçının mərhum həyat yoldaşı-kafe inşa edilən zaman, yəni 2003-cü ildə bunu görmürdürmü?) Onu da qeyd edir ki, Cavabdeh kafesi söküləndən sonra diabet və təzyiq xəstəliyinə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

10. X6 ilə İddiaçı 1970-ci il tarixdə nikaha daxil olmuşlar.

11. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi İddiaçıdır.

12. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 3 ünvanda yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət hüququ ilə xx.xx.2020-ci il tarixdən "xxxx" Kiçik Müəssisəsinə məxsusdur. Tikilinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 02329 ha olmaqla dövlət mülkiyyətindədir.

13. xx.xx.1995-ci il tarixli AKT-dan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 3 ünvanda yerləşən “1 may” mədəniyyət sarayı ümumi sahəsi 3022 kv.m olan binası və ona təhkim edilmiş 1.5 ha torpaq sahəsi “Babək” fərdi kiçik müəssisəsinin balansından əvəzsiz olaraq "xxxx" Kiçik Müəssisəsinin balansına verilmişdir.

14. xx.xx.2005-ci il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 3 ünvanda yerləşən 3022 kv.m qeyri yaşayış sahəsi "xxxx" Kiçik Müəssisəsinin mülkiyyətindədir.

15. İddiaçı "xxxx" Kiçik Müəssisəsinin 100 faiz payla təsisçisi, həm də qanuni təmsilçisidir.

16. Cavabdeh Zabrat Bələdiyyəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizə ilə Zabrat Bələdiyyəsi tərəfindən ona verilmiş 18 iyun 2007-ci il tarixli 389 a saylı müqavilə ləğv edilmişdir.

17. Həmin Bələdiyyə qərarından görünür ki, Zabrat qəsəbəsi, 1 may klubunun şimal-şərq hissəsinin 481 kv.m olan torpaq sahəsi müvəqqəti istifadə üçün Cavabdeh verilmişdir.

18. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Babək ev 1 ünvanında yerləşən kafe-klub təsərrüfat subyektinə görə vergi ödəyicisi kimi xx.xx.2011-ci il tarixdə uçota alınmışdır.

19. İddiaçı Cavabdehlər X6 və X7 qarşı “maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2499/2019 saylı qətnaməsi ilə rədd edilmişdir. Həmin məhkəmə icraatı zamanı X4 qarşılıqlı iddiası geri qaytarılmışdır.

20. Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətinə bir neçə dəfə baxılmış və sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-10776/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2499/2019 saylı qətnaməsi ləğv edilmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-10776/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər X6 və X7 qarşı “maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X9(qətnamədə texniki səhv olaraq Məlik oğlu qeyd edilmişdir) oğlundan 4813 manat pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh verilməsi və.s müəyyən edilmişdir.

22. Həmin qətnamədə işin mübahisəsiz və məhkəmə tərəfindən müəyyən edilən faktiki halları ondan ibarət olmuşdur ki, iddiaçı, mübahisəli obyektin yerləşdiyi torpaq sahəsindən bələdiyyə ilə bağladığı icarə müqaviləsi əsasında istifadə etmiş və orada öz vəsaiti hesabına çayxana kimi istifadə etdiyi “kafe-klub” quraşdırmaqla həmin obyektdən 2003-cü ildən 2018-ci ilədək maneəsiz istifadə etmişdir. İddiaçının obyektdən istifadə etdiyi təxminən 15 il müddət ərzində obyektlə bağlı heç bir konflikti olmamışdır. Yalnız iddiaçıdan obyektin boşaldılması tələb edildikdən və bunun üçün verilmiş vaxt bitdikdən sonra obyektin sökülməsi və orada olan material və avadanlıqların həmin ərazidə cavabdehə məxsus olan anbara yığılması baş vermişdir. İdiaçının istifadəsinə olan qeyriyaşayış sahəsi cavabdeh Rafiq Əliyev tərəfindən 2019-cu ilin yanvar ayında sökülmüşdür.

23. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ekspertiza tədqiqatı aparılmış qeyri-yaşayış sahəsinin fasad işləri(divar fasad tərəfdən hörülmüş mişar daşının və digər əlavə artırmaların sökülərək əvvəlki vəziyyət qaytarılması üçün, divardan qoparılmış ağlay daşların bərpası üçün, divarın yararsız vəziyyətə düşmüş fasad hissəsinin yenidən suvaqlanması və.s üçün), dam işləri, bəzək tamamlama işləri(obyektin söykəndiyi divar səthinin daxili tərəfdən rəngsaz işləri,şpatlyovka qatının qaşınması, yenisinin çəkilməsi, yararsız vəziyyətə düşmüş pəncərə şüşələrinin yenisi ilə əvəz edilməsi), həyatyanı sahədə görülən işlər(metal hasarın əvvəlki vəziyyətə qaytarılması, qapının qarşısında quraşdırılmış beton pilləkən meydançasının sökülməsi), digər işlər(materialların daşınması, prorab əmək haqqı) üçün nəzərdə tutulmayan işlər və xərclərlə birlikdə 8228.43 manat tələb edilir.

24. Yerində müayinə protokolundan görünür ki, əraziyə hündürlüyü təxminən 1 metr olan dəmin hasardan daxil olunur. Ərazinin girişdən ön və sağ hissəsi binanın divarları ilə, sol tərəfin bir hissəsi isə başqa şəxsə məxsus tikilinin arxa divarları ilə əhatə olunub. Ərazinin girişdən sağ hissəsindən binanın arxa hissəsinə keçmək üçün boşluq vardır. Ərazidə yerdə düzülmüş şifer lövhələri və baxımsızlıqdan artmış ot kolları və zibil qalıqları(sintetik torbalar, siqarət kötükləri, və.s tullantılar) vardır. Ərazinin girişdən ön hissəsində təqribən 8-10 kv.m ölçüdə binanın tərkib hissəsinə aid çıxıntı şəklində tikili vardır. Həmin köməkçi tikilinin qapısı sonradan hörüldüyü aşkardır. İddiaçıların nümayəndəsi həmin qapının cavabdeh çıxarıldıqdan sonra binaya girişin qarşısını almaq üçün hörüldüyünü bildirdi. Eyni zamanda yerdə çıxarılmış və ya qırılmış taxta qapının olması aşkar edildi. Ehtimal olunur ki, həmin qapı hörülmüş qapının yerindən çıxarılmışdır. Binanın üz qabığının boyası, suvağı, spatlyovkası aşınmış vəziyyətdədir. Binanın ərazinin girişindən ön hissəsində olan divarlarında bərkidilmiş dəmir armaturlar, məftillər və taxta materialdan ibarət qalıqlar aşkar edildi. Girişdən sağ tərəfdə ərazini əhatə etmiş binanın divarları 3-4 m hündürlüyündə və ondan yuxarıda pəncərələr yerləşir. Həmin pəncərələrdən 5 i sınmış vəziyyətdədir. Eyni zamanda divarın pəncərə ilə bitişdiyi hissədə 3-4 daş pəncərənin qabağını kəsməklə hörgü aparılmışdır. Ehtimal olunur ki, həmin hörgü binanın daş hissəsinin uzadılması məqsədi güdmüşdür. Həmin hissənin pəncərə hissəsindən birində qaz sobasının hava dəliyi var. Ehtimal olunur ki, o binanın içində olan hissədə qoyulmuş sobanın hava yeridir. Köməkçi tikilinin divarlarının bir hissəsinin üz daşı yoxdur. Ehtimal olunur ki, ora bərkidilmiş konstruksiyanın sökülməsi zamanı baş vermişdir. Çünki həmin hissədə binaya bərkidilmiş dəmir armaturların çıxıntıları da müşahidə edilir. Binanın cavabdeh tərəfdən istifadə edilməyən və yoldan əlçatımlı olan hissəsinin divarları da pəncərə hissəsində 6-7 daş hörülmüş və şüşələri də qırıq vəziyyətdədir. Binanın cavabdeh tərəfindən istifadə edilməmiş arxa hissəsində də vəziyyət eyni qaydadadır. Belə ki, pəncərələr qırıq, yerdə zibil tullantıları(klyok, siqaret qalıqlar, su qabları, şprits və.s). Eyni zamanda yerdə taxta tullantılar, dəmir şifer qalıqlar və.s də vardır. Binanın yan hissəsindən binaya daxil olduqdan sonra böyük zala keçilir və həmin zalda restorandan qalıq qalmış natəmiz vəziyyətdə soyuducu, şkaflar, yararsiz kreslo və.s taxta materialdan olan əşyalar var. İddiaçıların nümayəndəsi həmin əşyaların cavabdeh çıxarıldıqdan sonra qalan və onun tərəfindən götürülməyən əşyalar olduğunu bildirdi. Zaldan köməkçi tikilinin içinə daxil olduq. Tavan taxtadan quraşdırılmış və çürümüş vəziyyətdədir. Taxta tavan alt tərəfdən nazik materialla örtülmüşdür və onun da yarısı qopmuş və sallanmış vəziyyətdədir.Binanın həm restoran kimi fəaliyyət göstərilən əraziyə düşmüş hissəsi, həm də digar hissələrinin fasadının boyası köhnəlmiş, suvağı qopmuş vəziyyətdədir. Əraziyə daxil olmaq üçün dəmir hasarlar olan hissənin giriş hissəsi yoldan hündür olması üçün və giriş kimi istifadə edilməsi üçün betonla pilləkən formasında tikilmişdir. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:

25. "xxxx" Kiçik Müəssisəsinin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 3 ünvanda yerləşən 3022 kv.m qeyri yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsində(şimal şərq hissəsində 481 kv.m) Cavabdeh “kafe-klub” kimi 2003-cü ildən 2018-ci ilədək İddiaçı vərəsəsi olduğu mərhum əri və "xxxx" KM-nin keçmiş təsisçilərindən biri X4 razılığı ilə istifadə etmişdir. Sonradan tərəflər arasında yaranan narazılığa görə mərhum X1 sökülməsini tələb etmiş və nəticədə 2019-cu ilin yanvar ayında özü tərəfindən həmin torpaq sahəsində yerləşən yüngül konstruksiyalı tikililər sökülmüşdür. Bununla bağlı tərəflər arasında məhkəmə mübahisəsi yaranmış və X4 mülki hüquq pozuntusu törətməsi nəticəsində Cavabdeh 4813 manat dəyərində zərər vurduğu müəyyən edilmişdir. Həmin icraat zamanı X6 hazırki mübahisədə olduğu kimi maddi və mənəvi zərərlə bağlı xx.xx.2019-cu il tarixdə qarşılıqlı iddia verməyə cəhd etmiş və iddiası prosessual əsasla icraata qəbul edilməmişdir.

26. Hazırda İddiaçı cavabdehin hüquqa zidd əməlləri nəticəsində ona mənəvi zərər dəydiyini iddia edir və tələbini iddia ərizəsində göstərilən dəlillərlə və özünün və mərhum ərinin xəstəlik tarixindən çıxarışla bağlı sənədləri ilə əsaslandırır.

27. İddiaçı "xxxx" Kiçik Müəssisəsi isə cavabdehin hüquqazidd əməlləri nəticəsində onun əmlakına zərər vurulduğunu iddia edir və tələbini iddia ərizəsində göstərilən dəlillərlə və zərərin məbləğini isə mütəxəssis rəyi ilə əsaslandırır.

28. Bundan başqa iddiaçılar cavabdehin hüquqa zidd əməllərini torpaq sahəsini, qeyri-yaşayış sahəsinin otaqlarını özbaşına zəbt etməsi, qanunsuz tikinti, quraşdırma işləri aparması, saxta icarə müqaviləsi bağlaması, dövlət orqanlarına qanunsuz və əsassız şikayətlər etməsi ilə əsaslandırır.

29. Cavabdeh isə həm iddianın əsassız olmasına, həm də iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir.

30. İddiaçı tərəf isə iddia müddətinin ötürülmədiyini onunla əsaslandırır ki, tərəflər arasında mübahisə 2018-ci ildə başlamış, 2019-cu ildə qarşılıqlı iddia vermiş, məhkəmə mübahisələri 2022-ci ildə yekunlaşmışdır.

31. İşin müəyyən edilmiş hallarından isə müəyyən edilir ki, cavabdehin torpaq sahəsindən istifadəsi və sahibliyi qanunsuz olmamış, torpaq sahəsinin faktiki sahibinin razılığı ilə həmin ərazidə fəaliyyət göstərmiş və cavabdehin yaxşılaşdırmaları və quraşdırılmış tikililər X6 tərəfindən sökülmüşdür.

32. Yerində müayinə zamanı isə müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi əmlaka dəyən zərər (binanın fasadına, bir otaqdan, istifadə etməklə otaq və qapının yararsız hala düşməsi) əsasən baxımsızlıqdan, uzun müddət istifadəsiz qalmaqdan(rütubət, çürümə), təbii aşınma prosesindən(boyanın, şpatlyovka və suvax qabığının köhnəlməsi), nəzarətsizlikdən(ərazinin kənar şəxslər tərəfindən mütəmadi olaraq istifadə edildiyi müşahidə edilmişdir (ərazidə zibil, şprits, su qutuları və.s var idi)) qaynaqlanır. Yəni pəncərələrin qırılması, divarlarda erroziya və zədə izlərinin yaranması istənilən kənar təsir nəticəsində mümkündür. Bundan əlavə yerində müayinə zamanı binanın cavabdeh tərəfindən istifadə edilməyən digər hissələrinin də aqibəti mübahisələndirilən hissədən fərqlənmədiyi müşahidə edilmişdir. Eyni zamanda ümumi binanın görüntüsü də zatən uzun illərdir təmirsizlikdən xəbər verir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

33. Məhkəmə işin faktiki hallarını iddia tələbinin əsaslandırılması ilə məcmu halında qiymətləndirərək o qənaətə gəlir ki, iddia tələbinin hüquqi əsasını mülki hüquq pozuntusundan(delikt) irəli gələn maddi və mənəvi zərərin əvəzinin ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.1. Ümumi iddia müddəti on il təşkil edir - 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. - 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. - 382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 560.3.3-cü maddəsinə əsasən müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir; - 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüqudan sui-istifadədir; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; - 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər ; - 1097.5-ci maddəsinə əsasən əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.

34. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.

35. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.

36. Məhkəmə işin müəyyən edilmiş halları baxımından o qənaətə gəlir ki, cavabdehin iddiaçı "xxxx" Kiçik Müəssisəsinin əmlakına birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməlləri olmamış, təmir quraşdırma işləri isə mülkiyyətçinin razılığına əsasən edilmişdir. Belə ki, 15 ilə yaxın müddətdə mülkiyyətçinin nümayəndəsinin(təsisçinin) həmin təmir-bərkitmə işlərindən xəbərsiz olması inandırıcı deyildir. Eyni zamanda işin mübahisəsiz halıdır ki, söküntü işi iddiaçının mərhum əri tərəfindən aparılmış və cavabdeh öz yaxşılaşdırmalarını sökməmişdir. Yəni məhz aglay üzlüyün qırılması və.s kimi binanın fasadında olan qüsurlar söküntüdən sonra yaranmışdır. Hansı ki, cavabdehə öz əşyalarını və yaxşılaşdırmalarını götürmək üçün şərait yaradılmamış və əraziyə buraxılmamışdır. Bunun da davamı olaraq cavabdeh vurulmuş maddi zərəri tələb etmiş və iddiası qismən təmin edilmişdir. Bundan əlavə iddiaçı "xxxx" KM-nin uzun illər təmirsiz və yararsız vəziyyətdə olan binanın fasad örtüyünə bərkitmə işlərinin aparılması ilə bağlı əmlaka zərər vurulmasına görə və dolayısı ilə əvvəlki vəziyyətə qaytarılma tələbi hüquqdan sui-istifadə hesab edilməlidir. Belə ki, ən geci cavabdehin çıxarıldığı 2019-cu il tarixdən sonrakı əmlakın ümumi faktiki vəziyyəti(təmirsiz, istifadəsiz, yararsız) göz önünə gətirilsə, iddiaçının hazırki tələbinin müdafiə edilməli olan şəxsi mənafeyinin əsaslarını təşkil etdiyini şübhə altına alır və bu əsasla da hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Bununla yanaşı işin müəyyən edilmiş halları digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi təəssüratı yaradır və bu da hüquqdan sui-istifadə olduğu üçün yolverilməzdir.

37. Məhkəmə eyni zamanda qeyd edir ki, dəymiş maddi zərərlə bağlı da iddia müddəti ötürülmüşdür. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdehin qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə etməsi və iddia edilən təmir – bərkitmə işlərinin görülməsi ən geci 2011-ci il tarixə təsadüf edir və həmin vaxtdan 10 illik ümumi iddia müddəti ötmüşdür. Düzgün olmayan iddianın verilməsi iddia müddətinin axımını kəsmir və yuxarıda qeyd edilən məhkəmə mübahisələrinin olması isə iddia müddətinin üzrlü səbəbdən ötürülməsi nəticəsini yaratmır.

38. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdehdən maddi zərərin əvəzinin tutulması tələbi əsassız olduğundan təmin edilməməlidir.

39. İddiaçı cavabdehdən mənəvi zərərin tutulması tələbini də məhkəmə əsassız hesab edir.

40. Belə ki, iddiaçı tələbində istinad etdiyi halları, yəni cavabdehin qanunsuz, hüquqa zidd əməl törətməsini sübuta yetirə bilmədiyindən, onun həmin hissədə də tələbi əsassızdır. Hansı ki, iş materiallarında cinayət işinin başlanmasının rədd edilməsi və rədd edilmə barədə qərarın ləğv edilməsi barədə qərarlardan Cavabdeh bilə-bilə yalan xəbərçilik etməsi və ya zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasına əsas verən hüquqa zidd əməl törətməsi müəyyən edilmir.

41. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il qərarında qeyd edilmişdir ki, Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Tətbiq edilən prosessual normalar:

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

43. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

44. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

45. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

46. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Nəticə:

24. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı və "xxxx" Kiçik Müəssisəsinin Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

26. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçılar İddiaçı və "xxxx" Kiçik Müəssisəsinin Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar