Məhkəmə qərarları › İş №e-2(001)-5185/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5185/2025

15.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5185/2025 15.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əlavə xərclərdə iştiraka cəlbetmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021 il tarixdə anadan olmuş X5 xəstəliyini və bununla bağlı əlavə xərclərə zərurət olduğunu nəzərə alaraq Cavabdeh aliment məbləğindən əlavə hər ay 300 manat əlavə xərcin tutularaq mənə, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbinin əsaslandırılması: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)-1002/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsinə əsasən mənimlə Cavabdeh arasında rəsmiləşdirilmiş nikah qeydi pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2017 il təvəllüdlü X8 və xx.xx.2021 il tarixdə anadan olmuş X5 mənim yanımda qalması və Cavabdeh xx.xx.2022 il tarixdən başlayaraq hər iki uşaq yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşaq üçün 150 manat,cəmi 300 manat məbləğində alimentin tutularaq mənə verilməsi qət olunmuşdur. Bidirirəm ki, xx.xx.2021 il tarixdə anadan olmuş X1 iflic xəstəliyindən əziyyət çəkir və Vertera onurğa tibb mərkəzində müntəzəm olaraq müalicə alır. Ona görə də oğlum Bakı Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Psixoloji-tibbi-pedeqoji kamissiyanın rəyinə asasən xx.xx.2024 il tarixdə Bakışəhəri 69 saylı körpələr evi-uşaq baxçasından xaric olundu. Hal hazırda xx.xx.2021 il tarixdə anadan olmuş X6 əlilliyiaidiyyəti təşkilatlar tərəfindən təyin olunmamış və mən ona müəyyən olunacaq pensiya məbləğindən istifadə edə bilmirəm.Bu fakt özü də oğlumun hazırda saxlanmasında çətinlik yaranmasının bir faktıdır. Onun müalicəsi üçün isə hər ay böyük məbləğdə vəsait tələb olunur. Hal hazırda vəziyət və şərait dəyişmiş uşaqlar boyümüş,təlabatları çoxalmışdır.Bundan başqa Cavabdeh həmin vaxta münasibətdə indi gəliri bir neçə dəfə artmışdırBelə ki,o hal hazırda Bakı şəhəri 8-ci M/R “ARAZ” Ticarət mərkəzində “AZƏRSEL” –də təmirçi-proqramist vəzifəsində işləyir va ayliq gəliri 2000-2500 manat təşkil edir.Buna baxmayaraq borclu uşaqlarımızın saxlanmasında və müalicə olunmasında mənə heç bir əlaxə maddi köməklik göstərmir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Bundan əlavə bildirir ki, uşağın əzələsi üçün səhər və axşam kokteyl içilməlidir. Biri 5 manat, 0,60 qəpik olduğundan, günə 11,20 manat vəsait xərclənir. Əzələ inkişafı üçün gündəlik həmin qida qəbulu zəruridir. Vertebrada hətta hər seansın qiyməti 40 manat olsa da, seanslara mütəmadi gedirlər deyə, ödəniş 30 manata düşüb. Sosial şəbəkədəki votsap nömrəsi cavabdehin öz nömrəsidir. Tiktokdakı səhifədəki emblemi özü düzəldib, ona görə də emblemdən onu tanıyıb. Məhkəmə mübahisəsi başlayanda, cavabdeh bacısının yoldaşına zəng vurub, məsələnin məğzini soruşub. O isə uşağa ümumi 600-700 manat vəsait xərcləndiyini bildirib. Hər ay 372 manat aliment ödənişi edir, borcu yoxdur. Hətta məhkəmə mübahisəsi başlayanda ona 500 manat ödəniş edib. Kirayə qaldığı nəzərə alınarsa, cavabdehin aylıq qazancı ilə xərcləri üst-üstə düşmür. Ona görə də, qazancına münasibətdə hazırda cavabdehdin etirazı əsassızdır. Özü müəllimədir, qazancını uşağına xərcləyir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia təlbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq, bildirmişdir ki, “Vertebra” onurğa tibb mərkəzindən verilmiş arayışa görə uşağın müalicə müddəti bir aylıq 12 seansdır və müalicə xərci 360 manat təşkil edir. 6 aydan bir uşağın ayağının müalicəsi üçün aylıq 400 manat dəyərində artes gətirilir ki, bu da illik 800 manat xərc deməkdir. Həmçinin uşaq X13 təlim-tərbiyə keçməsi üçün qəbul edilib, lakin iddiaçı hazırda uşağı bağçaya aparmayıb. Hansı ki, həmin bağçanın aylıq qiyməti 500 manatdır. Bundan başqa uşağa qida üçün kokteyl hazırlanır. Aylıq 336 manat dərmanlara xərclənir. Bu gün cavabdehin iş yeri barədə arayış təqdim edə bilmirlər. Lakin minimum əmək haqqının 400 manat olduğu nəzərə alınarsa, aylıq aşağı vəsait qazanması inandırıcı deyil. Belə ki, “Tik-tok” sosial şəbəkəsində özünün rəsmi səhifəsində təmirçi-proqramçı işləyir. Cavabdeh bacanağı ilə gəzir, yeyib-içir. Amma uşağa hər hansı vəsait xərcləmir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş lakin iddiaya dair yazılı etirazını təqdim etmişdir.

6. Cavabdeh iddiaya yazılı etirazında göstərir: İddia ərizəsinə etiraz olaraq bildirirəm ki, iddia tələbi əsassızdır. Belə ki, mənim hər hansı rəsmi iş yerim və gəlirim yoxdur. Lakin buna baxmayaraq mən hər ay uşağımın təminatı naminə üzərimə düşən alimenti düzəldərək vaxtında ödəməyə çalışıram və indiyədək ödəmişəm. Binəqədi rayon Məhkəməsinin 8(001)-482/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 1002/2023 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021- ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay borclu Cavabdeh tələbkar İddiaçı ödənilməli olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,44 misli həddində indeksasiya edilmişdir. Qeyd olunan artımın da ödənilməsi tərəfdarıyam. Çünki hər il ölkədə yaşayış səviyyəsi artdıqca uşaqların da xərcləri artır. Buna görə də minimum əmək haqqının 0,44 misli həddində alimenti də ödəyirəm. Buna baxmayaraq hazırda isə iddiaçı məndən əlavə 300 manat pulun tutulmasını tələb edir. Bildirirəm ki, iddiaçının bu tələbi nəinki məni çətin vəziyyətə salacaqdır, həmçinin indiki vaxtda gecikməsiz ödədiyim alimentin də ödənilməsində böyük çətinliklər yaradacaqdır ki, bu da uşağın təminatına və onun xərclərinə təsir edəcəkdir. Mən üzərimə düşən öhdəliyi tam və vaxtında yerinə yetirməyimə baxmayaraq, iddiaçının məndən aliment qədər də əlavə pul tələb etməsi hesab edirəm ki, uşağı fikirləşməyi deyil, daha çox mənim yaşayış şəraitimin pisləşməsinə yönələn tələbdir. İddiaçı məni belə çətin vəziyyətə salmaq istəyinin gələcəkdə mənə alimenti belə ödəməkdə çətinlik yaradacağını nəzərə almamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 1002/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə Bayramova (Əmircanova) Səbinə İlyas qızı arasında xx.xx.2016-cı il taridə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində akt qeydləri kitabında 182 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulandan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X9 anaları İddiaçı yanında saxlanılması, xx.xx.2022-ci il tarixindən xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı ödənilməsi və s. qət edilmişdir.

8. Ambulator kitabçadan olan çıxarışda xx.xx.2025-ci il tarixində X7 daxil olan X9 barəsində qısa anemnez: xəstə təkrar UNX-na müraciət edir. Şikayətləri aşağı ətraflarda olan hərəkət məhdudluğundan sərbəst gəzmir, köməklə addımlayır, ayaqlarını sürüyür, ortopedik ayaqqabı ilə yeriyir, psixo-fiziki inkişafı gecikir. Pasiyentin vəziyyəti: Anadan olandan xəstədir. 3 ayından inkişaf geriliyini hiss edib, həkimə müraciət ediblər, evdə masaj ediblər. 2 yaşdan sonra, yaşadığı yerdən müxtəlif həkimlərdə, 2025-ci ildən UNX-da müalicə alır. Hər iki serebral hemisferdə leterol ventrikulları pozuntuları və s. diaqnozu qoyulub.

9. Azərbaycan Respublikası Təhsil Nazirliyi Mauqli Uşaq Baxçası tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, diplegik serebroz iflic xəstəliyindən əziyyət çəkən X9 bağçada təlim tərbiyə keçir. Aylıq olaraq bağçaya 500 manat ödəniş edilir.

10. Medical Company tərəfindən verilən xx.xx.2025-ci il tarixli, təhvil vərəqindən görünür ki, pasient Fərman Əmircanov üçün dəyəri 400 manat olan AFO PP adlı məhsul sifariş edilmiş və 400 manat ödəniş edilmişdir.

11. Vertebra onurğa tibb mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli 20925 saylı arayışdan görünür ki, X9 xx.xx.2024-cü il tarixindən “Vertebra” Onurğa Tibb mərkəzində Diplejik spastik serebral iflic diaqnozu ilə (günaşırı olmaqla) kineziterapiya müalicəsi alır. Bir aylıq (12 seans) müalicə kursu üçün ödənilən məbləğ 360 manatdır.

12. "xxxx" QSC tərəfindən verilən qəbzdən görünür ki, gündəlik qida kimi qəbul edilən X11 1-nin dəyəri 5,60 manatdır.

13. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda göstərilir: Övladınızın ünvan lər evi-uşaq bağçasında məktəbəqədər təhsilini davam etdirməsi barədə Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına ünvanladığınız müraciətə aidiyyəti üzrə Bakı şəhəri üzrə Təhsil İdarəsində baxılmışdır. Qeyd etdiyiniz məsələ ilə əlaqədar ünvan lər evi-uşaq bağçasının rəhbərliyindən yazılı məlumat əldə edilmişdir. Məktəb rəhbərliyinin məlumatına və Psixoloji-tibbi-pedaqoji komissiyanın ötən tədris ilində övladınızın müayinəsi nəticəsində verdiyi rəyə əsasən bildiririk ki, övladınızda "Əzələ hipotoniyası" diaqnozu aşkar edilmişdir. Məlumat üçün bildiririk ki, sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər təhsilinin təmin edilməsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Psixoloji-tibbi-pedaqoji komissiyaların müvafiq rəyinə əsasən həyata keçirilir. Əlavə olaraq bildiririķ ki, tabeliyimizdə təyinatı üzrə xüsusi bağça fəaliyyət göstərmədiyindən sağlamlıq imkanları məhdud övladınızın xüsusi şəraitdə məktəbəqədər təhsilini təşkil etmək imkan xaricindədir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 1002/2023 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan uşaqlar analarının- İddiaçı himayəsində saxlanılmışlar.

15. Cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində tutulan aliment məbləği Binəqədi rayon Məhkəməsinin 8(001)-482/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,44 misli həddində indeksasiya edilmişdir.

16. Alimentin ödənilməsi ilə bağlı tərəflər arasında mübahisə yoxdur, iddiaçının izahatına görə cavabdeh mütəmadi olaraq aliment ödənişlərini edir və aliment borcu yoxdur.

17. İddiaçı hazırda birgə nikahdan doğulan X9 üçün, ödənilən alimentdən əlavə cavabdehdən uşağın müalicəsi üçün əlavə xərclərə görə 300 manat vəsait tələb edir.

18. Cavabdeh isə iddiaya etirazında aliment məbləğinin artımlar nəzərə alınmaqla ödənilməsi əleyhinə olmadığını, lakin tələb edilən 300 manat əlavə xərcin onun maddi durumuna, hətta uşaqların saxlanılmasına təsir göstərəcəyini əsas gətirməklə, iddianın rədd edilməsini xahiş edir .

19. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən edilir ki, Cavabdeh mağazada satıcı işləməklə, 200 manat, iddiaçı isə Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi Yanında Məktəbəqədər Və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ümumi təhsil məktəbində müəllim kimi fəaliyyət göstərir, aylıq əmək haqqı 447,22 manat əmək haqqı alır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

21. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

22. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

23. Həmin Məcəllənin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

24. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

25. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 yanvar 2015-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları birbirindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıbgətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir.

26. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında “göstərilən kənar xidmət” və “digər hallarda” müddəlarını şərh edərkən yetkinlik yaşına çatmış övladlara münasibətdə hüquqi qiymət verilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayan uşaqlar üçün həmin halların şamil edilməsini istisna etməmişdir.

27. Belə ki, AM-nin 81.1-ci maddəsində qeyd edilmişdir ki, Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

28. Göründüyü kimi qanunvericilik aliment tutulması barədə valideynlər arasında sazişin olduğu halda belə, əlavə xərclərin tutulmasını müstəsna hallar olduqda mümkün hesab etmişdir. Burdan o nəticəyə gəlmək olar ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün məhkəmə qaydasında aliment tutulduqda da, məhkəmə müstəsna hallarla bağlı digər valideyni çəkilmiş və gələcəkdə çəkilməli olan əlavə xərclərin ödənilməsinə cəlb edə bilər.

29. Müstəsna hallarla bağlı isə Konstitusiya Məhkəməsinin sözügedən qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun.

30. Bu normanın yetkinlik yaşına çatmayan uşaqlar üçün şamil edilməsi istisna olunmadığından, həmin halların mövcudluğu yetkinlik yaşına çatmayan uşaqlar üçün də müstəsna hal hesab edilə bilər.

31. Eyni zamanda məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağa münasibətdə əlavə xərclərin ödənilməsinin mümkünlüyünün müstəsna halı kimi yalnız uşağın ağır xəstə və şikəst olması ilə məhdudlaşdırılması məntiqsiz olardı. Belə ki, yetkinlik yaşına çatmış və əmək qabiliyyəti olmayan övladlara münasibətdə, qanunvericilik yetkinlik yaşına çatmayan, onsuz da əmək qabiliyyəti olmayan uşaqlara nisbətən daha geniş imkan müəyyən edə bilməz. Bu həm Ailə Məcəlləsinin ümumi prinsiplərinə, həm də humanizm və ədalət prinsiplərinə uyğun deyildir.

32. İşin hallarından göründüyü kimi tərəflərin yetkinlik yaşına çatmayan uşağı xx.xx.2021-ci il təvəllüdlü X6 xəstəliyi(Diplejik spastik serebral iflic) ilə bağlı mütəmadi müalicəyə ehtiyacı vardır. Hansı ki, uşağa müalicəsi ilə bağlı onun fiziki hərəkətini dəstəkləyən alətə görə, 6 aydan bir birdəfəlik ödənişlə 400 manat olmaqla, illik 800 manat pul (hansı ki, aylıq hesablanarsa 66 manat xərc), uşağın aylıq “Vertebra” Onurğa Tibb mərkəzində (günaşırı olmaqla) kineziterapiya müalicəsi (bir aylıq 12 seans) üçün 360 manat, gündəlik spesifik qida üçün tələb edilən kokteylə görə 1 aylıq (30 gün) (1 ədədinin dəyəri 5,60 manat, gündə iki dəfə qəbul zamanı xəclənən 11,20 manat) 336 manat vəsait xərclənir. Bundan başqa uşağın fiziki və psixoloji durumu nəzərə alındıqda onun təlimtərbiyəsinin fərqli üsullarla aparılmalı olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iddiaçıya sağlamlıq imkanları məhdud olan övladının xüsusi şəraitdə məktəbəqədər təhsilini təşkil etməyin imkan xaricində olduğu bildirildiyindən, hazırda xx.xx.2021-ci il təvəllüdlü X9 Azərbaycan Respublikası Təhsil Nazirliyi X13 diplegik serebroz iflic xəstəliyindən əziyyət çəkən uşaq kimi təlim tərbiyə keçir. Aylıq olaraq isə bağçaya 500 manat ödəniş edilir.

33. Belə olan halda məhkəmə uşağın mənafeyini, əvvəlki təminatının səviyyəsini, tərəflərin bütün diqqətəlayiq olan maraqlarını, yuxarıda sadalanan xərclərin məbləğini nəzərə alaraq hesab edir ki, uşağın müalicəsi ilə bağlı əlavə xərcin əvəzində hər ay 300 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

34. Məhkəmə eyni zamanda cavabdehin etirazına münasibətdə isə qeyd edir ki, iddiaçının tələb etdiyi (300 manat) əlavə xərcin miqdarı uşağın müalicə,qida və təlimtərbiyəsinə xərclərinə çəkilən vəsaitin yarısından ((66+360+336+500)/2=631) belə azdır. Digər tərəfdən cavabdehin 200 manat əmək haqqı müqabilində borc yığılmadan mütəmadi aliment ödənişləri etməsi, iddiaçının etirafına görə məhkəmə mübahisəsinə qədər 500 manat əlavə yardım etməsi onun əlavə xərci qarşılaya biləcək maddi vəsaitə malik olduğunu deməyə əsas verir. Odur ki, cavabdehin hazırki halda, maddi durumu ilə bağlı etirazını məhkəmə əsaslı hesab etmir.

35. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, əlavə xərcin məbləği xx.xx.2025-ci il tarixindən hesablanmalıdır. Tətbiq edilən prosessual normalar:

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

37. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

38. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

39. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

40. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il təvəllüdlü X6 müalicəsi ilə bağlı əlavə xərclərə görə xx.xx.2025-ci ildən başlayaraq, hər ay 300 manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. xx.xx.2025-ci ildən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X6 müalicəsi ilə bağlı əlavə xərclərə görə hər ay 300(üç yüz) manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar