Məhkəmə qərarları › İş №e-2(001)-5191/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5191/2025

27.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5191/2025 27.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı – İddiaçı cavabdeh – Cavabdeh qarşı “tibbi xidmətə görə çəkilən xərcin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(001)-3636/2024 saylı, xx.xx.2024-cu il tarixli qətnaməsi ilə İddiaçı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanması və aliment” tələbinə dair iddiası təmin edilərək tərəflər arasındakı nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X3 iddiaçının himayəsində saxlanması, cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay əmək haqqının və əlavə gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi müəyyən edilmişdir.

2. "xxxx" MMC tərəfindən təqdim edilmiş SM 40 nömrəli, xx.xx.2025-ci il tarixli məktub ilə iddiaçıya “çox sayda kondilomaların lazerlə ləğv edilməsi” prosedurunun tətbiq edildiyi müəyyən edilmişdir.

3. İddiaçı Cavabdeh tərəfindən yoluxduğu xəstəliyə görə aldığı müalicə və müayinə nəticəsində ödədiyi 650 manat məbləğində pul vəsaitinin, mənəvi zərərə görə ona vurulan 2500 manat məbləğində dəymiş zərərin və dövlət rüsumu kimi ödənilmiş 51 manat rüsumun, ümumilikdə 3201 manat məbləğində vəsaitin cavabdehdən öz xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə vermiş və iddia ərizəsinin xahiş edirəm hissəsini dəyişərək “Cavabdeh tərəfindən yoluxduğu xəstəliyə görə aldığı müalicə və müayinə nəticəsində ödədiyi 1042 (bir min qırx iki) manat məbləğində pul vəsaitinin, mənəvi zərərə görə vurulmuş 2108 manat məbləğində dəymiş zərərin və dövlət rüsumu kimi 51 manat rüsumun, ümumilikdə 3201 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-3636/2024 nömrəli qətnaməsi ilə Cavabdeh aralarında olan 5 saylı “Bakı Asan” Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 2199 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.2018-ci il tarixli nikah pozulmuş və birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X5 onun himayəsində saxlanılmaqla, xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən etibarən hər ay əmək haqqısının və əlavə gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin həmin məhkəmə işində cavabdehin hərəkəti nəticəsində çəkdiyi müalicə xərclərinin geri qaytarılması məsələsi mübahisələndirilməmişdir. Bildirir ki, o, xx.xx.2024-cü il tarixində boşanmaq üçün məhkəməyə ərizə (nəzərə alsaq ki xx.xx.2024-cü il tarixdən bir ay əvvəl artıq mediasiyaya müraciət etmişdim) versə də (qətnamənin surəti iddiaya əlavə olunur), onların faktiki nikah münasibətləri 2023-cü ilin əvvəlindən pisləşməyə başlamış, artıq həmin ilin sentyabr ayında kuliminasiya nöqtəsinə çatmış və münasibətləri daha da gərginləşdiyi üçün Cavabdeh ona qarşı hər gün psixoloji və fiziki təsirlərinə dözməyib, sonuncu dəfə dalaşmaqla, 2023-cü ilin oktyabrın 24-də o, cavabdehlə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən evdən çıxmışdır. Evdən çıxarkən özünə aid bütün cehiz əmlakı da özü ilə paralel aparmaq üçün “166” yükdaşıma şirkətinə zəng etmiş taksi sifariş vermişdir. “166” taksi şirkətindən gələn yük maşını ilə həmin mənzildə özünə aid bütün cehiz əşyalarını atasının ünvan 2 ünvanında yerləşən həyət evinə aparmışdır. Beləliklə, 24 oktyabr 2023-cü il tarixindən Cavabdehlə faktiki nikah münasibətləri kəsilmiş və bir daha o evə qayıtmamış, nəhayət 2024-cü ilin 09 aprel tarixində məhkəməyə boşanma ərizəsi vermişdir. Belə ki, hazırki iddia üzrə cavabdeh olan Cavabdeh ilə rəsmi nikahda olarkən ondan cinsi yolla keçən xəstəlik nəticəsində yaranmış əlavə xərclərin geri qaytarılması məsələsidir. Hansı ki, qeyd olunan xəstəliklə əlaqədar o, müxtəlif laborator analizlər vermiş və həkim müayinələrində olmuşdur. Belə ki, "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli, SM 40 nömrəli cavab məktubundan göründüyü kimi 2025-ci ilin 11 fevral, 25 və 28 mart tarixlərində həkim və laboratoriya müayinələrində olaraq tərəfindən 441 AZN ödəniş edilmişdir. Eyni zamanda, müayinələrdən sonra aldığı müalicə ilə əlaqədar qəbul etdiyi dərmanlara görə, 209 AZN də əlavə dərman xərcləri (ödəniş qəbzləri ərizəyə əlavə olunur) olmuşdur. Göründüyü kimi, cavabdehdən ona keçən xəstəlik nəticəsində ümumi 650 AZN əlavə xərci yaranmışdır. Hansı ki, bu xərcinin yaranmasının səbəbi məhz Cavabdeh olmuşdur. Hansı ki, həkim müayinəsində olarkən bildirilmişdir ki, məhz bu xəstəlik cinsi yolla keçən xəstəlikdir və onun daşıyıcısı bir qayda olaraq qarşı apponent olur. Göründüyü kimi, Cavabdeh tərəfindən bu xəstəliyə yoluxduqdan sonra, onun həyatına vecsiz yanaşmış, bir dəfə olsun onunla maraqlanmamış, bütün xərcləri çətinliklə də olsa özü qarşılamışdır. Bu barədə dəfələrlə, Cavabdehlə telefon danışıqları, whatsap və teleqram yazışmaları olmuş, lakin hər dəfəsində Cavabdeh heçnə etməyəcəyini demiş və onu bloka ataraq hara istəyirəmsə şikayət etməyimi bildirmişdir. Xüsusi bir faktı da diqqətinizə çatdırım ki, yoluxduğum xəstəlik ciddi həyati risklər yaratmaqla məni hər an xərçəngə tutulmağıma səbəb ola bilər. Həkimlərin qoyduğu diaqnoza əsasən hər altı aydan bir müalicə almalı, əks təqdirdə, xəstəlik onkoloji əlamətləri ilə seçildiyinə görə xərçəngə çevriləcəkdir. Göründüyü kimi, belə bir gərgin psixoloji təsirin altında hər gün mənəvi əzab çəkirəm. Bir tərəfdən maddi sıxıntılar, digər tərəfdən himayəsində olan azyaşlı uşağının düzgün təlim-tərbiyəsi və digər xərclər, əlavə olaraq da belə bir xəstəliyin daşıyıcısı olaraq hər gün mənəvi və psixoloji gərginliklər keçirir. Davamlı müalicə ala bilməsə, xərçəng xəstəsi olduqdan sonra övladını kim saxlayacaq? Kim onun qayğısına qalacaq? Bu səbəbdən qeyd olunan xəstəlikdən dolayı ona dəymiş mənəvi zərəri 2500 AZN məbləğində qiymətləndirir.

6. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində məhkəməyə təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində qeyd edilmişdir ki, Cavabdeh qarşı tibbi xidmətə görə çəkilən xərcin qaytarılması tələbinə dair tələbinə dair e-2(001)-5191/2025 saylı mülki iş hazırda sizin icraatınızdadır. Nəzərinizə çatdırırıq ki, aşağıda qeyd olunanlara əsasən hazırda iddia ərizəsinin əsaslandırma hissəsində maddi və mənəvi zərər hissəsində iddia tələbinə münasibətdə məbləğin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, iddia ərizəsində qeyd etdiyi kimi Cavabdeh ilə rəsmi nikahda olarkən ondan cinsi yolla keçən xəstəlik nəticəsində yaranmış əlavə xərclərin bu gün də davam etməsidir. Hansı ki, iddia ərizəsini məhkəməyə verdikdən sonra təkrar həkim müayinəsində olmuş, müalicələr almış və həmin müalicələrin davam etdirilməsi üçün həkim tərəfindən yazılan reseptlər əsasında dərmanlar almışdır (reseptlər, müayinənin nəticələri və digər sənədlər ərizəyə əlavə olunur). Qeyd edilən xx.xx.2025-ci il tarixində təkrar müayinə və müalicələr nəticəsində əlavə 392 AZN məbləğində xərci yaranmışdır. Yuxarıda qeyd olunanlardan dolayı, Cavabdeh tərəfindən yoluxduğu xəstəliyə görə aldığı müalicə və müayinə nəticəsində ödədiyi ümumi xərc 1042 (bir min qırx iki) AZN məbləğ təşkil etmişdir. AR Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Odur ki, AR Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq, Sizdən iddia ərizəsinin xahiş edirəm hissəsini dəyişərək “Cavabdeh tərəfindən yoluxduğum xəstəliyə görə aldığım müalicə və müayinə nəticəsində ödədiyim 1042 (bir min qırx iki) AZN məbləğində pul vəsaitinin, mənəvi zərərə görə mənə vurulan 2108 AZN məbləğində dəymiş zərərin və dövlət rüsumu kimi 51 AZN rüsumun, ümumilikdə, 3201 AZN məbləğində vəsaitin cavabdehdən tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edəsiniz” redaksiyasına uyğun qəbul edilməsini xahiş edir.

7. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə təqdim edərək qeyd olunan xəstəliklə əlaqədar iddiaçı müxtəlif laborator analizlər vermiş və həkim müayinələrində olmuşdur. Belə ki, "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli, SM 40 nömrəli cavab məktubundan göründüyü kimi 2025-ci ilin 11 fevral, 25 və 28 mart tarixlərində həkim və laboratoriya müayinələrində olmuşdur. Hansı ki, bu xərcin yaranmasının səbəbi məhz Cavabdeh olmuşdur. Həkim müayinəsində olarkən bildirilmişdir ki, məhz bu xəstəlik cinsi yolla keçən xəstəlikdir və onun daşıyıcısı bir qayda olaraq qarşı apponent olur. Göründüyü kimi, Cavabdeh tərəfindən bu xəstəliyə yoluxduqdan sonra, cavabdehə qarşı tərəfin həyatına vecsiz yanaşmış onunla maraqlanmamış, bütün xərcləri çətinliklə də olsa özüm qarşılamışam. Bu barədə dəfələrlə, Cavabdehlə telefon danışıqları, whatsap və teleqram yazışmaları olmuş, lakin hər dəfəsində Cavabdeh heçnə etməyəcəyini demiş və iddiaçını bloka ataraq hara istəyirənsə şikayət et demişdir. Hansı ki, bu məsələlər qarşı tərəfin nümayəndəsinin məhkəmədə özünə haqq qazandırmaq istəkləri idi: Birincisi, məhkəməyə təqdim edilən Votsap yazışması bir daha bəyan edir ki, iddiaçıda bu xəstəlik daşıyıcı olaraq 2023-cü ilin əvvəlindən başlamış, getdikcə şiddətlənmiş və ilin sonunda həkim diaqnozu ilə öz təsdiqini tapmışdır. Cavabdeh o Votsap yazışmasında iddiaçıda bu xəstəliyə görə peşman olduğunu və kömək edəcəyini etiraf etmişdir. Eyni zamanda məhkəməyə təqdim olunan sonuncu analiz nəticəsi və reseptdən görünür ki, iddiaçı xx.xx.2023-cü ildə Spero hospitalda olmuş və müayinədən keçmiş və elə həmin gün də həkim tərəfindən resept almışam. Bu tarix işin mübahisəsiz halıdır. Çünki qarşı tərəf də bəyan edir ki, onlar həmin tarixdə normal ailə olaraq bir yerdə yaşamışlar. Göründüyü kimi artıq iddiaçı xx.xx.2023-cü il tarixdən ginekolji müalicələrə başlamışdır. Daha sonra HPV analizi vermək üçün hər dəfə Amid ona bu analizi vermə yaxşı olacaq hələ ki, imkanımız yoxdur, sığorta ilə verərik və s. bəhanələrlə yubatmış və nəhayət iddiaçı 2023-cü ilin noyabrında evdən çıxandan, yəni tərəflərin faktiki nikah münasibətlərinin pozulduğu tarixdən sonra getmiş analizləri vermiş və iddiaçıda bu infeksiya çıxmışdır. İkinci məsələ isə, Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan analiz nəticələridir ki, hazırda cavabdeh adam bu infeksiyanın daşıyıcısı deyil. Cavabdeh hazırda o infeksiyanın daşıyıcısı olması əhəmiyyətli deyil, çünki iddiaçının da sonuncu müayinələrinə əsasən səhhətində irəliləyiş vardır. Yəni bu infeksiya sonradan sağala və yoxa çıxa bilir. Ona görə qarşı tərəfin təqdim etdiyi həmin sübutun heç bir hüquqi əhəmiyyəti yoxdur. Amidin indi o infeksiyasının olmaması, onun heç vaxt o infeksiyaya tutulmaması demək deyildir. Nəhayət yekunda iddiaçı tərəfindən təqdim olunan analiz nəticələrindən də göründüyü kimi sonuncu HPV-nin elə bir növünə yoluxmuşdur ki, həmin növü ancaq cinsi yolla keçə bilir. Eyni zamanda iddia ərizəsində də qeyd edilən kimi onun yoluxduğu xəstəlik ciddi həyati risklər yaratmaqla məni hər an xərçəngə tutulmağıma səbəb ola bilər. Həkimlərin qoyduğu diaqnoza əsasən hər altı aydan bir mən müalicə almalıyam, əks təqdirdə, xəstəlik məndə onkoloji əlamətləri ilə seçildiyinə görə xərçəngə çevriləcəkdir. Göründüyü kimi, belə bir gərgin psixoloji təsirin altında hər gün mənəvi əzab çəkirəm. Bir tərəfdən maddi sıxıntılar, digər tərəfdən himayəsində olan azyaşlı uşağın düzgün təlim-tərbiyəsi və digər xərclər, əlavə olaraq da belə bir xəstəliyin daşıyıcısı olaraq hər gün mənəvi və psixoloji gərginliklər keçirir. Davamlı müalicə ala bilməsə, xərçəng xəstəsi olduqdan sonra övladını saxlayan olmayaq. Odur ki, yuxarıda göstərilənlərə əsasən təqdim olunan sübutları bir daha məhkəmənin iş materiallarına əlavə edərək, bütün sübutları hərtərəfli, tam və obyektiv təhlil edib iddia tələbinin təmin olunması və mənə dəyən maddi və mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli vəsatətdə qeyd edilir ki, tərəfimizdən məhkəməyə yetərincə sübutlar təqdim edilmişdir. Bu barədə qarşı tərəfin etiraf mesajları, xəstəliyin diaqnozları, 99 faiz cinsi yolla yoluxması barədə mütəxəsiss rəyləri və s. iş materiallarına əlavə edilmişdir. Xüsusi şəkildə qeyd edirik ki, iddiaçıya yoluxan virusun cinsi yolla keçməsi barədə Azərbaycan Tibb Universitetinə məhkəmə tərəfindən sorğu verilmişdir. ATU-nun təqdim etdiyi cavab məktubu istisna kimi cinsi yolla yoluxmaması faktını da qeyd etmişdir, təbiidir, bu hal mindəbir olan prosesdir. Lakin, hesab edir ki, aidiyyəti sorğu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanmalı (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu”) və aidiyyəti dövlət orqanının ginekoloji xəstəliklər sahəsində mütəxəsislərinin (baş mütəxəsissin) rəyi alınmalıdır. Göstərilən rəy alınandan sonra, məhkəmə hesab edərsə, işdəki sübutlar kifayət etmir, həmin təqdirdə məhkəmə tibb ekspertizasının keçirilməsi son dərəcə zəruridir. Lakin, hesab edir ki, hal-hazırda məhkəməyə tərəflərindən yetərincə sübutlar təqdim edilmişdir. AR Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Odur ki, işin hallarının tam və hərtərəfli araşdırılması və işdə olan sübutlara düzgün qiymət verilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu”) ginekoloji xəstəliklər sahəsində mütəxəsislərinin (baş mütəxəsissin) rəyinin (fikrinin) əldə olunub iş materiallarına əlavə olunması, eyni zamanda iş materiallarında olan sübutların kifayət etməyəcəyi təqdirdə iş üzrə ekspertizanın keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazları:

9. Cavabdeh tərəfindən məhkəməyə hər hansı yazılı etiraz ərizəsi daxil edilməmişdir.

Tərəflərin izahatları:

10. İddiaçı məhkəmə iclasında cavabdehlə nikahda olarkən sonuncudan ona HPV virusunun keçdiyini, sözügedən xəstəliklə əlaqədar olaraq həm maddi, həm də mənəvi zərər çəkdiyini, evli olduğu müddətdə özəl sığorta hesabına müalicə olunduğunu, hazırda icbari sığortanın müalicəni qarşılamadığını, bu səbəbdən öz hesabına müalicə aldığını, xəstəliyin onun vaginal orqanında olmasını, Tibb Universiteti tərəfindən tərtib edilmiş rəylə razı olmadığını bildirərərk iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

11. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında Tibb Universiteti tərəfindən tərtib edilmiş rəyə əsaslanaraq iddiaçıya virusun gigiyenik qaydaların pozulması nəticəsində keçdiyini, cavabdehdə hazırda HPV virusunun aşkarlanmadığını, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətin əsassız olduğunu bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

12. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(001)- 3636/2024 saylı, xx.xx.2024-cu il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanması və aliment” tələbinə dair iddiası təmin edilərək tərəflər arasındakı nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X3 iddiaçının himayəsində saxlanması, cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay əmək haqqının və əlavə gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

13. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş SM 40 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, iddiaçıya “çox sayda kondilomaların lazerlə ləğv edilməsi” prosedurunun tətbiq edildiyi və göstərilmiş xidmətlər nəticəsində sonuncu tərəfindən 441 manat məbləğində xərc çəkilmişdir.

14. İş materiallarında olan Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən təqdim edilmiş MŞB/8/2025-01073 saylı, xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə mediasiya arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçıya bu barədə arayış təqdim edilmişdir.

15. İş materiallarında olan xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli həkim reseptlərindən müəyyən edilir ki, iddiaçıya iddia ərizəsində göstərdiyi xəstəliklə-“papillomaviruslar” bağlı həkim tərəfindən müxtəlif dərman preparatları yazılmışdır.

16. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “PCR” testi nümünələrindən müəyyən edilmişdir ki, İddiaçı sözügedən xəstəliklə bağlı test nümunələrinin götürüldüyü (ödənişli), eyni tarixli 70950 nömrəli qəbzə əsasən sonuncunun 50 manat məbləğində müayinə ödənişi, 70979 nömrəli qəbzə əsasən ilə yaxma nümunəsi üçün 244 manat məbləğində ödəniş etmişdir.

17. İş materiallarında olan AR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli, 11-10/2-1006/2025 saylı məktubdan müəyyən edilir ki, sözügedən papiloma virusunun müalicəsi XBT-9 kodu “48.33-Rektal zədələnmə və ya toxumasının lazerlə destruksiyası” Xidmətlər Zərfində öz əksini tapmamışdır.

18. İş materiallarında olan “MediClub” klinikası tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli laboratoriya nəticəsindən müəyyən edilir ki, “PCR” testi nəticəsində Cavabdeh HPV virusunun nəticəsi neqativ çıxmışdır.

19. İş materiallarında olan Azərbaycan Tibb Universitetinin Tədris işləri üzrə prorektoru professor Anar Ağayev tərəfindən tərtib edilmiş rəydən müəyyən edilir ki, “Papillomaviruslar” təkcə cinsi yolla deyil, təmas (mikrotravma və s.), o cümlədən də transplasentar (ana bətnində dölün yoluxması) yolla da yoluxa bilirlər.

20. İş materiallarında olan Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri dosent Cəlal İsayev tərəfindən tərtib edilmiş rəydən müəyyən edilir ki, “Papillomaviruslar” təkcə cinsi yolla deyil, təmas (mikrotravma və s.) o cümlədən də transplasentar (ana bətnində dölün yoluxması) yolla da yoluxa bilirlər.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması. - Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. - Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. - Maddə 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. - Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli: - Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. - Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. - Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli: - Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. - Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. - Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. - Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. - Qeyd edilməlidir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. - Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. - İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. - Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). - Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. - Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. - Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. - Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 nömrəli, 03 noyabr 2008-ci il tarixli: - 1. Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. - 2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. - 3. Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. - 4. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. İddiaçı məhkəmə tərəfindən bu iddia üzrə qətnamə qəbul edilənə kimi vəfat edərsə, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən həmin iş üzrə icraata xitam verilməlidir. - 5. Mənəvi zərərin məbləği, habelə zərərin ödənilməsinin digər formaları iddia ərizəsində konkret göstərilməlidir. Buna əməl olunmaması Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. - 7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. - 8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. - 10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Məhkəmənin mövqeyi:

25. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır.

26. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

27. Qeyd edilən müddəalardan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

28. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülən hazırki iddia tələbinin hüquqi əsası kimi zərər vurmadan (deliktdən) əmələ gələn öhdəlik çıxış edir.

29. Məhkəmə iddia tələbinə münasibətdə isə qeyd edir ki, mülki məhkəmə icraatı ölkənin əsas qanunu olan Konstitusiyada nəzərdə tutulmuş icraatın növlərindən biri olub bu icraatın həyata keçirilməsinin məqsədi həqiqətin müəyyən edilməsindən ibarətdir. Hüquq ədəbiyyatında həqiqətin iki növü fərqləndirilir ki, onlardan biri “formal həqiqət”, digəri isə “obyektiv həqiqət”dir. Həqiqətin növlərinə əsasən məhkəmə icraatları da mülki, cinayət və inzibati məhkəmə icraatı kimi növlətə ayrılmışdır. Bərabərhüquqlu subyektlər arasındakı mübahisələrə mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələri və kommersiya məhkəmələri tərəfindən baxılır. Hazırki mübahisə də bərabərhüquqlu subyektlər arasındakı mübahisə olub bu tip mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

30. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatında inzibati məhkəmə icraatından fərqli olaraq obyektiv həqiqətin deyil, formal həqiqətin müəyyən edilməsi məhkəmənin vəzifəsi olaraq təsbit edilmiş və buna görə də çəkişmə prinsipi (AR MPMnin 9-cu maddəsi) mülki məhkəmə icraatının, işin hallarının araşdırılması prinsipi (AR İPM-nin 12-ci maddəsi) isə inzibati məhkəmə icraatının ana prinsipi olaraq müəyyən edilmişdir. Bu prinsiplərin fərqləri ondan ibarətdir ki, çəkişmə prinsipi zamanı məhkəmə yalnız tərəflərin bərabərliyini təmin etməklə öz qərarını yalnız onların çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırır, amma inzibati məhkəmə icraatında tətbiq edilən işin hallarının araşdırılması prinsipinə əsasən isə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırır. Bu isə onu göstərir ki, mülki məhkəmə icraatında hakimin səlahiyyətləri yalnız tərəflərin təqdim etdikləri sübutlarla məhdudlaşdırılmışdır.

31. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyin istinad edilmiş normalarının imperativ tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu isə o deməkdir ki, məhkəmə tərəflərin və ya onlardan hər hansı birinin yerinə sübut toplayan bir orqan və ya qurum deyildir. Əks halda bu məhkəmənin işin hallarını obyektiv və şəffaf araşdırılması prinsipinə zidd olmaqla məhkəmənin də tərəf rolunda çıxış etməsinə səbəb ola bilərdi. Mülki prosessual qanunvericiliyin digər bir imperativ tələbinə əsasən tərəflərin tələb və ya etirazlarını əsaslandırmaq üçün əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Bu da onu deməyə əsas verir ki, sübutları məhkəmə deyil, tərəflər əldə etməli və öz tələblərini və ya etirazlarını da həmin sübutlar əsasında əsaslandırmalıdırlar. Mülki prosessual qanunvericiliyinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Burdan da aydın olur ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları özü sübut etməlidir.

32. Məhkəmə işin hallarını, eləcə də təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia dəymiş maddi zərərə (çəkilmiş xərclərə), eləcə də tələb edilən mənəvi zərərə münasibətdə qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

33. Belə ki, mülki iş materiallara əlavə edilmiş sübutlara əsasən müəyyən edilir ki, iddiaçı “papilloma” virusuna yoluxmuş və virusdan müalicə məqsədi ilə, 11 fevral, 25 və 28 mart 2025-ci il tarixlərində Spero Hospitalda müalicə və laborator müayinələrdə olmuş və bu müalicələr üçün 441 manat məbləğində xərc çəkmişdir. Həmçinin mülki iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 70950 nömrəli qəbzdən müəyyən edilir ki, iddiaçı Spero Hospitalda həkim müayinəsində olmuş və 50 manat, eləcə də həmin tarixdə verdiyi analizlər üçün 70979 nömrəli qəbzə əsasən 244 manat, xx.xx.2025-ci il tarixli, 71575 nömrəli qəbzə əsasən iddiaçı qadın kiçik çanaq üzvlərinin kompleks USM-dən keçmiş və 45 manat, eləcə də yazılmış resept əsasında alınmış dərman preparatlarına görə xx.xx.2025-ci il tarixli, 17214 nömrəli qəbzə əsasən 54 manat ödəniş etmişdir. Beləliklə də, mülki iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinə əsasən iddiaçının aldığı müalicə üçün ümumilikdə 834 (səkkiz yüz otuz dörd) manat xərc çəkdiyi müəyyən edilmişdir.

34. Məhkəmə iddiaçının yoluxduğunu qeyd etdiyi “papilloma” virusuna münasibətdə qeyd edir ki, tibbi ədəbiyyatlarda X4-İPV (HPV-Human PapillomaVirus) kimi adlandırılan bu virus geniş yayılmış və cinsi yolla yoluxan infeksiyanı (CYYİ) törədən virus olaraq qeyd edilir. Tibbi ədəbiyyatlara əsasən İPV-nin çox sayda müxtəlif tipləri/növləri vardır. Müəyyən növləri genital (cinsi) nahiyədə, ziyillərin və xərçəngin əmələ gəlməsi daxil olmaqla, bir sıra sağlamlıq problemləri yarada bilər. Virus daşıyıcısı ilə cinsi əlaqədə (əsasən vaginal və ya anal) olduqda yoluxma baş verə bilər. Hətta virus daşıyan şəxsdə heç bir əlamət və ya simptom olmadıqda infeksiya ötürülə bilər. Bir cinsi partnyoru olduğu halda da, hər bir fəal cinsi həyatı olan insanın virusa yoluxması mümkündür. İPV – cinsi yolla ötürülən ən geniş yayılmış infeksiyalardan biridir. İPV-nin əsas təhlükəsi ondadır ki, orqanizmdə uzun müddət olduqda bi virusun bəzi tipləri xərçəngə səbəb ola bilir. İPV-nin bütövlükdə 120-dən çox müxtəlif tipi var. Onlardan təxminən 40-ı cinsi yolla ötürülür. İnsan papilloması virusu heç vaxt məişət yolu (əgər Siz bu zaman virusun daşıyıcısı ilə sıx təmasda olmursunuzsa) yoluxmur.

35. Məhkəmə iddiaçının yoluxduğunu bildirdiyi virusla əlaqədar aparılmış araşdırmanın nəticəsi olaraq qeyd edir ki, sözügedən virus (iddiaçının da yoluxduğu növü) əsasən cinsi yolla keçən virus olduğundan iddiaçının həmin virusa yoluxması və müalicə alması işin mübahisəsiz halıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi çəkilmiş müalicə və müayinə xərclərinə münasibətdə qismən, yəni 834 (səkkiz yüz otuz dörd) manat məbləğində təmin edilməlidir.

36. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi müəyyən edilmiş olsun.

37. Məhkəmə əlavə olaraq qeyd edir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunur. Bununla yanaşı məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırır.

38. İddianın mənəvi zərərlə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının bu tələbi də qismən əsaslıdır. Belə ki, iddiaçının papilloma virusuna yoluxması və həmin virusa görə müalicə alması işin mübahisəsiz halı olduğundan, eləcə də aparılmış məhkəmə tədqiqatı zamanı iddiaçının yoluxduğu sözügedən virusa görə vaxtlı-vaxtında müalicə almamasının gələcəkdə onda xərçəng xəstəliyinin yaranmasına səbəb ola biləcəyi tibbi ədəbiyyatlara əsasən müəyyən edildiyindən, iddiaçının bu barədə məlumatlı olduğu andan sarsıntı, stress, qorxu keçirməsi, eləcə də himayəsində olan azyaşlı övladının gələcəyi üçün narahatlıq hissi yaşaması, başqa sözlə iddiaçının mənəvi sarsıntılar keçirməsi də mülki işin materiallarına əsasən sübuta yetirilir. Lakin, iddiaçı ona 2108 manat məbləğində mənəvi zərərin dəyməsini və həmin məbləğin necə müəyyən edildiyini sübuta yetirə bilmədiyindən məhkəmə hesab edir ki, iddiaçıya keçirdiyi mənəvi sarsıntılara, qorxu, narahatçılıq və stressə görə cavabdehdən 300 (üç yüz) manat məbləğində mənəvi zərər tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

39. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda iddia qismən təmin edildiyindən məhkəmə qeyd edir ki, məhkəmə xərcləri qismində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18 manat məbləğində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

40. Beləliklə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən çəkilmiş müalicə və müayinə xərclərinə münasibətdə 834 (səkkiz yüz otuz dörd) manat, mənəvi zərərə görə 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18 (on səkkiz) manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

41. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. Müalicə və müayinəyə çəkilmiş xərclərin əvəzi olaraq 834 (səkkiz yüz otuz dörd) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin.

3. Mənəvi zərərə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin.

4. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin.

5. İddia qalan hissədə təmin edilməsin.

6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

7. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar