Məhkəmə qərarları › İş №e-2(001)-5399/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5399/2022

12.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5399/2022 12.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 12 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş 22 dekabr 2005-ci il təvəllüdlü X4 və 28 oktyabr 2012-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) üçdə-bir hissəsi miqdarında, Aydan adlı uşaq yetkinlik yaşa çatdıqdan sonra isə Mədinə adlı uşağın saxlanması üçün cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) dörddə-bir hissəsi miqdarında alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirib, izahatında göstərdi ki, tərəflər 30 sentyabr 2000-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli, 2(001)-13105/2016 saylı qətnaməsinə əsasən, tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan olan uşaqların analarının yanında saxlanması qərara alınmışdır. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya bəzi vaxtlarda dəyişik məbləğlərdə maddi yardım göstərsə də, bu hal stabil olmadığından, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Spnda Vəkil1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qismən qəbul etdiklərini bildirərək, izahatında göstərdi ki, cavabdeh uşaqların saxlanması üçün daimi olaraq iddiaçıya maddi yardım göstərmiş, buna dair sübutlar da mövcuddur. Hazırki halda cavabdeh alimentin məhkəmə qətnaməsi ilə müəyyən edilməsinə etiraz etmir, lakin alimentin onun aylıq qazancından tutulması ilə razı olmamaqla, sabit pul məbləğində müəyyən edilməsini istəyir. Sonda Vəkil2 məhkəmədən qətnamə çıxarılarkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Mülki iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli, 2(001)-13105/2016 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan 22 dekabr 2005-ci il təvəllüdlü X4 və 28 oktyabr 2012-ci il təvəllüdlü X3 adlı uşaqların analarının yanında saxlanması qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: - aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Göründüyü kimi, Ailə Məcəlləsinin qeyd olunan normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən etmişdir. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Hazırki halda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxs, yəni iddiaçı alimentin cavabdehin aylıq qazancından (başqa gəlirlərindən) müəyyən hissədə tutulmasını xahiş edir və iş materiaları ilə müəyyən edilir ki, cavabdeh “BP Eksploreyşn (Kaspian Si) Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində “Hasilat departamenti, Hasilat üzrə texnik (Neft və qaz hasiları üzrə operator)” vəzifəsində işləyir və onun vergi tutulmamış aylıq əmək haqqı 3891,66 manat təşkil edir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafelərinin üstünlüyü baxımından, onların normal, yəni qida rasionlarına uyğun qidalanmalarının, geyimlərinin, təhsillə bağlı xərclərin, habelə, asudə vaxtlarının səmərəli təşkili ilə bağlı xərclərin mövcudluğunu, digər tərəfdən iddiaçının tələbini nəzərə alaraq, hesab edir ki, cavabdehdən tutulmalı alimentin miqdarı onun aylıq qazancından müəyyən hissə olaraq müəyyən edilməlidir. Hazırki qətnamə çıxarılan tarixdə hər iki uşaq yetkinlik yaşına çatmadıqlarından, alimentin miqdarı cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) üçdə-bir hissəsi miqdarında müəyyən edilməlidir. 22 dekabr 2023-cü il təvəllüdlü Aydan adlı uşaq yetkinlik yaşına çatdıqda isə yetkinlik yaşına çatmayan Mədinə adlı uşağın saxlanması üçün cavabdehdən tutulmalı alimentin miqdarı onun aylıq qazancının (başqa gəlirlərinin) dörddə-bir hissəsi miqdarında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddiaçı hazırki iddia ərizəsi ilə 12 avqust 2022-ci il tarixdə məhkəməyə müraciət etdiyindən, alimentin hesablanması həmin tarixdən aparılmalı, qətnamə dərhal icra edilməlidir. Məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 22 dekabr 2005-ci il təvəllüdlü X4 və 28 oktyabr 2012-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) üçdə-bir hissəsi miqdarında, 22 dekabr 2005-ci il təvəllüdlü X4 adlı uşaq yetkinlik yaşına çatdıqdan sonra isə 28 oktyabr 2012-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) dörddəbir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar