Məhkəmə qərarları › İş №e-2(001)-5540/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5540/2022

03.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5540/2022 03.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 750 manat sığorta ödənişinin, ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində, saat 14:00 radələrində, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində "xxxx" ASC-də sığortalanmış “Honda CRV” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi törədilmişdir. Yuxarıda göstərilən yol-nəqliyyat hadisəsi ilə bağlı müvafiq araşdırma aparıldığı zaman müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli hadisə zamanı cavabdeh səlahiyyətli dövlət orqanlarına məlumat vermədən hadisə yerini tərk etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsinə görə Cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(009)-877/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 200 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd olunan hadisə nəticəsində X1 yüngül dərəcəli xəsarət yetirildiyi üçün "xxxx" ASC 750 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, PBA ********** saylı sığorta şəhadətnaməsindən müəyyən olunur ki,“Honda CRV” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil"xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək icbari qaydada sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(009)-877/2022 saylı qərarından və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan müəyyən olunur ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə 200 manat məbləğində cərimə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 29 mart 2022-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 yüngül zərər vurulmuşdur. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, X1 dəymiş zərərə görə ASC tərəfindən 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli geriyə tələb məktublarının surətlərindən müəyyən olunur ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 750 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilmişdir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən iddiaçının tələbinə dair cavabdehə bildiriş göndərilmiş, lakin cavabdehin hər iki ünvanına çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X6 ilə "xxxx" ASC arasında AVSMMİS icbari sığorta növündə, PBA********** saylı sığorta müqaviləsi bağlanmışdır. Müqavilənin qüvvəyə minmə tarixi xx.xx.2021-ci il, qüvvədən düşmə tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Sığorta müqaviləsinə əsasən “Honda CRV” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka vurulan zərərə görə 5000, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000, bir hadisə üzrə 50000 manat məbləğində sığortalanmışdır. "xxxx" ASC tərəfindən verilən 865/22 saylı, xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, “Honda CRV” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021ci il tarixindən xx.xx.2028-ci il tarixinə kimi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə 55000 manat məbləğində sığortalanmışdır. Aktda qeyd edilir ki, xx.xx.2022-ci il tarixində, saat 14:00 radələrində “Honda CRV” markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobil “Moped” lə toqquşmuşdur. Dəymiş zərər məbləği 750 manat məbləğində müəyyən edilmiş və hadisə zamanı xəsarət almış X5 məxsus kart hesabına 750 manat ödəniş edilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki 20 mart 2022-ci il tarixində, saat 14:00 radələrində İstiqlaliyyət küçəsində yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh idarə etdiyi “Honda CRV” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil, X4 idarə etdiyi mopedlə toqquşmuş, sağlamlığa və əmlaka ziyan vurulmuşdur. Belə ki, mopedin sağ yan güzgüsü, rulavoy və aşağı ayaq hissəsinə zərər vurulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsi tərəfindən verilən 181 saylı (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, X3 məhkəmə-tibbi ekspertizası keçirilmiş, vətəndaş X2 əldə hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin arxa səthinin hematoması, eləcə də, bazunun aşağı 1/3-nin arxa səthinin və sağ diz oynağı nahiyyəsinin bayır səthinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, şəraitdə, yəni xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan mopedin avtomaşınla toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər. Dərəcəsinə görə isə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb ola sağlamlıa yüngülzərər vurmaya aiddirlər. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1748/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Cavabdeh AR İXM-nin 327.8-ci maddəsi ilə tənbeh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərarda göstərilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmçinin qərarın təsviri hissəsində sadalanan sübutlarda görünür ki, 06 may 2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokolla X3 xx.xx.2022-ci il saat 14:00 tarixində törətdiyi yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. "xxxx" ASC tərəfindən verilən 19 may 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X3 hesabına 750 manat ödəniş edilmişdir. "xxxx" ASC tərəfindən X5 ünvanlanan geriyə tələb (subroqasiya) məktubundan görünür ki, sonuncudan fiziki şəxsə vurulmuş zərərin ödənilməsi üçün xərclənmiş 750 manat məbləğində pul vəsaitinin 5 gün müddətində "xxxx" ASC-yə ödənilməsi tələb edilmiş, əks təqdirdə barəsində məhkəmə icraatının başlanacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X6 ilə "xxxx" ASC arasında AVSMMİS icbari sığorta növündə, PBA********** saylı sığorta müqaviləsi bağlanmış və “Honda CRV” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka vurulan zərərə görə 5000, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000, bir hadisə üzrə 50000 manat məbləğində sığortalanmışdır. 20 mart 2022-ci il tarixində Bakı şəhəri İstiqlaliyyət küçəsində baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Honda CRV” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh idarə etdiyi avtomobil ilə X3 idarə etdiyi mopedlə toqquşmaqla yol nəqliyyat hadisəsi törətmiş, mopedin sürücüsün sağlamlığına xəsarət yetirmiş və daha sonra hadisə yerindən yayınmışdır. “Honda CRV” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinərək barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Cavabdeh AR İXM-nin 327.8-ci maddəsi ilə tənbeh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş və həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1748/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. "xxxx" ASC tərəfindən verilən 865/22 saylı, xx.xx.2022-ci il tarixli sığorta aktı ilə dəymiş zərər məbləği 750 manat məbləğində müəyyən edilmiş və hadisə zamanı xəsarət almış X5 məxsus kart hesabına 750 manat ödəniş edilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən vurduğu zərərin əvəzi olaraq sığortalıya ödənilmiş 750 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş edir. Mübahisənin məhkəmə tərəfindən müəyyən edilən mahiyyəti ondan ibarətdir ki, sığorta şirkəti olan iddiaçı sığorta olunan avtomobilin fiziki şəxsə vurduğu zərərlə bağlı apardığı ödənişi delikt törədən cavabdehdən tələb edir. Yəni iddia subroqasiya tələbi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”. Məhkəmə hesab edir ki, cavabdehin yol nəqliyyat hadisəsi zamanı təqsiri və onun hadisə yerindən yayınması məhkəmə qərarları ilə təsdiq edildiyindən, o cümlədən hadisə nəticəsində sığorta şirkəti tərəfindən zərərçəkənə 750 manat ödənilməsi sığorta aktı, ödəniş qəbzi və s. ilə sübut olduğundan iddiaçının cavabdehə qarşı ödənilmiş sığorta ödənişi məbləğində subroqasiya tələbi əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, təmin edilməli, Cavabdeh 750 manat məbləğində pul vəsaiti, 30 manat məbləğində dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı tutularaq iddiaçı “Bakı Sığorta“ Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaiti, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı “Bakı Sığorta“ Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar