Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-562/2022 05.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikasının Maraqlı şəxs3, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura İdarəsi, Bakı şəhər İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 05 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikasının Maraqlı şəxs3, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura İdarəsini və Bakı şəhər İcra Hakimiyyətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının ara məsafəsinə aid tikinti normalarını pozan hissəsinin, habelə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hasarının yaxınlığında inşa edilmiş su hovuzunun cavabdehin vəsaiti hesabına sökülməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh şirkət torpaq ayırma haqqında sənədlərə zidd olmaqla, iddiaçıya ayrılmış yaşayış evinə aid torpaq sahəsinə daxil olmaqla, iddiaçının həyətinin hasarı ilə ara məsafəsi saxlamadan, yüksək mərtəbəli yaşayış binası inşa etmişdir. Binanın bir tərəfdən bütün pəncərələri iddiaçının həyətinə açılır, binada və ətrafında təmir-tikinti işləri tamamlanmaq üzrədir, cavabdeh tikinti materiallarını və tullanrıları iddiaçının hasarının qarşısına yığır. Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən 26 oktyabr 2007-ci il tarixli, 283 nörməli qərarla iddiaçıya Binəqədi rayonu, 6-cı mkr., İ.Cümşüdov küçəsi, 15a saylı yaşayış binasının yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq 800 kv.metr torpaq sahəsi ayrılmışdır. Eyni tarixdə iddiaçı ilə Bələdiyyə arasında 180 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən 6656 manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmin torpaq sahəsində iddiaçı 2006-cı ildə fərdi yaşayış evi inşa etməklə 2007-ci ildən bu günədək ailəsi ilə birlikdə yaşayır. Daha sonra 04 oktyabr 2019cu il tarixdə həmin evə dair çıxarış almışdır. 2020-ci ildən başlayaraq evin hasarının lap yaxınlığında sürətlə yüksəkmərtəbəli yaşayış binası tikilməyə başlanmışdır. Həmin vaxt iddiaçı və həyat yoldaşı binanı tikən şirkətlə əlaqə saxlamış, onlara bildirilmişdir ki, narahat olmasınlar, bina onların ərazilərindən uzaq olacaq, pəncərələr isə onların həyətinə açılmayacaqdır. Lakin, sonradan bu vədlərə əməl edilməmiş, yuxarıda qeyd edilən xoşagəlməz hallara yol verilmişdir. Binanın tikintisi aparılan torpaq sahəsi cavabdeh MMCyə deyil, X5 ayrılmışdır. Həmin torpaq sahəsi Ə.X3 tərəfindən hündürmərtəbəli yaşayış binasının tikintisi üçün deyil, aşağımərtəbəli qeyri-yaşayış binasının tikintisi üçün ayrılmışdır. Nəhayət, ayrılmış torpaq sahəsinin ölçüsü 0,02493 ha. təşkil etdiyi halda, bina 0,09 ha.-dan çox torpaq sahəsi üzərində inşa edilmişdir. Bundan başqa, iddiaçının evinin hasarının və giriş qapısının lap yaxınlığında, yəni hasarın 2,5-3 metr və qapının 4 metrliyində cavabdeh tərəfindən binanın su təchizatı sisteminə aid iri yeraltı su hovuzu da salınmışdır. İddiaçının evi hovuzun səviyyəsindən aşağıda yerləşir. Bir təkan və ya yer sürüşməsi yetər ki, hovuzun soyu bütünlükdə iddiaçının evinə dolsun. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirib, izahatında göstərmişdir ki, iş üzrə ekspertiza aparılarkən ekspert binanın sərhədi ilə iddiaçının evinin divarı arasındakı məsafəni ölçmüş, evin həyətinin hasarı nəzərə alınmamışdır. Halbuki, iddiaçının evinin hasarı demək olar ki cavabdeh tərəfindən inşa edilmiş bina ilə bitişikdir. Bu da şəhərsalma qaydalarına ziddir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi (əri) Nümayəndə da iddia ərizəsində göstərilənləri nəzərə alıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 591 saylı, 14 dekabr 2017-ci il tarixli sərəncamı ilə "xxxx" MMC-nin müraciəti və Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-in 09 mart 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışı nəzərə alınaraq ünvan 3 ünvanda istifadədə olan 0,02493 ha. və ona bitişik torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsinə MMC-yə icazə verilmiş, yenə də Bakı şəhər İcra Hakimiyyəti Başçısının 313 saylı, 20 aprel 2018-ci il tarixli sərəncamı ilə Binəqədi rayonu, 6-cı mkr., İlqar Cümşüdov küçəsi 15V ünvanda MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış binasının şəhərsalma əsaslandırılması təsdiq olunmuşdur. MMC tərəfindən aparılan tikinti işləri tam olaraq təsdiq edilmiş layihə çərçivəsində aparılmışdır. Tikintinin aparıldığı torpaq sahəsi MMC tərəfindən zəbt edilməmişdir, habelə, tikinti işlərinin iddiaçının hüquqlarını pozmadığını iş materiallarında olan ekspert rəyi sübut edir. Sonda Vəkil2 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan: - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli, 283 saylı qərarından görünür ki, Binəqədi rayonu, 6-cı mkr., İ.Cümşüdov küçəsi, 15a saylı yaşayış binasının yaxınlığında 400 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq İddiaçı mülkiyyətinə verilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0,08 ha. torpaq sahəsində yerləşən, ümumi sahəsi 260,4 kv.metr olan fərdi yaşayış evi İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 01 oktyabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, ünvan 4 ünvanında istifadədə olan 0,02493 ha. torpaq sahəsində yerləşən qeyri-yaşayış binası X4 adına Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli “Tikinti quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi komissiyasının” aktına, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 386 saylı, xx.xx.2006-cı il tarixli qərarına, Binəqədi rayonu X2 Ərazisində olan torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 263 saylı, xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən qeydiyyata alınmışdır, lakin, ********** qeydiyyat nömtəli, xx.xx.2020-ci il tarixli müraciət əsasında bina söküldüyü üçün əmlak üzərinə onun mülkiyyət hüquqlarına xitam verilmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə təqdim edilmiş 10 sentyabr 2020-ci il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədindən görünür ki, ünvan 5 ünvanında "xxxx" MMC-nin sifarişi ilə həmin MMC tərəfindən yaşayış binasının inşasına icazə verilmişdir. Məhkəmənin 10 yanvar 2022-ci il tarixli, 2(001)-562/2022 saylı qərardadına əsasən, mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - ünvan 5 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası həmin küçənin 35 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə ara məsafəsi tələblərinə uyğun inşa edilmişdirmi? - ünvan 5 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının faktiki döngə nöqtələrinin koordinatları tikinti layihəsində nəzərdə tutulmuş koordinatlara uyğundurmu? - ünvan 5 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının su hovuzu həmin ərazidə mümkün yer sürüşməsi və yeraltı təkan səbəbindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə aid tikililər üçün təhlükə ehtimalı yaradırmı? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2022-ci il tarixli, 10/2985 saylı müvafiq rəyində göstərilmişdir ki, ünvan 5 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası həmin küçənin 35 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 5.1-ci bəndinin tələblərinə uyğun olduğu müəyyən edilir. Həmin çoxmərtəbəli yaşayış binasının faktiki döngə koordinatları tikinti layihəsində nəzərdə tutulmuş koordinatlara uyğundur. Həmin çoxmərtəbəli yaşayış binasının su hovuzu həmin ərazidə mümkün yer sürüşməsi və yeraltı təkan səbəbindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə aid tikililər üçün təhlükə ehtimalı yaratmır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İddia tələbindən belə müəyyən olunur ki, iddiaçının tələbi xüsusi mülkiyyətində olan torpaq sahəsinin bilavasitə yaxınlığında "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının ara məsafəsinə aid tikinti normalarını pozan hissəsinin, habelə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hasarının yaxınlığında inşa edilmiş su hovuzunun cavabdehin vəsaiti hesabına sökülməsindən ibarətdir. Məhkəmə iddiaçının “şirkət torpaq ayırma haqqında sənədlərə zidd olmaqla, iddiaçıya ayrılmış yaşayış evinə aid torpaq sahəsinə daxil olmaqla, iddiaçının həyətinin hasarı ilə ara məsafəsi saxlamadan, yüksək mərtəbəli yaşayış binasının inşa etməsi” habelə “binanın tikintisi aparılan torpaq sahəsi cavabdeh MMC-yə deyil, X6 ayrılması, həmin torpaq sahəsi Ə.X3 tərəfindən hündürmərtəbəli yaşayış binasının tikintisi üçün deyil, aşağımərtəbəli qeyri-yaşayış binasının tikintisi üçün ayrılması, ayrılmış torpaq sahəsinin ölçüsü 0,02493 ha. təşkil etdiyi halda, bina 0,09 ha.-dan çox torpaq sahəsi üzərində inşa edilməsi” eləcədə “iddiaçının evinin hasarının və giriş qapısının yəni hasarın 2,5-3 metr və qapının 4 metrliyində cavabdeh tərəfindən binanın su təchizatı sisteminə aid iri yeraltı su hovuzu da salınmasının təhlükə yaratdığı” ilə bağlı dəlili ilə razılaşmayarq qeyd edir ki, işin məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, ünvan 4 ünvanında istifadədə olan 0,02493 ha. torpaq sahəsində yerləşən qeyri-yaşayış binası X4 adına Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli “Tikinti quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi komissiyasının” aktına, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 386 saylı, xx.xx.2006-cı il tarixli qərarına, Binəqədi rayonu X2 Ərazisində olan torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 263 saylı, xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən qeydiyyata alınmışdır, lakin, ********** qeydiyyat nömtəli, xx.xx.2020-ci il tarixli müraciət əsasında bina söküldüyü üçün əmlak üzərinə onun mülkiyyət hüquqlarına xitam verilmiş, bundan sonra Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 10 sentyabr 2020-ci il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədi verilmiş, ünvan 5 ünvanında "xxxx" MMC-nin sifarişi ilə həmin MMC tərəfindən 9 mərtəbəli yaşayış binası inşa edilmişdir. Bununla yanaşı iş üzrə təyin edilmiş tikinti-texniki ekspertizası ilə müəyyən olunmuşdur ki, “ünvan 5 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası həmin küçənin 35 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 5.1-ci bəndinin tələblərinə uyğun olduğu müəyyən edilir. Həmin çoxmərtəbəli yaşayış binasının faktiki döngə koordinatları tikinti layihəsində nəzərdə tutulmuş koordinatlara uyğundur. Həmin çoxmərtəbəli yaşayış binasının su hovuzu həmin ərazidə mümkün yer sürüşməsi və yeraltı təkan səbəbindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə aid tikililər üçün təhlükə ehtimalı yaratmır.” Göründüyü kimi iddiaçı iddia tələbində göstərdiyi dəlilləri sübut edə bilməmiş, həmin faktlar məhkəmə araşdırılması ilə də müəyyən edilməmişdir. Halbu ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə əsasən isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, habelə, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikasının Maraqlı şəxs3, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura İdarəsi, Bakı şəhər İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-562/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-562/2022
05.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver