Məhkəmə qərarları › İş №e-2(001)-5635/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5635/2023

23.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5635/2023 23.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə Ərizəçi İddiaçı Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, MŞİH-09654-002440 nömrəli, xx.xx.2021-ci il tarixli Barışıq Sazişinin şərtlərinin - övladları xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 anaları Sadıqova (Kazımlı) Aytən Dərgah qızının himayəsində qalması və X1 Maraqlı şəxs ilə xx.xx.2021-ci il tarixdən hesablanmaqla atası Maraqlı şəxs hər uşağa görə hər ay 175 manat sabit pul məbləğində alimenti uşaqlar yetkinlik yaşına çatana qədər anası X9 ödənilməsi hisəsində təsdiq edilməsi və alimentin tutulması barışıq sazişinin imzalandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışlar ki, tərəflər arasında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin məhkəmədən kənar həll edilməsi üçün mediasiyaya müraciət edərək MŞİH-09654-002440 nömrəli Barışıq Sazişi bağlamışlar. Həmin Sazişin müddəalarına əsasən Maraqlı şəxs birgə nikah dövründə dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 anasının himayəsində saxlanılması və uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment ödənilməsini qəbul etmişdir. Barışıq Sazişinin bağlanmasına baxmayaraq Kazımlı X3 şərtlərini icra etməmiş, üzərinə götürdüyü aliment öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi-vəkili Vəkil ərizəni müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul etməyərək bildirdi ki, İddiaçı barışıq sazişinin şərtlərini pozmuşdur. Belə ki, məhkəmə qətnaməsi ilə uşaqların ananın yanında saxlanılmasına baxmayaraq, İddiaçı azyaşlı oğluna baxa bilmədiyini bildirərək ona vermişdir. Həmçinin uşaqların ananın himayəsində olduqları dövrdə aliment ödədiyini, lakin hazırda oğlu onun himayəsində olduğundan alimenti ödəmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 atası Maraqlı şəxs, anası Kazımlı (Sadıqova) Aytən Dərgah qızıdır. - MŞİH-09654-002440 saylı, xx.xx.2021-ci il tarixli Barışıq Sazişinə əsasən: 2.1. Tərəflər Kazımlı (Sadıqova) Aytən Dərgah qızı Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli, 1 saylı “Asan Xidmət” mərkəzində qeydiyyatda olan nikahın pozulması, övladları xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 anaları Kazımlı (Sadıqova) Aytən Dərgah qızının himayəsində qalması barədə razılığa gəldilər. 2.1.1. Tərəflər Kazımlı (Sadıqova) Aytən Dərgah qızı Maraqlı şəxs ilə xx.xx.2021-ci il tarixdən hesablanmaqla atası Maraqlı şəxs hər uşağa görə hər ay 175 manat sabit pul məbləğində alimenti uşaqlar yetkinlik yaşına çatana qədər anası X7 ATB-də olan 2513-6751- 7567-7245 hesab nömrəsi ödənilməsi barədə razılığa gəldilər. 2.1.2. Tərəflər uşaqla ünsiyyət hüququ barədə razılığa gəldilər ki, övladları X4 və X5 atası X6 tərəfindən həftənin altı və bazar günləri və istisna hallarda isə həftənin digər iki günü səhər saat 9:00-dan, axşam saat 21:00-a kimi övladlarını şəxsən özü götürməsi şərti ilə apara bilər və yalnız özü yenidən anasına Kazımlı (Sadıqova) Aytən Dərgah qızına qaytaracaq. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-715/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddianın təmin edilməsi, Maraqlı şəxs ilə Kazımlı (Sadıqova) Aytən Dərgah qızı arasında xx.xx.2016-cı il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” X8 2558 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 iddiaçı Kazımlı (Sadıqova) Aytən Dərgah qızının yanında saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4441/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən, cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli 2(005)1484/2022 saylı qətnaməsi qismən – xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması hissəsində ləğv edilməsi və həmin hissədə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. - Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icraatında uşaqla ünsiyyət tələbinə dair (uşağın alınması) tələbkar və ya borclu qismində tanındığı icra sənədi mövcüd deyildir. Məhkəmə AR Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Ailə Məcəlləsinin: - 94.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. Tam fəaliyyət qabiliyyəti olmayan şəxslər aliment ödənilməsi barədə sazişi özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayırlar. - 94.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment ödənilməsi barədə sazişin qanunla müəyyən olunmuş formasına əməl edilməməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. - 95.3-cü maddəsinə əsasən, aliment ödənilməsi barədə sazişi icra etməkdən birtərəfli qaydada imtina etməyə və onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. - 95.4-cü maddəsinə əsasən, tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, tərəflər mediasiya prosesi zamanı aralarında razılığa gəlmiş və alimentin ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. - 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. - 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. - 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, MŞİH-09654-002440 nömrəli, xx.xx.2021-ci il tarixli barışıq sazişinin 2.1.1-ci bəndi təsdiq edilməli, uşaqların ananın himayəsində qalması hissəsində artıq qanuni qüvvəyə minmiş qətnamə (məhkəmə aktı) mövcüd olduğundan tərəflər arasında bağlanmış №MŞİH-09654-002440 nömrəli, xx.xx.2021-ci il tarixli “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin” 2.1-ci bəndi təsdiq edilməməlidir. Tələb olmadığından ödənilmiş dövlət rüsumu ərizəçi Sadıqova (Kazımlı) Aytən Dərgah qızına aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. №MŞİH-09654-002440 nömrəli, xx.xx.2021-ci il tarixli barışıq sazişinin 2.1.1-ci bəndi aşağıdakı qaydada təsdiq edilsin: - 2.1.1. X1 Maraqlı şəxs ilə xx.xx.2021-ci tarixdən hesablanmaqla atası Maraqlı şəxs hər uşağa görə (xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X11) hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimenti uşaqlar yetkinlik yaşına çatana qədər anası X7 ATB-də olan 5213-6751-7567-7245 hesab nömrəsinə ödənilməsi barədə razılığa gəldilər. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar