Məhkəmə qərarları › İş №e-2(001)-5636/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5636/2023

03.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5636/2023 03.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh, X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlə birgə nikahlarından doğulmuş 28 avqust 2012ci il təvəllüdlü X9 və 28 aprel 2016-cı il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 220 manat olmaqla ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə Gürcüstan Respublikasında rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur.Birgə nikahlarından 28 avqust 2012-ci il təvəllüdlü X9 və 28 aprel 2016-cı il təvəllüdlü X7 adlı iki yetkinlik yaşına çatmamış uşaqları vardır. Cavabdeh heç vaxt Azərbaycan Respublikasında yaşamamışdır, buna görə də onun burada “sonuncu yaşayış yeri” yoxdur. Onların həm Gürcüstan Respublikasında, həm Azərbaycan Respublikasında evləri olduğundan o, çox zaman uşaqları ilə birlikdə işi ilə, uşaqlarının təhsili ilə əlaqədar Azərbaycan Respublikasında olmuş, cavabdeh isə Gürcüstanda yaşamışdır. İldə bir neçə dəfə onlar ora getmişlər, bəzən də cavabdeh bura gəlmişdir. Münasibətləri daim çox yaxşı olmasına baxmayaraq. 2023-cü ilin iyun ayında cavabdeh “Vatsap” tətbiqi vasitəsilə ona “nikahın pozulması” barədə çıxarışın şəkilini göndərmişdir. O, bunun səbəbini anlamasa da, onlar faktiki və rəsmi olaraq boşanmışlar. Hazırda uşaqlar onun yanında olduqlarından onların saxlanılması üçün öz yaşayış yeri üzrə məhkəməyə müraciət edərək, cavabdehdən hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh Gürcüstan Respublikasında polis əməkdaşıdır, kifayət qədər yaxşı əmək haqqısı var. Cavabdeh iddiaya yazılı etiraz göndərərək bildirmişdir ki, o, yetkinlik yaşına çatmayan övladlarının saxlanmaları üçün maddi yardım göstərməkdən çəkinmədiyi halda iddiaçının hansı səbəbdən məhkəməyə müaciət etməsi ona aydın deyil. İddiaçının özü də bunu bilir və bununla bağlı onda sübutlar da var. Bundan əlavə, o, iddiaçıya özü təklif etmişdir ki, hər ay iddiada göstərilən məbləği onun bank hesabına köçürsün. Göstərilənlərə əsasən bildirir ki, bu məsələ mübahisə predmeti deyil, lakin buna baxmayaraq məhkəmə işə baxarsa o, yetkinlik yaşına çatmayan övladlarının saxlanması üçün hər ay 440 manat məbləğində aliment ödəməyə razıdır. Daha sonra İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdeh Gürcüstan Respublikasının Daxili İşlər Nazirliyində rəhbər vəzifələrinin birində işləyir və kifayət qədər yüksək əmək haqqı alır. Hazırki ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehlə birgə nikahlarından doğulmuş 28 avqust 2012-ci il təvəllüdlü X9 və 28 aprel 2016-cı il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə bağlı məhkəməyə yazılı etirazla müraciət edərək bildirmişdir ki, iddiaçı ərizəsində göstərir ki, o, X10 Nazirliyində rəis vəzifəsində çalışır və kifayət qədər yüksək əmək haqqı alır. Məhz buna görə də onun aylıq gəlirinin 1/3 hissəsinin aliment kimi tutulmasını xahiş edir. O, iddiaçının bu iddia tələbi ilə razılaşmayaraq bildirir ki, o, 2023-cü ilin oktyabrın 5-dən RF Silahlı Qüvvələrinin İmereti Baş İdarəsinin xətt patrul şöbəsinin rəisi təyin edilmişdir. X10 Nazirliyinin Patrul Polis Departamentində onun hesablanmış əmək haqqısı 3800 lari (təxminən 2375 AZN), ona çatan əmək haqqı 2979 laridir (təxminən 1861 AZN). Onun ümumilikdə 105955 lari (təxmini 66.221 AZN) bank krediti var, kredit üzrə aylıq ödənişi 2076 laridir (təxmini 1297 AZN). Beləliklə onun kredit öhdəliyindən sonra qalan pul 2979-2076=903 laridir (təxmini 564 AZN). Onu da nəzərə çatdırır ki, Gürcüstan qanunvericiliyinə əsasən o, dövlət qulluqçusu olduğundan başqa iqtisadi fəaliyyətlə məşğul olmağı qadağandır. Onun tək gəliri əmək haqqısı olduğundan, əmək haqqının 1/3 hissəsini ödəyə bilməz. Həmçinin iddiaçı bilir ki, onun pensiyaçı anası var, anası əməliyyatlar keçirdiyindən daimi olaraq müalicələr almalıdır, bunun üçün isə anasının onun maddi dəstəyinə ehtiyacı var. Göstərilənlərə əsasən övladlarının saxlanmaları üçün hər ay 440 manat aliment ödəməyə etiraz etməsə də, onun aylıq əmək haqqının 1/3 hissəsinin tutulmasına etiraz edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə ünvanladığı etirazların məzmununda izahat verdi və ondan hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində iddiaçının xeyrinə aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-T seriyalı 250054 nömrəli və AZ-T seriyalı 250053 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. **********9 nömrəli Gürcüstan boşanma şəhadətnaməsinin gürcü dilindən azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki,İddiaçı ilə Cavabdeh arasında olan nikah 09 iyun 2023-cü il tarixdə pozulmuş və boşanma 09 iyun 2023-cü il tarixdə **********5 akt qeydi nömrəsi ilə qeydə alınmışdır. Gürcüstan Respublikası Daxili İşlər Nazirliyinin azərbaycan dilinə tərcümə edilmiş xx.xx.2022-ci il tarixli DİN 3 ********** nömrəli Arayışının surətindən görünür ki,polis polkovniki Davit Teymurazi dze X6 İşlər Nazirliyində xidmət edir və Patrul Polis İdarəsinin Acarıstan Baş İdarəsinin rəisi vəzifəsini tutur. xx.xx.2023-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 10:30 saatlarında keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli rus dilinə tərcümə edilmiş arayışdan görünür ki, Patrul Polis İdarəsinin əməkdaşı olan Cavabdeh aylıq əmək haqqı 3800,00 lari, əlinə çatan maaş isə 2979.20 laridir. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli rus dilinə tərcümə edilmiş arayışlardan görünür ki, Cavabdeh "xxxx" ASC qarşısında ******* nömrəli kredit müqaviləsinə görə cəmi 82.168,68 lari borc öhdəliyi var, həmin öhdəlik üzrə ödənişi 1.47.18><1.599,95 lari, ******* nömrəli kredit müqaviləsinə görə cəmi 22.484,55 lari borc öhdəliyi var, həmin öhdəlik üzrə ödənişi 338.43><375.23 lari, ******* nömrəli kredit müqaviləsinə görə isə cəmi 1.302.65 lari borc öhdəliyi var, həmin öhdəlik üzrə ödənişi 268.68 laridir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1 və 76.1.2-ci maddələrinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, məhkəmə tərəfindən 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarının mövqeyi baxımdan da qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: - aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa; - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Göründüyü kimi, Ailə Məcəlləsinin qeyd olunan normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən etmişdir. Həmçinin, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması baxımından onun hüquq və mənafelərini ən yaxşı qoruyanın yanında uşaq olan valideyn olması prezumpsiyası vardır. Ona görə də, məhkəmə “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, Gürcüstan Respublikası Daxili İşlər Nazirliyində işləyən Cavabdeh daimi iş yeri olmaqla, gəlirinin müntəzəm olduğunu əsas götürərək hesab edir ki, tərəflərin birgə nikahından olan uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər ay iki uşağa görə qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment alınaraq iddiaçıya verilməlidir. Məhkəmə eyni zamanda cavabdehin etirazının “bank qarşısında öhdəliklərinin olması” dəlili ilə bağlı isə qeyd edir ki, cavabdehin kredit öhdəlikləri onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulmaması üçün əsas ola bilməz. Çünki, təyin olunacaq aliment tərəflərin birgə nikahından dünyaya gəlmiş uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət edir. Bununla yanaşı, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki iddiaçının aliment tələbi barədə ərizəsi 04 sentyabr 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli 04 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 28 avqust 2012-ci il təvəllüdlü X4 və 28 aprel 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 04 sentyabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay iki uşağa görə qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.1 və 172.1.1-ci maddələrinə əsasən işə bərpa, aliment tutulmasına dair işlərə 2 aydan gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, hazırda cavabdehdən hər ay iki uşağa görə qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulduğundan, cavabdehin məhkəməyə məlum olduğu rəsmi əldə etdiyi gəlir isə 2979 lari (Mərkəzi Bankın bu günə müəyyən etdiyi məzənnə ilə 1870 manat) olduğundan, 1870 manat məbləğin 1/3 hissəsi 623,33 manat, 623,33x12 ay=7.479,96 manat təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 94,79 manat (30+6.479,96 manatın 1%-i) məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 28 avqust 2012-ci il təvəllüdlü X4 və 28 aprel 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 04 sentyabr 2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay iki uşağa görə qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment alınıb İddiaçı verilsin. Cavabdeh 94,79 (doxsan dörd manat, yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar