Məhkəmə qərarları › İş №e-2(001)-565/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-565/2024

23.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-565/2024 23.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı övladları ilə birlikdə birgə nikah dövründə, birgə vəsait hesabına inşa edilmiş evə köçürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı övladları ilə birlikdə birgə nikah dövründə, birgə vəsait hesabına inşa edilmiş evə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 29 oktyabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, tərəflərin birgə nikahından 4 övladı - xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X9 doğulmuşlar. Tərəflərin nikahı Abşeron Rayon Məhkəməsinin 2(012)- 1678/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, həmin qətnamə ilə xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X2 ananın yanında qalması, 880 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Tərəflər nikaha daxil olub, birgə təsərrüfat apardıqları dövrdə təxminən 2014-2015-ci illər ərzində Binəqədi rayonu, R.Allahverdiyev küçəsi, döngə 2, ev 2 ünvanında yerləşən torpaq sahəsində ikimərtəbəli fərdi yaşayış evi tikmiş və orada yaşamışlar. Həmçinin iddiaçının cehiz əşyaları və tərəflərin birgə aldıqları əşyalar həmin evdə olduğundan və cavabdeh iddiaçını evdən çıxmağa məcbur etdiyindən, məhkəməyə müvəqqəti təminat tədbiri barədə barədə ərizə verilmiş və həmin əşyaların üzərinə həbs qoyulması xahiş edilmişdir. Cavabdeh iddiaçı ilə telefonla danışanda və göndərdiyi səsli mesajlarda etiraf edərək: “Yaşadığımız evimiz sənədsiz evdir, qanunla mən səni ordan çıxara bilmərəm və bizim birgə nikah dövründə tikilibdir. Mən səni necə evdən çıxara bilərəm” demişdir. İddiaçının yaşayış şəraiti nəzərə alınmalıdır. Belə ki, iddiaçı 4 uşağı ilə birlikdə evdən çıxmağa məcbur olmuş, hazırda heç yerdə işləmir və onun övladları ilə birgə yaşayış yerinə ciddi ehtiyacı vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, tərəflər 2010-cu ildə ailə həyatı qurmuş və nikahdan sonra bir müddət qayınatasıgildə onlarla birlikdə yaşadılar. 2013-2014-cü ildə isə əvvəldən mövcud olmuş torpaq sahəsində ev tikdilər və həmin evdə yaşamağa başladılar. Həmin evdə yalnız həyat yoldaşı, o və uşaqları yaşamışdır. Onlardan başqa həmin evdə bir gün də olsun heç kim yaşamayıb. Sonradan hədə-qorxu ilə həmin evdən uşaqları ilə birlikdə çıxarılmış və cavabdeh evin açarını o evdən getdikdən sonra dəyişmişdir. O, hal-hazırda uşaqları ilə birlikdə atasının evində yaşayır. Dörd uşaq öyrəşdikləri evdən sonra indi dözülməz şəraitdə yaşayır. Qardaşı ailə qurduqdan sonra harada yaşayacağını ümumiyyətlə bilmir. Qarşı tərəf bildirir ki, ev atasının vəsaiti hesabına tikilib. Lakin, bu belə deyil. Qayınatası evin tikintisinə nəzarət etmiş ola bilər. Lakin bu o demək deyil ki, ev onun vəsaiti hesabına tikilib. Araşdırıla da bilər: evin ikinci mərtəbəsi köçüb yaşamaq üçün hazır idi, lakin tam olaraq yekunlaşdıra bilmirdilər. Həmin vaxt kredit götürüb ikinci mərtəbəni yekunlaşdırdılar. Cavabdeh o vaxt Royalbankda işləyirdi və yaxşı pul qazanırdı. Aldığı rəsmi əmək haqqı aşağı olsa da, qeyri-rəsmi gəlirləri var idi. Evin 1-ci mərtəbəsinin təmiri isə ümumiyyətlə atasının pulu hesabına olub. Atası təmirə 5000 manatdan artıq pul xərcləmişdir ki, o, həmin evdə rahat yaşasın. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, tərəflər 2010-cu ildə rəsmi nikaha daxil olmuşlar və onların birgə nikahdan 4 övladları olmuşdur. Birgə nikah dövründə 2014-cü il tarixində tərəflər 2 mərtəbəli yaşayış evi tikib oraya köçmüşlər. Bütün kommunal ödənişlər cavabdehin adına qeyd edilmişdir. Cavabdeh özü də səs yazısında qeyd etmişdir ki, ev birgə nikah dövründə tikilib və qanunla iddiaçını evdən çıxara bilməz. İddiaçının hal-hazırda 4 uşaq ilə birlikdə yaşayış sahəsinə ehtiyacı var. Ev birgə təsərrüfat aparılan dövrdə tikildiyindən iddiaçının həmin evdə yaşamaq hüququ var. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı torpaq sahəsinin onun adına olduğunu qeyd edir. Lakin, o, keçən məhkəmə iclasında sübutları təqdim etmiş - torpaq sahəsi 1995-ci ildə atası Nazim Əmiraslanovun vəsaiti hesabına alınıb və torpaq sahəsi Hənifə Quliyev adlı şəxsin adınadır. Ev də atasının vəsaiti hesabına tikilib. Həmin evə 2014-cü ildə köçüblər, tikinti təxminən 1 il davam edib. Hal-hazırda həmin evdə heç kim yaşamır. Atası o evi onların yaşaması üçün tikmişdir. Evin 1-ci mərtəbəsində divar kağızı və döşəmənin rənglənməsi xərclərini iddiaçının atası qarşılayıb. Təqribən 5000 manat xərci çıxıb. Ev onun deyil, atasınındır və atası iddiaçının orada yaşamasına razı deyil. Bunun səbəbləri var. Evin atasının mülkiyyətində olmasına dair hər hansı sənəd yoxdur. Lakin bütün xərclər atası tərəfindən qarşılanıb. Atası 2014-2015-ci illərdə biznes fəaliyyəti ilə məşğul olub, pendir sexi var idi. Evin sahəsi təxmini 220-240 kv.m olar, 5-6 otaqdan ibarətdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər 2010-cu ildə rəsmi nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra cavabdehin atasıgildə yaşamış, 2013-2014-cü illərdə mübahisəli evi tikərək, həmin evə köçmüş, 2023-cü ilədək həmin evdə birlikdə yaşamışlar. Evin iddiaçı ilə birgə nikahları dövründə tikilməsi cavabdeh tərəfindən mübahisələndirilmir, lakin o, evin atasının vəsaiti hesabına tikilməsini bildirir. Bununla yanaşı evin birinci mərtəbəsinin iddiaçının atası tərəfindən təmir etdirilməsi və həmin təmirə ~5000 manat pul xərcləməsi işin mübahisələndirilməyən hallarındandır. Həmçinin qeyd olunmalıdır ki, mübahisəli evə dair “Azəriqaz” İstehsalat Birliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə müvafiq müqavilələr hazırkı iş üzrə cavabdeh olan Cavabdeh tərəfindən bağlanmışdır. Eyni zamanda məhkəmə mübahisəli evin H.H.Quliyevin adına ayrılmış torpaq sahəsində tikilməsinə dair dəlilləri də iddia ərizəsinin rədd edilməsi üçün əsas kimi qəbul etmir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sərəncamın mübahisəli evin tikildiyi torpaq sahəsinə aid olması qəbul edilsə belə (*halbuki, bu iş materialları ilə təsdiq edilmir), bu xüsusat H.H.Quliyevin “gözlənti hüququnun” realizə edilməsi səlahiyyətini nə cavabdehə, nə də hər hansı digər şəxsə vermir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində məhkəməyə bildirdi ki, mübahisəli ev onun vəsaiti hesabına tikilib. İddiaçı etdiyi səhvlərə görə o evdə yaşaya bilməz. Nəvələri lap bu gün köçüb yaşasın – etiraz etmir. Nəvələrinə özü də baxa bilər. Evin təmiri 2013-cü ildə başlayıb, 2014-cü ildə evin təmiri yekunlaşıb. 2014-cü ilin sonuna qədər oğlu və gəlini onunla yaşayıb, sonradan 2014-cü ilin sonunda tikdirdiyi evə köçüblər. Onlar ipoteka ilə ev götürmək istəsələr də, o buna razı olmamışdır. Mübahisəli evin tikildiyi torpaq sahəsini 1995-ci ildə onunla işləyən Hənifə Quliyevin adına almışdır. Mübahisəli evi oğlunun ailəsi ilə birlikdə yaşaması üçün tikdirmiş, özü həmin evdə heç vaxt yaşamamışdır. Hal-hazırda da həmin evdə heç kim yaşamır. Tikintinin onun tərəfindən aparılmasına dair hər hansı ödəniş qəbzləri, yazılı sübutları yoxdur. Ev tikilən zaman o, Moskvada ticarətlə məşğul idi. Eyni zamanda 2005-ci ildən bu günədək pendir sexi işlədir. Evin tikintisinə nə qədər xərcinin çıxmasını bilmir. 130000 manata qədər xərclərin qeydiyyatını aparmış, sonradan isə digər xərclərin qeydiyyatını aparmadı. İddiaçının atası evin 1-ci mərtəbəsinin qonaq otağı, hamam otağı və yemək otağının döşəməsinə 5800 manat xərc çəkib. Hal-hazırda nəvələri yaşadığı evi qudasına o verib, bunu qonşular da təsdiq edə bilər. Nə oğlu, nə gəlini mübahisəli evin təmirinə 1 manat belə pul xərcləməyib. Həmin vaxt oğlunun işlədiyi yer və qazancı buna heç imkan verməzdi də. O, ailənin dolanışığına da daim köməklik etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində məhkəməyə bildirdi ki, o, daş ustasıdır. 2013-ci ilin mart ya aprel ayında Sulutəpədə yerləşən evi o tikmişdir. Yay aylarınadək tikinti davam etmiş, sonradan işi təhvil vermişdir dam ustasına. Ona pulu Nazim müəllim verib, onun bütün danışıqları onunla olub. Nə qədər pul aldığını xatırlamır, amma bul birdəfəlik deyil, hissə-hissə verilib. Ev 2 mərtəbəli idi. Hal-hazırda da Nazim müəllimin ailəsində nə tikinti işi olsa yenə də ona etibar edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində məhkəməyə bildirdi ki, o, fəhlədir. Nazim müəllimin evində döşəmə, tavan, dam örtüyü işini görmüşdür. Nazim müəllim evi oğlu üçün tikdirirdi. O, gördüyü işlərin pulunu Nazim müəllimdən almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində məhkəməyə bildirdi ki, o, elektrik ustasıdır. Mübahisəli ev Sulutəpədə Nazim müəllim tərəfindən tikdirilib. 2013-cü ildə onun tərəfindən evdə elektrik işləri görülüb. Elektrik xətləri çəkilmədən döşəmə işləri görülmür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində məhkəməyə bildirdi ki, o, suvaq ustasıdır. 2013-cü ilin avqust-sentyabr aylarında Nazim müəllimin Sulutəpədə yerləşən evində “şkatur” işini görmüşdür. Evin neçə mərtəbəli olmasını xatırlamır. Kürsülü ev idi. Evi təmiri ilə bağlı ona pulları Nazim müəllim verib. Nə qədər pul aldığı yadında deyil. Rauf ona heç vaxt pul verməyib. Məhkəmə şahidlərin ifadələrinə tənqidi yanaşır. Belə ki, X1 tikintiyə nəzarət etməsi, ustala pul verməsi, evin onun vəsaiti hesabına tikilməsinə birbaşa sübut kimi qəbul edilə bilməz və belə olan halda şahid ifadələri (*mövcud olmayan) digər sübutlarla yanaşı qiymətləndirilməlidir. X3 özü ifadəsində evin tikintisinə xərclənmiş pulun ona məxsus olduğunu əsaslandırmaq və mənbəyini göstərmək məqsədilə həmin vaxt Moskvada ticarətlə məşğul olduğunu bildirmiş, lakin şahid qismində dindirilmiş ustalar gördükləri işlərə görə hissə-hissə aldıqları pulun onlara yalnız Nazim Əmiraslanov tərəfindən şəxsən verilməsini göstərmişlər. Nazim Əmiraslanovun eyni zamanda başqa ölkədə ticarətlə məşğul olması və burada bir il ərzində tikintini idarə etməsinin mümkünlüyü müəyyən suallar doğurur. Göründüyü kimi, cavabdeh evin atası X1 vəsaiti hesabına tikilməsini məhkəməyə bildirilsə də, bunu birbaşa təsdiq edə biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə görə, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Mülki Məcəllənin 11.2-ci maddəsinə müvafiq olaraq, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Mülki Məcəllənin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu konstitusiyon norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insan yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın əsası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanuni iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işin materiallarından göründüyü kimi, üç halın üçünün də mövcudluğu mübahisəsizdir. Belə ki, iddiaçının mübahisəli evdə tikildiyi gündən 10 ilə yaxın müddətdə yaşaması, hal hazırda həmin evdə yaşamaq imkanından məhrum olması cavabdeh tərəfindən qəbul edilir. Məhrum edilmənin qanuniliyinə gəldikdə, nə cavabdehin, nə də hər hansı digər şəxsin həmin evə dair hüquqmüəyyənedici sənədi olmadığından, hazırkı vəziyyətdə iddiaçının dörd uşağı ilə birlikdə həmin evə köçürülməsinə maneələrin törədilməsi əsassızdır. Belə ki, məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. İş materiallarından göründüyü kimi, mübahisəli tikili özbaşına tikili statusuna malik olmaqla onun üzərində heç kimin mülkiyyət hüququ qeydə alınmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsi göstərişinin xarakterinə görə səlahiyyətverici norma olmamaqla, yuxarıda qeyd edildiyi kimi qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı yəni, mənzildə yaşamaq səlahiyyəti verilsə idi, bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunması normanın istifadə hüququnun olub-olmadığına aslı olmayaraq, mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Çünki, obyektiv hüququnun normalarından biri də mühafizə funksiyasıdır. Qeyd edilən məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Məhkəmə həmçinin hesab edir ki, mübahisəli evin özbaşına tikili sayılmasının Konstitusiyanın 43-cü maddəsinin İ hissəsində ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın həmçinin tətbiq edilməsinə də maneə deyildir. Belə ki, qeyd olunan normada istifadə olunan “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına inşa olunmuş tikili və s.) asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Şəxsin yaşayış yeri tam həcmdə qabiliyyətli şəxsin mülkiyyətçisi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə qeyd edir ki, əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın (Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi) məqsədi baxımından həmin obyekt mənzil sayılır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4). İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən, özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. Məhkəmə daha sonra qeyd edir ki, tikilinin özbaşına tikili statusunda olmasının ondan uzun illər ərzində yaşayış sahəsi kimi istifadə etmiş şəxsin həmin sahəyə köçürülməsinin qarşısını ala bilməz. Özbaşına tikililərdə yaşayan şəxsin orada yaşamaqdan məhrum edilməsi müəyyən hüquqi nəticələr doğurur və göstərilən məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola bilər. Belə ki, bu halın mövcudluğu artıq qanunu pozmaqla özbaşına tikintini aparmış şəxsə növbəti qanunsuzluqlar etməyə, yəni, özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxartmağa və digər bu kimi hərəkətlər etməyə şərait yarada bilər. Ona görə də bu kateqoriya mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalıdır, yəni, əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur. İddiaçının orada əvvəllər yaşamasını və evin məhz tərəflərin ailə olaraq yaşaması üçün tikilməsini tərəflərin heç biri mübahisələndirmir. Bundan başqa, məhkəmə iclasında dinlənilmiş cavabdehə məxsus səs yazısından görünür ki, cavabdeh də iddiaçının mübahisəli evdə yaşamaq hüququnun olmasını inkar etmir. Məhkəmə iclasında səsləndirilən fikirlərdən aydın olur ki, tərəflərin birgə nikahından doğulmuş və həyatlarının çox hissələrini mübahisəli evdə yaşamış uşaqların mübahisəli evdə yaşamasına hal-hazırda maneə törədilmir. Sadəcə uşaqların anaları olmadan gəlib yaşaya bilmələri qeyd olunur. Halbuki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1678/2023 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş (xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2019-cu il və xx.xx.2022-ci il təvəllüdlü) uşaqlar ananın yanında saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Yuxarıda qeyd olunanlarla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli ev özbaşına tikili olduğundan, iddiaçının evə köçürülməsi iddiaçının həmin evə dair istifadə hüququnun tanınması kimi qiymətləndirilə bilməz. Belə ki, şəxsin daşınmaz əmlaka istifadə hüququnun tanınması üçün həmin əmlak dövlət reyestrində qeydiyyatda olmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2019-cü il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanında inşa edilmiş iki mərtəbəli özbaşına tikili olan fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2019-cü il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanında inşa edilmiş iki mərtəbəli özbaşına tikili olan fərdi yaşayış evinə köçürülsün. İddia ərizəsi verilərkən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar