Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5837/2025 29.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Balakişiyeva (Abbasova) Arzu Səfər qızının iştirakları ilə, İddiaçı cavabdeh Balakişiyeva (Abbasova) Arzu Səfər qızına qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Balakişiyeva (Abbasova) Arzu Səfər qızına qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı X3 18 yaşına çatana kimi hər ay ödənilən 320 manat alimentin azaldılaraq 200 manatdan hesablanmaqla ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 16 yanvar 2008-ci ildə X5 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 10 avqust 2008-ci ildə oğlu X7 doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyinə görə aralarında olan nikah Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə görə o dövrdə aldığı 796,08 manat əmək haqqının və digər gəlirlərin dörddə-bir hissəsi tutulmaqla aliment tutulmuşdur. Həmin vaxtdan həmişə vaxtında 200 manat alimenti ödəyir. Bundan sonra xx.xx.2015-ci il tarixdə Abbasova (Balakişiyeva) Arzu Səfər qızı ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2017-ci il tarixdə qızı X6 doğulmuşdur. Arzu ilə də münasibətləri pozulduğundan, cavabdehin iddiası əsasında xx.xx.2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin 2(004)-4803/2021 saylı qətnaməsi ilə nikahlarına xitam verilmiş və qızı İncinin 18 yaşına çatana kimi ayda 200 manat olmaqla aliment təyin edilmişdir. Həmin aliment də vaxtında ödənilməyə başlamışdır. Lakin tələbkar Cavabdeh (Balakişiyeva) ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək alimentin məbləğinin indeksasiyasının aparılaraq aliment miqdarının artırılmasını xahiş etmişdir. Həmin müraciətə Yasamal Rayon Məhkəməsində baxılaraq xx.xx.2025-ci il tarixli 8(004)- 180/2025 saylı qərardadla ödənilən 200 manat alimentin miqdarı 24 fevral 2015-ci il tarixdən etibarən sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,8 misli həddində indeksasiya edilməsini qət etmişdir. Buna görə də həmin tarixdən etibarən Cavabdeh 320 manat aliment ödəyir. O, “SOKAR” Nəqliyyat İdarəsi 1 saylı Texnoloji Nəqliyyat Departamentinin 2 saylı avtomobil dəstəsində sürücü işləməklə aylıq əmək haqqı 609,02 manat təşkil edir və başqa heç bir gəliri yoxdur. Oğlu Aminə görə 200 manat, qızı İnciyə görə isə 320 manat aliment ödəyir. Onun aylıq gəliri isə cəmisi 609,02 manatdır. Ona alimentləri ödənilməsindən sonra cəmi 89 manat pul qalır. Həmin pulla kommunal xərclərini, digər xərclərini ödəyə bilmir və həddindən artıq pis vəziyyətdə yaşayır. Xəstə anası da onun yanında yaşayır. Ona görə də Cavabdeh ödənilən 320 manat aliment əvvəlcə olduğu kimi 200 manata kimi azaldılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, 200 manata uşaq saxlamaq çətindir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı 3 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, iddiaçı alimentin azaldılması tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh Balakişiyeva (Abbasova) Arzu Səfər qızı mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-180/2025 saylı qərardadının surətindən görünür ki, tələbkar Abbasova (Balakişiyeva) Arzu Səfər qızının “aliment məbləğinin indeksasiyası”na dair ərizəsi təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4803/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X2 üçün hər ay cavabdeh İddiaçı tutularaq iddiaçı Abbasova (Balakişiyeva) Arzu Səfər qızına ödənilməli olan alimentin məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,8 misli həddində indeksasiya edilmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsində sürücü vəzifəsində işləyir, aylıq əmək haqqı 952,8 manat təşkil edir. AA3508601 nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X8 xx.xx.2017ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-180/2025 saylı qərardadı ilə tələbkar Abbasova (Balakişiyeva) Arzu Səfər qızının “aliment məbləğinin indeksasiyası”na dair ərizəsi təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4803/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X2 üçün hər ay cavabdeh İddiaçı tutularaq iddiaçı Abbasova (Balakişiyeva) Arzu Səfər qızına ödənilməli olan alimentin məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,8 misli həddində indeksasiya edilmişdir. İddiaçı hazırda alimentin azaldılması barədə iddia ərizəsi ilə müraciət edərək, təyin edilmiş alimentin məbləğinin azaldılmasını xahiş etmişdir. Məhkəmə iddia barədə onu vurğulamağı lazım bilir ki, uşaqların saxlanılması, onların maddi tələbatlarının təmin edilməsi hər iki valideynin vəzifəsidir. Hazırda tərəflərin birgə nikahlarından olan uşaq cavabdeh Balakişiyeva (Abbasova) Arzu Səfər qızının himayəsində olduğundan onun bütün qayğısı, təlim-tərbiyəsi ilə məşğul olmaq yükü hazırda cavabdehin üzərindədir. Hazırda iddiaçı aliment məbləğinin azaldılaraq 200 manat məbləğində təyin edilməsini xahiş etsə də, məhkəmə məhkəmə cavabdehin əmək münasibətlərini, onun maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-180/2025 saylı qərardadı ilə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,8 misli həddində təyin edilmiş alimentin məbləği dəyişdirilərək azaldılmalı, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Balakişiyeva (Abbasova) Arzu Səfər qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,625 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-180/2025 saylı qərardadı ilə hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,8 misli həddində təyin edilmiş alimentin məbləği dəyişdirilərək azaldılsın. xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Balakişiyeva (Abbasova) Arzu Səfər qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,625 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Alimentin azaldılmış hissədə tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-5837/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5837/2025
29.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver