Məhkəmə qərarları › İş №e-2(001)-6018/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6018/2022

29.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6018/2022 29.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülməsi və maneələrin qadağan edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülməsi və maneələrin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahları dövründə iki uşaqları doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Sonradan tərəflərin hər ikisi birgə nikah dövründə əldə olunmuş əmlakların bölgüsü barədə məhkəmədə iddialar qaldırmışlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3482/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddialar qismən təmin edilmiş, MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 11 saylı evin 107,1 kv.m. ümumi sahəsi olan 101 saylı mənzili; RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha ölçülü torpaq sahəsi; RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində 0,03 ha. ölçülü torpaq sahəsində yerləşən, ümumi sahəsi 174,2 kv.metr olan 2 mərtəbəli fərdi yaşayış evi və AC seriyalı, 336749 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh mülkiyyətində olan “Toyota Land-Cruiser-Prado” minik markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsi üzərində Cavabdeh, 1/2 hissəsi üzərində İddiaçı payları müəyyən edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-263/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3482/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 11 saylı evin 107,1 kv.metr ümumi sahəsi olan 101 saylı mənzili, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha. ölçülü torpaq sahəsi, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində 0,03 ha. ölçülü torpaq sahəsində yerləşən, ümumi sahəsi 174,2 kv.metr olan 2 mərtəbəli fərdi yaşayış evi və AC seriyalı, 336749 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh mülkiyyətində olan “Toyota Land-Cruiser-Prado” minik markalı, **-TK-*** dövlət qeydiyyat nişanlıavtomobilin 2/3 hissəsi üzərində Cavabdeh, 1/3 hissəsi üzərində İddiaçı payları müəyyən edilmiş və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Мəhkəməsinin 2(102)-5374/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-263/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı nikahdan əvvəl də ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 11 saylı evin 107,1 kv.metr ümumi sahəsi olan 101 saylı mənzilində yaşamışdır. Həmin mənzilə dair payına düşən hissəyə dair mülkiyyət hüquqlarını rəsmiləşdirən xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmiş daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışı da əldə etmişdir. Hazırda kirayələrdə yaşayır. Dəfələrlə cavabdehdən mülkiyyətçisi olduğu Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 11 saylı evin 107,1 kv.metr ümumi sahəsi olan 101 saylı mənzilinə köçməyinə şərait yaratmağını tələb etsə də, o buna müxtəlif bəhanələrlə mane olur. Cavabdehin bu hərəkətləri iddiaçının qanunla müdafiə olunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən iddiaçı onun Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 11 saylı evin 107,10 kv.m. ümumi sahəsi olan 101 saylı mənzilinə köçürülməyi və Cavabdeh və digər şəxslərə həmin mənzildə yaşayışına maneənin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 9-cu mikrorayon, ev 11, mənzil 101 xx.xx.2022-ci il tarixdən 1/3 hissədə İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5374/2021 saylı qərarında aşağıdakılar göstərilmişdir: “...Tərəflərin birgə nikahı dövründə aşağıdakı əmlaklar əldə olunmuşdur: Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 11 saylı evin 107,1 kv.metr ümumi sahəsi olan 101 saylı mənzili, 21 sentyabr 2010-cu il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır (dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarış). Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha ölçülü torpaq sahəsi, 24 oktyabr 2013-cü il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır (dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış). Abşeron rayonu, Masazır kəndində 0,03 ha ölçülü torpaq sahəsində yerləşən, ümumi sahəsi 174,2 kv.metr olan 2 mərtəbəli fərdi yaşayış evi, 17 iyul 2014-cü il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır (dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış). “Toyota Land-Cruiser Prado” minik markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobil, 04 dekabr 2014-cü il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır (AC seriyalı, 336749 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi). ... İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə edilmiş fərdi evin, torpaq sahəsinin və avtomobilin 2/3 hissəsinin ona, 1/3 hissəsinin isə cavabdehə verilməsi, cavabdehdən 200.000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. ... Cavabdeh, öz növbəsində, qarşılıqlı iddia verərək, iddiaçının adına olan avtomobilin, mənzilin, onun adına olan torpaq sahəsinin, fərdi evin, birgə nikahları dövründə qazandıqları 300.000 ABŞ dolları məbləğində pulun 1/2 hissəsi üzərində iddiaçının, 1/2 hissəsi üzərində isə onun payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. ... Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3482/2019 nömrəli iş üzrə 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə hər iki iddia qismən təmin edilmiş, mənzil, torpaq sahəsi, cavabdehin mülkiyyətində olan fərdi ev və avtomobilin ½ hissəsi üzərində iddiaçının, ½ hissəsi üzərində cavabdehin payları müəyyən edilmiş, ilkin və qarşılıqlı iddia qalan hissələrdə rədd edilmişdir. ... Bakı Apellyasiya Məhkəməsi Mülki Mollegiyasının 2(103)-263/2021 nömrəli iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, mübahisəli əmlakların 2/3 hissəsi üzərində iddiaçının, 1/3 hissəsi üzərində cavabdehin payları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. ... Cavabdeh İbrahimova Türkan Dərgah qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-263/2021 nömrəli iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən – qarşılıqlı iddia tələbinin təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Məcəllənin bu normasının (*Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsi) mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. ... Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir”. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi, 11 saylı evin 101 saylı mənzilinə köçürülməli; Cavabdeh İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi, 11 saylı evin 101 saylı mənzilindən istifadə etməsinə maneələrin törədilməsi qadağan edilməlidir. Məhkəmə iddia tələbinin “... və digər şəxslərə” dair hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi həmin hissədə təmin edilə bilməz. Belə ki, qətnamənin iş üzrə cavabdeh qismində cəlb edilməmiş, qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanması qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi, 11 saylı evin 101 saylı mənzilinə köçürülsün. Cavabdeh İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi, 11 saylı evin 101 saylı mənzilindən istifadə etməsinə maneələrin törədilməsi qadağan edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar