Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6126/2025 04.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh X1 qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4001/2021 nömrəli qətnaməsinə ilə təyin edilmiş alimentin məbləğinin azaldılması və Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)- 167/2025 nömrəli qərardadın ləğv edilməsi, iki övladımın yetkinlik yaşına çatanadək saxlanılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə uyğun olan miqdarda alimentin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.6-ci maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 4.3-cü maddəsinə əsasən dövlət rüsumları milli valyutada nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir. 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizələri üzrə iddianın qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. İddia ərizəindən görünür ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin azaldılmasını xahiş edir. Lakin iddiaçı azaldılmasını xahiş etdiyi ümumi məbləği(iddianın qiymətini) göstərməmiş və tələb edilən həcmdə dövlət rüsumunu ödəməmişdir. Halbuki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbindən göründüyü kimi iddia ərizəsi verilərkən iddianın qiyməti göstərilməli və dövlət rüsumu iddianın qiymətinə görə müəyyən edilməlidir. İddianın qiyməti ilə bağlı isə Mülki-Prosessual Məcəllənin 112.1.6-cı maddəsində qeyd edilmişdir ki, ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda— ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə iddianın qiyməti müəyyən edilir. Odur ki, iddia ərizəsində iddianın qiyməti göstərilmədiyindən və iddianın qiymətinə mütənasib olaraq dövlət rüsumunun ödənilməsi müəyyən edilmədiyindən onun məhkəmə icraatı mümkün deyildir. Digər tərəfdən iddiaçının diqqətinə çatdırılır ki, yenidən iddia ərizəsi verilərkən hər hansı məhkəmə qərarının ləğv edilməsinin yalnız yuxarı instansiya məhkəməsinin səlahiyyətinə aid olduğunu nəzərə alsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-cü və 264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh X1 qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-6126/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6126/2025
04.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver