Məhkəmə qərarları › İş №e-2(001)-6146/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6146/2022

04.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6146/2022 04.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “nikahın pozulması, uşaqların himayəyə verilməsi və alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2000-ci il tarixli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2010cu il təvəllüdlü X1 onun yanında saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə öz təşəbbüsü ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasını mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etmiş və iddiaçının nikahın pozulmasına təkid etdiyini bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı qismən etiraf edərək və məhkəməyə bu barədə yazılı ərizə təqdim edərək, bildirmişdir ki, cavabdeh nikahın pozulmasına və uşağın iddiaçının yanında qalmasına razıdır. Belə ki, uşaq artıq xeyli müddətdir ki, iddiaçı ilə birlikdə yaşayır. Lakin iddiaçı iddia üzrə tələb edilən məbləğdə aliment ödəmək üçün maddi vəsaitə malik deyil. Uşağın saxlanılması üçün hər ay yalnız ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddində aliment ödəyə bilər. Göstərilənlərin və iddia olan münasibətinin nəzərə alınmasını və iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyib, cavabdeh tərəfin iddianı qismən etiraf etməsini nəzərə alıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı X4 ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2000-ci il tarixdə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə Tahirov, arvada Tahirova soyadı verilmişdir. Həmin nikahdan xx.xx.2010-cu il tarixdə X3 doğulmuşdur. Uşaq hazırda iddiaçının himayəsindədir. İddiaçı cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlə münasibətlərinin pozulduğunu, bundan sonra birgə yaşamalarının və ailənin saxlanmasının qeyri-mümkün olduğunu, nikahlarının formal xarakter daşıdığını bildirir və nikahın pozulmasını, birgə nikahdan doğulmuş uşağın onun yanında saxlanılmasını, habelə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 300 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh iddianı nikahın pozulması və nikah pozulduqdan sonra uşağın iddiaçının yanında qalması hissəsində etiraf edir, lakin uşağın saxlanılması üçün ondan uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddində alimentin tutulmasını xahiş edir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin bu məbləğin əvəzinin cavabdehdən tutulmasını tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı “nikahın pozulması və uşağın iddiaçının yanında qalması” hissəsində etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı, iddianın etirafı qəbul olunduğundan tərəflər arasında bağlanmış nikah pozulmalı, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X3 iddiaçının yanında qalmalıdır. Məhkəmə onu da qeyd edir ki, məhz cavabdehin bu hissədə iddianı etiraf etməsi, habelə uşağın artıq iddiaçı ilə yaşaması səbəbindən onun 10 yaşının tamam olmasına baxmayaraq, bu məsələ ilə bağlı fikri öyrənilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, cavabdehin hər ay uşaq üçün 300 manat sabit pul məbləğində alimentin ödənilməsi üçün kifayət qədər maddi imkanının olmasına dəlalət edən sübutların iddiaçı tərəfindən təqdim edilməməsini, cavabdehin bu tələbə münasibətini, Azərbaycan Respublikasında yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında qanunun tələblərini nəzərə alıb, uşağın minimum dolanacaq xərclərinə uyğun maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması baxımından belə qənaətə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalı, aliment miqdarı məhkəməyə müraciət edildiyi, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış nikah pozulmalı, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X3 İddiaçı yanında qalmalı, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalı, aliment miqdarı məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, iddia qalan hissədə rədd edilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 191-ci, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Tahirova (Bayramova) Məhin Ramiz qızı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2000-ci il tarixdə 875 nömrə ilə qeydə alınmış nikah pozulsun. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X3 İddiaçı yanında qalsın. xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə rədd edilsin. Aliment məbləği 20 sentyabr 2022-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar