Məhkəmə qərarları › İş №e-2(001)-624/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-624/2024

25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-624/2024 25.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndəsi (vəkil) Vəkil1, ilk iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 iştirakları ilə, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh MMC-nə qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələblərinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 54731.61 (əlli dörd min yeddi yüz otuz bir manat,61 qəpik) manat pul vəsaitinin, 30000 (otuz min) manat məbləğində əldən çıxmış mənfəətin, mütəxəssis rəyinin alınması üçün çəkilən 750 (yeddi yüz əlli) manat xərcin və hüquqi xidmətin göstərilməsi üçün ödədiyi 1500 (min beş yüz) manat pul vəsaitinin cəmi 86981,61 (səksən altı min doqquz yüz səksən bir manat 61 qəpik) manat məbləğdə pulun və ödənilmiş dövlət rüsumu – 351 manat 48 qəpik məbləğin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan ilk iddiaçı iddia tələbinə dəqiqləşdirmə barədə ərizə verərək cavabdeh “X9” MMC-dən 59247.44 (əlli doqquz min iki yüz qırx yeddi manat 44 qəpik) manat pul vəsaitinin, 90000 (doxsan min) manat məbləğində əldən çıxmış mənfəətin, mütəxəssis rəyinin alınması üçün çəkilən 750 (yeddi yüz əlli) manat xərcin və hüquqi xidmətin göstərilməsi üçün ödədiyi 1500 (min beş yüz) manat pul vəsaitinin cəmi 151497,44 (yüz əlli bir min dörd yüz doxsan yeddi manat 44 qəpik) manat məbləğdə pulun və ödənilmiş dövlət rüsumu - 441 manat 50 qəpik məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələblərinin tam həcmdə təmin olunmaması, qarşılıqlı iddia tələblərinin tam həcmdə təmin edərək, qarşılıqlı iddia üzrə cavabdeh - İddiaçı 35000 manat, ödədiyi dövlət rüsumu 195 manat, cəmi 35195 manat pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında 29 yanvar 2023-cü il tarixli 119 nömrəli Podrat Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən Cavabdeh MMC müqavilə üzrə sifarişçi İddiaçı məxsus Qəbələ şəhəri, Vəndam qəsəbəsi, bağ sahəsində 0,065 ha bağ torpaq sahəsində ümumi sahəsi 205 kv.metr olan 2 mərtəbəli 5 otaqlı evin tikintisini 6 aya bitirib təhvil verməli, sifarişçi isə bunun müqabilində podratçıya 172500 manat (yüz yetmiş iki min beş yüz manat) ödəməli idi. Baxmayaraq ki, Sifarişçi tərəfindən 119000 (yüz on doqquz min) manat ödəniş həyata keçirilmişdir, lakin podratçı tərəfindən həmin məbləğ üzrə tikinti işləri həyata keçirilməmiş, eyni zamanda öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət artıq bitmişdir. Qeyd edir ki, İddiaçı evi tikdirməkdə məqsədi Qəbələ şəhərinə istirahətə gələn şəxslərə icarəyə verib, gəlir əldə etmək olmuşdur. Podratçının sifarişin 29 iyul 2023-cü il tarixində, 6 aya bitirəcəyi barədə vəd verilmişdir. Yay aylarında Qəbələ şəhərinə istirahətə gedənlərin sayının çox olması və həmin tip evlərə tələbatın çox olması, 6 ayın tamamında kirayə verib, gəlir əldə edəcəyinə inandırıldığından həmin şirkətlə podrat müqavilə bağlamışdır. Müqavilə bağlandıqdan dərhal sonra İddiaçı həmin gün, 29 yanvar 2023-cü il tarixində 69000 manat (altmış doqquz min manat) ödənişi etmiş, bundan sonra İddiaçı dəfələrlə işin yubanması barədə haqlı iradlar bildirsə də, şirkətin məsul şəxsi və əməkdaşı Hacıyev Səddam pul vəsaitinin işləri tamamlamağa çatmadığını bildirmişdir. Baxmayaraq ki, ödənilmiş pul və görülən işə mütənasib deyildi, yəni görülmüş iş 69000 manat dəyərində deyildi. Hər bir halda pulu ödəməli olacaqlarını bildirən podratçı, sürətli şəkildə işi yekunlaşdırıb təhvil verəcəyini bildirmişdir. İddiaçı bu səbəbdən 03 iyun 2023-cü il tarixdə yenidən 50000 manat (əllimin manat) pul vəsaitini Cavabdeh MMC-nə ödəmişdir. Bundan sonra müqavilə ilə icra edib təhvil verməli olduğu işi podratçı yubatdığından dəfələrlə öhdəliyini icrası sifarişçi tərəfindən tələb edilsə də, Podratçı öz öhdəliklərini lazımınca icra etməyərək, 6 aya təhvil verməli olduğu evi tikməmişdir. Qeyd edir ki, mütəxəssis rəyinə əsasən Podratçıya ödənilmiş 119000 (yüz on doqquz min) manat pulun müqabilində şirkət tərəfindən müqavilə üzrə mənzil tikilməsi üçün cəmi 64268,39 manat (altmış dörd min iki yüz altmış səkkiz manat 39 qəpik) vəsait xərclənmişdir. Yəni hal-hazırda Cavabdeh MMC müqavilə üzrə nəzərdə tutulmuş müddətin bitməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, bununla yanaşı Sifarişçiyə məxsus 54731.61 manat (əlli dörd min yeddi yüz otuz bir manat,61 qəpik) pul vəsaitini əsassız olaraq saxlayır. Tikintiyə çəkilən xərcin və eləcə də cavabdeh tərəfindən əsassız olaraq saxlanan pul vəsaitinin dəqiq müəyyənləşdirib iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən “X6 Mərkəzi” MMC ilə müqavilə bağlanmış və 750 manat ödəniş edilmişdir. Cavabdeh MMC–yə müqavilə üzrə borcunu ödəməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Lakin MMC tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Göründüyü kimi Cavabdeh MMC tərəfindən 02 aydan çoxdur ki, öhdəliyin icrasını yubatmış, eyni zamanda bundan sonra yarımçıq qalmış işin tamamlanması üçün isə əlavə olaraq 3 ay vaxt tələb olunduğundan ümumilikdə evin tikilməsi 5 ay yubanmışdır. Bununla da cavabdeh iddiaçıya əldən çıxmış mənfəət şəklində 30000 manat (150 gün x 200 manat=30000 manat) zərər vurmuşdur. Belə ki, həmin ərazidə oturaqlaşmış işgüzar adətlərə nəzərə alsaq, Qəbələ şəhərinin Vəndam qəsəbəsində 400 manatdan ucuz qiymətə mənzilin kirayəsinin verilmədiyinin şahidi olarıq. Bununla belə tərəflərin həmin məbləğ 200 manat kimi qəbul edilərək, əldən çıxmış mənfəət həmin məbləğlə hesablanmışdır. Mülki münasibətlərin əsas prinsiplərini özündə ehtiva edən MM-nin 6-cı maddəsində qeyd olunan mülkiyyət toxunulmazlığı, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi meyarları birbaşa yuxarıda qeyd olunan müqavilə pozuntusundan əmələ gələn hüquq pozuntusunun qarşısının alınması üçün istifadə olunan prinsiplərdir. Bu isə ilk növbədə hüquqi dövlətin əsas atributlarındandır. İlk iddia tələbinə dəqiqləşdirmə onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə mülki işdə 31,07.2024-ci il tarxdə daxil olmuş ekspert rəyi iddianın dəyişdirilməsinə əsas vermişdir. Qeyd edir ki, ilkin iddia da mütəxəssis rəyinə əsasən Podratçıya ödənilmiş 119000 (yüz on doqquz min) manat pulun müqabilində şirkət tərəfindən müqavilə üzrə mənzil tikilməsi üçün cəmi 64268,39 manat (altmış dörd min iki yüz altmış səkkiz manat 39 qəpik) vəsait xərcləndiyi qeyd olunmuşdur. Həmin mütəxəssis rəyinə əsasən Cavabdeh MMC müqavilə üzrə nəzərdə tutulmuş müddətin bitməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, bununla yanaşı Sifarişçiyə məxsus 54731,61 manat (əlli dörd min yeddi yüz otuz bir manat, 61 qəpik) pul vəsaitini əsassız olaraq saxlamışdır. Lakin 34646/240/9963 nömrəli 08 iyul 2024-cü il tarixli ekspert rəyində qeyd olunan suala cavab olaraq ekspert qeyd edir ki, Qəbələ şəhəri, Vəndam qəsəbəsi, bağ sahəsində 0,065 ha bağ torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin 2023-cü il sentyabr tarixədəki vəziyyətə gətirilməsi üçün yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi qiymətinin bazar qiymətlərinə uyğun olaraq 59752,56 manat məbləğində olduğu müəyyən edilir. Nəticə etibari ilə mütəxəssis rəyi və ekspert rəyi birgə olduğu təqdirdə ekspert rəyi əsas götürülür, belə olduqda Podratçıya ödənilmiş 119000 (yüz on doqquz min) manat pulun müqabilində şirkət tərəfindən müqavilə üzrə mənzil tikilməsi üçün cəmi 59752,56 manat (əlli doqquz min yeddi yüz əlli iki manat 56 qəpik) vəsait xərclənmişdir. Nəticədə iddia tələbi daqiqləşdirilərək qeyd olunmalıdır ki, cavabdeh "X7” MMC Sifarişçiyə məxsus 59247,44 manat (əlli doqquz min iki yüz qırx yeddi manat 44 qəpik) pul vəsaitini əsassız olaraq saxlayır. Cavabdeh "X7” MMC tərəfindən 12 aydan çoxdur ki, öhdəliyin icrasını yubatmış (müqavilə üzrə fərdi yaşayış evinin tikintisi sentyabr ayında təhvil verilməli idi), eyni zamanda bundan sonra yarımçıq qalmış İşin tamamlanması üçün isə əlavə olaraq 01 ay vaxt tələb olunduğundan ümumilikdə evin tikilməsi 15 ay yubanmışdır. Bununla da cavabdeh iddiaçıya əldən çıxmış mənfəət şəklində 90000 manat (450 gün x 200 manat =90000 manat) zərər vurmuşdur. Belə ki, həmin ərazidə oturaqlaşmış işgüzar adətlərə nəzərə salsaq Qəbələ şəhərinin Vəndam qəsəbəsində 400 manatdan ucuz qiymətə mənzilin kirayəsinin verilmədiyinin şahidi olarıq. Bununla belə tərəflərindən həmin məbləğ 200 manat kimi qəbul edilərək, əldən çıxmış mənfəət hamin məbləğlə hesablanmışdır. Bundan əlavə, bildirir ki, məhkəmə prossesi hələ də davam edəcək və bu müddət yenə də iddiaçıya maddi zərər vurmağa davam edəcəkdir. Dövlət rüsumu haqqında qanunun 8.1.4ci maddəsinə əsasən, yeni dövlət rüsumu 441,50 (dörd yüz qırx bir manat əlli qəpik) olmuşdur. Belə ki, iddia məhkəməyə verilən zaman dövlət rüsumu üçün 351.48 (üç yüz əlli bir manat 48 qəpik) ödəmişlər. Belə olduqda dövlət rüsumunda yaranan fərq 90,02 manat edir, bu da tərəflərindən ödənilir. Cavabdeh “X8" MMC-dən 59247,44 manat (əlli doqquz min iki yüz qırx yeddi manat 44 qəpik) pul vəsaitinin, 90000 manat (doxsan min manat) məbləğində əldən çıxmış mənfəətin, mütəxəssis rəyinin alınması üçün çəkilən 750 manat (yeddi yüz əlli manat) xərcin və hüquqi xidmətin göstərilməsi üçün ödədiyi 1500 manat (min beş yüz manat) pul vəsaitinin cəmi 151497,44 (yüz əlli bir min dörd yüz doxsan yeddi manat 44 qəpik) məbləğdə pulun və ödənilmiş dövlət rüsumu - 441 manat 50 qəpik məbləğin tutularaq iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı - İddiaçı nümayəndəsi və vəkili olduğu Cavabdeh MMC-nə qarşı iddia tələbəri irəli sürərək, 54731,61 manat pul vəsaitinin, 30000 manat əldən çıxmış mənfəətin, mütəxəssis rəyinin alınması üçün çəkilən 750 manat xərcin və hüquqi xidmətin göstərilməsi üçün ödədiyi 1500 manat pul vəsaitinin, 86981,61 məbləğdə pulun və ödənilmiş dövlət rüsumu 351,48 manat pul tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd edir ki, bu iddia tələbləri əsassızdır və ona görə də təmin olunmamalıdır. Əksinə bildirmək istəyir ki, tərəflər arasında bağlanılmış podrad müqaviləsində nəzərdə tutulmuş işlərin görülməsi üçün müqavilə üzrə edilən ödənişlərdən artıq məbləğdə qarşılıqlı iddia üzrə iddiaçının faktiki olaraq əlavə xərclər yaranmışdır. Belə ki, cavabdehə məxsus olan torpaq sahəsi çətin coğrafi məkanda yerləşir. Bundan başqa torpaq sahəsində köhnədən qalan tikili var imiş, onun söküntüsü üçün tərəflərindən xeyli iş aparılmışdır. Daha sonra müxtəlif əlavə işlər görülmüşdür. Nəzərə alsaq ki, torpaq sahəsi Qəbələ rayonun, Vəndam kəndinin ən hündür və ucqar nöqtəsində yerləşir. Beləliklə, əvvəlcədən şərtləşdirilməmiş müxtəlif işlər şirkət tərəfindən görülmüş və bu da təbii ki, şirkət üçün artıq məsrəflərin çəkilməsinə səbəb olmuşdur. Bütün bunlar cavabdeh tərəfindən gələcəkdə əvəzinin ödəniləcəyinə vəd verilsə də, sonradan bu vədin yerinə yetirilməsindən boyun qaçırılaraq imtina olunmuşdur. Belə olduğu halda şirkətin artıq çəkdiyi xərclərin əvəzinin ödənilməsinə ehtiyac yaranıbdır. Şirkət tərəfindən müqavilə ilə götürülən bütün öhdəliklər tam həcmdə və lazımmca yerinə yetirilmişdir. Lakin cavabdeh bunu əsassız olaraq mübahisələndirilmiş və əksinə şirkətə olan qalıq borcunun ödənilməməsi üçün bu əsassız iddianı irəli sürmüşdür. Amma təbii ki, şirkətin çəkdiyi bütün xərclərin əvəzi cavabdeh tərəfindən qarşılanaraq əvəzi tam həcmdə ödənilməlidir. Onlar da, prosessual hüquqlarından qanuni tərzdə istifadə edərək, ilkin iddia tələblərinin rədd olunmasını, əvəzində isə qarşılıqlı tələblərinin tam həcmdə təmin olunmasını ədalətli hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh MMC ilə İddiaçı arasında 29 yanvar 2023-cü il tarixli 119 nömrəli Podrat Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən Cavabdeh MMC müqavilə üzrə sifarişçi İddiaçı məxsus Qəbələ şəhəri, Vəndam qəsəbəsi, bağ sahəsində 0,065 ha bağ torpaq sahəsində ümumi sahəsi 205 kv.metr olan 2 mərtəbəli 5 otaqlı evin tikintisini 6 aya bitirib təhvil verməli, sifarişçi isə bunun müqabilində podratçıya 172500 manat (yüz yetmiş iki min beş yüz manat) ödəməli idi. Baxmayaraq ki, Sifarişçi tərəfindən 119000 (yüz on doqquz min) manat ödəniş həyata keçirilmişdir, lakin podratçı tərəfindən həmin məbləğ üzrə tikinti işləri həyata keçirilməmiş, eyni zamanda öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət artıq bitmişdir. Ümumilikdə cavabdeh tərəfin gətirdiyi dəlillər ondan ibarətdir ki, tikinti gedən ərazi dağlıq ərazidir, kommunikasiya xətləri nəzərə alınmayıb, relyefi çətindir, hava şəraiti imkan verməyib, yağıntıların normadan çox olması olmuşdur. Bununla bağlı bildirir ki, bu sadalananlar tərəflər arasında tərtib edilmiş podrat müqaviləsində nəzərdə tutulmadığından, bu məsələnin iddiaçıya heç bir aidiyyəti yoxdur. Çünki podrat müqaviləsi bağlanmamışdan öncə, cavabdeh zəhmət çəkib həmin ərazi ilə yaxından tanış olub, sonra göstərilən problemləri müqaviləyə əlavə edilərdi və iddiaçının razılığı ilə, bağlanmış müqavilədə öz əksini tapardı. Lakin bu məsələlərin heç bir podrat müqaviləsində öz əksini tapmayıb. Xüsusi ilə qeyd edir ki, podrat müqaviləsinin 6.1-ci bəndində forsmajor hallar nəzərdə tutulub, lakin həmin bəndə də, hava şəraitinə və ya relyefin çətin olmasına dair heç bir qeyd yoxdur. Tikintisi nəzərdə tutulan ev deyildiyi vaxtda təhvil verilmədiyindən tərəflər arasında olan razılaşma pozulmuşdur. Dəfələrlə onların müdaxiləsindən sonra evdə tikinti işləri aparılmışdır. Yəni cavabdeh tərəf iddiaçı tərəfindən onlara irad bildirilməsə, tikinti işlərini aparmırdı. Hətta dəfələrlə həmin həyətdən oğurluq hadisələri olmuşdur. Sonradan evin tikintisi iddiaçı tərəfindən həyata keçirilmişdir. O, həmçinin bildirdi ki, onlar hazırda evin tikintisinə çəkilmiş 74000 manatı deyil, məhz istifadə edilməmiş 59247.44 manat pul vəsaitini tələb edirlər. O, həmçinin qeyd etdi ki, İddiaçı evi tikdirməkdə məqsədi Qəbələ şəhərinə istirahətə gələn şəxslərə icarəyə verib, gəlir əldə etmək olmuş, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq pul qazanmaq olmuşdur. Lakin işlərin vaxtında və keyfiyyətlə görülməməsi iddiaçını bu hüquqlardan məhrum etmişdir. Ona görə də əldən çıxmış fayda kimi hesablanmış 90000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ümumilikdə, ilkin iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Qarşılıqlı iddianın isə rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak dən ilk iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında 29 yanvar 2023-cü il tarixli 119 nömrəli Podrat Müqaviləsi bağlanaraq işlərin icrasına başlanılmışdır. Lakin müqavilə bağlanarkən tikinti ərazisi olan Qəbələ rayonu, Vəndam qəsəbəsinin relyefi nəzərə alınmadığından, yəni tikinti olan tikinti gedən ərazinin dağlıq ərazi olması, kommunikasiya xətləri, relyefi, hava şəraiti və yağıntıların normadan çox olması işlərin vaxtında yekunlaşdırılmasına çətinliklər yaratmışdır. Lakin buna baxmayaraq işlərin 90 faizi yekunlaşdırılmış və qarşılıqlı iddia ərizəsinə göstərilən məbləğdə əlavə işlər görülmüşdür. O, həmçinin ekspert rəyinə münasibət bildirərək qeyd etdi ki, ekspert ekspertiza tədqiqatı aparmaq üçün əraziyə 5 sentyabr 2024-cü ildə gəlib, halbu ki, həmin orada görülən işlər artıq şirkət tərəfindən deyil, məhz iddiaçının özü tərəfindən aparılmışdır. Ona görə də ekspert necə müəyyən edə bilər ki, fevral ayında işlənilmiş betonun markası neçədir və yaxud başqa görülmüş işlərə nə qədər sərfiyyat gedib. Bundan əlavə ekspert rəyində cavabdeh şirkətin qazancı, fəhlə pulu, nəqliyyat xərci, smeta xərcini nəzərə almadan qeyri obyektiv rəy vermişdir. Halbu ki, əvvəl qeyd edildi ki, tikinti gedən ərazi dağ ətəyindədir. O, həmçinin qeyd etdi ki, iddiaçı əldən çıxmış fayda üçün 90000 manat məbləğində pul vəsaiti tələb edir. Bununla bağlı qeyd edir ki, iddiaçının sahibkarlıq fəaliyyəti məşğul olması üçün vöeni yoxdur. Bundan əlavə podrat müqaviləsi bağlanarkən, nə də bundan sonrakı müddət ərzində iddiaçı heç vaxt həmin tikiləcək evdən kirayə verərək pul qazanacağı ilə bağlı fikir bildirməmişdir, o, özü üçün ev inşa etiyini bildirmişdir. Tərəflər arasında bağlanmış müqavilədə isə bununla bağlı heç bir qeyd aparılmamışdır. Göstərdiklərini nəzərə alaraq ilk iddia tələbinin rədd, qarşılıqlı idia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu, Vəndam qəsəbəsində yaşayır. Hazırki iş üzrə mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsini İddiaçı o, təklif etmişdir. Həmin torpaq sahəsini İddiaçı Məlahət adlı xanımla almış və İddiaçı torpaq sahəsi 0,0675 ha təşkil edir. Həmin ərazi isə dağ ətəyi ərazidir. Qeyd edilən əraziyə dekabr ayından başlayaraq, təqribən mart ayına qədər aramsız yağış və qar yağır. Yolları isə torpaqdan ibarətdir, yəni asvalt yolu yoxdur. Tikinti gedən ərazinin ətrafında yaşayış yoxdur, ərazi meşə və dağdır. Yağış yağan vaxtlar da, orada avtomobillərin hərəkəti keçilməz olur. Tikinti gedən əraziyə armatur və sair tikinti məmulatları gətirilərkən həmişə müəyyən problemlər yaranırdı, məcbur olub ya traktor vasitəsi ilə, bu da mümkün olmadıqda işçi qüvvəsi ilə mal-materialları daşımışlar. Malmateriallar həm Ağdaş rayonundan, həm də Qəbələ şəhərində alınırdı. Ağdaş rayonundan alınan malları mağaza sahibi özü tikinti gedən əraziyə çatdırırdı. Fevral ayında İddiaçı məxsus evin təməli qoyuldu və həmin evin betonu təxminən 300 markalı idi. Həmin vaxt qış ayları, eləcə də mütəmadi yağışlar yağdığından, işlərin aparılması və mal-materialların çatdırılmasında problemlər çox olurdu və əlavə xərc tələb olunurdu. Lakin yağışlı hava şəraitində texnika və işçi qüvvəsinə çəkilən xərclər sifarişçi tərəfindən yox, şirkət tərəfindən ödənilmişdir. Həmin tikilinin vaxtında verilə bilməməsinə də, səbəb elə hava şəraitinin pis olması olmuşdur. Hesab edir ki, əgər hava şəraiti imkan versəydi, həmin evin tikintisini 6 ay müddətə yekunlaşdırmaq mümkün olardı. O, həmçinin qeyd etdi ki, o, sifarişçi İddiaçı istifadəsində olan (***-***-**-** və ***-***-**-** telefon nömrələri) telefon nömrələri ilə mütəmadi əlaqə saxlayaraq tikintinin gedişatı barədə məlumatlar verirdi. Sonuncu dəfə isə nə vaxt danışdıqları yadında deyil. Bundan əlavə tikilinin ikinci mərtəbəsində İddiaçı tərəfindən sensorlu kamera quraşdırılmışdır və həmin kamera tikinti meydançasını bütünlüklə çəkmək gücünə malik idi. Sifarişçi qeyd edilən kamera vasitəsi ilə tikintinin gedişatına nəzarət edirdi. Hesab edir ki, qeyd edilən kamera vasitəsi çəkilən görüntülərə dair yaddaş kartı sifarişçidə saxlanılır. Bir müddət sonra tikinti ev sahibi tərəfindən dayandırıldı. Səbəbi isə tikintinin deyilən vaxtda yekunlaşdırılmaması olmuşdur. Lakin tikintinin vaxtında başa çatdırıla bilməməsi aramsız yağan yağışlar olmuşdur. Vaxt olub ki, yağışdan sonra yollar bərbad vəziyyətə düşüb və tikinti gedən əraziyə 10-15 gün mal-materialın daşınması heç texnika vasitəsi ilə də mümkün olmayıb. Tikinti gedən əraziyə işıq onun tərəfindən gətirilmiş generator vasitəsi ilə verilmiş, su isə onun sifarişi ilə gətirilmişdir. Həmin tikili gedən yerdə isə qaz olmayıb. O, həmçinin bildirdi ki, o, həmin ərazidə yaşadığından, oranın iqlimini, yəni yağış və qarın mütəmadi yağdığını bilirdi, lakin ondan, həmin ərazinin qış aylarının necə keçməsi barədə soruşan olmayıb. Qeyd edilən tikilidən qabaq onun nəzarəti ilə iki tikili də tikilmişdir. Bundan əlavə qeyd etdi ki, ödənişlər hissə-hissə olunurdu. Məbləği dəqiq deyə bilməsə də, lakin eşitmişdir ki, sifarişçi tərəfindən pul şirkətə çatdırılmamışdır. Bu barədə isə şirkətin rəhbərinə məlumat verilmişdir. Mülki iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.0675 kv/metr torpaq sahəsi xx.xx.2023-cü il tarixdən xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. 29 yanvar 2023-cü il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış podrat müqaviləsindən görünür ki, Müqavilənin qüvvədə olduğu müddət ətrində podratçı Cavabdeh “Sifarişçiyə” məxsus Qəbələ şəhəri, Vəndam qəsəbəsi, bağ sahəsində 0.065 ha bağ torpaq sahəsinin 0,065 ha torpaq sahəsində “Sifarişçinin” göstərdiyi yerdə, çöl divardan - çöl divara ümumi sahəsi 205 kv/m. olan 2 mərtəbəli 5 otaqlı evin tikintisi həyata keçirilir. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən podratçı evin tikintisini müqavilə imzalandığı gündən 6 ay müddətinə yekunlaşdırıb təhvil verməlidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən; “Sifarişçi” “Podratçıya” həvalə etdiyi: - evin tikintisivə təmiri üçün ( fasad xaric) 119000 (yüz on doqquz min) - çöl mətbəxi 19000 (on doqquz min) - landşaft 38 kv/m (tamet, beton, işçilik) 6000 (altı min) - su hovuzu 24kv/m 14000 ( on dörd min) - 12 tonluq su rezervuart 3000 (üç min) - darvaza (jalüz pultla birlikdə) 2500 (iki min beş yüz) - çöldəki texniki otaq, hamam və saunanın tikintisi üçün (sauna içi xaric) 9000 (doqquz min) Ümümilikdə görüləcək işin məbləği 172500 (yüz yetmiş iki min beş yüz) manat təşkil edir ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən “Sifarişçi” Fərdi yaşayış evinin tikintisi üçün ilkin olaraq, bu müqavilə bağlandığı anda ümumi məbləğin 40 (qırx) faizini təşkil edən 69000 (altmış doqquz min) manat pulu ödəməlidir. Cavabdeh MMC-nə məxsus 068004 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı 29 yanvar 2023-cü il tarixdə ev tikintisi və təmiri 69000 (altmış doqquz min) manat məbləğində pul vəsaitini Cavabdeh MMC-nin hesabına ödəmişdir. Cavabdeh MMC-nə məxsus 068013 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı 03 iyun 2023-cü il tarixdə ev tikintisi və təmiri 50000 (əlli min) manat məbləğində pul vəsaitini Cavabdeh MMC-nin hesabına ödəmişdir. X6 Mərkəzinin 18 sentyabr 2023-cü il tarixli, YDQM 099-081/2023 saylı rəyindən görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.0675 ha torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış evinin təmir-tikinti xərcləri 64.268,39 manat təşkil edir. X6 Mərkəzinin 18 sentyabr 2023-cü il tarixli, YDQM 099-081/2023 saylı maliyyə arayışından görünür ki, sifarişçi İddiaçı tərəfindən Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.0675 ha torpaq sahəsinin üzərində inşa edilmiş yarı tikili yaşayış evinin təmirtikintisinə çəkilmiş xərclərinin müəyyən mənzilinə dair qiymətləndirmə prosesinin aparılması məqsədi ilə “X6 Mərkəzi" MMC-nin hesabına 750 manat (yeddi yüz əlli manat) məbləğində xidmət haqqının dəyəri ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/9963 saylı rəyindən görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində yerləşən, mübahisə predmeti olan tikililərin baxış zamanı əldə edilmiş və mülki, iş materiallarına əlavə edilmiş USB yaddaş daşıyıcısında qeyd olunan məlumatlar tədqiqat olunmaqla, həmin tikililərin 2023-cü il sentyabr ayı tarixindəki vəziyyətinə gətirilməsi üçün çəkilən“xərclərin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 59752.56 manat məbləğində müəyyən olunur. İşə əlavə edilmiş 08 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/9963 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. "xxxx" MMC-nin 30 sentyabr 2024-cü il tarixli, 0133 nömrəli hesabatından görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən hər birinin orta aylıq kirayə haqqı tələblə təklifin qarşılıqlı təsiri nəticəsində yuvarlaq hesabla təqribən 9730 manat məbləğində təşkil edir. "xxxx"MMC-nə məxsus milliön elektron ödəmə sisteminə məxsus 50103 terminal nömrəli xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı hüquqi xidmət haqqı üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına 1500 manat məbləğində pul ödəmişdir. X2 ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsinin hesabına 351 manat məbləğində pul ödənilmişdir. X2 ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxiul qəbzindən görünür ki, (iddiaçının nümayəndəsi vəkil) Vəkil1 tərəfindən Binəqədi Rayon Məhkəməsinin hesabına 90 manat məbləğində pul ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 427.3. əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442.1. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: İlk iddiaya üzrə müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında 29 yanvar 2023-cü il tarixli 119 nömrəli Podrat Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən Cavabdeh MMC müqavilə üzrə sifarişçi İddiaçı məxsus Qəbələ şəhəri, Vəndam qəsəbəsi, bağ sahəsində 0,065 ha bağ torpaq sahəsində ümumi sahəsi 205 kv.metr olan 2 mərtəbəli 5 otaqlı evin tikintisini 6 aya bitirib təhvil verməli, sifarişçi isə bunun müqabilində podratçıya 172500 manat (yüz yetmiş iki min beş yüz manat) ödəməli idi. İlk iddiaçı tərəfindən podratçıya ödənilmiş 119000 (yüz on doqquz min) manat pulun müqabilində şirkət tərəfindən müqavilə üzrə mənzil tikilməsi üçün cəmi 59752,56 manat (əlli doqquz min yeddi yüz əlli iki manat 56 qəpik) vəsait xərclənmişdir. İddiaçı hesab edir ki, cavabdeh "X7” MMC müqavilə öhdəliklərini lazımi qaydada və müddətdə icra etməmiş, sifarişçiyə məxsus 59247,44 manat (əlli doqquz min iki yüz qırx yeddi manat 44 qəpik) pul vəsaitini əsassız olaraq saxlamışdır. Həmçinin evin tikilməsini 15 ay yubantdığına görə cavabdeh iddiaçıya əldən çıxmış mənfəət şəklində 90000 manat (450 gün x 200 manat =90000 manat) zərər vurmuşdur. Yekunda ilk iddiaçı cavabdeh “X8" MMC-dən 59247,44 manat (əlli doqquz min iki yüz qırx yeddi manat 44 qəpik) pul vəsaitinin, 90000 manat (doxsan min manat) məbləğində əldən çıxmış mənfəətin, mütəxəssis rəyinin alınması üçün çəkilən 750 manat (yeddi yüz əlli manat) xərcin və hüquqi xidmətin göstərilməsi üçün ödədiyi 1500 manat (min beş yüz manat) pul vəsaitinin cəmi 151497,44 (yüz əlli bir min dörd yüz doxsan yeddi manat 44 qəpik) məbləğdə pulun və ödənilmiş dövlət rüsumu - 441 manat 50 qəpik məbləğin tutulmasını tələb edir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi tərəflər arasında yazılı podrat müqaviləsinin bağlanması və İddiaçı ev tikintisi məqsədi ilə görüləcək işlərin yerinə yetirilməsi üçün Cavabdeh MMC-nin hesabına 119000 manat məbləğində pul ödəməsi işin mübahisəsiz halıdır. Məlum olduğu kimi, podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur Hazırkı halda iddiaçı ilə cavabdeh arasında etibarlı bir müqavilə bağlanıldığı aşkardır. İlk iddiaçı əqd üzrə cavabdehin öhdəliklərini lazımi qaydada və müddətdə icra etmədiyinə əsaslanır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İlk olaraq, mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Bu müqavilənin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda yaranmış mübahisə həmin müqavilə şərtləri çərçivəsində həll edilməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələri hərtərəfli araşdırılmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğu dəqiqliklə müəyyən edilməlidir. Bununla bağlı hazırki iş üzrə mübahisə predmeti olan tikintiyə çəkilmiş xərclərin obyektiv hesablanması ilə bağlı ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyul 2024-cü il tarixli, 3-16-16/2- 10/9963 saylı ekspert rəyində Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində yerləşən, mübahisə predmeti olan tikililərin baxış zamanı həmin tikililərin 2023-cü il sentyabr ayı tarixindəki vəziyyətinə gətirilməsi üçün çəkilən “xərclərin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 59752.56 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mılki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. İddiaçı tələbini cavabdehin müqavilə öhdəliyini lazımınca icra etməməsi ilə əsaslandırır. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir (Mülki Məcəllənin 399, 425-ci maddələri). Bu, cəmiyyətdə olan hüquq qaydasını, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Bu məqsədlərə nail olunması müvafiq olaraq müqavilə öhdəliyinin lazımınca icrasını, öhdəliyin pozulmasının qarşısının alınması üçün təminatların yaradılmasını tələb edir və qanunvericilik bu məqsədə nail olmaq üçün mülki hüquq məsuliyyəti müəyyən edir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Göründüyü kimi, cavabdeh öhdəliyini icra etməmişdir və iddiaçının bu səbəbdən məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququ vardır. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına, eləcə də ekspert rəyinə əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh MMC ilə İddiaçı arasında 29 yanvar 2023cü il tarixli 119 nömrəli Podrat Müqaviləsinə əsasən, Cavabdeh MMC üzərinə götürdüyü öhdəliklərə vaxtında (6 ay müddətində) əməl etmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməklə haqlı olmuşdur. Odur ki, tələb edilən 59752.56 manat məbləğində pul vəsaiti tam olaraq sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən 59752.56 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsini əsassız sayır. Belə ki, ilk iddiaçı tələbini yuxarıda qeyd edilən kimi əsaslandırmaqla 90000 (doxsan min) manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulmasını xahiş edir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı həmin hissədə öz tələbi ilə bağlı hər hansı sübut təqdim etməməklə yanaşı, əldən çıxmış fayda kimi müəyyən edilmiş 90000 manat məbləğin öz mülahizələri üzrə hesablamaqla yanaşı, əgər hüququ pozulmasaydı, həmin məbləği adi mülki dövriyyə şəraitində əldə edə biləcəyini təsdiq edən hansı sübutlarının olduğunu göstərməmişdir. Əldən çıxmış fayda şəklində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tələb olunan məbləğdə ona əldən çıxmış fayda şəklində zərərin vurulmasını sübut etməlidir. Buna görə də, iddiaçı məhkəməyə müraciət edərkən məhz bu halları da təsdiq edən sübutları təqdim etməli idi. Lakin ilk iddiaçı əldən çıxmış fayda şəklində vurulmuş zərərin ödənilməsi ilə bağlı tələbinə dair lazımi sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, ilk iddia həmin hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edilərək Cavabdeh MMC-dən 59752.56 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin mütəxəssis rəyinin alınması üçün çəkilən 750 manat xərcin və hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 1500 (min beş yüz) manat pul vəsaitinin, eləcə də dövlət rüsumu kimi ödənilmiş 441.50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir; Belə ki, Mülki Prossesual Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. İşə əlavə edilmiş X6 Mərkəzinin 18 sentyabr 2023-cü il tarixli, YDQM 099-081/2023 saylı maliyyə arayışından görünür ki, sifarişçi İddiaçı tərəfindən Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.0675 ha torpaq sahəsinin üzərində inşa edilmiş yarı tikili yaşayış evinin təmir-tikintisinə çəkilmiş xərclərinin müəyyən mənzilinə dair qiymətləndirmə prosesinin aparılması məqsədi ilə “X6 Mərkəzi" MMC-nin hesabına 750 manat (yeddi yüz əlli manat) məbləğində xidmət haqqının dəyəri ödənilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-nə məxsus milliön elektron ödəmə sisteminə məxsus 50103 terminal nömrəli xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı hüquqi xidmət haqqı üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına 1500 manat məbləğində pul ödəmişdir. İşə əlavə edilmiş X2 ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsinin hesabına 351 manat məbləğində pul ödənilmişdir. İşə əlavə edilmiş X2 ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, (iddiaçının nümayəndəsi vəkil) Vəkil1 tərəfindən Binəqədi Rayon Məhkəməsinin hesabına 90 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mütəxəssis rəyinin alınması ilə bağlı ödənilmiş 750 manat məbləğində pul vəsaitinin 500 manat məbləğində olan hissəsi, eləcə də hüquqi xidmət haqqı üçün ödənilmiş 1500 manat məbləğində pul vəsaitinin 1250 manat hissəsi, eləcə də iddia tərəfindən ödənilmiş 441.50 manat məbləğində olan dövlət rüsumunun 269.26 manat hissəsi Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbini iş materialları əsasında araşdıraraq hesab edir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı iddia edir ki, tərəflər arasında bağlanılmış podrad müqaviləsində nəzərdə tutulmuş işlərin görülməsi üçün müqavilə üzrə edilən ödənişlərdən artıq məbləğdə faktiki olaraq əlavə xərclər yaranmışdır. Cavabdehə məxsus olan torpaq sahəsi çətin coğrafi məkanda yerləşməklə yanaşı, torpaq sahəsində köhnədən qalan tikilinin söküntüsü üçün tərəflərindən xeyli iş aparılmış, müxtəlif əlavə işlər görülmüşdür. Həmçinin torpaq sahəsi kəndin ən hündür və ucqar nöqtəsində yerləşdiyindən, oranın kommunikasiya xətləri, relyefi, hava şəraiti və yağıntıların normadan çox olması işlərin vaxtında yekunlaşdırılmasına çətinliklər yaratmış, əvvəlcədən şərtləşdirilməmiş müxtəlif işlərin görülməsi şirkət üçün artıq məsrəflərin çəkilməsinə səbəb olmuşdur. Buna görə də qarşılıqlı iddia üzrə İddiaçı 35000 manat, ödədiyi dövlət rüsumu 195 manat, cəmi 35195 manat pul tutulması tələbi ilə çıxış edir. İlk növbədə qeyd olunmalıdır ki, qarşılıqlı iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Yəni podrad müqaviləsində nəzərdə tutulmuş işlərin görülməsi üçün müqavilə üzrə ödənişlərdən artıq məbləğdə xərclərin çəkilməsini sübut etmək podaratçının üzərinə düşür ki, hazırkı halda isə bu halları təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. İş üzrə dindirilmiş şahid X4 isə ifadəsində İddiaçı torpaq sahəsinin dağ ətəyi ərazisində yerləşdiyini, yağış yağan vaxtlar orada avtomobillərin hərəkətinin keçilməz olduğunu, qış ayları, eləcə də mütəmadi yağışlar yağdığından, işlərin aparılması və malmaterialların çatdırılmasında problemlərin çox olduğunu və əlavə xərc tələb edildiyini bildirmişdir. Məhkəmənin qənaətinə görə şahid ifadəsi qarşılıqlı iddianın əsaslılığını təsdiq etmir. Belə ki, şahidin göstərdikləri hallar onsuzda qarşlılıqlı iddiadada qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, podratçı müqavilə bağlanan zaman sifarişçinin torpaq sahəsinin kəndin ən hündür və ucqar nöqtəsində yerləşdiyini, orada kommunikasiya xətlərinin, relyefinin, hava şəraitinin münasib olmadığını əvvəlcədən bilib və bununla bağlı müqavilədə müvafiq fərqli şərtlər nəzərdə tutula bilərdi. Hazırkı halda isə podratçının qeyd etdiyi halların müqavilə üzrə işlər görülməyə başlanandan sonra ortaya çıxması ilə bağlı dəlilləri əsasslı saymır. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 59752.56 manat məbləğində pul vəsaiti, eləcə də mütəxəssis rəyinin alınması ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 500 manat, hüquqi xidmət haqqı üçün ödənilmiş 1250 manat, dövlət rüsumu qismində ödənilmiş 269.26 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia təmin edilməməlidir. Habelə, iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul vəsaitinin 10 (on) manat hissəsi iddiaçıdan, 40 (qırx) manat hissəsi isə cavabdehdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 59752.56 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Mütəxəssis rəyinin alınması ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 500 manat, hüquqi xidmət haqqı üçün ödənilmiş 1250 manat, dövlət rüsumu qismində ödənilmiş 269.26 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin 10 (on) manat hissəsi İddiaçı, 40 (qırx) manat hissəsi isə Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X3, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar