Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6365/2022 22.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə birgə nikahdan olan 09 aprel 2010-cu il təvəllüdlü X4 və 22 fevral 2014-cü il təvəllüdlü X1 üçün hər uşağa görə, hər ay 193 manat olmaqla, 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış 06 may 2008ci il tarixli nikah Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və birgə nikahdan olan 09 aprel 2010-cu il təvəllüdlü X4 və 22 fevral 2014-cü il təvəllüdlü X5 ataları İddiaçı yanında qalmışlar. İddiaçı həmin uşaqları təkbaşına və cavabdehin heç bir maddi köməkliyi olmadan böyüdür. Hazırda cavabdehin uşaqlara maddi köməklik etmək üçün kifayət qədər maddi imkanı olsa da uşaqların maddi ehtiyaclarının qarşılanmasında iştirak etmir. Bütün maddi və mənəvi olaraq uşaqların ehtiyaclarını iddiaçı ödəyir. Hesab edilir ki, uşaqların maddi ehtiyaclarını iddiaçı ilə yanaşı cavabdehdə qarşılamalı və müvafiq qanunla müəyyən edilmiş qaydada aliment ödəməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddiaçı uşaqları ilə birlikdə evdən çıxmış, hazırda başqa bir evdə kirayə yaşayır. Xanım köçürüldüyü evdən çıxmağa razı olarsa, iddiaçı aliment tələbindən imtina edə bilər. Belə ki, əvvəl tərəflər arasında olan razılaşmaya əsasən, hazırki cavabdeh atası evində yaşamalı, hazırki iddiaçı isə uşaqları ilə birlikdə öz evində yaşamalı idi. Lakin cavabdeh məhkəmə qətnaməsi ilə iddiaçının evinə köçürülmüşdür. Ona görə də, hazırda iddiaçının maddi öhdəlikləri artmış, özü kirayə ödənişləri edir. Bank borcu ilə bağlı isə cavabdeh reqres qaydada tələb irəli sürə bilər. Uşaqlar faktiki olaraq atalarının yanındadırlar. Ata isə təkbaşına uşaqların təminatını ödəyə bilmir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, uşaqlar məhkəmə qətnaməsi ilə atanın yanında saxlanmışlar. Tərəflər əvvəlcə uşaqların saxlanması ilə bağlı xərclərin yarı bölünməsi ilə bağlı razılaşsalar da, sonradan cavabdeh bundan boyun qaçırmışdır. Uşaqlar böyükdür və iddiaçı onları təkbaşına saxlaya bilmir. İddiaçı özü də işləmir. Cavabdeh iddiaçının evinə köçürülmüş, lakin birlikdə yaşamaq mümkün olmadığından iddiaçı uşaqları da götürərək kirayə evə çıxmışdır. Buna görə də iddiaçı əlavə xərcə düşmüşdür.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Uşaqlar onun yanında saxlanılsaydı, uşaqların təminatını ödəyə bilərdi. Hazırda əmək haqqı məbləği 300 manatır. Bundan başqa iddiaçının bankdan götürdüyü borca görə zamin olduğundan ondan hər ay icra sənədi əsasında 150 manat pul tutulur. Özünə dolanışıq üçün 150 manat pul qalır ki, həmin pulla çətinliklə öz dolanışığını təmin edir. Alimentin hansı məbləğdə müəyyən edilməli olmasını məhkəmənin mülahizəsinə buraxır.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaçının evinə köçürülmüş və hazırda orada yaşayır. O, köçəndən sonra iddiaçı uşaqları da götürərək başqa yerə yaşamağa getmişdir. Hazırda uşaqlarla ünsiyyətdə ola bilmir və bunun üçün məhkəmədə iddia qaldırmışdır. Uşaqların saxlanmasında iştirak edir. Belə ki, hər həftə ərzaq alıb aparır. Özü tibb bacısı işləyir, 300 manat maaş alır. İlkinin birgə nikah dövründə götürdüyü kreditinə zamin olduğu üçün hər ay icra sənədi üzrə 150 manat maaşından pul tutulur. Heç bir aliment ödəyə bilməz. Çünki ona cəmi aylıq 150 manat pul qalır. İddiaçı ondan ərzaq almağını tələb etsə də, onun etdiyi bazarlığı zibilə atırdı. Bu ilin sentyabr ayında uşaqlara məktəb ləvazimatları almışdır. Özü əvvəl həftəlik 15-20 manatlıq evə bazarlıq etmişdir. Həmin vaxt ondan borca görə pul tutulmurdu. İndi isə evdə tək yaşayır. Evin kommunal və s. xərclərini tək qarşılayır. İddiaçı borcundan heç nə ödəmir, ancaq pul ondan tutulur. Bununla bağlı icra şöbəsinin məktubunun, icra vərəqəsinin surətini məhkəməyə təqdim edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 416316 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X6 ilə Cavabdeh arasında olan nikah, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.2022-ci il tarixində pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində 215 № ilə qeyd edilmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(00)-74/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 06 may 2008-cü il tarixdə Binəqədi rayonu qeydiyyat şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 341 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 ataları İddiaçı yanında saxlanılmaları müəyyən edilməsi qərara alınmışdır.
9. ünvan 2, xx.xx.2021-ci il tarixli icra sənədinin surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 22 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6537,34 manat əsas, 7,73 manat faiz borcu İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq, "xxxx" ASC-yə ödənilməsi və s. qət edilmişdir.
10. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsindən “Kəpəz” Hospitala ünvanlanan məktundan görünür ki, ünvan 2, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Cavabdeh əmək haqqından hər ay 50 % olmaqla, 6575,007 manat tutularaq, "xxxx" ASC-nin hesabına ödənilməlidir. 6575,07 manat tutulduqdan sonra ümumi məbləğin 7%-i, yəni 460 manat tutularaq Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin depozit hesabına köçürülməsi və nəticəsi barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə məlumat verilməsi xahiş edilmişdir.
11. “Azemis” Elektron Məhkəmə informasiya sistemindən müəyyən edilir ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində tibb bacısı kimi işləyir və 327 maat əmək haqqı alır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
12. X6 ilə Cavabdeh arasında olan nikah, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.2022-ci il tarixində pozulmuş,bu barədə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir.
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(00)-74/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 ataları İddiaçı yanında saxlanılmaları müəyyən edilmişdir.
14. Hazırda İddiaçı uşaqların saxlanılması üçün cavabdehdən hər uşaq üçün 193 manat olmaqla, 386 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. İddiaçının nümayəndəsi, vəkil məhkəmə iclasında qeyd etmişdir ki, hazırda iddiaçı öz evindən çıxaraq, uşaqları ilə birlikə kirayə yaşamaq məcburiyyətində qalmışdır. Bu səbəbdən uşaqların maddi ehtiyaclarının ödənilməsində cavabdehin də, iştirakının təmin edilməsi zərurəti yaranmışdır.
15. Cavabdehin izahatları ilə isə müəyyən edilmşdir ki, iddiaçının evini tərk etməsinə səbəb, cavabdehin məhkəmə qətnaməsi ilə həmin evə köçürülməsi olmuşdur.Belə ki, faktiki olaraq tərəflər arasında olan gərgin münasibətlərdən dolayı, birlikdə yaşamaları mümkün olmadığından, ata himayəsinə verilən uşaqları ilə birlikdə keçmiş arvadının məhkəmə qətnaməsi ilə köçürüldüyü evdən çıxmışdır.
16. Bundan başqa ünvan 2, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 22 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6537,34 manat əsas, 7,73 manat faiz borcu İddiaçı və Cavabdeh müştərək qaydada tutulmuşdur. Həmin qətnamə əsasında verilmiş icra vərəqinin icrası ilə bağlı cavabdehin əmək haqqında 50 % məbləğində pulun tutulması üçün icra şöbəsi tərəfindən cavabdehin iş yerinə rəsmi məktub və icra vərəqi göndərilmişdir.
17. Cavabdeh isə 300 manat əmək haqqı aldığını, əmək haqqından 50 % isə banka olan kredit borcuna görə tutulduğunu və özünə dolanışıq üçün 150 manat qalması səbəbindən tələb edilən aliment məbləğini ödəmək iqtidarında olmadığını bildirmişdir.Lakin sonradan tutulan aliment məbləğinin müəyyən edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
18. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu məhkəmə müəyyən etməlidir.
20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
21. 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar.
22. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
23. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
24. Bundan əlavə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
25. Eyni zamanda Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir.
26. Yuxarıda sadalanan normalardan göründüyü kimi uşaqları saxlamaq hər iki valideynin borcudur və bu səbəbdən də uşaqları saxlamayan digər valideyndən aliment tutulması barədə tələb əsaslıdır. Lakin qanunvericilik alimentin məbləğinin müəyyən edilməsinin müəyyən şərtlərini təsbit etmişdir. Belə ki, əvvəla qanunvericilik əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsini və qazanca malik olmamasını həmin valideyni uşağı saxlamaq vəzifəsindən azad etmədiyi kimi, alimentin məbləğinin müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyətinin, diqqətəlayiq olan digər halların nəzərə alınmasını və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas götürülməsini də müəyyən etmişdir.
27. Nəzərə alınsa ki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu iddiaçının tələbinin əsasını təşkil etsə də, qanunvericiliyin istisna etdiyi hallar diqqətdən kənarda qala bilməz. Yəni bir tərəfdən uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu alimentin müəyyən mənada meyarı kimi qəbul edilsə də, digər tərəfdən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar da nəzərə alınmalıdır.
28. İşin müəyyən edilən hallarından göründüyü kimi cavabdehin aylıq qazancı 327 manatdır və iddiaçının da ödəməli olduğu borc öhdəliyinə görə ondan tutulmalar həyata keçirilir. Baxmayaraq ki, icra haqqında qanunvericilikdə bir neçə icra sənədi üzrə birinci növbədə alimentin tutulması tələbi icra olunmalıdır, hər bir halda tələb olunan aliment məbləğini cavabdehin ödəmək iqtidarında olması müəyyən olunmur.
29. Bu səbəbdən məhkəmə cavabdehin maddi vəziyyətini, uşaqları saxlamağın hər iki valideynin borcu olduğunu nəzərə alaraq hesab edir ki, hər ay, hər uşaq üçün cavabdehdən tutulmalı olan alimentin məbləği 50 manat miqdarında müəyyən edilməlidir.
30. Beləliklə məhkəmə o qənaətə gəlir ki, 09 aprel 2010-cu il təvəllüdlü X4 və 22 fevral 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.
31. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.
32. Buna görə də məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən başlanmalıdır. Tətbiq edilən prosessual normalar:
33. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:
34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
35. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
36. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
37. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Nəticə:
38. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 09 aprel 2010-cu il təvəllüdlü X2 və 22 fevral 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 50 manat olmaqla, ümumilikdə 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. 09 aprel 2010-cu il təvəllüdlü X2 və 22 fevral 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 50 (əlli) manat olmaqla, ümumilikdə 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aliment məbləği 03 oktyabr 2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev