Məhkəmə qərarları › İş №e-2(001)-6420/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6420/2024

06.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6420/2024 06.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 965/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına qədər saxlanılması üçün hər ay qazancı və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına qədər saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin altıda bir hissəsi miqdarında alimentin tutularaq cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-cü il tarixində cavabdehlə nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2014-cü il tarixində Murad adlı bir oğlu olmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-965/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən aralarında başlanmış nikah pozulmuş, xx.xx.2014-cü il təvəllüdlü X5 cavabdehin yanında saxlanılması və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün onun qazancı və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq cavabdehə verilməsi qət edilmişdir. 2019-cu ildə o, yenidən nikaha daxil olmuş və həmin nikahdan iki övladı olmuşdur. Beləliklə də onun ailə vəziyyətində əsaslı dəyişiklik olmuşdur. Hazırda onun öhdəliyində cavabdehlə birgə nikahlarından olan oğlu Muraddan başqa iki uşağı da vardır. Qanunvericiliyin tələbləri baxımından üç və daha çox uşaq üçün tutulan alimentin miqdarı qazancın (başqa gəlirlərin) yarısı qədər müəyyən edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-965/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün onun qazancı və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Hesab edir ki, ailə vəziyyətində olan dəyişikliyi və hazırda iki uşağının olmasını nəzərə alaraq, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-965/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilməli, qazancı və başqa gəlirlərinin altıda bir hissəsi miqdarında alimentin ondan tutulması qət edilməlidir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, qətnamə ilə 2016-cı ildən aliment tutulmuşdur, həmin vaxtdan indiyə kimi yaşayış minimumu ölkə üzrə artmışdır. Qarşı tərəfin həmin alimenti ödəməyə imkanı var. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-223/2017 saylı qərarının surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-965/2016 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X1 üçün iddiaçı Məmmədova İlahə Nüsrəddin qızının xeyrinə qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması və alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Qaradağ rayon qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə, 121 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X5 anası Məmmədova İlahə Nüsrəddin qızının yanında qalması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ilkin iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Məmmədova İlahə Nüsrəddin qızının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6481/2019 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi alimentin tutulması anının müəyyən edilməsi hissəsində dəyişdirilməsi və aliment birinci instansiya məhkəməsinə müraciət edildiyi vaxtdan xx.xx.2015-ci il tarixdən tutulması, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. AZ-İİ seriyalı 366395 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X7 xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. AZ-İV seriyalı 613714 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X6 atası İddiaçı, anası X2r. AZ-İV seriyalı 937118 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X3 atası İddiaçı, anası X2r. Bakı 3 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçı hazırki mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş və bunun üçün 50 manat məbləğində mediasiya xərci, 10 manat isə kargüzarlıq xərci ödəmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, iddiaçı "X4" Məhdud Məsuliyyətli Cəmiyyətində mühəndis (mülki tikinti/qüllələr) vəzifəsində çalışır və əmək haqqısı 1.127 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə —qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər rəsmi nikahda olmuş və həmin nikahlarından Murad adlı övladları doğulmuşdur. Məhkəmə qətnaməsi ilə tərəflərin rəsmi nikahı pozulmuş, Murad anasının yanında saxlanılmış və onun saxlanması üçün iddiaçıdan qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmuşdur. Bundan sonra, iddiaçı ikinci dəfə rəsmi nikaha daxil olmuş, həmin nikahdan da iki övladı doğulmuşdur. Məhkəmə tərəfindən o da müəyyən edildi ki, iddiaçının hazırda əmək haqqısı 1127 manatdır, həmin məbləğin ¼ hissəsi, yəni 281,75 manat təşkil edir, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı öz uşağının saxlanmasına görə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumun xərcindən cəmi 46,75 (281,75-235) manat məbləğ artıq ödəyir, əmək haqqından isə 845,23 (1127-281,75) manat özünə qalmaqdadır. İddiaçı hazırda məhkəmədən xahiş edir ki, onun ailə vəziyyətində dəyişiklik olduğuna görə Muradın saxlanması üçün qazancının və başqa gəlirlərinin altıda bir hissəsi, 187,83 manat (1127/6) miqdarında aliment tutulsun, cavabdeh isə buna etiraz edir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir. Hazırda iddiaçı ilə cavabdehin birgə nikahlarından olan azyaşlı uşaq cavabdehin himayəsindədir. Uşağın saxlanılması, bütün qayğıları ilə, təlim-tərbiyəsi ilə məşğul olmaq hazırda cavabdehin üzərindədir. Belə olan halda iddiaçının uşağa maddi yardım etmək vəzifəsindən qismən boyun qaçırması və uşağın maddi tələbatının ödənilməsini də cavabdehin üzərinə qoymaq istəməsi əsassız və ədalətsizdir. Məhkəmə onu da diqqətdə saxlayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. O cümlədən, cavabdehin ikinci dəfə ailə həyatı qurması, həmin nikahdan iki uşağının dünyaya gəlməsi onun əvvəlki nikahdan doğulmuş uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması vəzifəsindən azad etmir. Çünki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi iddiaçının da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddiası rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar