Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6546/2022 08.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün onun xeyrinə və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 xeyrinə Cavabdeh2 aylıq qazancının 1/3 hissəsi miqdarında, hər bir uşağa görə hər ay 333 manat alimentin tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün onun xeyrinə və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 xeyrinə Cavabdeh2 aylıq qazancının 1/3 hissəsi miqdarında, yəni hər bir uşağa görə hər ay 333 manat alimentin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh2 ilə nikahı xx.xx.2016-ci il tarixdə 5 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsində qeydə alınmış, birgə nikahlarından bir övladları xx.xx.2018-ci il təvəllüdlü X8 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ilk vaxtlar münasibətləri normal olsa da son vaxtlar həmin münasibətlər pozulmuşdur. Cavabdeh2 əvvəllər iddiaçını və azyaşlı uşağını maddi cəhətdən tam təmin etsə də, son vaxtlar həmin təminatdan əsər-əlamət qalmamışdır. Cavabdeh evə nadir hallarda pul gətirir ki, bu da iddiaçının və uşağının maddi tələbatını ödəmir. Cavabdeh könüllü olaraq uşağını saxlamaq və maddi cəhətdən təmin etmək istəmədiyi üçün qanunla müəyyən edilmiş qaydada uşağının saxlanması üçün aliment ödəməlidir. Cavabdeh2 maddi təminatının azaldılmasını iddiaçıya onunla izah edir ki, nikahdan əvvəl Cavabdeh1 ilə faktiki nikahından xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 üçün əvvəllər 160 manat, hazırda isə Cavabdeh1 qaldırdığı iddiaya əsasən Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2765/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qazancının ¼ hissəsi miqdarında aliment ödəyir. Məhkəmə qətnamə çıxaran zaman Cavabdeh2 iddiaçı ilə birgə nikahından olan uşağı barədə məlumat verilməmişdir. Bunun nəticəsidir ki, məhkəmə Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə istinad edərək bir uşağa görə Cavabdeh2 qazancının tutulmalı məbləğini müəyyən etmişdir. İddiaçı da həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. 2002-ci ilin avqust ayından İddiaçı Cavabdeh2 faktiki olaraq ayrılmış və onunla birgə təsərrüfat aparmır. E.B.Yaquvovun əmək haqqından tutmalar aparıldıqdan sonra o, 2000 manat əmək haqqı alır. İddiaçı heç bir yerdə işləmir, Cavabdeh1 isə işləməklə əmək haqqı alır. Aliment təyin edilərkən Cavabdeh1 da qazancı da nəzərə alınmalıdır. İddiaçı hesab edir ki, hər iki uşağın saxlanması üçün cavabdehin əmək haqqından vergilər tutulduqdan sonra qalan 2000 manatın 1/3 miqdarında aliment tutulmalı və həmin məbləğ uşaqlar arasında bölünməlidir. Ona görə də, xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 xeyrinə Cavabdeh2 aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin, yəni hər bir uşağa görə hər ay 333 manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, uzaq qohumu olan Cavabdeh1 ilə 2012-ci ildə faktiki nikah münasibətlərinə daxil olmuş, bu nikahdan xx.xx.2013-cü il təvəllüdlü X9 anadan olmuşdur. Oğlu anadan olduqdan sonra onun Cavabdeh1 ilə münasibəti pozulmuş, bundan sonra o, xx.xx.2013-cü il təvəllüdlü X9 ilə görüşməmiş, onun böyüməsi, təlimi, təhsili ilə maraqlanmamış, 9 ildə yalnız təyin olunmuş alimenti ödəmişdir. Hal-hazırda oğlunun nömrəsini dəqiq bilmədiyi orta məktəbin 4-cü sinfində oxumasını bilir. Oğlu ilə ünsiyyətdə olmamasının səbəbi Cavabdeh1 və onun atasının onun barəsində polisə əsassız şikayəti olmuşdur. 2016-cı ildə o, İddiaçı ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X8 anadan olmuşdur. 2022-ci ilin avqust-sentyabr ayında onun İddiaçı ilə münasibətləri pozulmuş, hal-hazırda İddiaçı onun valideynləri və qızı Alsu ilə birlikdə onun atasına məxsus Qara Qarayev küçəsi 108 ünvanında yerləşən evdə, o isə atasına məxsus Xutorda yerləşən iki mərtəbədən ibarət həyət evində yaşayır. Yaşadığı 2 mərtəbəli həyət evinin bir hissəsi onun atası tərəfindən kirayə verilir. O, 2013-cu ildən etibarən ARDNŞ-də, sonuncu vəzifədə isə 2019-cu ildən işləyir. İlk əvvəl əmək haqqı 690 manat, daha sonra 2507 manat olmuş, vergilər tutulduqdan sonra cəmi 2000 manat əmək haqqı alır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin bildirişlərini alsa da, bir uşağa görə qazancının ¼ hissəsinin tutulmalı olmasını bildiyindən məhkəməyə getməmişdir. Məhkəmənin qətnaməsini almadığından qətnamədən şikayət verməmişdir. Həmin qətnaməyə görə o, hər ay 533 manat aliment ödəyir. Hesab edir ki, 4-cü sinifdə oxuyan oğlunun indidən ingilis dilini öyrənməsinə ehtiyac yoxdur. Belə ki, o, ingilis dilini bir il ərzində öyrəndiyindən hesab edir ki, bu dili oğlu da yuxarı sinifdə təhsil alacağı vaxt öyrənməlidir. Ona görə də İddiaçı iddia ərizəsini qəbul edir, hər bir uşağının saxlanması üçün ondan hər ay 333 manat aliment tutulmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, onun Cavabdeh2 ilə faktiki nikah münasibətlərindən xx.xx.2013-cü il təvəllüdlü X9 anadan olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-2765/2022 saylı qətnaməsi ilə onun iddia tələbi təmin edilərək xx.xx.2013cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh2 hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin alınaraq ona verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən hər hansı etiraz və şikayət verilmədiyindən qətnamə qanuni qüvvəyə minmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada icra olunur. Sözügedən qətnamə üzrə kifayət qədər sübutlar məhkəmə tərəfindən araşdırılmış və sübuta yetirilərək onun iddiası təmin edilmişdir. Cavabdeh2 Cəsur anadan olduğu gündən bugünə kimi ata kimi övladının qayğısına qalmamış, onunla maraqlanmamış, onunla bir dəfə belə olsun görüşməmiş, bir valideyn kimi valideynlik vəzifəsini həyata keçirməmiş, yalnız məhkəmə tərəfindən təyin olunan alimenti ödəmişdir. Uşağın təhsili, müalicəsi, inkişafı ilə bağlı bütün xərclər, yüklülük və məsuliyyət tamamilə ana kimi onun üzərindədir. X9 dördüncü sinifdə oxumaqla fərdi hazırlıqlara, kurslara gedir. Bunun üçün repetitor xidmətlərinin göstərilməsi üçün ingilis dili fənni müəlliminə hər ay 60 manat, azərbaycan dili fənni müəlliminə hər ay 50 manat, riyaziyyat fənni üzrə müəllimə hər ay 50 manat ödəyir. Övladı onlayn olaraq fərdi hazırlıqlara cəlb edildiyindən, o, övladı üçün kompyuter almışdır. Həmin avadanlıqların alınması ilə bağlı kifayət qədər pul vəsaitinin olmaması səbəbindən o, Bank of Baku ASC-dən 2000 manat məbləğində kredit almış və hər ay qrafik üzrə aldığı borcu qaytarır. Özü Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşqçilik-atletika ixtisası üzrə qiyabi təhsil alır və 1800 manat təhsil haqqı ödəyir. Cavabdeh2 şirkətdə işləyərək, hər ay 2500 manat əmək haqqı almaqla yanaşı, yaşadığı iki mərtəbəli evi kirayə verməklə və 8 km-də yerləşən mebel mağazasını kirayəyə verməklə əlavə gəlirə də malikdir. Onun şəxsi mənzili olmadığından övladı ilə birlikdə valideynlərinə məxsus mənzildə yaşayır. Cavabdeh2 rəsmi nikaha daxil olaraq həmin nikahdan bir uşağının olması onun uşağına təyin olunan alimentin məbləğinin azaldılması üçün əsas deyildir. O, Cavabdeh2la uzaq qohum olduğundan onun ailəsinin maddi imkanlarının yaxşı olmasını, iddiaçı ilə ailə nikah münasibətlərinin pozulmamasını bilir. Ona görə də, İddiaçı və Cavabdeh2 nikah münasibətlərinin davam etdiyini, onların birgə təsərrüfat apardığını, kifayət qədər gəlirə malik olmalarını və sadaladığı bütün digər diqqətəlayiq halları nəzərə alaraq İddiaçı iddia ərizəsinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. (Uşaq hüquqları haqqında Qanunun 5-6 mad.) Uşaq hüquqları bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır. Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında konvensiyasının 3-cü maddəsinin tələblərinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. 5 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli № İİ-JQ № 142471 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 ilə X3 xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4167 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Yaqubova soyadı verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-2765/2022ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia təmin edilərək Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh2 hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin Cavabdeh1 xeyrinə tutulması qət edilmişdir. Elektron sistemdə olan Cavabdeh2 gəlir məlumatlarından müəyyən olunur ki, o, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində böyük mühəndis vəzifəsində çalışmaqla aylıq əmək haqqı 2507 manat təşkil edir. Elektron sistemdə olan Cavabdeh1 gəlir məlumatlarından müəyyən olunur ki, o, Bazarstore MMC-də idarə qulluqçusu vəzifəsində işləməklə aylıq əmək haqqı 656,5 manat təşkil edir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə X7 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilənin surətindən müəyyən olunur ki, X7 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bir tədris ilinə görə təhsil haqqı 1800 manat olmaqla qiyabi təhsil alır. Borcverən Bank of Baku ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli № CC/21245/87 saylı kredit sazişinin surətindən müəyyən olunur ki, borcverən borcalana illik 14% ilə, 12 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə 2000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Bank of Baku ASC-nin xx.xx.2022-ci il tarixli kassa məxaric orderinin surətindən müəyyən olunur ki, Bank of Baku ASC Cavabdeh1 xx.xx.2022-ci il tarixli № CC/21245/87 saylı kredit sazişinə əsasən, 2000 manatı ödəmişdir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh2 Azərbaycan Dövlət Neft və Sənaye Universitetində neft-qaz mühəndisliyi ixtisası üzrə təkrar qiyabi təhsil alır. Müqavilənin 3.2-ci bəndindən müəyyən olunur ki, tədris ili üçün təhsil haqqı tələbənin hər smestrdə mövcud qaydalara uyğun götürdüyü fənlərin kreditləri cəminin 38 manata hasilindən alınan məbləğlə müəyyən edilir. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin vəya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.-ci maddəsinə əsasən aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı A.H. Yaqubova öz himayəsində olan uşağın və Cavabdeh1 himayəsində olan uşağın saxlanması üçün Cavabdeh2 cəmi, sonuncunun əmək haqqının vergilər tutulduqdan sonra qalan hissəsi olan 2000 manatın 1/3 hissəsi miqdarında alımentin, yəni hər bir uşağın saxlanması üçün hər ay 333 manat alimentin tutulmasına dair məhkəmə aktının qəbul edilməsini xahiş etməklə, əslində öz xeyrinə hər ay 333 manat alimentin tutulması ilə yanaşı, Cavabdeh1 xeyrinə tutulması müəyyən olunan alimentin məbləğinin azaldılmasını tələb edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, tərəflərin hər birinin maddi vəziyyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, cavabdehin aliment ödəməli olduğu övladlarından yaş hədlərinə görə xx.xx.2013-cü il təvəllüdlü X1 üçün daha çox vəsaitin tələb olunmasını, bu uşağın saxlanması üçün təyin olunan və mübahisələndirilməyən alimentin miqdarının dəyişdirilməsi barədə məhkəmə aktı qəbul edildikdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasına dair sübutların məhkəməyə təqdim edilmədiyini, iddiaçının himayəsində olan uşağın saxlanması üçün tələb etdiyi alimentin cavabdeh tərəfindən etiraf edilməsini, iddiaçının himayəsində olan uşağın saxlanması üçün yetərli hesab edərək tələb etdiyi aliment məbləğinin cavabdehin digər uşağının da saxlanması üçün təyin olunmalı olan məbləğ olmadığını nəzərə alıb belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilərək xx.xx.2018-ci il təvəllüdlü X2 üçün hər ay 333 manat aliment Cavabdeh2 İddiaçı xeyrinə tutulmalı iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri Cavabdeh2 aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh2 hər ay 333 manat aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh2 dövlət rüsumuna görə 50 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh2 dövlət rüsumuna görə 9,96 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-6546/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6546/2022
08.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver